Slovakiyanın (Bratislava) Ədəbi-İnformasiya Mərkəzi ilə səmimi və yaradıcı münasibətlərimizin qurulması son iki ilə təsadüf edir.
2012-ci ildə slovak həmkarlarımız ilk dəfə məni Beynəlxalq poeziya müşavirəsinə dəvət etdilər. On ölkəni təmsil edən tərcüməçilərin qatıldığı müşavirə bədii tərcümə problemlərinə həsr olunmuşdu. Bu, Mərkəzin Azərbaycan müəllif və tərcüməçiləri ilə ilk əməkdaşlığı idi.
2013-cü ildə əməkdaşlığımız davam etdi: yenidən Bratislavaya dəvət aldım. Bu dəfə onların məqsədi öz şairlərinin yaradıcılğını tərcümə olunmuş şəkildə “Literaturnıy Azerbaydjan” jurnalında görmək idi.
Əməkdaşlığımız gözəl nəticələr verdi: ədəbi jurnallarımızın mübadiləsi, yaradıcılıq gecəsi, bratislav oxucularıyla görüş, yazılarımın ingilis və slovak dillərində Mərkəzin saytında yerləşdirilməsi...
Bu gün isə oxucularımızıa görkəmli slovak şairlərinin şeirlərindən seçmələr təqdim edirik. Onları dilimizə tərcümə məktəbimizin ağsaqqalı, şair, Əməkdar İncəsənət xadimi Səyavuş Məmmədzadə çevirib.
Alina Talıbova
“Literaturnıy Azerbaydjan” jurnalı,
poeziya şöbəsinin redaktoru.
Zidiya VADKERTİ - KAVOVNİKOVA (1932-1999)
XƏYAL
Şeirimin içinə
gilənar tumu
sayağı
sığınaydım,
için-için yanaydım,
canım, qanım sanaydım,
torpağın üzərinə qonaydım...
SÖZƏ BAX, SÖZƏ...
Nə isə...
Uç şeirim, havalan,
pıçılda bir söyüdün
qulağına gizlin-gizlin,
heç kəs eşitməsin, -
axı bu şairin nəyi var,
olanı-qalanı,
sözü, filanı,
yalanı, palanı,
o da havayı,
nəyi var, bundan savayı...
Miroslav VALEK (1927-1991)
***
Dan yeri sökülür.
Ağaclar çiçəkləyir,
Küləklər mürgüləyir.
Qapının ağzında şöngüyən
tazılar, yarımçıq yazılar...
Şeir-şüürluk deyiləm,
sənli günlərimi
nimdaş yadigar kimi
vərəqləyirəm,
şəkillərində
tanımaq istəyirəm
əvvəlki özünü,
tapmaq istəyirəm -
çoxdan unutmusan
özün özünü.
Xatircəm ol,
heç vaxt,
heç zaman
oyatmaram
ötən günləri.
Hər şey öz qaydasında.
Özümü tox tutmuşam.
İçimi udmuşam.
Tüfənd də ayaqda!
Qoşalülə.
Dana PODRAÇKA (1954)
TƏŞNƏ
Gecə vaxtı bir haray
yuxuma girdi,
Yanırdı kimsə, yıxılırdı,
ağlayırdı,
bulaq kimi çağlayırdı,
ürəyi dağlayırdı.
Səhrada sürünən
zəvvarın ayağı altından,
cadar-cadar
torpağın çatından,
məzarlı qatından
gəlirdi o səs.
...Qalxıb keçdim mətbəxə,
parçı doldurdum,
içdim suyu
qurtum-qurtum.
Bədəndən ayrılan
təşnəli ruhların sağlığına.
Mənsiz keçinə bilməyən
keçinmiş bədbaxtların sağlığına.
Stevan STROQAY (1940)
***
Sübhə yaxın
səksəkəli, qırıq-qırıq,
qatmaqarışıq röyalarımda
birdən-birə peyda oldu
qızıl saçlı,
işıq taclı,
buz baxışlı,
yüz naxışlı
zərif dilbər,
çöhrəsində donmuş kədər,
sonsuz kədər.
...Bax, beləcə,
mələksima görkəmində
çıxır üzə,
pak-pakizə
Əcəl gəlir qarşımıza.
OFELİYA
Yaşa dolmuş,
sir-sifəti qırış-qırış,
ala gözü çalalaşmış,
ərə getmiş,
ocaq qurmuş,
bala doğmuş,
narahat olmuş
(bəlkə də, lap məsud olmuş)
ara-sıra (ola bilsin)
ağ libaslı, ay bənizli
qızciyəzi yada salır,
şirin xəyallara dalır,
dalğaların ağuşunda
yırğalanır zaman-zaman,
gözəl-göyçək,
canı çıxmış cansız canan...
Kamil PETERAJ (1945)
SABAH GEC OLA BİLƏR...
Bağır-bağır bağırıram,
qonşuları oyadıram,
onları da qonşuları
oyatmağa çağırıram.
Çığırıram,
çünki sabah
gec olacaq,
ola bilər...
Marian XATALA (1958)
İSTEHLAK VƏ İSTEHLAKLIR ALƏMİ
Əvvəl heç nə istəmirik,
Sonra nəsə istəyirik.
"Bunu, onu, o birisini,
yekəsini, irisini..."
Nail olduq,
tapdıq,
aldıq,
özümüzü işə saldıq,
razı qaldıq.
Axır-axır
"yeri-göyü mənə verin!"
Nə həvəsin, nə təpərin...
İnanılmaz ehtirasdır,
bizə olan var-yox azdır,
baxanda bir ehtiyacdır,
boş-boşuna ehtirasdır.
Erik ONOREJİKA (1964)
DƏYMƏMİŞ ALMALAR
Otların içinə düşən almalar
hələ şirələnməmiş, hələ dəyməmiş,
amma intizardan cana gələrək
yayın ötməsindən eymənlənərək,
üzülüb-atılır yayın qoynuna,
otların mehriban ağuşuna.
Kimin ürəyindən keçməzdi, deyin,
beləcə düşəsən ağac altına,
güllənin ətrindən başı xumarlı,
arı, ləçəklərin çılğın çalğılı...
Almalar, əlbəttə, öz vədəsində
dəyib qızaracaq budaqbabudaq,
şipşirin ağrısı damaqlarımızı
qıcıqlandıracaq.
Bir bulud gələcək
sənin adınla,
uçub da ötəcək
külək altında,
mən yenə o vədə
sənsizləşəcəm,
yenə də, yenə də
yetim qalacam.
Milan RİXTER (1948)
ÖZ ŞEİRLƏRİMƏ İTHAF
Yenə misraların başlanğıcında
nəyisə korlayıb şikəst etmişəm,
hecamı, kəlməmi, ya qafiyəmi? -
odur ki, şeirin yeməli deyil,
kif atmış mürəbbə kimi.
Nəyisə korladın öz kitabında,
bir teli qırmışam göz rübabında
evlənib boşandın...
Şeir sustaldı.
Balan da atasız,
arxasız qaldı.
Kimsə içində nəyisə qırdı,
dırnağın, təpərin sındı,
hamıya qarışıb ayaqlaşmadın,
xeyrinin yoluyla
hesablaşmadın.
Şahların üzünə düzünü çırpan,
dolaşan...
şeirtək nəzərə çarpan...
Bəli, qüsurludur
biçarə şeirim,
nəsə nasaz olmuş,
necə düzəldim?
Düzəliş deyəndə,
vaxtı keçmişdir,
belə alınıbdır,
belə yazılıb,
həyattək, tarixtək,
ata-balanın
ömrü sayağı,
tarixi düzəltmək
olmayır axı...
YELENA XİDVEQOVA - YUNQ (1970)
AİLƏ HƏYATI
Gecənin tən yarısı
görüşəcəksiz.
Mətbəxə keçəcəksiz.
Hələ ki dəftərdə
şeir yazırsan
O, işdən qayıdıb,
masa arxasında
öz havasında
götür-qoy edəcək,
şütkalac,
söhbət salacaq,
öyünə-öyünə xəbər verəcək:
bu gün bir "yağlı" saziş
bağlamış,
günü-sabah
sanballı rayonda
imarət alacaq,
"Mübarək" deyirsən,
sayalı olsun,
yeni mənzilində
yeni arvadla
güzarın cah-cəlallı olsun!
çıxıb gedirsən
mikrorayona,
darısqal mənzildə,
fəqir bir şairin
sərəncamına.
Şeirlə yaşayır,
canı da yanır,
onun yanında
sən həmişə özünsən -
özün yanında,
könlün də,
canın da,
özünsən özün.
Çevirəni: S.Məmmədzadə