Tutqun yay axşamlardan biri idi. Ulıtau dağının ətəklərinə azacıq sərinlik çökmüşdü. Yüngül əsən sərin meh otları xışıldadırdı. Günəş qürub edir, dərədəki kölgələr getdikcə tutqunlaşırdı. Qürub çağının şüaları üfüqdə ağır-ağır səpələnmiş buludları dəlib keçir, tünd-qırmızı rəngdə sakit təpələri bəzəyirdi və onlar tənha, kimsəsiz görünürdü. Bəzən şüalar parlaq şəkildə alışaraq dağın yamacını bir göz qırpımında işıqlandırır və sonra yenidən hər tərəf tünd və tutqun don geyinirdi.
Üç atlı təpənin üstü ilə irəliləyirdi. Onlar tələsmirdilər, ancaq yenə də gözləri dağların başını alan dumanda qalmışdı. Orada yağış yağırdı.
Cansıxıcı sakitliyi yolçulardan birinin dərəyə yayılan nəğməsi pozurdu. Onu başqası ilə əvəzləyirdi. Uzun-uzadı, bitib-tükənmək bilməyən bu nəğmə nəhayətsiz süstlüyün və səssizliyin nidasına bənzəyirdi. Onda nəğmə gah gur və coşqun səs kimi , gah da ki qəmgin-qəmgin, yeknəsəq melodiya şəklində ətrafa yayılırdı. Nəğmə qürub edən və təpələrin zirvəsini qızılı-al rəngə boyayan, sonra isə birdən-birə tutqun rəng alıb, buludların arxasında gizlənən günəş şüalarının rəqsini xatırladırdı.
Görünür, aulun yanından ötən atlılar yolu qısaltmağa can atırdılar, geniş kəndarası yollara dönməyib təpələrin arası ilə uzanan cığırla dövrələmə vururdular.
Həmin vaxt dərədən atlılara əks istiqamətdə tələsərək təxminən on-on bir yaşlarında bir oğlan gəlirdi. Onun üzünə uşaq yaşına sığmayan ümidsiz bir kədər çökmüşdü. Ətrafındakı hər şey ona soyuq, yad, amansız görünürdü. Təpənin dalğın və tutqun zirvələri torana bürünmüş, vadi gecənin sehrini özündə gizləyərək ürəyi vahiməyə salan qorxu yaradırdı.
Görəsən, gecə vaxtı bu oğlanı tək-tənha, tanımadığı yerlərlə getməyə nə vadar edirdi? Onu kim qovurdu? Onu qovan da, vadar edən də taleyin acı ruzigarı idi.
Qasımın nənəsi bir il əvvəl ölmüşdü. Ondan əvvəl isə valideynləri vəfat etmişdilər. Bu, böyük dərd idi. Ancaq nənəsi sağ olanda ona təsəlli verəni var idi. Bəli, o, ağır itkini, ona üz vermiş faciənin böyüklüyünü başa düşmürdü, hətta ağlayanda da, daha çox başqaları ağladığı üçün göz yaşı tökürdü. Ancaq nənəsinin ölümü ona daha ağır təsir göstərmişdi. İndi o, yalnız, tamamilə tənha idi, oxşayası, gözünün yaşını silən kimsəsi yox idi. Həmin gün oğlana elə gəldi ki, göy üzü ağırlığını onun yüngül, kövrək çiyinlərinə qoydu.
Qasımın başqa qohumu yox idi. Nənəni səssiz-səmirsiz dəfn etdilər, yas mərasimi keçirilmədi, heç kim onun üçün göz yaşı tökmədi. Təkcə Qasım dayanmadan ağlayaraq çığırırdı:
-Nənəcan, ay nənə! Məni kimin yanında qoyub getdin?! Məni niyə özünlə aparmadın?!
İndi tamamilə yalqızam...
Onun hıçqırıqlarını eşidən ətrafdakılar da qeyri-ixtiyari axan göz yaşlarını saxlaya bilmirdilər, onlar yetimliyin necə məşəqqətli olduğunu dərk edirdilər.
Bəli, Qasım üçün nənəsinin ölümü ən böyük itki idi. O, nənəsinə çox öyrəşmişdi, onun nəvazişli baxışlarına, əllərinin zərif toxunuşuna və həmişə onu öz yanında görməyə alışmışdı. Axşamlar ona qısılıb oturmağı, başını nənəsinin dizlərinə qoyub, bax beləcə, uzun-uzadı oturmağı çox sevirdi.
Qarı başa düşürdü ki, təklik Qasım üçün son dərəcə çətin olacaq və bütün gücünü toplayaraq çalışırdı ki, heç nə onun yetimlik həyatını kədərləndirməsin. O, nənəsinə qısılanda, o qeyri-adi təbəssümlə ona baxırdı – sanki bütün mərhəmətini bu təbəssümə sığdırmağa çalışırdı.
O, yaşamaq istəyirdimi? Niyə istəməsin, çox istəyirdi. Heç olmasa, Qasımın yetkinlik yaşına qədər yaşayaydı. “Ya allah! – deyə o, Allaha dua edirdi. – Mənə nəvəm öz ayaqları üzərində durana qədər ömür ver. Onu tək-tənha, taleyin ümidinə qoyma!” Elə bu dualarla da nənə canını tapşırdı.
Nənəsi üçün ağlayan Qasım böyüklərə baxaraq yas tuturdu. Təkliyin və kimsəsizliyin kədəri ona əzab verirdi. Bir az anasını, atasını, nənəsini xatırladı və onları canlı şəkildə gözlərinin önünə gətirdi. Qasım tez-tez dəyənəyi əlinə götürür, çölə gedir və əzizlərini çağırırdı. Ancaq heç kəs gəlmirdi, hətta səsinə səs vermirdi və oğlan yenidən ucadan ağlayırdı.
Yorulub əldən düşəndə çox vaxt çəmənlikdəcə yuxuya gedirdi. Onda ona xoşbəxt günləri bir anlığa da olsa geri qayıdırdı – atası, anası, nənəsi gözləri önündə canlanırdı. Onlar onu öpür, oxşayır, bağırlarına basırdılar. Nənə onun ipək saçlarını tumarlayırdı, dilə tuturdu: “İndi biz artıq ölməyəcəyik. Sənin göz yaşların bizi yenidən həyata qaytardı. Sən artıq kimsəsiz deyilsən və bundan sonra daha ağlama”.
Qasım yuxuda sevinirdi, anasının sinəsinə qısılaraq uşaqcasına şikayət edirdi: “Nə üçün sən məni incitdin, səsimə cavab vermədin, məni ağlamağa məcbur etdin?”
Elə bu andaca Qasım yuxudan ayıldı. O anladı ki, bu yuxu idi, ancaq yenə də inanmaq istəmirdi ki, onun valideynləri bir daha heç zaman geri qayıtmayacaq. Oğlanın ürəyində ümid yarandı ki, heç olmasa valideynlərindən biri qayıdaydı.
Günlər ötüb keçirdi. Yetimlik həyatı Qasım üçün acı idi. Ancaq uşaq hafizəsi nə qədər möhkəm olsa da, zaman öz işini görürdü. Artıq ata və ana yaddan çıxır, nənə isə unudulurdu. Nəsil köç etdikcə nənənin Ulıtaunun ətəklərindəki tənha təpənin üstündəki qəbrindən uzaq düşürdü.
Aylar bir-birini əvəzləyirdi. Qasımın yaddaşında nənəsi ilə keçirdiyi günlər şirin yuxu, bir daha geri dönməyəcək acı bir xatirə kimi qalırdı. Nənənin maraqlı sehr və əyləncələrlə dolu nağılları, cansıxıcı və uzun-uzadı nəğmələri də qayıtmaz oldu. Hər şey günəşin qürub vaxtının şüaları kimi öləzlədi və o, tamamilə qəm-qüssəyə qərq oldu.
Nənəsinin ölümündən sonra Qasımı qonşuları İsa guya ona yazığı gəldiyi üçün onu öz himayəsinə götürdü. O, Qasıma qalan mirası, mal-qaranı – otuz qoyun, bir neçə inək və atı mənimsədi.
Qonşuları İsaya deyirdilər: “Yetimin malına göz qoyma. Əgər onu öz yanına götürürsənsə, onu incitmə, onu insan kimi böyüt!”
İsanın çoxlu uşağı var idi, ancaq demək olar ki mal-qarası yox idi. Nə o, nə də ki onun deyingən arvadı Kadişa qonşuların məsləhətlərinə qulaq asmadı. Onlar dərhal bu mal-qaranın sahibi kimi göstərişlər verməyə başladılar.
Əgər yeni evdə hər şey qaydasında olsaydı, ola bilsin, Qasımın bundan heç xəbəri də olmayacaqdır. İsanın ailəsində onu sevmirdilər. Gecədən xeyli ötmüşdü, yalnız başını köhnə yorğanla örtmüş Qasımdan başqa, bütün uşaqlar yatmışdı. Görünür, o, vərdiş etmədiyi şəraitdən yuxulaya bilmirdi, çöldə isə İsa və Kadişinin danışığı eşidilirdi. Onlar Qasıma çatan mirasın mənimsənilməsi ilə bağlı qərar verirdilər.
-Qarabaş qoyunu və boz madyanı qışda kəsək, inəyi sataq və uşaqlar üçün əyin-baş alaq, -
Kadişa deyirdi. – Uşaqların geyimi tamamilə köhnəlib.
Qasım ağlayırdı, ucadan hıçqıraraq burnunu çəkirdi. Ancaq onu heç kimin diqqəti cəlb etmirdi. İsa və Kadişa isə öz söhbətlərini davam etdirirdilər.
Həmin gündən Qasım özü və öz həyatı haqqında daha çox düşünməyə başladı. Ancaq bunu heç kimlə bölüşmədi. Kim ona kömək edəcək? Rəhmdil qonşular və uzaqgörən qocalar da bunu görürdülər. Bəzən onlar Qasıma deyirdilər:
-Özün bax, mal-qarana özün sahib dur, yoxsa İsa onları mənimsəyəcək! - Ancaq sonra
onlar nə isə xatırlamış kimi əlavə etdilər: - Hələ uşaqsan! Sən nə edə bilərsən?
Qasım onlara etiraz etməyi lazım bilmirdi. Yetimlik ağır daş kimi onu daha çox sıxırdı. Vaxt keçdikcə girdəsifət və sağlam, hər şeylə maraqlanan və şən Qasım sısqa, qaşqabaqlı, dərddən saralmış oğlana çevrilirdi. Onun bütün görkəmi bədbəxtlikdən tərk edilmiş kimsəsiz uşaq təsiri oyadırdı.
Bir neçə gün keçdi, Qasımın nənəsini daha çox qorxduğu günlər yetişdi. Nəvəsi tək və yalqız qaldı. İndi İsanı yalnız faydalana biləcəyi mal-qara maraqlandırırdı. Və elə bundan faydalandı da.
-Yetimə yazığınız gəlsin! Mənim öküzmü kəsmək günahdır! – İsa boz madyanı kəsməyə
apararkən Qasım göz yaşları içərisində çığırmağa başladı. Oğlan heyvanın boynunu qucaqlayıb ağladı. Cavabında isə hətta İsa və Kadişadan bir neçə yumruq da yedi. Üstəlik onu naharsız qoydular.
İsanın uşaqları ərköyün böyüyürdülər. Hər fürsətdə onlar Qasımı bir vasitə ilə ələ salırdılar. Uşaqların atası və anası onlara bunu qadağan etmirdilər. Əksinə, evin bütün işlərini yetimin üstünə atmışdılar. Onlar bütün günü Qasımı çölə təzək yığmağa göndərirdilər. Oğlan axşam evə gələndə elə yorulurdu ki, daş kimi yuxuya gedirdi. İsa öz uşaqlarına bəraət qazandırır, Qasımı isə məzəmmət edirdi: “Axı mal-qara sənindir, get işlə. Onların heç nəyi yoxdur, qoy istədikləri qədər oynasınlar”.
Aulun uşaqları da Qasım ilə dostluq etmirdilər. O görəndə ki aulda onu hamı unudub, onun həyatı ilə heç kimi maraqlanmır, onda o, daha da məyus olurdu. O, heç kimlə söhbət etmir, insanlardan qaçırdı. Bu müddət ərzində daha çox zəifləmiş, üzü isə sarımtıl rəngə çalırdı.
O, sakit və təmkinli olmuşdu, onda insanlara qarşı şübhə və narazılıq hissi artmışdı. Bu hisslər onun gücünü, qüvvətini əlindən alır və qəlbini sındırırdı. Aclıq, mənəvi düşkünlük, ağır iş oğlanı qəzəbləndirirdi. Nənəsini ölümündən sonrakı günlər həyat kiçik bir sevinc hissi belə ona bəxş etməmişdi. Qasım görünüşündən kiçik, qoca kişiyə oxşayırdı, ürəyi gündən-günə əldən heydən düşürdü.
Kadişa uşaqlarının sevimli anası idi, Qasım üçün isə əsl zalım idi - gündəlik kötək, daimi söyüş. “Ax səni, yaramaz!... Ax səni, evsiz it!...” – bu sözləri o, hər dəfə eşitməli olurdu.
İndi evdən uzaqda Qasım ümidsiz bir gecədə dağın cığırı ilə yalqız gedirdi. İsa və Kadişa hələ səhər vaxtı onu əzişdirmiş və evdən qovmuşdu. Qasım buna baxmayaraq, günəşin qürub vaxtı evə qayıtmışdı. Gücü tükənmiş, bir küncdə bir yerə sıxılaraq heç olmasa sakitcə yıxılıb yatmaq, göz qapaqlarını yummaq istəyirdi. Ancaq yurtanın qabağında qəzəblənmiş İsa dayanmışdı. O, heç bir söz demədən yenidən Qasımı döyməyə başladı. Onda Qasımın səbir kasası tükəndi.
-Mənim günahım nədir?... Nə üçün sən mənə əzab verirsən?... Mənə nə vermisən, ala bilmirsən?... Mənim bütün günahım ondadır ki, mən yetiməm, müdafiə edən heç kimim yoxdur!... – hirslə qışqıraraq Qasım yerdən çox ağır çay daşını götürərək İsaya tərəf tulladı, özü isə var gücü ilə sıçrayaraq çölə tərəf götürüldü.
İsa bütün ağırlığı ilə dizləri üstünə çökərək Qasımın dalınca ağır söyüşlər verdi. İsanın uşaqları yurtadan sıçrayıb çıxdılar və daş götürərək Qasımın arxasınca tulladılar, ancaq o artıq uzaqda idi. O, dağa qaçmışdı.
Aydındır ki, indi o, aula geri qayıda bilməzdi. Qasım fikirləşdi ki, çoxdandır valideynlərinin qəbri üzərində olmayıb və ötənilki qışlağa tərəf yolla düşdü. O, dəfn günü doğmalarının qəbri üstündə qoyun kəsib, kasıblara paylamaq istədiyini, molladan isə Quran oxumasını xahiş etmək istədiyini xatırladı, ancaq İsa və Kadişa buna görə onu danladılar və heyvanın kəsilməsinə icazə vermədilər.
İndi Qasımın getməyə yeri yox idi və o, qətiyyətlə aşırımları keçərək ötənilki qışlağa çatmağı qərara aldı. Qəbiristanlığa getmək, başdaşına qısılaraq doyunca ucadan ağlamaq, öz dərdini boşaltmaq istəyirdi.
İndi o, dağın cığırı ilə gecənin zülmətində yalqız gedirdi.
Zülmət artdıqca Qasım addımını yeyinlədir, sonra qaçmağa başlayırdı. Ətrafına göz gəzdirir, vahimədən səksənirdi, o kiminləsə rastlaşmaq ümidi ilə qaçırdı. Ancaq ətrafda bir adam belə yox idi. Sakit gecə idi.
Qasım hələ ilk uşaqlıq çağında nənəsindən qaranlıq gecədə yer üzündə dolaşan şeytan və küpəgirən qarılar, əjdahalar və hər cür pis qüvvələr haqqında çoxlu qorxulu nağıllar eşitmişdi. Bu nağıllarda bütün bu əcinələr yolçuları yolundan azdıraraq ya uçuruma, ya da bataqlığa aparırdı. Qasım bütün bunlar haqqında düşündükcə, onu vahimə basırdı. O, həyəcandan titrəyir, ürəyi tez-tez, bərkdən döyünürdü, ayaqları isə ağırlaşaraq sözünə baxmırdı.
Qaranlığa bürünmüş daş qayalar şər ruhlardan sığınacaq kimi görünürdü. Bir anda aləm işıqlandı. Ancaq sonra qaranlıq ona yenidən daha sıx göründü və o, küpəgirən qarı kimi dərhal nəinki gecənin şəfəqini, hətta ayı belə uddu. Vahimə əsrarəngiz surətdə dərələrdə, çılpaq qayalar arasında gizlənirdi; ağacların sıx yarpaqları arasında da qəribə nə isə gizlənirdi və adamın üstünə atılmaq üçün məqam gözləyirdi. Qasıma elə gəlirdi ki, gecədə hər kolun, hər daşın altından minlərlə qara heybətli göz diqqətlə ona baxır. Dağlarda isə gözləri işıldayan, qaşları daş kimi bomboz, üzü gecə kimi qara qəzəbli qoca qarı gəzir, dodağının altında müxtəlif dualar oxuyur və bərkdən asqırırdı.
Yox, o, səhv eşidirdi. Ətraf sakitdir, yalnız arabir quşlar qanadlarını şappıldadır, yaxud yarpaqlar xışıldayırdı. Qasım özünü əvvəlkindən daha artıq yalqız hiss edirdi. Birdən, elə bil ki, qaranlığından qorxduğunu bilərəkdən, qüssənin onun qəlbini necə sıxdığını duyaraqdan, ətrafda nə isə şaqqıldadı. Yol elə də böyük olmayan meşənin yanı ilə uzanıb gedirdi. Qasım ətrafı dinlədi. Elə həmin an ayaqlarının altından nə isə çıxaraq kənara sıçradı. Kürəyindən soyuq tər axdı. Oğlan yerində hərəkətsiz donub qalmışdı.
Bu, quş idi. Sadəcə, səfeh bir quş idi. Ancaq o, Qasıma nə isə qəribə və qorxunc görünürdü. Mələk? Ola bilsin, şeytandır? Nə üçün şər qüvvələr onun yolunu kəsir? Bəlkə, bu insandır? Qasım yavaşca öskürdü. Ancaq ona heç kim cavab vermədi və oğlan astaca irəli yeridi. O, vur-tut bir neçə addım atmışdı ki, kim isə qıy və qəhqəhəsi ilə ona tərəf atıldı və birdən üzünə vurdu. Qasım gözlərini yumdu. O, nəhayət ki, ürəklənib gözlərini açanda, ona zillənən bir cüt parlaq göz gördü. Onun qarşısında caydaq və çəlimsiz insan dayanmışdı. Qabağa çıxmış dodaqları altından uzun dişləri görünürdü. Əlində isə uzun bıçaq var idi. “Yəqin, çöl şeytanı elə budur”, - Qasım düşündü. Bu vaxt nəhəng amiranə şəkildə bağırdı:
-Arxamca gəl! Zəiflik və yorğunluğa baxmayaraq gəl. Ayaqlarını əzəcəksən, ayaq
barmaqların sərt daşlara dəyib yaralanacaq, ancaq yenə də gəl. Haydı, arxamca! – bədheybət ondan qabağa düşdü.
-Dayıcan, mən yetiməm.... – Qasım dilləndi, ancaq o yenidən heybətli geniş gözlərin ona
zilləndiyini gördü. Qasım başını aşağı salaraq heç bir şeyə nəzər yetirmədən aradan çıxdı.
...Gecə yarısıydı. Üç yolçu atlarını mahmızlayaraq təpənin üstü ilə gedirdilər. Cığır ensiz idi, atlar bir-birinin ardınca gedirdi. Birdən balaca meşədə, sıx kolların arasıyla yola doğru ən qabaqda gedən at dayandı, qulaqlarını şəklədi, astadan kişnədi, ayaqlarını yerə döyəclədi. O birilər də dayandı.
Bulud yenə də yolçuları haqlamışdı. Birdən külək qopdu, bərk yağış yağmağa başladı. Şimşək çaxdı. Elə bu vaxt atlılar bir oğlan gördülər. O, ağaca söykənmiş, hərəkətsiz vəziyyətdə dayanmışdı. Atları sakitləşdirən yolçular daha da yaxına gəldilər. Oğlanı səslədilər, ancaq o cavab vermədi. Onlar tələm-tələsik ağaca yaxınlaşdılar. Atlılardan biri oğlanın çiyninə toxundu və o isə arxası üstə otların üstünə sərildi. O artıq ölmüşdü.