And olsun bizi yaradana, söhbətimdə heç bir yalan filan yoxdur. Olan olub, keçən keçib. Təxminən 60-cı illərin söhbətidir.
Hər gün səhər Hüseynağanın çayxanasına yığışar, bir-birimizdən hal-əhval tutar, olub-keçənləri xatırlayar, ölənlərə rəhmət, dirilərə də salamatlıq diləyərdik. Qonşum Nuruş da o biri başda oturub əda ilə mənə baxib başıni bulayar, sanki mənə acıq verərdi. Nə qədər nəzərlərimi yayındırsam da, o, elə bil ki baxışları ilə məni diri yemək istəyirdi. Bu vəziyyət hər gün davam edirdi. Hər gün əsəbiləşər, özümü dava etməkdən zorla saxlayardım.
İndi soruşacaqsız ki, görəsən orada nə var ki mən belə əsəbilik keçirirəm. Nə olsun, Nuruş kimi çayxanada o qədər adam var ki, məsələn, elə götürək Qəşəmi, oturub çayxanada, yeyir Məsmə xalanin təndir çörəyini, yeyir kərə yağını, balı, pendiri, soyutma yumurtanı, daha nə bilim nəyi, ötürür içəri. Fikirləşirsən ki, necə də boğazından keçir. Ona görə ki, Qəşəmin evində arvad-uşaq boş şirinçay-çörəklə səhər yeməyini başa vurur və buna da şükür edirlər.
Nuruşdan sol tərəfdə əyləşən altdan yuxarı dişləri qızıldan olan Şəmi yenicə kitabxanadan gəlib çay içir, hərdən də ağac budağından qopardığı çöp qırığı ilə qızıl dişlərinin dibini qurdalayıb ət qırıqlarını çıxarıb ədəbsizcəsinə ətrafına tullayırdı. Bu da məni əsəbiləşdirmirdi. Amma Nuruşu görəndə az qala dəli olurdum. Axı niyə? Bunun çox uzun bir tarixi var. Danışsam, təəccüb edəcəksiz. Ancaq heç təəccüb etməyin. Atalar deyiblər:Sən sözü at, yiyəsi özü götürər. Ancaq məsələ belədir ki, mənim qonşum, həm də rəqibim Nuruş çoxdan dünyasını dəyişib. Mən bu söhbəti ürəyimda saxlaya bilmirəm. İstəyirəm ki, bu dəfə siz mənim müsahibim olasınız. Elə isə gəlin yola körpü salaq.
Nuruş mənim çəpər qonşum idi. Amma gediş-gəlişimiz yox idi. Bir az da lovğa idi. Bizim evlərin arasında qamışdan çəpər vardi. Yəni, Nuruşun evinin arxası qamış çəpərdən idi. Elə ki səhər açılırdı, Nuruşun iri xoruzu çəpərin üstünə çıxıb qanadlarını silkələyər, ucadan banlayar, hamımızı oyadardı. Sonra da biz tərəfə tullanar, həyətdə məğrur-məğrur yeriyər, mənim yeyib-içməkdan yoğunlamış fərələrimi tapardı... Mənim bədnam xoruzum kişilənib ona hücum edəndə xoruzu qanına qəltan edib yarımcan edər, sonra çəpərin üstünə çıxıb bir-iki dəfə banlayar, sonra öz tərəfinə düşüb Nuruşun fərələrini salardı öz dalınca. Bir gün ərzində bizim tərəfə dəfələrlə keçirdi. Döyüş səhnələri yenə təkrar olunurdu. Bu, mənə çox dərd verirdi; arada qeyrət məsələsi vardı. Cəhənnəm olsun onun xoruzu. Məni yandıran - yaxan, mənə dəyən Nuruşun çəpərin dibində əlini qoltuğuna vurub irişə - irişə mənə baxması idi. Elə bil bundan ləzzət alırdı. Sanki baxışlarından oxuyurdum: “Hələ ki...” Yəni daha ardını demirəm, özünüz başa düşürsüz də. . .
Bax, hər səhər açılanda mən bunların şahidi olurdum və hər gün çayxanada Nuruş ağızdolusu mənim fərələrimdən danışır, qəhqəhə çəkir, adamları da güldürürdü. Xoruzun şücaətini o ki var tərifləyirdi. Daha nə deyə bilərdim ki... Hər şey göz qabağında idi, ona görə də bu məsələdə çox aciz idim.
* * *
Bir- iki həftə keçdi. Bir gün şəhər bazarına gedib döyüşkən xoruz almaq qərarına gəldim. Heyratı xoruzlarını yaman tərifləyirdilər. Axtarıb- axtarıb axır birini çox baha qiymətə alib, həyətə buraxdım. Heyratıdan güclü xoruz ola bilməzdi ki...
Ertədən durub müşahidə etməyə başladım. Nuruşun xoruzu adəti üzrə yenə də bizim tərəfə keçdi və heyratı xoruzla mənim bədnam olmuş xoruzumun gözü qarşısında fərələri tapdı. Elə bu zaman iki xoruz düşdülər Nuruşun xoruzunun canına. Burda bir vuruş başladı ki, gəl görəsən... “Qladiator” filmindəki döyüşçülər kimi, bir nəfərə qarşı iki qladiator. Dəhşət idi. Qan su yerinə axırdı. Döyüşün sonunda mənim hər iki xoruzum möhkəm yaralandı, sinələri yarıldı, axırda taqətsiz düşüb qaldılar. Nuruşun xoruzu isə, hət iki pəncəsinin arxası ilə bir - iki dəfə də torpağı cırmaqlayıb, onların “nəşi” üstünə tökdü. Sonra yenə məğrur-məğrur gəzişib, mənim fərələrimi bir-bir rahatladı. Ürəyimdən bir fikir keçdi: güclü gücsüz üzərində hökmrandır. Qanım yenə qaraldı. Çevriləndə nə görsəm yaxşıdır? Vay dədəm vay! Nuruş çəpərin arxasından baxırdı. Bilirdim ki, yenə də səsi çayxananı götürəcəkdi.
Hirsimdən hər iki xoruzu kəsib yondurdum. Fərələr yenə Nuruşun xoruzunun ümidinə qaldı. Düz bir həftə çayxanada görünmədim...
Bir gün ertədən qonşu rayonun bazarına getdim. Elə xoruz axtarırdım ki, bir qocanın əlində çox arıq bir heyratı gördüm. Kəsdiyim xoruzlarım bunun yanında toya getməli idilər. Dedim, a kişi, bu nə xoruzdu gətirmisən bazara, bu ki, öz üstünə ölüb. Camaatı xam tapmısan?
Kişi gülüb dedi:
- Bala, nöşün belə deyirsən? Sən bunun arıqlığına niyə baxırsan? Bu elə heyratıdır ki, sırtıqlıqdan, döyüşməkdən bu günə qalıb. İnanmırsan, döyüşdürüm. Ancaq qiyməti bahadır. Hə, nə deyirsən?
Başımın işarəsi ilə kişi heyratını buraxdı xoruzların içərisinə. Doğrudan da, kişi deyən düz çıxdı. Pulunu verib düzəldim yola. Ürəyim həyəcandan əsirdi. Görəsən, bu dəfə necə olacaqdı?
Evə gəlib heyratını buraxdım həyətə, dənini - suyunu verib, ta o vaxtacan gözlədim ki, təzə ailəsi ilə - fərələrlə qaynayıb - qarışsın, özünün bu fərələr yanında hegemonluğunu göstərə bilsin. Doğrudan da, bir qədər sonra fərələr düşdülər heyratının ardına.
* * *
Səhər yenə açılırdı. Günəş hələ çıxmamışdı. Ancaq havanın işıqlaşmasını səbirsizliklə gözləyirdim. Xəcalətimdən adamların üzünə baxa bilmirdim. Görəsən bu dəfə necə olacaq?
Bəli, Nuruşun xoruzu yenə çəpərin üstünə qalxdı. Nuruş da yenə çəpərin arxasında idi.
Bu mənzərə ömrüm boyu yadımdan çıxmaz. Nuruşun xoruzu yenə çəpərin üstündə qanadlarını bir neçə dəfə çırpdı, boynunu uzadıb bir neçə dəfə ucadan banladı, diqqətlə aşağı baxdı, elə istədi ki, aşağı ensin, atam, heyratı Nuruşun xoruzunu havada qamarladı. İlahi, bu bir möcüzə idi! Döyüş çox az çəkdi. Heyratının zərbələri o qədər ağır və dözülməz idi ki, Nuruşun xoruzu nokauta düşüb yerə sərildi və çapalamağa başladı. Mən tez xoruzumu ondan ayırdım. Nuruşun yazıq günə qalmış xoruzunun “nəşini” götürüb ona verəndə dedim: - Nə qədər ki mundar olmayıb, başını kəs, ay Nuruş! Özgənin torpağına girməyin aqibəti belədir.
Nuruş tərs- tərs mənə baxdı, al - qan içində olan xoruzuna baxdı, sonra da köksünü ötürüb, az qala, güllə dəymiş adamlar kimi, səndələyə- səndələyə evinə tərəf yollandı.
“Qələbə! Qələbə! Qələbə!” Sevindiyimdən bağırmaq, quş kimi uçmaq istəyirdim. İstəyirdim ki, mənim bu sevincimə hamı şərik olsun. İstəyirdim ki, hamı bu səhnəni görsün. İstəyirdim ki, çayxanada mənim xoruzumun şəninə xoş sözlər danışılsın, bu parlaq qələbədən hamı danışsın.
* * *
Çayxanada yenə canlanma vardı. Bir azdan balıqçılar da gəldi. Amma Nuruş gəlmədi. Sonrakı günlərdə də gəlmədi. Neçə həftələr keçdi, Nuruş gəlmədi. Gəlmədi deyəndə ki, xəcalətindən gözə görünmürdü. Bu balaca qəsəbədə söz tez yayılır. ”Söz var el içində, söz var ev içində”. Gəlin insafla danışaq: bu əhvalatı mən heç kəsə danışmamışdım, çayxanada da lal oturmuşdum. Amma bu əhvalat arvadların ağzından çıxmışdı deyə, el içində yayılmışdı və o vaxtdan, yeri düşəndə, biri o birinə deyərdi: “Çaşma ha, Nuruşun xoruzuna dönərsən. . . ”
Allah Nuruşa rəhmət eləsin!