Bir qadını sevmək o qədər ağırdır ki... İndiyə qədər sevməmiş olduğunu dərk eləmək və iyirmi yaşlı bir oğlanın iyirmi yaşlı bir qızı dəli-divanə kimi sevərək, sadəcə, mürəkkəb bir eşq tapmacasının həllini tapmaq üçün yola çıxdığının fərqində olmamaq – bütün bunlar yeni bir hissi kəşf edib səfil-sərgərdan, odlu-alovlu bir tufana bürünməkdən başqa bir şey deyil. Və inan, indi yaşadığım və yaşayacağım hiss (bu elə bir şeyə bənzəyir ki, sanki güclü, çox güclü bir həb qəbul etmişəm və zaman-zaman həmin həbin təsiri ruhumdan içində daha çox xoşbəxtlik olan bir inadkarlıqla tutub buraxır.. və həmin məqamlarda məni dumanlı, qayğılı bir tənhalıqda əzabla silkələyir. Yəqin beyni uyuşduran həb qəbul etmiş olsam, belə olardı, ya da buna bənzər bir şey) bundan daha ağır və iztirablıdır. Bir qadını sevmək çox ağırdır, pambıq ürəklim...
Bir aşiqin ürəyini ovuclarının içində zərif barmaqlarıyla oxşayan kövrək bir xəyalımı yazıram bura. Bax indi “bir qadını sevməyin” köz-köz qızaran zəif işartılı bir ocağın üzərində diri, canlı bədənin qovrulub yanmasına şahidlik qədər ağır, lap ağır olduğuna inanarsan. Həm də şərəfli, cəsarətli olduğuna.
...Beynin çoxluğu, səs-küyü müşahidə elədikcə fikirləri, hissləri və ruhi təxəyyülü, yəni əsli, özü qabarıb kənarlaşa, yüksələ biləcək bir mühitdə – maşınlardan, keçidlərdən uzaq, skamyalarla və cürbəcür kitab mağazaları ilə bəzədilmiş böyük, nəhəng küçədə dalğın bir ifadəylə harasa gedirəm. Hamının xoşbəxtliyi bir-birinə qarışıb və bəlkə də, beynimdə sən olduğunçün bu mənə belə gəlir. Ancaq bu xoşbəxtliyi də tərk etmişəm və uzun, lap uzun dəqiqələr əvvəl yolu adlayıb işıqforu keçərkən qırmızı bir maşının şüşələri arxasında səni, ya da ön oturacaq qədər geciksəm, o balaca sevdalını axtarıram. Dəqiqləşdirmək və taleyim üzümə güləcəksə, xoşbəxtliyimdən həzz almaq üçün nə fəndlərim var axı bu sənli ruhumda, öyrənə bilsən!
Və ara yollardan birində heç səbəbini də bilmədən buruluram. Həmin an beynimdəsən, bilmirəm, ancaq bir azdan ruhum sənin üzündəki ifadəyə, duruşundakı ürkək və cəsarətli yəqinliyə köç edəcək. Buna əmin ol.
Budur, bir az aralıda sən varsan. Sağ tərəfdə, məni görəcək qədər yaxındasan və çox güman, görmüsən artıq. Çünki dodaqların azacıq qaçır və səndən əl çəkməyən, barmaqlarının ucundan sallanıb göy kostyumunun (tünd-göy) ətəklərindən yapışıb dartan balaca mələyinin səni çəkib apardığı tərəfə getmək istəmirsən. Yox, mənimçün dayanmısan demirəm və getməməyinin səbəbinin özüm olduğunu da söyləmirəm. Ancaq üzündəki ifadədə və o sol tərəfi bütünlüklə uzaqdakı heyranının baxışlarından güc alıb dodaqlarının aşağıya çəkildiyi eyhamlı ifadədə varlığımı duyuram və burada olsun ki, mənim də payım var.
Bu ani və uzun həyati keyləşmənin ardından özümü birtəhər toplayıram, ürəyimin bədənimi keçib nəriltili əks-səda yaratmasına icazə vermirəm. Və sənə yaxınlaşıram. Addımlarım nədənsə sürətlidir. Sənsə bəlkə də ruhən də olsa dayanıb məni gözləyə bilərsən. Sənə çatıb dillənirəm: “Salam!”. Yanakı əyilib mənə baxırsan və gözlərimdən başqa dəqiqliklə oxuya biləcəyin nə ola bilər axı. Eynən mənim kimi, ancaq sakit (qulaqbatırıcı və məhrəm sakitlik qədər) və mülayim- mülayim salam verirsən.
Mən daha nə söz tapıb deyəcəm ki sənə? Bu xoşbəxtliyi sənin varlığını əzizləməkdən savayı necə cavablandıra bilərəm ki?
Aşağıda, daş asfaltın üzərində qırmızı donu kimi xəyali ləçəkləri ilə ürəyi qanadlandıran bir çiçək açıb. Və o, sənin dizlərinə qısılıb mənə baxır. Mən səndən icazə alıram: “Olar qızınızı öpüm?”. Bu cümlə sadə və dərin xoşbəxtliklə səslənir və bu an sizin gözlərinizə, dodaqlarınıza ilahi, qeyri-adi zəriflik qonur. “ Olar...”. Mən dizlərimi qatlayıb aşağı əyilirəm. Və onun qıçına toxunan, yerə doğru uzanmış balaca əlini əlimin içinə alıb öpürəm. Əlinin üstündən öpürəm və körpə mələk üzündəki məsum cizgilər az da olsun dəyişmir, sadəcə, mənə çaşqınlıqla baxır. Sənsə təşəkkür edib səhnəni axınına buraxmısan.
- Sən niyə belə gözəlsən? – Onun saçlarının çənəsinin önündə yuxarıya doğru yönünü dəyişən və səninki kimi itilənmiş, nura boyanmış ayağını xatırladan uclarını sığallayıb soruşuram.
- Nə bilim... (Ya da heç cavab vermir).
- Sənlə dost ola bilərəm, gözəl?
- Niyə?
- Xoşbəxtliyin niyəsi olmur ki. Xoşbəxt olmaq üçün.
Mənə nə cavab verdiyini bilmirəm. Ancaq boz-bulanıq bir qarışıqlıqda bütün rənglərin və xəyalların ağardığını görürəm.