QIZ QALASI
Bakının bəkarəti
Qız qalası,
tək tənha yalqız qalası...
Harda darıxan varsa,
Qız qalasını göstər.
Hər qız qalası yanında
bir oğlan qalasın istər.
Ancaq
Şuşa qalasına
qonaq getmək də
keçir könlündən
Qız qalasının.
Səhəng alıb çiyninə
sudan gəldiyi günlər
qalıb dabanı altda,
qalıb zamanın altda.
Anlaya bilmir
ayaq səslərinə dolaşan
əcnəbi sözləri, kəlmələri,
uzaqlardan gəlmələri.
Dolanbac pillələrdə
fırlanır zamanın başı.
Qız qalası-
dənizə uzanan barmağımızda
üzük qaşı.
Gecələr qoynuna qaçıb
cırmaqlayar dalğalar ətəyini.
Tutsa,
guya qalxıb siləcək
əsrlərdən bəri
doluxsunan gözlərini.
Qucaqlayıb bu qalanın kölgəsini
üzünə sürtər dəniz.
Uyuyar işıqlı şəhər,
pıçıltıyla danışar dalğalar-
birdən oyansa, Bakı
sual dolu baxışlarına
Qız qalası
nə cavab verər?!
Səhər...
Qız qalası
üz-gözündə dənizin izi.
Günəş boylanar,
qızarar öpüş yeri...
Əsrlərin daş yaddaşında
süzər qolları,
dövrəsindəki qızlarla
yallı getmək istəyər -
qollarını açan olsa.
Bəlkə də qoşulub gedər,
keçər eşqin dənizindən
Yelena kimi...
Götürüb qaçan olsa.
ÖLƏN DƏNİZLƏRİ KİM AĞLAR?..
Günəş işığına, gəmi fitinə oyanıb
dənizdən çıxır buludlar.
Bu səhər
bəxti tora ilişib balıqçının -
tilova gəlmir balıqlar.
"Bəs hardadı,
yola gələn balıqlar,
yola gedən balıqlar,
pullu-pulsuz,
hamısı
pula gedən balıqlar?"
Söymə bu dənizi, balıqçı qardaş,
xırda soxulcana gəlməz hər balıq.
Bir dəfə də öpüş qoy tilovuna
bəlkə, sevgiyə aldanıb
bir balıq düşə "toruna".
Balıqlar dənizi sevdiyi kimi
dünyada sevdiyin bir qadın olsa,
sən onun, o sənin həyatın olsa,
biryolluq atarsan toru, tilovu.
Hamı "mənim Tanrım" deyib
tək Allahı
öz aralarında
bölə bilmədikləri tək,
yüz illərdi bu dənizi
bölür, bölür
bölə bilmir adamlar.
Bu qədər tordan, tələdən
necə çıxıb bu dəniz?
Bilə bilmir adamlar.
Dəniz soyuqlayıb,
neftçilər çərtib belini,
qan alır bu dənizdən.
Hə, balıqçı qardaş, belə...
nə soyuqdəymədən,
nə susuzluqdan öləcək
bu dəniz...
Qorxuram qansızlıqdan ölə!
Ölən dənizlər var,
ölü dəniz var.
Ölən dənizləri görən kim ağlar?!..
Bir gün bu dənizin başı üstündə
durub saçlarını yolar buludlar...
OYUN
Əsəbimi soyutmaq istəyirəm
bir şeylə:
təpik vurasan yer kürəsinə
Marsla Venera arasından keçə,
sən də sevinəsən "Qol vurdum!!!" deyə.
Günəş yüyürə ardınca,
qışqırıb bağıra arxanca,
əl atıb saçını yola-
ay oğlan, topumu qaytar dala.
Ən çox sevdiyi qadından da
bezir adam.
Başının üstə qaldırıb
Yer kürəsini
soxasan Marian çökəkliyinə
bir qadın ucbatından.
Günəş dar ağacı
dünya edam kürsüsü -
haqq
-nahaq asılır hamı
... bu Yer kürəsini
sapand daşıtək
atıb Bermud üçbucağına
gizlədəsən özünü
İsanın saqqalı kimi
dalğalanır günəş şəfəqləri -
həvarilər dövrəsində
Bir səhər oyanıb görəcəyik
başqa Qalaktikaya köçüb
planetlərdən birisi
Şeytan barmağında
ipləri yellənən beşikdi bu Yer
Demək, tabutmuş bu beşik
yatırmaqçün ölüləri
Bu dünya oyundu -
oynayır
kişiylə qadın
adamla Şeytan
...Alnımıza
bu oyunun hesabını
çoxdan yazıb
Oynadan
SURİYA
Şeytanı daşlayır
nə qədər zəvvar
Hara yoxa çıxır
atılan daşlar
Bəlkə, uşaqların başına düşür?! "Allah, Allah" deyir
bu daş atanlar
Kim idi, axı
bəlkə, şeytan daşlayırdı Allahı?!
Atılan daşlardan
atılan uşaqlara
xoşbəxtlik sarayı tikmək olardı
Sevməz Şaxta babanı
burda uşaqlar
Hədiyyəni torbasından yox
tabutban çıxarar
Oyuncaq yerinə
bayram gecəsi
buxarıdan mərmi atar
Şəriət qamçılarına
gərək yox burda
Yer kürəsinin meridianları
hər yerdə qamçıya çevrilib
kürəyində qadınların
Əri cəbhədə olan
hamilə gəlin
hər an gələ biləcək
qara xəbərin qorxusundan
uşaq salır
Analar uşaq yox
şəhid doğur daha
Yeni İsalar doğulur
daşlanır Məryəmlər
Bircə günahı varsa
ər yolunu gözləməkdi
Asılır İsalar,-
günahı atasızlıq...
Oyuncaq silahlardan da
qorxur uşaqlar -
birdən dili açılar!!!
Allah da köməyə gəlmir
Canına qorxu düşüb körpələrin -
bəlkə, terrorçular
əsir götürüb onu da
Hamıdan çox uşaqları sevər
müharibələr.
Kiminin alnından
kiminin gözündən öpər
Tanrı
daha tez sevdiklərini aparır deyirlər
Allahın öpüşüdü
bəlkə, elə bu güllələr?!
Dollardan boylanan
dollarda can verən cənab
qımışıb gülürdü ciblərdə
Axan göz yaşları
tökülən qanlar
təzə nəfəs kimi
can verir ona
Həyasızcasına təpiklər
güllələr döyməz qapını...
Anaların əlindən alıb
beşiyi özü yellər
mərmilər...
Ağlayanda qıdıqlayıb
güldürər körpələri
Bu qızcığaz da
cuppulu barmaqlarıyla
qıdıqlayır
atasının baş daşını
Uşaq ağlı...
Yadında belə qalıb
bəlkə, güldürə bildi atasını...
UŞAQLIQ İLLƏRİM ASAN KEÇMƏYİB
Çətin keçib uşaqlığım
ayaqqabım yırtılardı
böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!
Uşaqlıq illərim asan keçməyib...
Sərhədin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı
O sərhədi keçə bilmək
alın yazımıza qarşı
ən böyük üsyan idi
bəlkə də həyatımızın
ən böyük inqilabı
Anamın erkən ağaran saçlarında
görünürdü
ala bilmədiyi oyuncaqlar
taleyin oyuncağına çevrilmişdik
Bəs, hardaydı
körpələri sevən Tanrı?!
Hindus olmasaq da
atamızın cibinə görə
bölmüşdülər bizi
sinif otaqlarında
kastalara
Dəniz suları okean sularına
qarışmadığı kimi
bizi qarışdırmazdılar...
Heç də sevgidən udmur
okean balıqları
dəniz balıqlarını
Oynayanda belə varlı uşaqları
bizi özlərinə yaraşdırmazdılar
Paltarının yamağını gizləməkdi
varlıların gözündən
kasıb uşaqlarının oyunu
.
Kişilər ağlamaz deyən anam
yerimə özü ağlar
nağıl söylərdi...
Göydən üç alma düşməzdi amma,
deməzdi bunu anam
qorxardı ki
birdən ürəyimiz alma istəyər...
ÖLÜM KÖLGƏSİ
Aldadasan hamını...
Elə özünü də
Tanrını da
Onun yazdığı
75 illik ömrü də
28 yaşında
atasan özünü
dənizin qolları arasına
Cırasan alın yazısının qalan səhifələrini
balıqlar öpə gözündən,
yosunlar anantək bələyə səni.
Allah köks ötürüb deyə: "Bağışla.
bağışla məni!.."
Mənim gücüm çatan iş deyil bu iş
alın yazısında proqnozlarım
özünü doğrultmur buralarda heç....
İkiəlli yapışıb tavandakı ipdən
özünü asan gəncin kölgəsi
körpüdən ölümünə tərəf boylanan
bir başqasının da kölgəsi
boğulub dənizdə çoxdan...
Bax, bir balıq da
asır özünü göydən
Ancaq kölgəsi hələ də üzür dənizdə
Kölgəmiz cəsarətli çıxır
deyəsən, özümüzdən
Səni sevmək
zülüm bir işdi -
burda doğulmaq kimi
alın yazısını
sondan əvvələ oxumaq kimi...
Səni sevmək
müsəlman orucunda iftara gələn
çoxillik şərab kimidi...
Bir az da
hərdən çimdikləyib qabırğasını
Əzrayılla məzələnməkdi
Burda səni sevmək,
burda yaşamaq
Əzrayıl kölgəsində sürünməkdi
Orda
həbsxana divarları ucalır
bir ağac boylanır həyətindən
Hər mövsüm gözətçi budayır
divarlardan çıxan budaqlarını
Azadlığı
məftillərdən kənara çıxan
kölgəsi dadır bu ağacın
Allah,
yuxularımız necə
onları da yazmısan alın yerinə?!
Şeytan Allahın
gecə gündüzün
mən sənin
yuxular həyatın kölgəsidi.
ANALAR DA ÖLÜR
Səni də aldadarlar,-
analar ölməz deyə.
Qırxında, ya ilində
görüşünə gedərsən.
Qəbrin qolları yoxdu ki
qalxıb səni qucaqlaya
Gözlərindən öpər ancaq
hardan gəlib, hara getdiyi
bilinməyən
bir bulud parçası
Uşaq evinə
yetim kimi atılıb
dışlanarkən anlarsan-
analar ölür!!!
Yuxuda
ananın əlləri bilib
yatacağın soyuq
dəmir barmaqlarını sıxarsan
Qucaqlayıb yatdığın
cansız ayı balası
gecəyarısı
soyuq tər içində oyadıb səni
gözlərinin düz içinə pıçıldar
"Analar da ölür, dostum...".
Yaman şaxtalı keçər
yetimliyin qış fəsli
Bax,
soyuqdan titrəyən
gülün, çiçəyin
indi yuxusunda kəpənək uçur.
Bəs, sənin yuxuna
hansı mələk enib, balaca?!
Böyüdükcə
bu dünyanın ən gözəl xanımları
incə barmaqlarıyla toxunar saçlarına,
Hər qadının əlində
axtararsan,
oxşayarsan ananın
qabarlı barmaqlarını.
Anan yoxdu deyə
ən çox sevdiyin
qadına da qısqanarsan xoşbəxtliyini...
Sən nə bilirsən, balaca?
Hələ özün də bilmədən
böyüməyə can atırsan
soyuq torpaq qucağına
isti ana qoynundan.
Bundan sonra lay-lay deyib
yatırmaz səni.
Yuxundan oyadar
anasızlığın lay-laylayı.
Analar fərqli ölür,
anasızlar eyni cür ağlayır ancaq.
Tora düşmüş
delfin balası kimi ağlarsan.
Dünya dəniz acgözlüyü ilə
udar göz yaşlarını.
Necə anaların,
anaların necə öldüyünü
Anlarsan,
DÜNYANIN ƏN TƏMİZ YALANI
Yağma qar,
yağma
əlcəyim olmasa da,
əllərim üşümür mənim.
Atamın
"Daha yeddi yaşın var,
böyük kişisən,
heç kişi də əlcək taxar?!"
sözləri üşüdür məni.
Yalan danışmağı bacarmır atam -
dodaqlarının titrəməsindən
gözlərinin dolmasından bilinir
ciblərinin boşboğazlığı...
Qar qardaş
dünyanın ən təmiz
yalanı sənsən
Qar qardaş,
mənə görə yox
atama görə yağma
O, yalan danışmağı bacarmır
Ata
-oğul arasına girmə, qar
Yağma
çirkli əllər atmasın səni
çirkli ayaqlar altında
əzməsinlər təmizliyini
Təmiz dillər
çirklənməsin sənə görə
yağma
Uşaqların sızıldayan
barmaqlarında üşümə
isti əlcəklərində qızın, qar
...Uşaq əllərini özləmişdi qar
qar vardı
uşaqlar yoxdu
müharibə qovmuşdu
yavruları torpaqlarından
Onların yerində
tanklar oynayırdı
Qar ağlayırdı uşaqlar üçün
can verirdi
tankların
qanlı tırtılları altında
Qar istəyir uşaqlar -
tanksız,
yalansız
əlcəkli qar
Yağırsansa belə yağ, qar
ÜSTÜ-BAŞI TOZLU ŞEİR
Nə olsun ki, yanaşıram
adın bilmədiklərimə
Mən şeir yazmıram, xanım
dadın bilmədiklərimə
Hayandansan, haralısan
elə də maraqlı deyil
Heç səndən əvvəlkilər də
dünyanın maralı deyil
Gah nazını, gah fikrini
gah da yükünü çəkirəm
Mən yazıq çarmıxa gedən
İsa çəkəni çəkirəm
Vurulmuşam
divarına
vurulan bir şəkil kimi
Çəkirsən məni özünə
quraqlıqda çat
-çat olmuş
torpaq suyu çəkən kimi
İydə ağacı altından
qıraq ol, xatası çıxar
Bu sakit may gecəsinin
fevral ayı səsi çıxar
Mən şeir yazmıram, xanım
dadın bilmədiklərimə
Nə olsun ki, yanaşıram
adın bilmədiklərimə