ŞUŞANIN "XARI BÜLBÜL"
Ay ürəyim, gözüm gülü,
Nədən oldun hüzün gülü?
Bizə doğma uzaqlardan
Boylanırsan üzüntülü.
Sənsiz haçan üzüm gülür?-
Şuşanın "Xarı bülbül"ü/
Sən - dərdi duman ağladan,
Hönkürdüb kaman ağladan.
Bayatıya ah çəkdirən,
Şikəstəyə qan ağladan-
Könlümüzün həsrət gülü,
Şuşanın "Xarı bülbül"ü.
Dövran bizə qara gəlib,
Xar yeriyib hara gəlib?!
Köhnə dərdin bəs deyilmiş,
Yaran üstə yara gəlib;
Vətənin qan olan könlü-
Şuşanın "Xarı bülbül"ü.
Bəy yurdu gədəlik deyil,
Ər işi vədəlik deyil.
Dünya ki belə fırlanır,
Deyəsən, bəndəlik deyil-
Tanrı açsın bu müşgülü,
Şuşanın "Xarı bülbül"ü.
BAKI VAXTI İLƏ …
İki şaqqaladılar
əvvəlcə səni,
yarını Arazın
o tayına,
yarını bu taya atdılar.
Bağrı yaralı vətən!
Yurdu paralı vətən!
Gah
o tayda,
gah bu tayda
qol
-budağını
qırıb çatdılar.
Göyçən, İrəvanın
əriyib getdi
gözümüzün önündə.
Zəngəzursuz, Ağbabasız
gördük özümüzü
günlərin bir günündə.
Yağıya
-yamana qaldı
Vedinin yanı dağlar.
Dərələz, Zəngibasar o dağların
yanında ağlar...
Ermənidən
o yanda
Borçalını, Başkeçidi,
Qaraçöpü gürcü əridir.
Fənd qurub Dağıstan
Dərbəndi bir cür əridir...
Bunlar sənə qoyulan həddin,
yalan
-palan sərhədin o üzündə qalandı.
Bu üzdə - bağrın başında,
Qarabağın doğram
-doğram,
talan
-talandı.
Köpək yağı at oynadır
sinəmin beşdə birində.
Oğulsansa,
Şuşanın,
Ağdamın,
Laçının
keç də birindən!
Oğulsansa, gəl keç
Arazlı Cəbrayılından,
İstisulu Kəlbəcərindən.
Oğulsansa,
qarşıla baharı
Zəngilanın
çinar meşələrində.
Oğulsansa,
oxu muğamları
Qarabağın
dilbər guşələrində...
İtirmişik, çox şey itirmişik,
Göyçə boyda,
Şuşa boyda
yer
-göy itirmişik.
Yerimiz
-göyümüz itib
Qubadlıda, Laçında,
Cıdır düzündə, Göyçə gölündə,
Murovun qarlı başında.
İtirib keçmişdə qoymuşuq
Qarabağda yatıb qalan vaxtı;
O vaxtı tapmayınca.
tapıb oyatmayınca
açılmayacaq yurdun qara baxtı.
Ehey, ər igidlər,
ər oğullar,
qayıdın, qayıdın!
Qarabağda yatıb qalan
vaxtı oyadın, oyadın!
Keçmişdən bu günə
qovun, tezləşdirin zamanı.
Şuşada, Laçında,
Dəlidağlar başında
Bakı vaxtı ilə
uzlaşdırın zamanı!!!
HƏR ŞEY DÖNÜR, FIRLANIR…
Hər şey dönür,
fırlanır
səndə, məmləkətim;
bir tilsimə düşüb
fırlanır ortalıqda
varın
-sərvətin.
Fırlanıb kimlərdən ötrüsə
ağılalmaz paraya dönürsən,
villaya, saraya dönürsən,
bir sağalmaz yaraya dönürsən,
özün də bilmirsən,
haraya dönürsən…
Yolu, səmti yoxmu
bu gethagetin?!
Hər şey dönür, fırlanır
səndə, məmləkətim;
Neft
-qaz qoxuyan
torpağın fırlanır,
gözünü yumub
muğam oxuyan
Qarabağın fırlanır,
Başı dönür, fırlanır
hər axşam evinə
umudsuz qayıdanların.
Başı dönür
hər gün kefinə
milyonlar səpib
özünü ən xumar
yuxularda uyudanların.
Hər şey dönür,
fırlanır səndə, məmləkətim;
birisinin acından başı dönür,
birisinin yığdığı sərvətin
çoxluğundan,
biri varlığından danışır,
biri yoxluğundan…
Hər şey dönür,
fırlanır səndə, məmləkətim,
Bu fırlanışdan qurtulmağın çətin.
Eşitdim,
fırlanan göydələn də
tikirlər Bakımızda,
Aman tanrı,
özün qoru,
daha nələr fırlanmır
başımızda?!.
NƏDƏN BELƏ?!
Bizimki qalıb Allaha,
Susur dada yetən belə.
Üstümüzə gülür daha
Hər yolundan ötən belə.
Tutub dünya baratından,
Nə düşmüsən Qıratından?!
Baş qaldırır yer altından,
Ölən belə, itən belə!
Yağıdı yurdun hər yanı,
İldırım oğullar hanı?
Kürsüdə gurlayır hamı-
Torpaq belə, vətən belə…
Batmanladı elin dərdi,
Yalan sözlər mötəbərdi.
Biri
-birindən betərdi,
Gələn belə, gedən belə!
Koroğlular dönüb daşa,
Çətin bir də dağlar aşa.
Baş açmıram, Orxan Paşa,
Nədən belə, nədən belə?!
GƏRƏK OLMUR
Boşla getsin boş öyüdü,
Ürəksizdə ürək olmur.
Kim tanımır yaş söyüdü;
Əyiləndi, dirək olmur.
Nə deyəsən bu mizana,
Yazını əyri yazana.
Milyon yığa, min qazana,
Çörəksizdə çörək olmur.
Dünyanın oyunu çoxdu,
Yalanları yağlı oxdu,
Mərdin sözü "hə
"di "yox
"du,
Onda "baxaq
-görək" olmur.
Orxan Paşa, öyrət bizə,
Doğruları söylət bizə.
Qeyrət heç vaxt qeyrətsizə
Lazım gəlmir, gərək olmur.
MİNARƏLİ BİR ŞƏHƏR
Dəniz qırağında
minarəli bir şəhər…
Dalğalanır xəyalımda
axşam
-səhər.
Sevimliydi
o şəhərin
tez
-tez yağmur tökən
buludlu göyləri,
quzeyinə bir az mamır çökən
qızıl kərpicli evləri,
qırmızı kirəmidli damları,
havasına, suyuna
oxşar adamları.
… Sehrli minarəsi
bir ayrıydı ancaq,
bir ayrıydı
minarənin
yanında qalmaq;
bir ayrıydı
ondan umud almaq,
işıq almaq.
İllərdi…
illərdən bəridi
getmir gözlərimin önündən
kərpicli
-kirəmidli o yağmur şəhəri,
getmir
sehrli minarəsiylə
başlanan axşamı,
açılan səhəri…
İTİRDİM DOSTLARI
Yaxşı günləriydi ömrün yaz çağı,
Hər yan dost məclisi, dost yığıncağı…
Daha yavaş
-yavaş sönür ocağı -
Qəhətə çəkilib
o hörmət
-xətir;
İtirdim dostları, itirdim bir
-bir.
Hələ dağılmamış gənclik yuxusu,
Gəldi üstümüzdən əzab qoxusu.
Çörək arxasınca getdi çoxusu -
Birini yol uddu, birini Sibir;
İtirdim dostları, itirdim bir
-bir.
Birisi evlənib evə çəkildi,
Birisi keflənib kefə çəkildi.
Birisi pul gördü, cibə çəkildi,
Gözlədim, gəlmədi nə səs, nə səmir -
İtirdim dostları, itirdim bir
-bir.
Onların içində biri də vardı,
Duyğular sayrışan könlü bahardı.
Əsdi əcəl yeli, qəfil apardı,
Boylandı torpaqdan bir erkən qəbir -
İtirdim dostları, itirdim bir-bir.
Tək-tənha dolaşıb vədə yerində,
Baxdım ki, yalqızam günün birində.
Kimsəni görmədim həndəvərimdə,
Yorğun gözlərimdə saraldı səbir -
İtirdim dostları, itirdim bir-bir…
POSTMODERN SƏRXOŞLUQ
Başı üstə duran ağaclar,
biri-birindən seçilməyən
yarpaqlar, quşlar.
Əlləri üstündə gəzən adamlar,
gözləri dodaqlarından
baxan qadınlar,
uça-uça gedən kəpənək addımlar,
hamısı bir-birindən ayrı,
hamısı bir-birinə qovuşuq,
dünya dopdoluykan
hər yan boşluq,
boşluq…
Dəymə, dəymə,
dünyanın düzəninə -
lənət sənə,
postmodern sərxoşluq!
AY ÖLMƏMİŞ
Rəhmətlik Tükəzban nənəm xoşuna
gələn qız-gəlinlərə ərklə "ölmüş nə gözəl-
di", "ölməmiş nə yaraşıqlıdı" deyərdi…
Havalı könlümə dar gəlir ölkə,
Dərdimdən halıdı el, ay ölməmiş!
Bu sonsuz səhranın sonusan bəlkə?-
Qurtarmır biyaban, çöl, ay ölməmiş.
Qamətin qələmdi, gözün gözəldi,
Söhbətin şirindi, sözün gözəldi.
Hər bağdan, bağçadan üzün gözəldi,
Açılıb üzündə gül, ay ölməmiş!
Çoxunun bəxtinə yar, işıq düşüb,
Səngiyib həsrəti - barışıq düşüb.
Tək mən fağırınkı qarışıq düşüb,
Günüm-ayım oldu il, ay ölməmiş.
Nurundan nur alıb işıqlaşmışam,
Xəlvətdə kövrəlib uşaqlaşmışam.
Nə gizlədim, bir az aşıqlaşmışam,
Dəli
-divanənəm, bil, ay ölməmiş.
Buludlar ahımdan boşalıb dolar,
Durnalar havada başını bular,
Yanıram, yanğıma dayanmır sular,
Bəs eləmir dərya, göl, ay ölməmiş,
Mən Orxan Paşayam, biləsən dedim,
Odumu sinəndə böləsən, dedim.
Sən də mənim kimi öləsən, dedim,
Ölürəm mən ölmüş, gəl, ay ölməmiş.
YAZ YAĞIŞI
Tanrının hökmü kimi
yer üzünə
bir özgə havayla
enir yaz yağışı;
Göydən gələn
ağ nur içində
mələyə dönür,
ürəyə dönür
yaz yağışı.
Düşünürəm,
bəlkə, yenidən qurulmaqdı
dünyanın qəsdi -
bəlkə, bu bahar leysanı
bizim bilmədiyimiz
bir ismarışdı,
bir səsdi…
Hər nədirsə,
söykəndiyin qurumuş ağacın da
canına oyanıb
təzədən yaşamaq
duyğusu gəlir.
Yoxsa, bu nə arınmaq,
nə durulmaqdı?! -
Ruhum titrəyiş içində,
havadan Tanrı qoxusu gəlir…
* * *
Heyrət qurtarıb
yer üzündə,
götür məni qanadlarına,
uzaqlardakı çəməndən
dikələn göy qurşağı.
Götür məni göy üzünə,
heç olmasa
10 Poeziya
sən ovundur gözlərini
böyümək istəməyən
bu qoca uşağın.
Götür məni qanadlarına,
son damlalarını səpən
ərköyün yaz yağışı;
götür görüm,
nədən danışır
yağmurdan sonrakı
seyrək buludlarda
salxım
-salxım
közərən ay işığı…
ÖZÜMLƏ KÖNÜL SÖHBƏTİ
Mərd dayan dara düşəndə,
Üzü ağ ol, Orxan Paşa.
Kənar dolan bəd nəzərdən,
Qaç, uzaq ol, Orxan Paşa.
Ömür yolu yoxuş
-yoxuş,
Dörd bir yanı yanar oxmuş.
Uşaqdan gözəli yoxmuş -
Dön, uşaq ol, Orxan Paşa.
Tut üzünü qibləgaha,
Tanrım çıraqdı sabaha.
Yanıbsansa, sönmə daha,
Od
-ocaq ol, Orxan Paşa.
Sınayıblar dönə
-dönə,
Həmənkidi dünya yenə.
Gedim, sonra gəlim demə,
Yaşa nağıl, Orxan Paşa.
Aldatdı sözün düzümü,
Daş
-kəsək döydü dizini.
Ağıllı sayma özünü,
Hanı ağıl, Orxan Paşa?!
Sən yorulmaz bir çaparsan,
Yaxşı ki meydanda varsan.
Tapınıb Haqqı taparsan -
Sağ ol, sağ ol, Orxan Paşa.
Sevib həzin tütək oldun,
Könül oldun, ürək oldun.
Hərdən dəli gerçək oldun,
Hərdən nağıl, Orxan Paşa…