AYDAN
Aydan dedi:
Mən Aydanam
Məni Aydan
Alıb anam.
Mən baxanda
Ay top olur.
Dolu olur.
Yumru olur.
Baxmayanda
Ay saralır,
Para olur,
Yarı olur .
Hamı ona
İnandı;
Aydan,axı
Aydandı.
ALMA HARDA BİTİR?
İki qardaş,bir bacı:
Faiq,Çingiz və Sona.
Mübahisə etdilər
Alma yeyəndən sonra.
Faiq dedi ki:-Alma
Ağacdan dərilibdir.
Çingiz dedi:-Anamın
Zənbilindən gəlibdir.
Kiçikdir hələ Sona
Di gəl,onu inandır.
Qardaşlar nə dedisə
Sona dedi:-Yalandır!
Almanı mən həmişə
Süfrəmizdə görmüşəm.
ƏLİFBA DƏRSİNDƏ
Baş açmıram bu işdən
Çaşıb qalmışam düzü.
Anama oxşayır lap,
Yazdığım “ana” sözü.
Bu bir “a”,bu da bir “a”
Anamın iki gözü.
İki “a” arasında
“N” da anamın üzü.
DƏCƏL KÜLƏK
-Açım qapını, ana!
Yaman tövşüyür külək,
Bəlkə yorulub yazıq,
Bəlkə üşüyür külək?
-Açım qapını ,ana!
Bəlkə qorxaqdır külək
Gör necə də ağlayır
Sanki, uşaqdır külək!
Qapını tıqqıldadır
Külək burda yalandan.
Hamımızı aldadıb
Güllə kimi o yandan
Pəncərəni sındırıb
Evə təpir özünü
Uşağın dodağından
Qapır “ana” sözünü.
AY
Ay ana,Aya bir bax!
Keşlədə idi bayaq.
Avtobusa minmədi,
Metroda görünmədi,
Biz gəldik,o da gəldi;
Amma piyada gəldi,
Özü də bizdən qabaq.
Ay,ana Aya bir bax!
Fırlanıram fırlanır,
Dayanıram dayanır,
Gedirəm,gedir o da,
Yaman dəcəldir o daş
Yaxın düşmür oynayaq.
Ay,ana ona bir bax!
Küşəmizə gedir Ay,
Yoxsa bizə gedir Ay?!
Aya bax,irəlidə,
Qalxdı pillələri də.
Astanamıza çatdı,
Birdən nə oldu batdı?
Yoxa çıxdı Ay,ana,
Axı,çıxdı Ay,ana?!
Hara qaçdı bilmədim.
Niyə bizə gəlmədi?
GÜN ÇIX-GÜN BAT
Harda olsam
dan söküləndə,
gün çıxanda,
Mən də yenidən
doğuluram,
dünyaya gəlirəm elə bil.
İllah da ki, gün
dağın dalından boylana,
dənizin dibindən çıxa.
Harda olsam
şər qarışanda,
gün batanda,
Mən də birdən –birə
yerə çökürəm,
ölürəm elə bil.
İllah da ki, gün
dağın dalında gizlənə,
dənizin dibində bata.
2011
KƏRƏM OL
Kərəm!
Eşitdim
gəlirsən.
Amma, bu kərə,
Kərəm ol bir daha.
Sevmə Əslini.
Gəncədə Əsli yoxdur ta!
Gəl, əvvəlcə Xocalını gör.
Tanı əclinin əslini.
Sonra özün bilərsən,
İstəsən, gələrsən.
2012
TÖVBƏ QAPISI
Dünyada, təki bir fərd
tövbə edən tapılsın.
Göyə baxsın, açıqdır
göyün tövbə qapısı.
Bu məbəd gecə-gündüz
heç vaxt qapanmır əsla.
Tövbə edən, yaxın gəl,
Səni gözləyir Allah.
2012
ŞAİR QABİL
Hanı gülər üzün sənin,
Hanı dəmir sözün sənin.
Şit şairlər çoxalıbdı,
Hanı dadın, duzun sənin.
Dağlarda var izin –sənin.
Dərdi yenən dözüm –sənin.
Şeirin –günəş zərrələri,
Sönməz odun-közün sənin.
Görükməyən hüsn sənin.
Söz ver mənə, izn sənin.
O, “qızılgül satan” – sağdır,
Bu- çox sürən hüzn –sənin.
Şairə xas əzm – sənin.
Səndən uca özün-sənin.
Qəddar Vaxtın qarşısında
Qatdanmadı dizin sənin.
2012
YENƏ DƏ SABİR
Əlimi kəsirsən,
deyirsən – “tərpənmə!”
Dilimi kəsirsən
deyirsən – “sus, dinmə!”
Yanıram, üstümə
su da çiləmirsən,
deyirsən – “yan, sönmə!”
Donuram, üstümə
qartopu atırsan,
deyirsən – “isinmə!”
Zalım dünya, bunca
əzab olmaz, axı!
Hamı olsa haqqın
bədbəxt qalmaz, axı!
Sevincdən qışqırsam
məni də bir görən,
eşidən tapılar.
Bir günlük də olsa
açılar taybatay
o paslı qapılar.
2012
SUAL-CAVAB
– Gəldim.
Dünyanı gördüm.
Qəlbimi sardı,
Odlu bir sual.
– Cavabına
O gördüyün dünyadan
Heç nə, tək bir
İçim su al!
2012
BİR YERDƏDİR
Əsl dünya imiş bu!
Cənnət də, cəhənnəm də.
İnsan belə aldanır,
Cənnətdə, cəhənnəmdə.
İkisi bir yerdədir,
Cənnət də, cəhənnəm də.
Yaşayırıq yerdə biz-
Cənnətdə, cəhənnəmdə.
2012
QİSMƏT
Hər kəsin qisməti gələndə bölünür.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Kim nə miqdar olsa əzəldən bilinir
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Çox olan çox yedi, az olan az yedi.
Çox olan gizlədi, az olan gözlədi.
Göydən də bir mələk bunları izlədi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Naşükür doymadı, artmağa cəhd etdi.
Durdu, zor işlətdi, zor əydi düz xətti.
Tanrıya ağ oldu, aləmi titrətdi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
2012
XEYİR VƏ ŞƏR
Xeyirdə xalis xeyir,
Şərdə də tam xalis şər.
Bir bilən varmı görən,
Nə qədərdir, nə qədər?!
Xeyrin zərif saçağı
Qarışıb şərə seyrək.
Şərin zəif saçağı.
İlişib xeyrə tək –tək.
Nə qədər ki, dünyada
Xeyir də var, şər də var.
Deməli, dünya da var.
Dünyada bəşər də var.
2012
MƏKR DAĞARCIĞI
Yaranışdan elə budur
Üzdədir iti qılçığı.
Heç nədən bəhanə tapır,
Divara yaxır palçığı.
Dilinə nə gəlsə deyər,
Boşdur ağzının çax-çaxı.
Fikirdən fikrə addayır,
Dolaşır məna saçağı.
“Srağagün” – nədir bilmir.
Qarışıq salır hacağı.
Sözün gözünə qum atır,
Örtülür sözün açığı.
Qarnı qurtlu, qəlbi soyuq
Dil altında var bıçağı.
Dünən-ölü, sabah –nisyə,
Bəyənir yalnız bu çağı.
Sənətə meyli varsa da
Yoxdur zərrə qanacağı.
Əyrini – görəndə susar,
Düzə – “hə” deməz, ha çığır!
Tanıtdım aləmə bunu
Tutsa da mənə acığı.
Buna tək bir ad yaraşır,
Yalnız məkr dağarcığı.
2009
NƏFS YIXAN
Köhnə səfər atında
Zaman çapır irəli.
Köhnəlsə də köhləni
Dartıb çəkir illəri.
Gəlib-gedirlər daim.
İnsanlar nəsil-nəsil.
Sonda baxıb görürsən.
Bir şey olmayıb hasil.
Həyat öz axarıyla
Hey axır... Mütəmadi.
Yaşamaq, çox çətinmiş
Heç də deyilmiş adi.
Bu yalançı dünyada
Çox zalımdı adamlar.
Dost yıxan, rəqib yıxan,
Ev yıxan, qəlb yıxan var.
Şəhər yıxıb dağıdan,
Milləti yıxan da var.
Camaata qarışan,
Aradan çıxan da var.
Nə əcəb, indiyədək,
Yalnız dünyada bir kəs,
Cəhd eləyib yəni, öz
Nəfsini yıxa bilməz.
Bu – inqilab olardı,
Min ildə bir inqilab.
Gələcəyə qalmaqçın
Budur – ən doğru cavab.
Nə qədər çox olsaydı
Nəfsinə “dur” – deyənlər.
O qədər azalardı
Mərifət bilməyənlər.
Nə əcəb, mərd ürəkli
Bir pəhləvan tapılmır.
Dünya yıxılan yerdə
Bir nəfsi yıxan olmur.
Qayıtsın dilimizə
Yenə də “nəfsini bas”
Onda ikicə kəlmə
Dünyanı edər xilas.
2012
MƏNİM GÖRDÜYÜM MƏMUR
Mənim gördüyüm məmur,
Təzə biçimli kübar.
Salaməleyki əmr,
Ədasında hökm var.
Mənim gördüyüm məmur,
Ağ mərmərdən un umur.
Şüşədən büllur alır.
Yumurtadan yun qırxır.
Nə insanı tanıyır,
Nə də Allahdan qorxur.
Qonşusu acdı, toxdu,
Əsla xəbəri yoxdu.
Bizi yaşadan göydən,
Fövqəladi havadan
Asılıyıq biz müdam.
Bilir bunu hər nadan,
Bilir bunu hər naşı.
İnsanın udum –udum,
Nəfəs almaqdır işi.
Bunun nəfəsindəki
“Ə”lərdən biri düşüb.
“Nəfəs” çönüb, “nəfs” olub.
Nəfslə yaşayıb – bu!
Hələ indən belə də,
Nəfslə yaşayacaq.
Çünki o, başdan –başa
“Nəfs – adam”dır, yaxşı bax!
Cəmi millət naminə.
Bir iş görülsə, fəqət.
Dəbərsə dağ-daş belə.
Oyansa bütün millət.
Cücərməz onda qeyrət.
Lap dünya dağılsa da,
Darmadağın olsa da
Aləm səs –küy, qiyamət
Qopsa da dərk eləməz.
Buna yaddır, bu adət.
Çıxmaz ondan səs –səmir.
Bir növ bəşərdir bu da!
Mənim gördüyüm məmur.
2012
RƏVAYƏT
(Yeni variant)
Hikmət dolu,
İbrət dolu,
Eyham dolu,
Bir məsəldi – bu!
Nağıl deyil,
Yalan deyil,
Buna bənzər
Nəsə olub.
Ululardan
eşitmişəm.
Keçmişdə,
bir məmləkətdə
bir zalım şah yaşardı.
Onun həndəvərində
bir də bir qəssab vardı.
Hər ikisi
baş kəsməkdə peşəkardı.
Həmxasiyyət,
həmniyyət,
Həmsevinc,
həmdərd,
Həm də möhkəm
dost idilər.
Bir səhər...
baş meydanda,
ali fərmanla
bir cavanın
bir əlini
kəsəcəkdilər.
İşin şirin yerində
qəssabın daş ürəyi,
yumşaldı birdən.
Qum üstündə
ot göyərdi.
Diz çöküb dedi –
– Şahım, onu
mənə bağışla,
Əgər günahı varsa
cəzasını verər Allah.
Şah yerə salmadı
dostunun sözün
Cavanı azad etdilər,
həmin gün,
dərhal, o saat.
Amma, tələsmə, övlad,
gör, nə oynayacaq,
bu fırfıra həyat!
Demə, qəssabın
pis bir
şakəri də varmış,
etdiyi yaxşılığı
başa qaxarmış.
Taq, taq,
taq, taq.
Dəxli yoxdur
harda,
haçaq.
Görüşəndə,
Söz düşəndə,
gündüz də,
gecə də
Soruşardı hey...
Əlin necədi?
Necədi?
Necədi?
O, da eşitdikcə,
Əlini gizlədərdi.
Gizlədə bilmirdi,
amma, bu dərdi.
Kimsə onu
qarabaqara
izləyirdi elə bil.
O kəsilməli əli də
heç onunku
deyilmiş kimi,
Sızıldayırdı ara bir.
Bir dəfə,
üç dəfə,
beş dəfə,
on dəfə.
Bir dəfə də oldu
son dəfə.
Daşdı səbr kasası.
Bir göyə baxdı,
bir yerə baxdı.
Gördü miz üstədi,
qəssab baltası.
Qeyzlə,
qəzəblə,
hirslə.
– “Bəsdir başıma qaxdın!”
deyib, qapdı baltanı.
Tavana sıçradı
əlinin qanı.
Rəvayəti söyləyənlər,
bunu da deyirlər;
qəssab sonra
peşman olub.
Tutulub
əli –ayağı.
Yalandımı,
doğrudumu,
deyə bilmərəm.
Amma buna bənzər
nəsə olub.
Hikmət oldu
İbrət oldu.
Eyham oldu,
bir məsəldi – bu.