QOL AÇIB GÖYLƏRLƏ QUCAQLAŞASAN
Göz yumub dünyanın halına bir gün,
Özündən ayrılıb uzaqlaşasan.
İnciyib gedəsən bu yer üzündən,
Qol açıb göylərlə qucaqlaşasan.
Sevməyə ürəyin kimi, kimsəni,
Axtarıb tapmaya ta heç kim səni...
Qocalıq səpdikcə saçına dəni,
Sənsə yavaş-yavaş uşaqlaşasan.
Hardasa bir yetim uşağı görsən,
Boynunu bükülmüş, aşağı görsən...
Soyuqdan titrəyən dodağın görsən,
Girəsən qəlbinə, ocaqlaşasan.
GEDİRƏM KƏNDİMƏ UŞAQLAŞMAĞA…
Yenə də yolları geyib əynimə,
Vətəndən Vətənə səfər edirəm.
Hələlik dostlarla sağollaşmışam,
Özümdən özümə qonaq gedirəm.
Ora Vətənimin uca zirvəsi,
Orda ulduzlar da yaxındır yerə...
Orda bir qız ola səni sevəsi,
Hələ gəldiyimi yuxuda görə.
...Özümü unudub, bənzəyib yada,
Xəyalım yol alıb dərəyə, dağa.
Çəkdiyim qayğını qoyub Bakıda
Gedirəm kəndimə uşaqlaşmağa.