Yoxdan var olan var!
var olan dünyada haqdı!
Allah yaradıb şeytanı,
həm baxtı və taxtı.
Allah yaradan
şeytana qul olmayacaqdı.
***
Kim bəla əkibsə bu yer üzünə,
kim zülm gətirib millətə, yurda.
Axırda günahı görüb özündə,
qisas qiyamətə qalmayır burda.
İnsan nədir axı? – Ruha qəfəsdi!
Ah-nalə, vay-şivən qupquru səsdi,
hər kəsin içində öz hakimi var,
hər kəsin çəkdiyi özünə bəsdi.
Hər kəsin Allahdan başqa kimi var?
Hər kəsi yaşadan eşqdi, həvəsdi.
***
Torpaqdan yaratdı yaradan bizi,
Torpaqdan almışıq öz rəngimizi,
Allah ilhamıyıq, yer uşağıyıq.
Əl-ələ verəndə göy qurşağıyıq.
Səsimiz-sözümüz təbiətdəndir.
Əslində, yaranış saf niyyətdəndir.
Zaman ələyindən biz ələnmişik,
bütün kainata səpələnmişik.
Harda torpaq varsa, su, hava varsa,
üstünə yağırsa günün işığı,
Orda da fəsillər yay, qış, baharsa,
yatıb o beşikdə insan uşağı
ayaq açmayıbdı, hələ uçmayıb,
yerin cazibəsin qırıb qaçmayıb.
İnsanı uçmağa qoymur günahı,
o qədər acgözdür insan iştahı,
əgər gücü çatsa, əlindən gəlsə,
Alar, Yer kürəsin cibinə qoyar.
Lap ilk yaranışdan insan belədi,
nə qarnı tox olar, nə gözü doyar.
Bizi cənnətindən qovanda Allah,
yəqin dalımızca bir daş hellədi,
sığmaz bir məkana cənnətlə-günah,
kainat qoynunda cənnət gizləyir.
Yükümüz ağırdı, uça bilmirik.
Bizim yolumuzu cənnət gözləyir,
biz də günahlardan qaça bilmirik.
***
Adəmlə Həvvanı Allah yaratdı.
Ruh verdi, can verdi, sonra ayıltdı.
Cənnət meyvələrin yeməyin – dedi.
Yesəniz, “bilmədik” deməyin – dedi.
***
Dini kitablarda əfsanələr, rəvayətlər arasında Allahımızın Adəm Həvvanı cənnətdə yaratması və onlara cənnət meyvələrini yeməyi qadağan etməsi barədə çox yazılıb. Nisbətən daha çox yayılmış variantı belədir:
Allah Cənnətdə Adəmlə Həvvanı yaradanda Cənnətdə mələklər vardı, şeytan da o mələklərdən biri – hətta Allaha daha çox tərif deyən, daha çox ibadət edən, onu daha çox sevən mələk idi. Allahın insanı böyük həvəslə, məhəbbətlə yaratdığını görüb, onda qısqanclıq hissi oyandı.
– Ey ulu Tanrım, bu qədər mələklər var ətrafında. Mən varam, səhərdən-
axşama, axşamdan səhərə kimi sənə dua edirik, sənin böyüklüyünü, yenilməzliyini, ədalətini öyürük. İnsan yaratmağa nə ehtiyac var?
– Bu mənim ən sevimli bəndəm olacaq. Bu yaratdıqlarım mənə daha
sadiq olacaqlar.
– Bizə inanmırsan?
– Mələklərə inanıram.
– Ey ulular ulusu, yaradanlar yaradanı, səsinizdə, mənə olan
inamınızda kölgə hiss etdim.
– Yox, sənə də inanıram. Səni özün bilmədiyin qədər tanıyıram. Amma bu
cütlüyü indi yaradıram, bunlar mənə daha sadiq olacaqlar.
– Ey böyük Allahımız, biz ruhlarıq, amma onlarda torpaq qarışığı var.
Torpaq acgözdü. Gecə-gündüz ağzını açıb, yemək istəyir, su içir, doymur ki doymur. Ondan əmələ gələndən sədaqət gözləmə.
– Bunlar mənə sadiq olacaq. Bunları heç kəs, həç nə yolundan döndərə
bilməz.
– Ey ucalardan uca, alilərdən ali Allahım, sən mənə izin ver, mən onların
yanında dolanım. Sübut edim, Rəbbimizə göstərim ki, necə xain, necə satqın olacaqlar...
– İzin verirəm, onların arasında dolan, hətta icazə verirəm onları yoldan
çıxarmağa çalış. Görək bacaracaqsanmı. İndi get, qoy işimi görüm.
– İşin avand olsun, ulu Allahım. İznini aldım, gedim.
– Get.
Allah şeytanı yaxşı tanıyırdı. Bilirdi səhərə kimi başını yerə qoyub Allaha yalvarır, tərifləyir, çox sevdiyini deyir. Yalvarır ki, məni mələklərin yanında pərt eləmə. Səndən bir şey diləyəndə məni utandırma. Səhər tezdən də mələklərin yanında loğvalanıb “uca Allahımız” məni bütün mələklərdən çox istəyir, nə zaman, nə diləsəm verir deyir. Səhər mələklərin yanında bir dilək diləyəndə, Allah onun gecə sübhə kimi başını yerə qoyub ağlayıb, yalvarıb əfv dilədiyini yadına salır, yazığı gəlir, istəyini yerinə yetirir. Sonra onun necə qürrələndiyini görüb gülür.
Allah şeytanın yeni yaratdığı insanları yolundan çıxarda biləcəyini bilirdi. Ona görə də Adəmə, Həvvaya ruhdan, candan, beyindən əlavə, öz nəfəsindən bir zərrə əlavə etdi. O zərrə insanların qəlbində Allahın səfiri kimi yaşayır, hər bir insanın qəlbində onun özünə əsl müxalifət kimi hər gecə səhvlərini qulağına pıçıldayır, yuxusunu qaçırır. Həmin o zərrəyə bizim dilimizdə vicdan deyirlər. Şeytan qarşısına məqsəd qoymuşdu: gərək insanı cənnətdən qovduram. Elə ilk gündən şeytan Həvvanın qulağına pıçıldamağa başladı.
– Meyvələri görürsən? Ətrinə bax ey... Ətri belədisə, gör dadı necə olar?
Bəh-bəh.
– Yox, olmaz, doğrudur, ətri, görkəmi adamı bihuş eləyir, amma olmaz. Bizi
yaradan qadağan eləyib.
– Eh... Yaradanın o qədər işi-gücü var. Elə bilirsən sizi güdür? Adəmə de,
dadına baxsın. Allah səni xüsusi yaradıb; çox gözəlsən. Bu gözəl ətirli meyvələrdən yesən, rəngin daha da açılar, gözəlləşərsən. Güllər, çiçəklər də sənə həsəd aparar.
– Adəm, ay Adəm...
– Hə, nə deyirsən?
– Gəl bunların birinin dadına baxaq da...
– Qurbanı olduğum bizə nə demişdi, nə tez yadından çıxdı?
– Yeyək demirəm ki, dadına baxaq. Bu buğda deyilən məni özünə elə
Bağlayıb ki, hara getsəm, gözüm onu görür.
– Yox, qurban olduğuma söz vermişik.
– Gör aradan nə qədər vaxt keçib, nə qədər söz demisən, hamısı yadında
qalıb? Bircə dilimi kəs, dadına baxaq.
Şeytan Adəmə pıçıldadı:
– Bu cür gözəlin sözünü yerə salmaq olar? Nə daş ürəkli adamsan! Kişi
deyilsən? Xanımın yalvara-yalvara qalıb. Kimdi sizə baxan?!
Elə bu zaman Həvva yenə dilləndi:
– Adəm, ay Adəm, a kişi, bu buğdadan bir dilim kəs adama bir dişlək
dadına baxaq.
– Yaxşı, yaxşı – deyib Adəm buğdadan bir dilim kəsdi. Həvva bir dişdək
Aldı. Adəm də bir dişdəm alıb çeynəyib durdu, şeytanın üzü ona göründü, baxıb bic-bic gülürdü – lənət şeytana – deyib öz boğazından yapışdı. Boğazında ulğum əmələ gəldi. Həvva da əlini öz boğazına atdı. Tikə boğazdan keçib getmişdi.
Allah Adəmlə Həvvanı cənnətdən səhraya atdı, şeytanı da atanda, şeytan yalvardı ki, mən sənin sadıq qulunam. Qoy cənnətdə qalım. Allah “yox” – dedi – sən məndən insanların yanında olmaq üçün izin aldın. Get, orada insanlar cənnət yaradacaq, orda yaşarsan.
Şeytan ürəyində – mən onları cənnət yaratmağa qoymaram. Cənnətlərin cəhənnəmə döndərərəm – düşündü, baş əydi. Şeytan anladı ki, özü-öz tələsinə düşüb. Ürəyində “özü yıxılan ağlamaz” – dedi.
Əlbəttə bu, əfsanənin bir hissəsidir. Mənə lazım olan qədərini götürdüm. Doğrudan da hər bir buğda dənəsinin ortasında bir dilim çapıq yeri hələ də var. İkinci bir tərəfdən, o zaman insan nə boyda imiş? Buğda dənəsi nə boyda imiş ki onun bir dilimini Adəmlə Həvva bölüşüb? Neynək, bu yaradıcılıqdı, yaradıcılıqda da şərtlik var.
XX əsrin sonu idi
Afrikada Qiveneya-Bisauda
Jeba çayı yaxınlığında
bir arxda,
qurşağa kimi suda,
kürəyinə sarımışdı körpəsini
itirmişdi ümidini, səsini.
Bir arşın torla
Kəsmişdi arxın
axarını.
Bu cəzanı ona kəsmişdi
özünün, körpəsinin ac qarnı.
Günəş onu qırmaclayırdı.
Uşaq dilini çıxardıb
anasının kürəyindən
təri yalayırdı...
Ana sonuncu enerjisini xarclayırdı.
Dedim gəlin Allah adına
hərə bir az pul qoyaq
verək o qadına.
İnanmıram burdan balıq tuta bilsin.
Şofer dedi: vaxt azdı, gedək,
– deyirsən bu yazıq günün altında ölsün?
Al, bu on dolları ver ona...
Üzümüzə baxmadı
əlini uzatdı ana...
Bu, azad Afrika ölkəsinin
müstəqil, azad qadını idi,
bu səfalət ocağının
yanar bir odunu idi.
Mən həsəd aparmışdım
Amilkar Kabrala
onun qazandığı istiqlala.
İndi Allah mənə deyirdi:
Amilkar qazanan
istiqlalda yaşayır bu ana-bala.
Bu istiqlal deyil, bəladır, bəla.
Birini öldürmək,
ölmək,
öldürüb dövlət başına gəlmək,
özünü qəhrəman bilmək.
İstiqlaliyyət zamanla gəlir,
hər kəsin qəlbində dirçəlir,
üzündə gülür.
Zamanla yetişir,
hər evin ocağında yanır,
hər mənzilin qazanında bişir.
Vaxtı gələndə,
ümumən yetişəndə.
Bir xəbərsiz bəxtəvərin də
ağacdan alma kimi
başına düşür.
Mənim yolda gördüyüm qadın
qara dərili Adəmin
qara dərili Həvvası idi.
Onun qara dərisi,
Allah boyuna biçdiyi
son dəbli libası idi...
Mən azərbaycanlı bir şairəm,
Moskvadan Afrikaya ezam olunmuşam.
Qara bulud kimi dolmuşam.
Ürəyimi köhnə sandıq kimi
açıb içini eşirəm.
Özüm-özümlə əlləşirəm.
Fikirlərimin düyününü çözürəm
çalışıb məntiq boyu düzürəm.
Amilkar Portuqaliyada oxudu.
Vətəninə qayıtdı.
Xalqını ayıltdı.
İnqilab elədi,
müstəqil Qiveneyanın
ilk prezidenti oldu.
Vurdular! Öldü!
İndi neçə ildi
ölkə guya müstəqildi.
Ölkədə əkən-biçən yoxdu,
çalışan
işləyən, yalnız danışan dildi.
Xeyirxah yoxdu,
mərdimazar çoxdu.
Bu şəhərdə bazar çoxdu.
Gündüz bazarda piştaxta
altında yatırlar.
Sərinlik düşən kimi
piştaxta üstündə hər şey satırlar:
Pendir, cücə
gündüz adam,
gecə madam,
girəvə düşəndə
bir-birlərinə də “atırlar”.[1]
Həftənin beş günü
iş günü
bir də şənbə, bazar.
Hamı, hamını,
satıb, alıb,
Dünya kamil deyil, Allahım,
dünya şeytana qalıb.
Gələcək hansı yanda,
gedəcək hansı yanda.
Acgöz yaman çoxalıb,
yoxdu gözü doyan da.
Qaniçənlər çoxalıb
şirin şey imiş can da...
Ağlımızı Allah alıb,
meydan şeytana qalıb.
***
Günahlıdı, günahsız,
baxan çoxdu, görən yox.
Hamı qəzəbli, kinli
danışan yox, hürən çox.
Hamı dərdli, kədərli,
dərdi nədir bilən yox.
Deyirlər, başımıza
Allah göydən daş salıb
meydan şeytana qalıb.
***
Nə zaman axtarılıb,
nə zaman aranıbdı?
Terrorun dili yoxdu,
imansız yaranıbdı.
Ana bətnindəkinə
amansız yaranıbdı.
Nə beyin var, nə ürək,
o, qansız yaranıbdı,
Allah görmək istəmir
əlac insana qalıb,
meydan şeytana qalıb.
***
Allah insanlara ağıl versin,
bəlkə ağıllanıb
hərə öz dərdini çəkər.
Ağıllansın
hər kəs özünü olduğu boyda görsün.
Bəlkə ağıllanıb hərə öz əkinini əkər.
Öz gücünə uyğun qurar işini,
cibinə uyğun verər sifarişini.
Böyük ölkələr
balaca dövlətləri udmağa çalışmaz.
Allahdan da güclü kimi danışmaz.
Bəlkə, balaca da
öz balacalığı ilə barışmaz.
Yuxarıda
hamıdan böyük Allah var axı.
Yazığın da göy silkələyən ahı var ahı...
Bəlkə... oO qədərdir bəlkələr, bəlkələr...
Allahın qəzəbinə gələ bilər,
böyük ölkələr, ölkələr...
Bəlkə, yer üzündə hardasa cənnət qurmuşuq.
Bəlkə, elə lap
cəhənnəmin üstündə durmuşuq.
Bəlkə, başqa səyyarələrdən
yerdəki bu gərgin tamaşanı
izləyənlər var.
Bəlkə, köməyə gəlmək istəyən,
bəlkə, yolumuzu gözləyənlər var...
Bədənimiz atom, molekul, hüceyrə
və ruhdu, sudu,
bunların toplusudu.
Ruhumuzun fəhmi ilə
yolumuzu seçə bilərik.
Parçalanıb, dağılıb,
qravitasiyanı keçə bilərik...
Sonra yığılıb birləşə bilərikmi?
Bu, alimlərin ağlına niyə gəlmir?
Eh... min illər bir can olan,
parçalanıb iki Azərbaycan olan.
Vətənimiz birləşə bilmir...
Ruhu ölmür, canı dirilmir.
Şüurda bir fikir oyanırsa,
bir işıq yanırsa,
deməli, beyni çalışır, oyaqdı.
Hər fikrin öz yeri,
hər işin öz vaxtı...
Yer üzərində birləşməyin
ən qısa yolu,
kainata ucalmaqdı, uçmaqdı, uçmaqdı.
[1] Bazar dilində - atırlar – kələk, gəlirlər – deməkdir.