Mühərrik gurultusu… Soyuducu işləməyə başladı. Hər zaman olduğu kimi, yenə əsəbə işləyən bir səslə guruldadı. Neçə vaxtdır canımdan bezdirib məni, amma ata bilmirəm. Ailə yadigarı deyil, pulum olmadığı üçün heç deyil, ata bilmərəm, çünki məni hədələyir. Nə vaxt onu atmağı düşünsəm: «Məni atsan, səndən əl çəkmərəm», deyir. Mən də o anda zehnimi təmizləyirəm. Niyə atmaq istəyirəm? Yox, əslində xarab da deyil ,cani - dildən işləyir. Özü elə işləyir, sanki mənə : «Qalx, sən də bir işə yara, tənbəl!» demək istəyir. Açıq şəkildə söyləmir, amma mən başa düşürəm. Tərifləmək olmasın, bir az incə ruhluyam. Anam həmişə deyərdi ki, başqalarının yanında özünü tərifləmə, amma siz yad deyilsiniz. Üzümə demir, amma mən işarələrindən başa düşürəm nə demək istədiyini. Xəbəri yoxdu ki, bu iş belə davam edərsə, hədələməyi onun imdadına çatmayacaq. Yaxşısı budur, mən yeni iş axtarmağa başlayım, əvvəlcə. Niyə daha əvvəl bunu düşünmədim. Yeni evə köçüm və sən də burada qal. Onda gününü görəcəyəm.
Siqnal səsi. Bayırdan gəlir. Kim çalır? Bilmirəm. Amma o deyəsən məni tanıyır. Əgər məni tanımasaydı, mənə eşitdirməzdi. Sanki deyir: «Yazıq! Bax mənim maşınım da var, hətta. Sənin nəyin var ki? Bu pinti halınla nəyinə güvənirsən hələ yeni ev almağı da düşünürsən. Yanılırsan, istəkli aşna. Sən mənim nələrə sahib olduğumu bilmirsən axı Bilmirsən, çünki mən sənin kimi gözəgirən deyiləm. Əlbəttə ki, bir maşnı var. Niyə olmasın ki? Özü də ən axırıncı model, yeni çıxanlardan.Ancaq mən maşını alan zaman «maşının siqnalını sökün», dedim. Hə, bax belə dedim. Açığı mən sənin kimi deyiləm. Hər şeydə zilə basmıram. Amma olar ki, birdən yan oturacaqda oturan birisi siqnalı çalar, sonra ətrafdakı insanlar «bizim niyə belə bir maşınımız yoxdur»,deyə düşünər və üzülərlər. Belə olmasın deyə sökdürdüm. Bax belə düşüncəli insanam mən. Siz - məni tanıdığını sanan insan! Bilirsinizmi, siz məni əslində heç tanımırsınız. Yəqin indi. «Bir haldakı incə düşüncəli birisən, bəs yağışlı havalarda nə edirsən?» deyə soruşacaqsınız. Maraqlanmaqda haqlısınız, sizi qınamıram. Əslində bu sual yerinə düşdü. Həssas məqamdı bu. Yağışlı havalarda su sıçradıb ətrafdakı insanları islatmamaq üçün təkərlərimi də çıxartdırdım. Bir halda ki, təkərləri çıxartmısınız, bəs maşından necə istifadə edirsiniz?», deyə soruşmayın. İncə düşüncəliyəm, amma düşüncəsiz deyiləm. Əlbəttə ki, biri yerində qaldı.Hətta bilərəkdən sol tərəfdəkini çıxrtmadım ki, islanarsa əgər, maşınlar islansın.
Necədi? Yaxşı düşünmüşəm,elə deyil? Amma siz bir söz demirsiniz. Bəsdir. Dostlarınızı da yığmısınız qapııın önünə. Xahiş edirəm, istəkli aşna, yetər, sizinlə mübahisə etmək istəmirəm artıq.
Jalüzün aralarından güclü külək uğultu ilə içəriyə dolur. Uşaqlığımdan bəri bu səs hər zaman içimi titrədib. Nədənsə qorxulu filmlər gəlir ağlıma, ancaq qorxmuram. Jalüzlə əlbir olmusunuz, qorxağın biri olduğumu söyləyirsiniz, amma qorxaq deyiləm. Mən indiyə qədər heç nədən qorxmamışam ki, səndən də qorxum. Nə məhəllədəki uşaqlardan, nə də ki, itlərdən qorxurdum. Həmişə onlar məndən qorxurdular. Mən oyuna girəndə topu mənə atardılar qorxularından, qazandığım hörmətdən. Ciblərindəki misketləri, saqqızları mənə verərdilər.. Əslində qəbul etmək istəmirdim, amma incəməsinlər deyə, almağa məcbur olurdum. İtlər də ayrı aləmiydi. Məni gördükləri zaman titrəməyə başlayırdılar. «Heyvanlar necə anlaya bilər sənin kim olduğunu?» deyə, soruşma. Elə başa düşürdü ki, onlar. Məni küçədə görəndə elə donurdular yerlərində Bəzən sıxılırdım, eynim açılsın deyə, onlara daş atardım. Necə də qorxaqdılar? Əminəm ki, bir əmr etsəydim, yerinə yetirərdilər. Ancaq bunu sınamamışdım. İtlər insanlar kimi olur. Qorxduqları insanların dediklərini yerinə yetirirlər, hərçənd məndən başqa heç kəsdən qorxmazdılar. Bunu, bir gün öz araladrında hürüşərkən anladım. Uşaqlardan və itlərdən qorxmadığım halda, calüzdən çıxan uğultudanmı qorxacaqdım.? Başımı yastığın altına, özümü də yorğanın altına soxsam, heç kəs mənə heç nə edə bilməz.
Bu qədər. Yastıq və yorğanımın altı etibarlıdır. Əslində hər yer elədi. Mənim bir az yuxum gəldi. Yatmağım səhv başa düşülməsin. Zənn etməyin ki, qorxuram. Yastıq başımın üstündən sürüşüb, yatağın o biri ucuna düşüb. Yastıq yumşaqdır. İçindəki tüklər sanki uçmağa hazırlaşır. Rahat olsun deyə, puluma qıyıb quş tükü almışdım, başa düşmürəm bu gün nə olub bunlara? Sanki boynumu sıxırlar. İndi də başımın şəkli əks olundu yastığın səthində. Sanki yaxama əl atırlır, məni qaldıracaq, divana dayayacaq, sonra da da gözlərimin içinə baxacaqlar. Bəli, belə edəcəklər. Hansı qatil qurbanının gözlərinə baxmaq istəməz ki? Amma mən gözlərimi bağlayacağam. Mənim içimə girə bilməyəcəklər. Bu zövqü dadmağa imkan verməyəcəyəm, amma hələ də sıxırlar məni. Niyə heç kəs mənim gözlərimə baxmağa çalışmır? Haradasınız? Yastığın içində gizləndiniz, eləmi? Elə isə alın payınızı.! Parça-parça olun! Dağılın və bir daha toplanmayın.
Ortalıqda quş tükü uçuşur. Bir az çətin oldu, amma öhdəsindən gəldim. Sabah təmizlikçi qadın ortalıqdakı tükləri görüb mənə hirslənəcək. Amma mən bilirəm ki, bir cinayətkarı öldürdüm. O haradan biləcək ki? Onun küt beyni anlamaz belə şeyləri?! Pəncərəyə bir quş qondu. Yoxsa əsl cinayətkar odu? Bəlkə əl-qolmu bağlamaq üçün adamlarını göndərmişdi? Əvvəl- axır öləcəksən, deyir mənə. O öldürdüyün dostlarım kimi sən də öləcəksən. Divardan –divara vuracağam səni, deyirdi düşməncəsinə. Mən uşaq olanda sadəcə « «Quq-quq, anam yox», deyərdi. Bunlar nə dedi sizə? Yoxsa vurduğum quşun balası sənsən? Necə də tez böyümüsən. Qisas almağamı gəlmisən? Onsuz da mən cəzamı çəkmişəm. O vaxtdan bəri heç yumurta yemədim. Məni bağşlamağın üçün bu kifayət deyilmi? İndi ağlıma gəldi anamın öldüyü gün… Hə, o gün qəbristanda sən də vardın. Elə deyilmi? Çox yaxşı xatırlayıram, onu sən öldürdün, deyilmi? Ürəyini dimdiklədin. Həkimlər infarkt keçirdiyini söylədilər. Ancaq indi başa düşdüm, infarkt deyildi, sən etdin. Mən sənin ananı vurdum deyə, belə etdin. Cinayətkar quş! Səni öldürəcəyəm!
Mən pəncərəyə tərəf qaçanda o uçub getdi. Sanki «yenə gələcəyəm», deyirdi. Gəl görək. Səninlə hələ haqq- hesabımız bitməyib, cinayətkar quş. Buludlar belə qəbul etməyəcək səni. Mütləq gələcəksən buraya. Ya öz istəyinlə, ya da zorla. Amma sanki onlarla da dil-bir olub bu quş. O ən yüksəkdəki, ən böyük bulud necə də ağappaqdır. Eynilə… eynilə xəstəxana divarı kimi. Baxdıqca adamın əsəbləri pozulur. Həkimlərin xalatı kimi ağdır bu bulud, ancaq forması həkim xalatına oxşamır. Bir az fərqlidir. Necə deyim, sanki geyilmiş köynək kimidir, uzun qurşağı da var. Yəni sən, ey nəhəng bulud, mənə «dəli» deməyə çalışırsan? Necə yəni? Mən yalan danışıram? O quşu, cinayətkarı, səsləri, küləyi, soyuducunu özümdən uydururam? Bir az əvvəl sənə gercək görünən quş mənim uydurmamdır? Yastıq heç bir zaman məni boğmadı, soyuducu heç tənbəl olduğumu söyləmədi? Yaxşı görək? Nə tez qatıldın bu oyuna. Sən ki ağ buludsan. Saflığını qorumalıydın. Demə sənin də qəlbin qara bir quş tüküylə kirlənəcək qədər cılızmış, amma nəhəng olduğun üçün fərqinə varmamışam. Heyf məndən, heyf. Mən bu vəziyyətə düşməməliydim, belə bir xəyanətə tuş gəlməməliydim.
Deyəsən, artıq yaşamağımın bir mənası qalmadı. Bir buludun bəyazlığı belə mənə xəyanət edirsə…
Haradadır axı bu ip? Yaxşı ki, bir gün lazım olacağını düşünüb əvvəlcədən hazırlamışam, amma dayan, bir dəqiqə. Bu da quşun bir oyunu. Bütün ağ rəngli quşları toplayıb,bulud şəklinə salıb, ağlımı itirdiyimə inandırmaq istəyir. Mən bu oyuna gəlməyəcək qədər ağıllıyam. Hətta hamıdan ağıllıyam mən. Elə deyil, hörmətli oxucular? Məndən daha ağıllı insan yoxdur. Düz demirəm? Oxucum? Oradasınız? Niyə cavab vermirsiniz? Niyə «hə» demrsiniz, hörmətli oxuyucu? Yoxsa… ağlınızımı itirdiniz?
Türkcədən çevirəni: Çinarə Nüsrətli