NIGARANÇILIQ
Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.
Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.
Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.
QARA BULUDLARA YAZILAN ŞEIR
Buludlar qaralır, yenə hardasa,
sular axarından çıxacaq yenə.
Bu dünya təzədən düzələn deyil,
həsrət ürəyimi sıxacaq yenə.
Ayın ötən gündən görünmür üzü,
görünmür torpaqda bir insan izi,
gündüz dəniz üstə gəzən buludun
yenə də qəfildən dolacaq gözü.
Daha bu torpaq da dözmür, sürüşür,
otağım dünəndən bir quş yuvası,
daha olanlar da əriyib gedir,
çözülmür ölümlə qalım davası.
Titrəyir üzülən xəlbir əllərim,
əlimə gələnlər əlimdə qalmır,
nə qədər yeriyim özgə önündə
önümə aldığım önümdə qalmır.
Küləyə qoşulub gedəydim gərək,
üstümə tufanlar yürüyür indi,
ötən günlərimi xəzanqarışıq
kor fələk qapıdan kürüyür indi.
10 Yanvar 2010-Cu Il
Nə 65,
nə 70,
nə 75,
nə də 80 yaşını
öz evində keçirə bilmədi atam.
Nə qohumlar vardı süfrəsinin başında,
nə pərən-pərən düşmüş qonşular.
Özümüz idik-
atam,
anam,
uşaqlar,
nəvələr,
bir də dənizin yeknəsəq səsi,
ləpələrin nəğməsi,
bir də qərib atamı
salamlayan ulduzlar,
bir də qumlu kiçik Bilgəh bağı,
burdan görsənmir Qaraman dağı.
Nə qar var,
nə kölgəlik ağac,
nə təndir var,
nə də sac …
Nəvələr əlindən-qolundan sallaşıb,
atam yaman ahıllaşıb.
Neylədik,
böyüdük, böyüdük, bala olduq,
ana, ata ola bilmədik
anasız, Vətənsiz qalan atama.
Bir yubiley də ötdü,
yanvar ayının 10-u-
bağ evi,
dənizin yeknəsəq səsi,
ləpələrin nəğməsi,
uzaqlardan gələn
Qarabağ bülbüllərinin naləsi,
bir də qərib atamın könlünü ala bilməyən
sayrışan ulduzlar…
SƏN
Süzüb ayaqdan başacan,
baxıb dodaqdan qaşacan,
səni gözlərimə yedirdəcəyəm,
sonra da
oturub ayna qabağında
könlümə köçürəcəyəm...
ÖMRÜN PAYIZI
Payız dodaqaltı zümzümə edir,
çılpaq budaqlarla sevişir külək,
sevdiyim payızda axşam çağları
mənimlə gizlənpaç oynayır fələk.
Bu gecə payızdı röyalarımda
isti yuxularım sovulub gedir,
rəngbərəng yarpaqlar qonur çiynimə
ürəyim payızla qovrulub gedir.
Bu payız xəyalım quş qanadında,
ilbəil gecikir görüşümə yaz,
payız günəşinin işartısında
mənim yanaqlarım solur, bəmbəyaz.
Payızın əlləri əsir qəhərdən,
əlində tutduğu əlindən düşür,
düzülüb sıraya son qatar kimi
kövrək xatirələr ötür, ötüşür...
* * *
Şikəst xatirələr sıxır könlümü,
qəribə sığallar dəyir üzümə,
kimsə barmağıyla gəzir sinəmdə,
kiminsə yuxusu dolur gözümə.
Sağını, solunu tanımadığım
bu gecə qaranlıq betərdən betər,
bu yolsuz, çəpərsiz sərxoş gecənin
içində dipdiri ayıqlar itər.
Üzündə gecənin bəd bəhanəsi
gündüzün sehrini qovur küləklər,
yuxulu, bir qərib səfil kimiyəm
bu gecə çiynimdən uçdu mələklər.
OYATMA SƏNSIZLIYIMI
Nekroloqum çıxan qəzet əlinə düşəndə
xəbər tutacaqsan yoxluğumdan,
bu qədər doğma ikən mənə
yadlardan soracaqsan olanları.
Gecələr gizlincə baxdığın şəklimdə
nə telefon nömrəm var,
nə ünvan,
öləcək ümid bağladığın güman.
... ağlayıb oyatma məni sənsizliyimdən.
* * *
Qələmdən vərəqə hopan ağrılarım
düzülüb sıra-sıra-
dərdimiz,
dərdlərimiz.
Vahiməyə düşən vərəqin çığırtısından
susur qara qələm,
boğulur içimdə bir aləm...
Milyon insan doğulur yer üzündə.
Sən doğulmadın ancaq.
ANNA SVIRŞÇINSKA
Buludlar da yuxulu
bu quraqlıq çağında,
kölgəsinə həsrətəm
bu ağaclı bağın da.
Tənhadan da tənhayam
bu toplumlar içində,
yoxluğun açıq-aydın
hamısı bir biçimdə.
Bu qədər insan içində
niyə doğulmadın sən,
daha dözə bilmirəm,
sənsiz boğuluram mən.
DƏRD
Özgə dərdi dərd eyləyən
səninçün ağlayan varmı,
dərdini alıb əlindən
qoynunda saxlayan varmı?
Neynirdin özgə dərdini,
səndən böyük dərd tapılmır,
Tanrı səni dərd yaradıb,
dərdinə əncam yapılmır.
Göz yaşın ovcum içində,
əlimdə dərdlər qaynayır,
ömür bir qara sevdadı
köksündə fələk oynayır.
Baxma mənə, baxma belə,
sinəm deşik gilə-gilə,
səni qoyub hara gedim
dərdlərini bilə-bilə.