BU DÜNYANI QORUYUN
Hər tərəfdə savaş gedir, hər tərəfdə insan qanı.
Bir-birinə özgə olub, bir-birinə qənim hamı.
Qulaq verin səsimə siz, bu dünyanın insanları!
Sarsılmasın zalımların əməlindən dünya qoyun.
Sizdən rica eyləyirəm bu dünyanı bərk qoruyun.
Qoy məkrli oyunların sınağına çevrilməsin.
Gözüyaşlı körpələrin qınağına çevrilməsin.
Qoy qaniçən vəhşilərin caynağında inləməsin.
Yağıların öz başında çatlasın hər fitnə, oyun,
Sizdən rica eyləyirəm bu dünyanı bərk qoruyun.
Bizdən kömək uman neçə yaşlısı var, körpəsi var.
Ümidləri tükənsə də gözlərində “bəlkə”si var
Havasında barıt qoxan neçə viran ölkəsi var
Bircə anlıq məzlumların fəryadını sizdə duyun
Sizdən rica eləyirəm bu dünyanı bərk qoruyun
Kirlətməyin dənizləri, qoy səmalar qaralmasın
Ağacları kəsilməsin,meşələri qırılmasın
Heyvanları ovlanmasın, kəklikləri vurulmasın
Dəyərini yaxşı bilin bu havanın, çayın, suyun
Sizdən rica eləyirəm bu dünyanı bərk qoruyun
Düşünməyin əbədidir, daim sizlə qalasıdır
Qorumasaq,viran olub yıxılası, solasıdır
Qorumasaq özü boyda dərdi, yükü olasıdır
Hər çınqılı, hər daşı da qızıl kimi sərvət sayın
Sizdən rica eləyirəm bu dünyanı bərk qoruyun.
Hər insanın xislətində xeyir də var, şər də vardır
Qəlbi təmiz insanlara dünya güllü bir bahardır
Nəsillərdən, nəsillərə əmanətdir, yadigardır
Bu dünyada bizdən sonra körpələri unutmayın
Uşaqların xətirinə bu dünyanı bərk qoruyun
BÖLÜNÜB
Dünya elə yaranandan
Torpağa, Göyə bölünüb.
Həm yaxşıya, həm yamana,
İblis, mələyə bölünüb.
Bu gedişlə gedir hara?
Daha heç nə gəlmir kara.
Yarı-yarı, para-para,
Min cürə şeyə bölünüb.
Gündüz Günəş, gecə Ay var.
Həm düyün var, həm də vay var.
Göz içində iki pay var.
Sevincə, qəmə bölünüb.
Hər şey dolanır tərsinə.
Özünə qayıdır, özünə.
Ömür-ilə, aya, günə.
Gündüz-gecəyə bölünüb.
Düşündükcə dərin-dərin.
Səni üzür dərdin, sərin
Ruh göylərin, bədən yerin,
İnsan da ikiyə bölünüb.
İNSAN HAQQINDA
İçində ağlasa da,
Üzündə gülür insan.
Kədərini gizlədib,
Sevincini hər kəslə,
Paylaşıb bölür insan.
İstəyir ki, gözündə.
Bir arzu da qalmasın.
Ömrün gənclik çiçəyi,
Saralmasın, solmasın.
Bəzən elə olur ki,
Bir səhrada tapılmış
Gərəksiz qızıl kimi
Dəyəri bilinmədən
Parlayıb sönür insan.
Bəzən də öz əli ilə
Adi daşdan yonulmuş
Cansız heykəl önündə
Heykələ dönür insan.
Günü ağır keçsə də.
Olmasa da bir güman.
O yaşamaq istəyir.
O vuruşur hər zaman.
Onun üçün şirindir
Bu dünyanın hər üzü.
Həm qarası, həm ağı...
Bu dünyaya hər insan,
Bir dəfə gəlir axı!
Həyat adlı axardan
Geri qalmaq istəmir.
Onu zaman qocaldır,
O qocalmaq istəmir.
Qəribə xisləti var.
Bir gözüylə ağlayıb,
Biriylə gülür insan.
İstəmədən doğulur,
Təəccüblə yaşayır,
Həsrətlə ölür insan.
SƏN MƏNİ BİR DAHA GÖRMƏYƏCƏKSƏN
Sən məni bir daha görməyəcəksən,
Həsrətinin dumanında itəcəm.
Bu sevginin bütün kədər yükünü,
Öz çiynimə şələləyib gedəcəm.
Sən məni bir daha görməyəcəksən,
Dostlar məclisində, gülüş səsində.
Gizlənib qalacam sənin ömrünün,
Hansısa qaranlıq bir gecəsində.
Sən məni bir daha görməyəcəksən.
Kölgəntək hər yerdə səni izləyən,
Sən məni bir daha görməyəcəksən,
Hər səhər yolunda səni gözləyən.
Yoxuşlar büdrədib səni yorsa da,
Əllərin əlimçün qəribsəsə də.
Sən məni bir daha görməyəcəksən,
Gözlərin görməyi çox istəsə də.
Gülsən də, içində ağlayacaqsan.
Tez-tez xatirinə gətirəcəksən.
Axtarıb hər yanı tapmayacaqsan,
Sən məni bir daha görməyəcəksən.
Yıxıldın qəlbimin sevgi taxtından.
Qəlbin oyma-oyma çapılacaqdır.
Nə vaxtsa qəlbimin ən alt qatından,
Bəlkə sümüklərin tapılacaqdır.
Nə vaxtsa, hardasa adım çəkilsə,
Ürəyin sızlayar xəlvəti, səssiz.
Üzünə qırışlar salacaq zaman,
Səni qocaldacaq səndən xəbərsiz.
Sən məni bir daha görməyəcəksən.
Gözünə bir ömür xəzan dolacaq.
Nə qədər axtarsan, mən olmayacam.
Mənsizlik ən böyük cəzan olacaq.