* * *
Kim halından halı bilər
bu halı, haldan olmuşun?!
Nə sağı haraya yetər,
nə solu, soldan olmuşun.
Həsrət sevgi sazağıdır,
əriməyən buz dağıdır.
Bizim dağlar göz dağıdır,
yox yolu yoldan olmuşun.
Sel çayda həşir qoparır
dalğalar enir, qabarır...
Həm körpünü sel aparır
həm salı saldan olmuşun
QÜRUR
Çayın gendə dayaz
darda gur yeri var
Cənab zabit, çoxdandı
qürur deyilən hissi yadırğamışdım
sənin kimi oğullarda
xalqın qürur yeri var
Səni görəndən sonra səndən çoxuna dedim
səndən çoxuna bəhs etdim
Səni tanıyandan sonra
bir körpə əlini əlimdə hiss etdiyim kimi
qürur yerimi hiss etdim
Cənab zabit, öyrətmək olmasın...
ordu odu ki,
əsgəri özünü yurdun
ağacı, daşı, otu,
qatlanmayan dizi bilsin
Zabit
o kəsdi ki,
əsgəri vətənin özü bilsin
Cənab zabit, əsgəri sevən zabitdi
Vətəni sevən zabit
Cənab zabit
əsgərlik bazar
müharibə can sövdasıdı
Qarabağ əsirlikdə...
nə deyə bilmirəm
Allah bazar versin
nə deyə bilmirəm
Allah bazar verməsin
Hamı qələbə gözləyir -
istər cavan olsun
istər qoca olsun
Qoy qürur yerimiz
bayraq yerimiz kimi
həmişə uca olsun
* * *
Canım, telli balam,
hissim torpaq kimi
əsirdi, ilhaqdı
Hər yerdən görünür, -
mənim yurd həsrətim
yol kimi çılpaqdı
MƏKTUB
Mən səni görə bilmirəm
durnalar salam gətirər
Bu bir durna sevgisidir
ayrısı yalan gətirər
Mənim yaşda olan kişi
bir yerdə çox dura bilmir
Ürəyindən keçən olsa
adıyla axtara bilmir
Mənə bir məktub yazasan
qırağına gül çəkəsən
Qəfil böyürdən çıxasan
saçıma bir əl çəkəsən
Kiprik ilə qor götürdük
bu sevgidə oddan keçdik
Sevgi körpüdü deyirlər -
biz körpünün altdan keçdik
Sən gün deyilsən, mən də buz
məni necə əridirsən?!
Su şüşədə sakit axır
məni də sən kiridirsən
ÇIXAR (təcnis)
İşlərəm mənə iş düşsə
haya gələrəm iş düşsə
Səni sevənə iş düşsə
ortaya min cani çıxar
Yıxılsam, əl atıb tutmur
ahım onu niyə tutmur?! O geydiyin səni tutmur,
sən dədəmin canı - çıxar
Gələn nə gözəl sonadı
heyif, yolumuz sonadı
Ölüm yaşamın son adı,
bu canımın canı çıxar
TƏK
Bir düzün ortasında, bitən
ağac kimi, təkəm, telli balam...
Mənim təkliyim yerdə
çəkdiyim ahdan
göydə Allahdan gəlir
telli balam
Kim bilir, başıma
nə gəldi, telli balam?!
Təklər bu dünyada
tək əldi, telli balam
Sevinc göz yaşında boğulur
kədərin çiçəyi çırtdayıb
kədərim gülüşür
telli balam
Bütün qəmli mahnılar
təkliyin səsidi
qəmli mahnılar sümüyümə düşür
telli balam
İtsəm məni necə nişan verərsən,
necə soraq edərsən, telli balam?!
Heç kimin qəlbinə dəyməyən
qəlbi ipək adamı
ürəyi sözə pətək adamı
adamların arasında
tək adamı, necə soraq edərsən
telli balam?!
Təkəm, telli balam, -
tək səbir kimi
Şamaxı yolundakı
tək qəbir kimi
Belə tək olan
tək mənəm
bu təkliyimlə
görk mənəm, telli balam
QIZIMI KÖÇÜRDÜM
Qızımı köçürdüm
(Sağ əlim qızı olanların başına!)
Əvvəl çörəkçi duydu -
aldığım çörəyin azlığından
ƏSGƏR GÖRMƏK
Bəşərin ilk əsgəri
hirsi, hikkəsi olub
alçaq, qorxaq, tərs adamın...
Əsgər görmək
hər mənada kədərlidi
istər Buşun olsun;
istər Səddamın
VƏTƏN
Bizdən sonra
uğuruna kim çıxar
səni kim qarşılayar
qaranlıqdan işığa
kim ötürər, Vətən?!
Şairəm -
dərdini necə deyim
necə sığışdırım
sətirə, Vətən?!
Elə kiçilmisən,
yumaq olmusan
səni quş dimdiyində
götürər, Vətən
CANIM
Dərdin üzü bostan üzü
vərrəyib ölərik, canım
Haqq boğular yanımızda
çərrəyib ölərik, canım
Kimə bəlli nə satdığı
bizə qaldı kasadlığı
Dünya başın tasadlığı
hərrəyib ölərik, canım
Ayrı saldı hasar bizi
hamı küncə qısar bizi
Bir soyuq tər basar bizi
tərrəyib ölərik, canım
SULANMIŞ YUXA KİMİYƏM
Saç bir ömür rəssamıdı
qaradan ağa kimiyəm
Meyvə bağında ağacam
yerdən calağa kimiyəm
Nə edərdin bə sən dərdə
rüzgar belə əsən yerdə?!
Əyri düzü kəsən yerdə
hökmsüz ağa kimiyəm
İlhama qalacaq xaslar
bu üzümdü, bu da astar
Elə kövrəlmişəm, dostlar
sulanmış yuxa kimiyəm