***
Yarı qönçə, yarı gül,
Qarışqa yuvaları.
Yarı yaşa, yarı öl,
Ayrılıq havaları.
Yarı quru, yarı yaş,
Buludların ətəyi.
Yarı sığal, yarı daş,
Anaların kötəyi.
Yarı zəhər, yarı bal,
Dodaqların arası.
Yarı getsən, yarı qal,
Ürəklərin yarası.
Yarı əyri, yarı düz,
Həyatın döngələri.
Yarı ətdi, yarı üz,
Adamın kölgələri.
Yarı torpaq, yarı buz,
Ürəyim iki tikə.
Yarı düşmən, yarı dost,
Kürəyim tikə-tikə...
***
Sıxılıb sinəmə ağla doyunca,
Dağın da ətəyi çeşməli olur.
Bu sınıq qəlbimi dağla doyunca,
Qar da əriyəndə içməli olur.
Qucaqla, özünə sıx məni bir az,
İsinə bilmirəm, ömür şaxtadır.
Qaynar göz yaşına bürünüm bir az,
Kürək sığallayan əllər saxtadır.
Gəl, sənə bulaşım, əzizim, sənə,
Özüm öz gözümə yad görünürəm.
Üzümə yad maska geyəndə, vallah,
Kənardan hamıya şad görünürəm.
Sıxılıb sinənə ağlayım bir az,
Dağın da ətəyi çeşməli olur.
Əriyib dizinə elə düşürəm,
Üstümdən körpütək keçməli olur.
***
Seçib şəkilinin ən gözəlini,
Aşmışam qəlbimin ağ otağından.
Qara gözlərinin içində azıb,
Hər gün ölü çıxdım sağ otağından.
Qızaran dodağın boyaqsız da al,
Öpüşün, de, kimə indi bəzəkdi?
Sən mənə doğmasan, biz olsaq da yad.
Saçların buz üstə sanki xizəkdi.
Məni bəyənmədin, bilirəm axı,
Çevrilib üzümə özgə də baxmır.
Xarici gözəllik boşdur, deyirsən,
Nədənsə gözümə güzgü də baxmır.
Seçib şəkilinin ən gözəlini,
Özümə tutmuşam öz də dəyişib.
Mən səni özümə geydiyim gündən
Üzümə geydiyim üz də dəyişib.
***
Üzümü ayrılıq kəsib,
Dərə, təpə, düz getmirəm.
Bir qarış da kilidləndim,
Ayağımı üz, getmirəm.
Mənə dəlilik qalacaq,
Sənə üzünün gülüşü.
Mənim gözümün yaşları,
Sənin izinin öpüşü.
Başıma gələn havadır,
Ürəyimə gələn hava.
Sevib atdığım havadir,
Ciyərinə dolan hava.