1871-ci ildə Almaniyada ilə müharibədə Fransa məğlub olmuş,ölkənin şərqində yerləşən iki əyalət –Elzas və Lotaringiya Almaniyanın tərkibinə qatılmışdır.Həkayədə təsvir olunan hadisələr həmin dövrdə cərəyan edir. (Tərcüməçidən)
Həmin səhər məktəbə gec getdim. İçimdə böyük bir qorxu hissi vardı, çünki M. Hamel bizə feli sifət mövzusu haqqında suallar verecəyini demişdi, mənsə bu haqda bir kəlmə belə bilmirdim. Bir müddət düşündüm ki, dərsdən qaçım və birtəhər bu günü başa vurum.
Hava elə isti, elə parlaq idi ki! Quşlar meşənin kənarında ciggildəşirdilər. Taxta-şalban zavodunun arxa tərəfindəki açıq sahədə isə prussiyalı əsgərlər qazma işləri aparırdılar.
Təbii ki, bütün bunlar feli sifət qaydalarından daha cəlbedici idi, amma mən özümdə bu fikirlərə qarşı müqavimət göstərmək gücü tapıb, tələsik məktəbə yollandım. Bələdiyyə binasının yanından keçəndə elan lövhəsinin qarşısında böyük bir izdiham gördüm. Son iki ildə bütün bəd xəbərlər burada qeyd olunurdu- uduzulmuş döyüşlər, layihələr, komandirin əmrləri və s...
Və mən dayanmadan öz-özümə düşündüm: “İndi nə ola bilər?” Sonra tələsdiyim üçün bacardıqca sürətlə getməyə başladım. Bu zaman şagirdi ilə orada olan dəmirçi Vaxter elanı oxuyaraq arxamca səsləndi:
-Oğul, çox tələsmə, onsuz da məktəbə vaxtında çatacaqsan.
Onun mənlə zarafat etdiyini düşündüm və təngənəfəs halda qaçıb M.Hamelin bağına çatdım. Adətən məktəb başlayanda burada küçədən eşidilə bilən böyük bir səs-küy olurdu- partaların açılıb-bağlanması, uca səslə xorla təkrarlanan dərslər, daha yaxşı başa düşmək üçün əllərimizlə qulaqlarımız tutmağımız və müəllimin xətkəşlə stolu taqqıldatması....
Pəncərədən mən sinif yoldaşlarımı gördüm. Onlar artıq öz yerlərində əyləşmişdi, M.Hamel isə qoltuğunda qorxunc dəmir xətkəşi oyan-bu yana gedirdi. Mən qapını açmalı və hər kəsdən əvvəl içəri girməli idim. Həmin an necə qızardığımı və qorxduğumu təsəvvür eləyin. Amma heç nə baş vermədi: M. Hamel məni gördü və mehribanlıqla dedi:
-Balaca Franz, tez yerinə keç! Biz dərsə sənsiz başlamışıq.
Mən skamyanın üzərindən tullanıb öz partamda əyləşdim. Bir az özümə gələndən sonra müəllimin əynində naxışlarla bəzədilmiş yaşıl palto, dik yaxalı köynək, balaca qara ipək papaq gördüm. O, bunları təftiş və mükafat günlərindən başqa heç vaxt geyinmirdi. Bundan başqa bütün məktəb qəribə və təntənəli görünürdü. həmişə boş olan arxa skamyalarda kənd sakinlərinin - üçkünc şlyapalı qoca Hauser, keçmiş mayor, keçmiş postmaster və başqalarının bizim kimi sakit tərzdə əyləşməyini görüb xeyli təəccübləndim. Nədənsə hamı qəmgin görünürdü...
Hauser köhnə kitabını götürüb vərəqlədi, onu açıq vəziyyətdə dizi üstünə qoydu. Mən bu baş verənlərin nə olduğunu anlamağa çalışdığım vaxt M. Hamel stulunu düzəltdi və həmişə istifadə etdiyi həmin yoğun və eyni zamanda incə səs tonu ilə mənə dedi:
- Uşaqlar, bu, mənim sizə sonuncu dərsimdir. Berlindən əmr gəlib ki, Elzas və Lotoringiya məktəblərində yalnız alman dilini tədris olunsun... Sabahdan yeni müəllim gəlir. Bu sizin sonuncu fransız dili dərsinizdir. Mən sizin çox diqqətli olmağınıız istəyirəm.
Bu sözlər mənim üçün necə də gözlənilməz idi! Oh, əclaflar! Bu, onların şəhər bələdiyyəsinin qarşısına vurduqları elan idi. Mənim sonuncu fransız dili dərsim! Mən yazmağı nə üçün öyrənmədim?! Bunu bir də heç vaxt öyrənə bilməyəcəm! Quş yumurtları axtardığım, sürüşkənlərdə keçirdiyim boş vaxtlara indi necə də heyfslənirəm.
Ağır olduğu üçün bu kitabları daşımaq mənə bir müddət əvvəl sıxıntı kimi görünürdü. Amma mən indi onları ata bilmirəm. M.Hamel də həmçinin.
Məsələ orasındadır ki, o, çıxıb uzaqlara gedir və mən onu daha heç vaxt görməyəcəm, onun xətkeşini də, özünün necə kaprizli bir adam olduğunu da unutmağa məcbur olacağam. Zavallı adam! Onun indi gözəl bazar günü geyimində olması da, məhz bu sonuncu dərsin şərəfinə idi və mən kəndin yaşlılarının sinifdə niyə oturduqlarını indi başa düşürəm. Onlar da buna üzülür. Müəllimin 40 illik şərəfli xidmətinə təşəkkür əlaməti olaraq bura yığışmışdılar.
Elə bunları fikirləşirdim ki, adımın çağrıldığını eşitdim. Dərsi danışmaq növbəsi mənə çatmışdı. Mövzunu ucadan, aydın, səhvsiz cavab verə bilməsəm nə edəcəyəm?
Mən elə ilk sözdən çaşdım, ürəyim həyəcandan tez-tez döyünməyə başladı, başımı qaldırmağa cəsarət etməyib susdum. M.Hamel dedi:
-Balaca, Franz, mən səni danlamayacağam. Sən özünü kifayət qədər günahkar hiss etməlisən Hər gün biz öz-özümüzə deyirik: “ Mənim çoxlu vaxtım var, mən bunu sabah öyrənəcəyəm”. Nələr baş verdiyini indi özünüz görürsünüz. Bu, Elzasın böyük bədbəxtliyidir. Oxumağı sabaha qədər təxirə salmaq... İndi o biri uşaqların səndən soruşmağa haqqı var ki, necə olur, sən fransız ola-ola, öz doğma dilinizdə yazıb oxumağı hələ də bacarmırsan. Ancaq, Franz, günahkar tək sən deyilsən. Biz hamımız günahkarıq, hamımız özümüzü qınamalıyıq. Sizin valideynləriniz dərslərinizlə bağlı kifayət qədər narahat deyillər. Onlar bir az daha artıq pul qazanmaqdan ötrü sizin fabrik və dəyirmanlarda işləməyinizi daha üstün tuturlar. Bəs mən? Mən də günahkaram. Məgər dərs oxumaq əvəzinə sizi güllərimi sulamaq üçün yollamamışammı? Özüm balıq tutmağa getmək istəyəndə sizə tətil verməmişəmmi?
Sonra M.Hamel bir söhbətdən digərinə keçərək fransız dilindən danışmağı davam etdi, onun dünyanın ən gözəl dili olduğunu vurğulayıb, həm də ən aydın, ən məntiqli dil olduğunu əlavə etdi. Və eyni zamanda bizim onu qorumalı olduğumuzu və unutmamağımızı qeyd edərək dedi ki, insanlar dustaq olduqları zaman dillərindən sürətli istifadə edərək həbsxananın açarını tapa bilərlər. Sonra o qrammatika kitabını açdı və bizim dərsimizi oxudu.
Mən hiss elədim ki, məhz bu gün dərsi daha yaxşı anlayıram. Və təəccübləndim. Onun dedikləri elə asan gəlirdi ki... Mən düşündüm ki, ya mən heç vaxt dərsə belə diqqətlə qulaq asmamışam, ya da müəllim hər şeyi belə səbrlə heç vaxt izah etməyib. Elə görünürdü ki, sanki o getməmişdən öncə bildiyi hər şeyi bizə anlatmağa çalışır.
Qrammatikadan sonra bizim yazı dərsimiz oldu. Həmin gün M.Hamel bizə, üstündə gözəl əl yazısı ilə Fransa, Elzas sözləri işlənmiş yeni tablolar gətirmişdi. Onlar bizim partaların üstündən asılmış və sinif otağının hər yerində üzən kiçik bayraqlara bənzəyirdi.
Kaş siz hər kəsin necə həvəslə dərs yazdığını və otaqda necə sakitlik hökm sürdüyünü görə bilərdiniz. Yalnız qələmlərin vərəq üzərindəki hərəkətinin səsi eşidilirdi. Bu ara pəncərədən içəri bir neçə böcək də uçub gəldi, lakin nəinki böyüklər, hətta uşaqlar belə onlara diqqət vermədi.
Hər dəfə başımı qaldırıb müəlimə baxanda, onun stulda hərəkətsiz oturub ətrafa diqqətlə baxdığının şahidi olurdum. Qəribədir! O, bu 40 ildə həmişə eyni yerdə olub, pəncərə xaricində onun bağı, qarşısında isə indi olduğu kimi sinif otağı.
Təkcə partalar və skamyalar yonulub rəndələnmişdi, bağdakı qoz ağacları daha da böyümüşdü, onun özünün əkdiyi sarmaşıq isə pəncərədən dama doğru uzanmışdı. Zavallı insan! Bütün bunları qoyub getmək , yuxarı otaqda bacısının əşyaları toplamaq üçün var-gəl etməsini eşitmək onun qəlbini necədə incidəcək.
Onlar növbəti gün şəhəri tərk etməlidirlər. Ancaq o işinə çox məsuliyyətlə yanaşırdı. Yazı dərsindən dərhal sonra tarix, ondan sonra isə azyaşlılar üçün xüsusi dərs vardı. Otağın arxasında isə qoca Hauser eynəyini taxmış, kitabını hər iki əli ilə tutaraq onlarla birlikdə deyilənləri höccələyirdi. Siz onun da ağladığını görə bilərdiniz. Onun səsi həyəcandan titrəyirdi. Bunu eşitmək elə məzəli idi ki, biz hamımız gülmək, həm də ağlamaq istəyirdik.
Ah, mən bu sonuncu dərsi necədə yaxşı xatırlayıram! Bir azdan kilsə saatı 12-ni vurdu. Eyni zamanda qazma işlərindən dönən prussiyalıların şeypurlarının səsi də pəncərənin altından eşidildi. M.Hamel solğun bir şəkildə stulundan qalxdı. Mən onu heç vaxt belə ucaboy görməmişdim.
-Mənim dostlarım.- o dedi. - Mən... Mən...
Qəhər onu boğdu, o, davam edə bilmədi. Sonra lövhəyə tərəf dönüb, təbaşiri götürdü və bütün gücünü toplayıb iri hərflərlə yazdı:
-Yaşasın Fransa!...
Sonra o dayandı, başını divara söykədi, heç bir söz demədən bizə əli ilə işarə elədi:
-Dərs başa çatdı. - gedə bilərsiniz.
İngiliscədən tərçümə: Pəri Mirəliyeva