* * *
…sonra payız da keçdi,
fevral‐filan da sonra…
gözdən düşdü fəsillər,
elə bir anda sonra …
…və bir stansiyaydı,
qatar‐filan da vardı…
üstəlik, qarşılayan,
yola salan da vardı…
…perrondaydın, vaqonda?
daha fərqi də yoxdu…
şəkil doluydu hər yer,
bir o, sərgidə yoxdu…
…qəribəydi olanlar,
amma bir az bayağı…
…baxıb gülümsəyirdin
Mona Liza sayağı…
***
… və bu sentyabr da
köçünü yığışdırır…
yenə bir külək düşüb
küçəni yığışdırır…
…parçalanıb ortadan
albomunda bir şəkil…
daha gecdi soruşmaq,
“nədi ürəyindəki?..”
…bundan sonra dirisən,
ölüsən, eyni şeydi…
ya Janna Dark ol indi,
ya Süsən, eyni şeydi…
durub fikirləşirsən:
“bir oyundu… kim kimi…”
‐ pəncərədən boylanıb,
bölünmüş şəkil kimi…
***
...İslandı bütün şəhər,
böyükdən kiçiyəcən...
...bir ağacın dibində
büzüşmüş küçüyəcən...
...köhnə tramvayların
susduğu parka kimi...
...ağ kağız qayıqların
üzdüyü arxa kimi...
...ən hündür binayacan,
lap uzaq küçəyəcən...
...deyindi qonşu qarı
sabahdan gecəyəcən...
...sonra qəfil də kəsdi,
kiridi, yatdı qarı...
...bir uşaq hönkür‐hönkür
ağladı qayıqları...
***
...dəyişən heç nə yoxdu,
döngədə on qarış yer;
qaraqabaq fotoqraf,
köhnə fotoatelye...
... mənəmmi o fotoda;
hərdən məəttəl qalıram...
...adı nədi bu ömrün,
komediya, ya dram?..
...indi o şəkillərin
üzünə baxmaq olmur...
...vaxt da elə gödəlib,
durub darıxmaq olmur...
”... nədi orda qaralan ,
bayaqdan təkdi orda...
yol üstündə qalmasın;
götür o şəkli ordan...”