AVTOPORTRET – 2014
mən ilk dəfə gördüyüm dağları unutmaram
sizləri ürəyimi ovsunla ovutmaram
mən bir sufi dərvişəm atəşlərdə qovruldum
yağmur mələyi oldum rüzgarlarda
sovruldum
çox uzaqdan gəlirəm qoca dünya yaşıdım
niyə cavan ölmədim niyə uzun yaşadım
niyə aldatdı məni ulduzların düzümü
sehirli aynalardan gizlədirəm üzümü
ilahi harda olsam ay gəlib tapar məni
gəl bu gecə yarısı səssizcə apar məni
iki dünya arası nə çilələr çəkmişəm
beş on şeir yazmışam beş on rəsm
çəkmişəm
dost dediyim kimsəni aldatmadım
satmadım
yasaq meyvələr vardı əlimi uzatmadım
gecələr röyalarda uzaq parisi gördüm
nə istanbula getdim nə də təbrizi gördüm
mən sənə sir verib sir saxlamışam
dərd boğaza gələndə gizlicə ağlamışam
ürəyim parçalanır əlini uzat mənə
göylərdən qovulmuşdum göylərə qaytar
yenə
yenə bir bulud olub dolaşım göy üzündə
məni tək tənha qoyma burda çölün düzündə
qoy bir daha bir daha atəşlərdə qovrulum
qiyamət gününədək rüzgarlarda sovrulum
DOSTUMUN MƏZARI BAŞINDA
qılıncımı cavan ölmüş dostumun
məzarı başındakı ağacdan asıb getdim
yolda dərvişə rast gəldim
ömrün qısalığından buludların
gözəlliyindən
və həyatın mənasızlığından
ona şikayət etdim
heybəmdə şərabım çörəyim vardı
qoca dərviş şərab içdi
amma heç nə yemədi
mən şeir oxudum mövlanadan
dərviş yenə susdu bir söz dəmədi
mən bir yalquzaq adamam unutma bunu
daha məni heç nəylə dünyaya bağlamır
həyat
çiçəkləmiş badam ağacının kölgəsində
uzanıb ölmək istədim allah
ölmək istədim ağrısız rahat
saz səsi hardan gəlir kimdi qara saz çalan
gerçək bildiyim hər şey yalanmış yalan
yalan
uzaqdakı təpənin üstündə bir ağac var
ağacın kölgəsində təzə qazılmış məzar
QRANIT ŞAIRIN SILUETI VƏ ŞEKSPRIN SONETİ
sənin solğun üzün mübarək olsun
bir rüzgar axıb könlümə dolsun
daha bir qədəh şərab isitmir canımızı
daha bir gözəl şeir coşdurmur qanımızı
dibçəkdəki çiçək də təsəlli deyil daha
ölüm çox ucuzdu bu şəhərdə çox ucuz
eşq umud səadət həmişə baha
görəsən nə pıçıldayır bu anda
qranit şairin sağır qulaqlarına
səksəkəli şəhər göyərçinləri
bu şəhərdə yaşa dolduqca
gözlərimin çiçəkləri solduqca
yüksəklik qorxusuna yenilir adam
mən balkonda oturub uzun uzadı
buludları seyr edirəm hər axşam
insan ayağı dəyməyən yerlərə gedirəm hər
axşam
qarşı divarda işıq kölgə oyunu
qarşı divarda qranit şairin silueti
shell l comprre thee toa summers day
hardan gəldi ağlıma şekspirin soneti
axşam dumanına bürünür şəhər
xəyal ürünütək görünür şəhər
MÖVLANA NEYİ VƏ ŞAİR TALEYİ
bəxtimiz gözüyumulu
keçib getdi yanımızdan hər səhər
qırmızı bir çiçək gördüm
qara bəxtın yaxasında
yalnızlıq şairlərin bir yaşam
biçimidir
eşq ayrılıq didərginlik və ölüm
tutulacaq budaq deyil bunu bil
sənsiz ötən günlərin axşamları
bilirsənmi nə rəngdədi xrizantem
rəngində
hər an ölümlə qarşılaşa biləcəyimizi
düşünəndə
dalağım sancır birdən vay mənim
yazıq canım
əslində meropol aynaları zatən
sevmədi bizi
səsimiz olmasa da durub nəğmə
oxuyuruq
təqib edilmə paranoyası gəmirir
içimizi
ah allahım mən bilirəm
insan necə bir özləmlə
xatırlar
gerçəkləşdirə bilmədiyi
intiharları
hardan gəlib hara gedirəm hara
köksümdə qanaya qanaya axan bir yara
mövlana neyi çaldım cənnətin qapısında
dağlar yerindən oynadı dənizlər çalxalandı
iki qapılı bir evdi dünya
birindən diri girirsən
birindən ölü çıxarsan
CAMAL SÜREYANIN 8:10 VAPURU
Istanbulda bir qış günü
ərzincanlı Camal əfəndi
8:10 vapuruna mindi
geri dönmədi şair
ərzincanda bir quş var
qanadında gümüş var
oxuduğu qəzeti qatlayıb qoydu cibinə
siqara çəkmək üçün üst qata çıxdı
8:10 vapuru fit verib ayrıldı sahildən
bu şəhəri sevmədiyi gözlərindən bəlliydi
qurduğu xəyalları uçurub yıxdı
ərzincanda bir quş var
mavi ipək bir qış günü
8:10 vapuruna mindi
ərzincanlı camal əfəndi
son bir dəfə içinə çəkib qoxladı dənizi
o yarımçıq bir şeir
yarımçıq bir portretdi indi
yarımçıq bir portretdi
gözlərində qəm kədər
içində qanlı bir bulaq axar
qiyamət gününə qədər
ərzincanda bir quş var
qanadında gümüş var
VİTRAJ USTASI
divar saatının əqrəblərindən
vaxt əriyib tökülür
rüzgarın naxışları
ilmə ilmə sökülür
ömür yenə bir gerçəkdi
həyat yenə müəmma
mən ayla bir süfrədə
şərab içirəm amma
mən vitraj düzəldirəm
yaşanmış sevdalardan
indicə gün doğacaq pəncərədə
qızıla boyanacaq pəncərə şüşələri
davul çalacaq köksümdə ürək
bir böyük savaş var içimdə
qan sızan yaraları yelpikləyəcək külək
bir gözəl misrayla açılar yaram
qürbət yollarında bir ölümlə sona yetər
bir sevdayla başlayan macəram
mən vitraj düzəldirəm
ümid çiçəklərindən
dün alman kirxasının önündən keçdim
göy məscidlə alman kirxası arasında
bu röyanı qırx il öncə görmüşdüm
mən zaman tunelində ölmüşdüm
cənazəm odlar içində
iki şey var ancaq ölümlə unudulur
analarımızın üzüylə şəhərlərimizin üzü
mən vitraj düzəldirəm
xəyal güzgülərindən
ƏLIMİN ÜSTÜNDƏ BİR MƏLƏK ƏLİ
qeybdən bir səs gəldi bir ilk bahar axşamı
ruhum bədəndə oynadı
mən kəfəni yırtıb çıxmış adamam
bu gün ölüm mənim üçün
iki dünya arasında aynadı
hər aynanın bir sirri var
yeni bir yol başlanğıcıdı hər yolun sonu
göründüyü kimi olmayan
insanlar çıxdı qarşıma
məni arxadan vuracaqları ağlıma gəlmədi
heç
hər şair çarmıxda isa misalı
biz ölümdən ödünc aldıq zamanı
dostluqlar düşmanlıqlar yaşadıq
sevdalar peşmanlıqlar yaşadıq
bir röyadı insan ömrü
nirvanadan fənaya fənadan nirvanaya
amma çoxdan pozulub artıq bu dünyanın
ahəngi
bir biriylə uzlaşmır quş səsi çiçək rəngi
bu axşam kimin üçün Quran oxunur
məsciddə
kimin üçün çalınır kilsə zəngləri
ölüm bir aynadı mənimçün yenə
sən də bir aynasan mənə
yarəbbim mən şeir yazıram bəlli
əlimin üstündə bir mələk əli
PARİS SONATASI
yalnızlıq çökür burda bulanıq aynalara
bir qoşula biləydim sevdalı durnalara
uzaqlara uçaydım burdan çox uzaqlara
müjdələr aparaydım gül üzlü uşaqlara
uzaqlarda bir şəhər var paris adında
melanxolik axşamları şərab dadında
qədər kimi vaz keçilməz barakko paris
yaşıl bulvarlarında həsrət qürbət umud sis
senanın sularında axar şair xəyalı
allahım necə olar qərib şairin halı
paris bir labirintdi yağışlı cümə günü
sirləri çözülməmiş açılmamış düyünü
harda olsaq röyamıza girər bu şəhər
harda olsaq içimizdə tənhalıq kədər
uzaqlarda bir şəhər var paris adında
melanxolik axşamları şərab dadında
QURD SƏSİ
oxuduğum duanın rəsmini çəkdim
duaların rəsmi çəkilərmi heç
oxuduğum duanı canlı görürəm
görürəm ki nəfəs alır sözləri
bəlkə sənin gözündə mən dərvişəm ya dəli
qərib səslər süzülür pəncərədən
pəncərədən baxıram islaq bir səhər
gecə yağış yağdığı bəlli
yaşıl zeytun ağacları quşlarla pıçıldaşır
özgür quşlar günəş içir
xalis qızıldan çanaqlarda
çox uzaqlardadı mənim könlüm
burdan çox uzaqlarda
elə bir sevdaya tutulmuşam ki
bir dürlü kimsəyə anlada bilməm
mən qədər qurbanıyam qədər qurbanı
əlimdə olsa əgər birdə dünyaya gəlməm
qarşı təpədə bir qurd ulayır
mən qurd səsinə doğru gedirəm
amma azalmır aramızdakı məsafə
necə deyim sənə dalağım sancır
qardaşım qurd uladıqca hər dəfə
SƏHƏRİN ƏN GÖZƏL VAXTI
təzəcə çiçəkləyib alça ağacları
alça çiçəkləriylə gəlir ilk bahar
səhərin ən gözəl vaxtıdı
yarpaqların arasında quşlar nəğmə oxuyur
iyirmi yaşım dayanıb yaşıl kölgədə
səhər yeli mavi sevda qoxuyur
bir qarabasmadı bu anda
anam namaz qılır eyvanda
səhərin ən gözəl vaxtıdı indi
duru bir mavilik içindəyik biz
pəncərənin şüşəsində günəş parıltıları
anamın çiynində mələk qanadı
mən dua edəcəkdim bütün sevdiklərimə
mən dua edəcəkdim dodaqlarım qanadı
ah mənim iyirmi yaşım
qərib taleyim bəlalı başım
venamı kəsmək üçün bəhanələr aradım
anamın mələyi qorudu məni
nə anamı qoruya bildim bu dünyada mən
nə anamın mələyini qorudum
nə iyrmi yaşımın yazdığı şeirləri
nə gözünün çiçəyini qorudum
yenə alça ağacları çiçək açıb bu bahar
bu dünyada nə anam nə onun mələyi var
QIRMIZI AQANDA BALIQLARI
mən belə unudulmaq istəməzdim
qarlı bir qiş günündə
pəncərəmin önündə
qırmızı aqanda balıqları üzür akvariumda
aqanda balıqlarına baxanda
fovist rəssam anri matissi xatırlayıram
sən tələsməsəydin bir qəhvə içərdik
mən matissi anladardım sənə
qırmızı aqanda balıqlarından danışardım
amma sən harasa tələsirsən yenə
sən həmişə həyatdan narazısan
sən həmişə harasa tələsirsən
sən akvariumdakı balıqlar kimi
zaman içində üzən əsirsən
sən zaman içindəsən
mən zamanın dışında
uzun illər öncəsi demişdim sənə
akvariumda yaşayıram elə bil
demişdim akvariumda yaşamaq
özgürlük deyil səadət deyil
bu gün səhərdən qafamdan çıxmır
vesterdayın sözləri
yadımdan çıxmır akvariumda üzən
qırmızı balıqların gözləri
BİR RÖYA GÖRMÜŞDÜM
göy üzündə ay olaydım bədirlənmiş ay
uşaqlıq adlı məmləkətimin
melanxolik gecələrində
bir zamanlar röyalarımda gördüyüm
bir avropa şəhərinin küçələrində
gəzib dolaşdım yetmişinci illərin
əvvəllərində
küçələri meydanları qələbəlik axşamları
kilsələri kafeləri heykəlləri adamları
vağzalları vitrinləri görən kimi tanıdı
kilsələrdə orqan musiqisi dinlədim
kafelərdə çaxır içdim qırmızı çaxır
bir qadın sevdim dəniz gözlü bir qadın
saçları barmaqları gözəl hələ səsi
amma çox kədərliydi çox kədərli
uzun güzgü önündə oxuduğu nəğməsi
asiyalı barbar idim o qadın üçün
öpüb oyadardı məni yuxudan
mən bir röya görmüşdüm bir zamanlar
rəngdən səsdən sözdən qoxudan
bu nə qara sevdadı dərd bağlayır dilimi
ürəyim parçalanır allahım tut əlimi
AY ÇƏKİB APARAR BİZİ
əllərim titrəyir gözüm səyriyir
gecələr üstümə kabus yeriyir
yenə qarışdırdım şirin yuxumu
sənin pəncərəndən asdım ruhumu
qaranlıq odada nə səs nə səmir
göydə buludların tükü ürpərir
bu sevda başımdan getmədi getməz
səsimiz tanrıya yetmədi yetməz
atını yəhərlə gün axşam oldu
buludlar uçdu kölgələr soldu
qoyu tünd rəngdədi dağ yamacları
dar ağacına bənzər sərv ağacları
ay çəkib aparar aparar bizi
hardasa bükülər ağ atın dizi
donur aynalarda ilıq bir nəfəs
dəmir darvazanı döyən kimdi bəs
QƏRİB ŞAİRİN BAHAR XƏYALI
uzanıb çəmənə yumdum gözümü
bir bulud üstündə gördüm özümü
buluddan yuxarı bir şam yanırdı
şamın şöləsində adam yanırdı
mən susuram heç nə gəlmir ağlıma
anam bulud sonam bulud ağlama
qara atlı ötüb getdi yanımdan
soyuq bir gizilti keçdi canımdan
soruşmayın məndən nəyin nəsiyəm
göydə yanan şamın pərvanəsiyəm
bir də göyüzündə sönmərəm daha
bir də bu dünyaya dönmərəm daha
qeybdən səs gəldi anamın səsi
müşki ənbər kimi ilıq nəfəsi
birdən yağış yağdı dağıldı yuxum
ilahi bədəndə oynadı ruhum
NAR AĞACI
göyüzündə salxım salxım buludlar
dilimin ucunda yağış duası
mən üzüqoyulu yıxıldım yerə
yer altından nal səsləri gəlirdi
bir atlı keçirdi yəqin uzaqdan
boğazında yumruq kimi bir kədər
yol üstündə qocaman pir ağacı
ağacın içində bir şaman ruhu
yaşıl yamaclarda çiçək çiçəklə
əl ələ göz gözə durub öpüşür
ağ buludlar susur nəfəs nəfəsə
və nar ağacında leylək yuvası
bir həsrətə yenik düşüb ürəyim
gəl bu gün ölümdən söz açma gülüm
uçan quşlar göydən lələk yollasın
o lələklə yazım mən son şeirimi
SEVDİYİM QADININ PORTRETİ
yaşıl şərab şüşəsi payız asudəliyi
və molbertdə sevdiyim qadının portreti
yağlı boya qoxusu şanel və şərab iyi
ağ divarda qədərin taleyin silueti
pəncərə pərdəsiylə oynayır məstan pişik
qoy oynasın toxunma dünya vecinə deyil
aynada bir mələk var bu evə çəkir keşik
biz də səadət üçün doğulmuşuq elə bil
bəyaz buludlar keçir pəncərənin önündən
sənin gözün yol çəkir mən xeyirə yozuram
və ürək deyilmiş bu gümüm camış
gönündən*
diz çöküb ayağına qapanmağa hazıram
həyətdə nar ağacı qırmızı gülöyşə nar
gülöyşə nar atlını atından sala bilər
ağlama canım gözüm de ağlamalı nə var
ağlama portretin yarımçıq qala bilər
* H.Hikmətdən improvizə