***
Qışın soyuqluğuna,
Yayın istiliyinə baxmayın.
Qış yaydan varlı olur,
Qışın günəşi, yağışı, qarı, küləyi,
dumanı-çəni, şaxtası-buzu var.
Yayın təkcə günəşi var.
15.09.2016
Əfqanıstan. Kabil.
QIŞ HƏSRƏTİM
Həyat yoldaşım Nərmin üçün
Yay həsrətimi geridə qoyub,
Payız həsrətimi qarşılayıram.
Qış həsrətimi gözləyirəm.
Qarı geyinib əynimə,
Şaxta babaya dönəcəyəm.
Minib buz təyyarəmə,
Sənə gələcəyəm.
Soyuqluğumdan qorxub, üşümə ha.
İsidib nəfəsimi, gətirəcəyəm,
İsti nəfəs gətirəcəyəm.
Qış həsrətimi əridəcəyəm.
21-22.09.2016
Əfqanıstan. Kabil.
ANAMIN ƏZİZ XATİRƏSİNƏ
Mən gözümü açandan,
Gözüm sənə vurulub.
Görsənmisən bulaq tək,
Gözlərimdə durulub.
Ölən gündən,gözümdə,
O bulağa həsrətəm.
Sən ölməyə getmisən,
Mən ölməyə həsrətəm.
15.10.2016
Əfqanıstan. Kabil.
QALDI
Yağış girdi gözlərimə,
Qəlbimdə dağ gülü qaldı.
Qar od saldı saçlarıma,
Başımda ağ külü qaldı.
Halal yedim çörəyimi,
Külək döydü ürəyimi.
Anam dedi, örpəyimi,
At üstünə, ölü qaldı.
Düşdüm qışın baxışına,
Kirpiklərin alqışına.
Döndüm qaşın qarğışına,
Gözlərim qəm gölü qaldı.
01.10.2016
Əfqanıstan. Kabil.
HƏYAT YOLDAŞIM NƏRMİN ÜÇÜN
Gözündən lalələr axıb gedirdi,
Düşürdü könlümün qərib bəxtinə.
Bilirəm, dərdimi yaman çəkirsən,
İslanmış arzular sərib bəxtimə.
Həsrəti uzanmış, gödək adamsan,
Boyun çatmayacaq məni görməyə.
Darıxma, günləri nərdivan edib,
Bir gün çıxacağam səni görməyə.
26.08.2016
Əfqanıstan. Kabil.
***
Tükənsə ümidin, yolun olmasa,
Gəlib ürəyimdən keçə bilərsən.
Görsən susuzluqdan ciyərin yanır,
Əyilib gözümdən içə bilərsən.
Mənim ürəyimdən keçən yolların,
Sənin ürəyində izi olacaq.
Bir vaxt çatdığımız eşq ocağının,
Hər vaxt hənirtisi, közü olacaq.
15-16.10.2016
Əfqanıstan. Kabil.
ANAMIN DÜNYASI
Həyatçün yaşaya bilmirəm daha,
TANRIM, darıxıram ölümçün indi.
Anamın dünyası onun əlində,
Bir cığır açsaydın mənimçün indi,
Gedib yaşayardım ölümçün indi.
19.10.2016
Əfqanıstan. Kabil.
RƏŞAD MƏCİDƏ MƏKTUB
Rəşad müəllim, Sizin kimi,
Yaxşılıq edəndə,
Şeir yaza bilirəm.
Şeir yazanda utanmıram,
Göydə ALLAHDAN,
Yerdə Nizamidən.
Şeir yazmayanda utanıram,
Göydə ALLAHI,
Yerdə Nizamini,
Təkrarlamadığım üçün.
29.10.2016
Əfqanıstan. Kabil.
***
Vətən bir güzgüdü.
Ancaq qürbətə çəkilib,
Özünü vətəndə
görə bilərsən.
29.10.2016
Əfqanıstan. Kabil.
ÖZÜMÜ UNUTDUM
Günəşin rəngini duyandan bəri,
Özümü tanıdım bu yer üzündə.
Axşamın sirrinə uyandan bəri,
Ayı, ulduzları gördüm gözümdə.
Bəzən çılğın oldum, bəzən də fağır,
Könlüm xəyallara yaman alışdı.
Gördüm nağıllara almalar yağır,
Nağıllar istədim, nənəm danışdı.
Önə baxa-baxa getdim irəli,
Geriyə baxanda itdi illərim.
Darıxdım özümçün, ağlamaq tutdu,
Özüm de, özümü necə unutdum?
19.09.2016
Əfqanıstan. Kabil.
***
Anamın göz yaşın
görməyim deyə.
Yağışlı havada
öləcəyəm mən.
Qoşulub yağışa
güləcəyəm mən.
Məzarım uşaqkən
qazıldığı üçün,
Öləndə uşağa
dönəcəyəm mən.
04.11.2016
Əfqanıstan. Kabil.
DARIXANDA LAP ROMANTİK ŞAİR OLURSAN
Gülnar Səmaya
Darıxmaq könlümə,
quzu tək düşüb.
Dönüb canavara,
yeyir ömrümü.
Hər günüm onunçün,
quzuya dönür.
Mənimçün əlçatmaz,
arzuya dönür.
02.11.2016
Əfqanıstan. Kabil.
QÜRBƏTDƏN MƏKTUB
Qürbətin yolları nə uzun imiş,
Çatmır vətənə ki, gedəm evimə.
Atam kəndimizdən,
Anam məzardan,
Sevgilim şəhərdən gələ, sevinə.
25.09.2016
Əfqanıstan. Kabil.
SƏNİ
Məni üşüdən adam,
İstim yandırar səni.
Soyuq dəyər canıma,
Tüstüm yandırar səni.
Vaxtım vaxtına yaxın,
Baxtım baxtına yaxın.
Gəlsəm taxtına yaxın,
Üstüm yandırar səni.
Könlüm buta gəzdirir,
Ömrüm ata gəzdirir.
Ölüm xata gəzdirir,
Büstüm yandırar səni.
04.11.2016
Əfqanıstan. Kabil.
OĞLUM SAHİL, QIZIM ZƏHRA ÜÇÜN
Hər zaman yuxularda
qarşılayardım günləri.
İndisə, oyaq qarşılayıram.
Sizə çatmaq üçün, balalarım.
Hər gün bir pillədi
Qalxıram Sizə doğru.
09.2016
Əfqanıstan. Kabil.
***
Qış həsrətim, yetişmisən deyəsən,
Gözlərimdə qar təbəssüm görürəm.
Yalvarmaqdan yorulmuşdum göyə mən,
Sözlərimdə yar, təbəssüm görürəm.
06.11.2016
Əfqanıstan. Kabil.
***
Yağış qoşun kimi gəlir üstümə,
Nə əynim qalındır, nə çətirim var.
Ölümün iyini bilməyim deyə,
Yaşamaq adında bir ətirim var.
Bir çiçək üzümə yaraşıq verir,
Tikanı gözümə kiprik kimidir.
Həqiqət yalanı yandırıb, sönür,
Siqaret yandıran kibrit kimidir.
23.11.2016
Əfqanıstan. Kabil.
***
Anam 1968-də
dünyaya gəlmişdi.
Mən 1988-də.
Aramızda bir ədəd,
8 vardı.
Bir dairəsi Anamın,
Bir dairəsi mənim olsa da.
Hər zaman 0-da qaldıq.
8-də ola bilmədik.
25.11.2016
Əfqanıstan. Kabil.
***
Mən səni özümə yaxın bilmişəm,
Yaxınım, uzağım olandan bəri.
Bağışla, əllərin əlimdə qalıb,
Çəkirəm uzağdan yaxına səni.
Tələsib qalmışam yolun ucunda,
Gəlişin çiçək tək gözümə dəyir.
Xəyallar gözəldi, gerçək olanda,
Öpüşün külək tək üzümə dəyir.
30.11.2016
Əfqanıstan. Kabil.
***
Yalnız, ürək
ürəyə dəyəndə,
gözdən çınqı çıxar.
Bağışla, ürəyim
ürəyinə dəyə bilmədi,
gözüm gözünə
həsrət qaldı.
01.12.2016
Əfqanıstan. Kabil.
***
Mənim üçün 7 rəqəmi
1 rəqəmi kimidi.
Sənin üçün 6 rəqəmi
9 rəqəmi kimidi.
Gör, aramızda
nə böyük fərq var.
Amma eyniyik.
Bağışla məni, hamıya
gəlib-getməkdən yorulmuşam.
Tək sənə, hələ də
gələ bilmirəm,
getməyim var deyə.
03.12.2016
Əfqanıstan. Kabil.
MƏNİM DƏRDİM
Sənə elə həsrətəm ki,
gözlərim yerindən
çıxana qədər
ağlamaq istəyirəm.
Kor olub, sənsizliyi
görmək istəmirəm.
Bilmirsən, yerdə gəzir,
yoxsa, göydə uçur?
Sənli günləri
ovlamaq istəyirəm.
Sənə o qədər
şeirlər yazmışam ki,
mənim dərdim.
Sezməyə sən gərəksən.
Ürəyim də doludur,
Gözlərim də doludur.
Heç bilmirəm,
danışıb ağlayım,
ağlayıb danışım,
mənim dərdim.
Dözməyə sən gərəksən.
03.12.2016
Əfqanıstan. Kabil.
***
Yeməyim də soyuyub,
Ürəyim də soyuyub.
Gözlərim də uyuyub,
Sözlərim də soyumur.
Ahım kiprik qədərdi,
Şahım, kibrit, qədərdi.
Sevinc deyil, kədərdi,
Dizlərimdə uyumur.
Qarğışım anda qalır,
Qurğuşun canda qalır.
Dünya hayanda qalır,
Gözlərimdə uyumur.
05.12.2016
Əfqanıstan. Kabil.
***
O qədər, insanlar
üşüdür məni.
Əynimin nazik olmağından
yaman qorxuram.
İsti havalarda da
qalın geyinirəm.
Qış-yay evimdə
peç yandırıram.
Mənim ömrüm
qışdan ibarətdi.
Hər zaman yağışım, dumanım,
qarım, küləyim, şaxtam var.
Bir, günəşə həsrətəm.
07.12.2016
Əfqanıstan. Kabil.