BU DÜNYA
Susdurmayaq haqq söz deyən dilləri,
Görən gözə çəkdirməyək milləri.
Vaxtlı - vaxtsız soldurmayaq gülləri,
Bir gül kimi sola bilər bu dünya.
O əyilməz tərəzisi əyməsə,
Güclüləri, gücsüzləri döyməsə.
Xain gözü, düşmən əli dəyməsə
Qayasını qala bilər bu dünya.
Kim dedi ki, dən yerinə daş daşı,
Ucbatından indi yeyir daş daşı.
Dəyirmançı, dəhnə susuz, sən naşı,
Bu kəmliyi bəla bilər bu dünya.
Hər bir işin öz çəmi, öz təhəri,
Yamanlığın nədi xeyri-bəhəri?
Gəl dilindən daşlandırma zəhəri,
Əqrəb olub çala bilər bu dünya.
Yaşatmağa hər nə desən varıdır,
Tamahı az kimsələri yarıdır.
Biz insanlar budağında barıdır,
Ya tez, ya gec sala bilər bu dünya.
Zaman özü bulandırır durunu,
İndi daha yaş yandırır qurunu.
Haray çəkib İsrafilin surunu
Dar ayaqda çala bilər bu dünya.
Şərbətini kim dadıbdır sonadək?-
Bircə udum hava olub son istək.
Havalanıb oğlu ölmüş anatək
Saçlarını yola bilər bu dünya.
Demə dinmir, Musa hələ kiriyir,
Yer-göy qopur, dağ üstünə yeriyir.
Naləsindən Şimal qütbü əriyir,
Su altında qala bilər bu dünya.
ÇATMIR
Necə tutqunlaşıb şeirin səması,
Orda bir şimşəyin çaxışı çatmır.
Sözdən xalı toxu, çıxır əmması,
Əvvəlki bəzəyi, naxışı çatmır.
Bu dözən ürəkdi, dözülən candı,
Dərdi misra-misra çözülən candı.
Sözə can verdikcə üzülən candı,
Bir eşqin canüzən baxışı çatmır.
Bu qoşma yanğısı, saz həvəsidi,
Sözdən cilvələnir, naz həvəsidi.
Günlər ötüb gedən yaz həvəsidi,
Nə yayı, payızı, nə qışı çatmır.
Sağ ikən kölgəsi, rəddi daşlanır,
Ömür sona yetsə sevgi başlanır.
Gözündən od yağır, alov daşlanır,
Göylərin şıdırğı yağışı çatmır.
Vətənin ağrısı ürək ağrısı,
Nə zaman bitəcək görək ağrısı?!
Xalqına şairin odu, yanğısı,
Şairə xalqının alqışı çatmır!
YAZDA ÖLMƏK İSTƏMİRƏM
Nazim Hikmətin xatirəsinə
Yazda ölmək istəmirəm,
Güllərin açan vaxtında.
Al günəşin sevgilərlə
Nurunu saçan vaxtında.
Yayda ölmək istəmirəm,
Bir oxam yaydan çıxası.
Hələ mənim gözləntim var
Ulduzdan, aydan çıxası.
Bu da sahil, ləpədöyən,
Quşların həlim ovqatı.
Gözəllikdən heçə dönür
Hər yerdə ölüm ovqatı!...
Payızın göz yaşlarını
Görüb də ölmək olarmı?
Bir belə dərdi, nisgili
Ölümlə bölmək olarmı?
Daha heç nəyi gizlətmə,
Gözlərinin içinə de.
Nə gileyin, ərkin varsa
Durnaların köçünə de.
Qışda ölmək istəmirəm,
Soyuqdan lap bezirəm mən.
Hətta buzun içində də
Od, hərarət gəzirəm mən.
Neçə ki qor var canımda
Qoy səninçün içdən yanım.
Sevənlərə bu dünyada
Ölüm fəsli yoxdu, canım.
QEYRİ-ADİ ŞEİR
Sözün gərək dadı ola,
Ya şirin, ya acı,
Ya da turşməzə.
Misraların qanadı ola
Ev-ev, ocaq-ocaq uça,
əl-əl gəzə.
Şeir qeyri-adi ola;
Keçilməmiş cığırlardan keçə,
Çırpıla daşa-kəsəyə,
İlişə tikana, kola.
Kəlmələr atdanıb-düşə
Qovurğa sayağı.
Qafiyə ilk ola, ilkin ola
Xoruz səsi eşitməyə,
Poeziya 81
Oxucu da həvəsli ola
Belə şeiri eşitməyə!
Şair balığı səhrada,
Dəvəni dənizdə gəzə,
Fikirlər təzə ola ey,
Təptəzə!
Qeyri-adi şeir istəyirəm,
Sökə ürəyimi
İplik-iplik
Üzüləm, cuna kimi.
Donam heyrətimdən,
Niyə onu mən yazmamışam
deyə
Çatlayam xiffətimdən!
* * *
Mən bir şeirin təşnəsiyəm,
Dilimə gəlmir o şeir.
Ayımnan adlayıb gedir,
İlimə gəlmir o şeir.
Baxmır çağrışa, xitaba,
Köçmür dəftərə, kitaba.
Onsuz çəkdiyim əzaba,
Zülümə gəlmir o şeir.
Onu şirin ov sanıram,
Sədasıyla ovsanıram.
Kərəm kimi odlanıram,
Külümə gəlmir o şeir.
Buludam göydə səkirəm,
Bir çəmən üstə çökürəm,
"Gülüm" deyib ah çəkirəm,
Gülümə gəlmir o şeir.
O bir dərddi başdan aşan,
Kükrəyən, çağlıyan, daşan...
Zəfər ilə qucaqlaşan
Selimə gəlmir o şeir.
Onsuz dərdəm, onsuz yasam,
Qoy səngərə dönsün masam.
Bir gün qanımla yazmasam,
Əlimə gəlmir o şeir.
O şeir bir lal şeiridi,
Ürəklərdə xal şeiridi.
82 Poeziya
Şuşamın vüsal şeiridi,
Elimə gəlmir o şeir.
MƏN BİR SÜNBÜL TOPASIYAM
Mən bir sünbül topasıyam,
Saçaqlarım sapsarıdı.
Ömrüm ya bitib qurtarıb,
Ya da ki, indi yarıdı.
Xırmanlığam, döyün məni,
Döyün məni, irdələyin.
Samanımı güclü vaxtı
Ağzına tutun küləyin.
Kürəklənim, küləklənim,
Dənim dən-dən aralansın.
Duyğularım sətir-sətir,
Misra-misra sıralansın.
Qılçıqlarım dopdoludur,
Bir bərəkət topasıyam.
Yetişmişəm, saralmışam,
Bu zəmidən qopasıyam.
Vağamlamış sünbüləm mən,
Təbiət, daha sənliyəm.
Ya küləksiz uçan saman,
Ya da toxumam - dənliyəm.
Ay naşı xırman döyənim,
Sən samanı dənnən ayır.
O yad "mən"i mənnən ayır,
Gəl ayığ ol, səninləyə
YADDAN ÇIXIR QARABAĞ
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Həsrət, hicran ocağında sönür o,
Öz əlçatmaz zirvəsindən enir o.
Zəngəzura, İrəvana dönür o,
Yandığımız oddan çıxır Qarabağ.
Aman Allah, yaddan çıxır Qarabağ.
İllər ötür...
Qaysaqlanan yaramdı.
O kükrəyən qəzəb selim aramdı.
İnnən belə ömür bizə haramdı.
Dad çəkdikcə daddan çıxır Qarabağ.
Aman Allah, yaddan çıxır Qarabağ.
Ağlar qalıb o çağlayan bulaqlar,
Ötüb gedən o karvanı nə haqlar?
Görməyibsə, yaddaşında kim saxlar?
Şüuraltı qatdan çıxır Qarabağ,
Aman Allah, yaddan çıxır Qarabağ.
Unudulur o qırğınlar, talanlar,
Bizi haldan-hala salır yalanlar...
Qarabağsız qarabağlı olanlar,
Sinədəki çatdan çıxır Qarabağ.
Yadlaşırıq, yaddan çıxır Qarabağ.
Deyirdik ki, onsuz dünya dağılar,
Bizə qaldı bayatılar, ağılar.
Qucağında kef çəkdikcə yağılar
O əvvəlki addan çıxır Qarabağ,
Ayıq olun, yaddan çıxır Qarabağ.
Hər il işğal günlərini anırıq,
İçimizdə korun-korun yanırıq.
Üzə düşsə dərdimizi danırıq,
Bizi kimi "şad"dan çıxır Qarabağ,
Aman Allah, yaddan çıxır Qarabağ.
Olmadısa fikir ötkəm, söz qəti,
Biz ayaqda görmədiksə milləti,
Qınamayaq BMT-ni, ATƏT-i,
O söhbətdən, gapdan çıxır Qarabağ,
Aman Allah, yaddan çıxır Qarabağ.
Şuşa kimi ucalıqdan yıxılıb,
Millət necə fağırlaşıb, sıxılıb.
Dərdi çin-çin, qalaq-qalaq yığılıb,
Əl vuranda altdan çıxır Qarabağ,
Aman Allah, yaddan çıxır Qarabağ.
Şairləri yaralanıb sözündən,
Torpaq gedib biganəlik üzündən.
Musa bu gün nahaq çıxmır özündən,
Köksündəki uddan çıxır Qarabağ,
Alışdığı oddan çıxır Qarabağ,
Haray millət, yaddan çıxır Qarabağ.
BAHARDA SEVGİSİZ YAŞAMAQ OLMUR
Quşların cəh-cəhi sökür bağrını,
Qatır nəğməsinə ürək ağrını.
Sevdasız bir ömrün görüb axrını,
Baharda sevgisiz yaşamaq olmur.
Gözəllər bir yandan, güllər bir yandan,
Məhəbbət süzülür ilikdən, qandan.
Hər gün can ayrılır elə bil candan,
Baharda sevgisiz yaşamaq olmur.
Oğul istəyirəm bu dağa dözsün,
Dizinin təpəri sınağa dözsün.
Qoy ağ saçların da qınağa dözsün,
Baharda sevgisiz yaşamaq olmur.
O gözəl baxışdan aldığın yara,
Bir eşqin üstündən xətt çəkir qara.
Gözəllik gözündə çəkilir dara,
Baharda sevgisiz yaşamaq olmur.
Ovçu o ceyranı qova səmtinə,
Səmtinə düşəsən ova, səmtinə.
Gedək leyləklərin yuva səmtinə,
Baharda sevgisiz yaşamaq olmur.
Hər tərəf çiçəkdir, hər tərəf güldür,
Mehrinə ürək qıy, o gülü güldür.
İlahi, sən məni baharda öldür,
Baharda sevgisiz yaşamaq olmur!
* * *
Səni unudacaq qədər
zalım deyiləm,
Xatirələrin köz-köz
səpələnir ürəyimə.
Hər köz bir görüşü
nişan verir,
Yaddaşım ağlayır
hönkür-hönkür.
Biz necə xoşbəxt olmuşuq,
Biz necə yazıq olmuşuq.
Arada illərin
uzaqlığı boylanır
üzümüzə
Qərib-qərib, fağır-fağır.
Poeziya 85
Bir qərinə keçib
sevgimizin üstündən.
Hələ də rəngli
yuxular görürük.
Hələ də sehirli yağışlar
yağır.
Mən səni unudacaq qədər
zalım deyiləm,
Başıma nələr gələcəyini
anşıra bilmirəm.
Səni bu soyuq, bu acı
həsrətə də tapşıra
bilmirəm.
Şairəm, görücü deyiləm,
alim deyiləm!
* * *
Necə tanış gəlir mənə bu adam,
Özgə zurnasını çalan adamdı.
Başa çıxmaq üçün əldən gedəndi,
Özünü ayağa salan adamdı.
Şahın günahını qula bağlayır,
Hər gün imanına tula bağlayır.
Nədən söhbət açsa pula bağlayır,
Özü kal olsa da, kalan adamdı.
Neçə üzlər görüb üzü, demirəm,
Hardan gəlib çıxıb özü, demirəm.
Urvatdan saldığı sözü demirəm,
Aldığı nəfəsnən yalan adamdı.
Necə gəlib çıxıb o bu məclisə,
Baxan olmayıbmı yaxşıya, pisə?!
Özünü ortaya atır, nə isə...
Axırda qıraqda qalan adamdı.
Əgər alverdisə işi, sənəti,
O hardan duyacaq şeiri, sənəti?!
Yazmayaq kitaba biz bu qələti,
Bir sözdü dedi də, balam, adamdı!