Səhər açılmaq bilmirdi. Sanki saatın əqrəbləri dayanmışdı. Hardan başlayacam, nədən sual verəcəm? İlk sualım nə olacaq?. Düşüncələr məni yormuşdu. Onlarla üz-üzə gəlmək, onları dinləmək bilirəm ki, ağır olacaq. Həm də çox ağır. Ancaq buna məcburam. Aylardı dinclik tapa bilmirəm. Suallar, qarşılaşacağım insanlar məni rahat buraxmır. İndi də səhərin açılmağını gözləsəm də səhər açılmaq bilmir ki, bilmir. Mənə elə gəlir ki, səhər açılsa hər şey həllini tapacaq.
...ilk dediyim söz- mənə "o gecə"dən danışın oldu.
Çovğunlu-qarlı qış günləri göylərin qapılarını açaraq hər tərəfi ağ libasa bürümüşdü. Lopa-lopa yağan qar dənələri torpağa düşdükcə yer üzünü növrəstə gəlinə bənzədirdi. Uzaqdan görünən qarlı dağların əzəmətli bir az da qəmli görünüşü, əsirlər boyu çox müsibətlərin şahidi olduğundan xəbər verirdi. Qulaqları batıran küləyin uğultusu sanki yaşanan faciənin acısını hər tərəfə yayaraq dil açıb ağı deyirdı. Qara bürünən təbiət göz oxşasa da qışın sərtliyi, qılınc kimi kəsən şaxtası dözülməz idi. Ucu-bucağı görünməyən sərhədsiz meşələrə, dağlara yağan qar, hər kəsin yaşadığı illərin sevincli-kədərli xatirələrini xatırladırdı. Səpələnən yumşaq qar dənəcikləri özü ilə təbiətdə qəribə sükut, hüzün və vahimə gətirmişdir.
O insanlarla üz-üzə dayanıb gözlərinin dərinliklərində oxudum ki, təbiətin bu gözəlliyi, çoxlarına sevinc bəxş etsə də artıq neçə il idi ki, qarlı-şaxtalı hava viran olan şəhərin sağ qalan sakinlərinə rahatlıq vermirmiş. Yaralar təzələnmişdi. Hər il yağan qar onlara yaşadıqları faciəni, vahiməli gecənin həyəcanını təkrar yaşadırmış. Uzun illər keçməsinə baxmayaraq bu il yağan qar onlara 1992-ci ilin al-qana boyanmış qarlı qışını xatırladıb. O gecə... Xocalı soyuq bir qış mənzərəsi ilə qarşdığı gecə.
Xocalıda döyüşən dörd müdafiə dəstəsi vardı. Onlardan sayca ən böyüyünə Azərbaycanın milli qəhrəmanı Tofiq Hüseynov rəhbərlik edirdi. Xocalı özünü müdafiə batolyonu adlanırdı. Əlli nəfərdən ibarət olan Xocalı polis bölməsinə isə Sabir Məmmədov, 3-cü müdafiə dəstəsinə isə Əlif Hacıyev, dördüncü müdafiə dəstəsinə Aqil Quliyev rəhbərlik edirdi. Bu hərbiçilərin köməkliyi ilə vertolyotlarla Bakıya, gediş-gəliş mümkün olurdu. Ancaq 1991-ci ildə noyabr ayının 1-dən fevralın 25-nə (1992) qədər 4 ay Xocalı tam muhasirə şəklində yaşadı. Bizim Bakı ilə əlaqəmiz vertolyotlarla, telefonla olurdu. Avtomobil yolu noyabr ayından artıq bağlanmışdı. Gediş-gəliş mümkün deyildi. Yalnız mülki vertolyotlarla Xocalıya ayda bir dəfə un gətirilirdi. Demək olar ki, başqa ərzaq məhsulları yox idi. Əhali çox acınacaqlı vəziyyətdə idi. Bu azmış kimi 1992-ci il yanvarın 18-dən Xocalının ətraf rayonlarla əlaqəsi kəsildi. Əhalinin vəziyyəti olduqca ağır, dözülməz idi. Yemək çatışmırdı. Qaz, işıq ermənilər tərəfindən partladılıb dağıdılmışdı. Dava-dərman, sarğı materialları ümumiyyətlə, demək olar ki, yox idi.
Xədicə dərindən köks ötürərək sudan bir qurtum alıb sözünə davam etdi. Gözündən süzülən yaş damcıları sinəsinə töküldüyündən tez-tez dəsmalla bərk-bərk gözünü elə silirdi ki, az qalırdı gözünü çıxartsın. O, Xocalı sakini idi. Xocalıdan danışmaq ona çox ağır idi. Qəhər boğsa da aram-aram sözə başladı. Yeddi ay idi ki, ermənilər Xocalının işığını kəsmişdilər. Xocalıya keçən yol Əsgərandan keçirdi deyə, camaat gedib işığı da düzəldə bilmirdi. Yeddi ay lampa işığında yaşamışıq. Demək olar ki, ermənilər hər tərəfdən yolu kəsmişdilər. Ağdama keçmək mümkün deyildi. Getmək istəyəndə də Əsgəran yolundan maşınları daşlayırdılar, sındırırdılar. Camaatı yaralayırdılar. Şuşaya da getmək mümkün deyildi. Həmin yolu da Xankəndi yolundan daşlayırdılar. Bircə hava yolu qalırdı, ancaq ermənilər buna da imkan vermirdilər. Vertolyotlara havada atəş açırdılar. Bu hadisəyə qədər biz çox çətinliklər yaşamışıq. Ağır, dözülməz günlərimiz çox olub. Xədicə iki əli ilə üzünü qapayaraq hönkürüb ağladı.
Onun ağlamağına mane olmadım. Əksinə istədim ki, ürəyini boşaltsın. Çünki, bayaqdan bəri dolmuşdu.
...Onlar Xocalının müqavimətini qıra bilməmişdilər, bilməzdilər də. Əgər 366-cı alayın tam gücündən, hərbi texnikasından və canlı qüvvəsindən istifadə etməsəydilər. Güclü bir moto-atıcı alayın texnikası ilə üz-üzə qalmışdılar. Bizimkilərdə olan silahlar yüngül atıcı silahlar idi. Avtomatlar, tapançalar, ov tüfəngləri, başqa adi silah-sursat idi. Xocalı bax, bu cür müdafiə olunurdu. Xalq əliyalın qalmışdı. Xocalı əhalisi qorxunc düşmənlərin əhatəsində çarpışırdı. Doğma torpağa keşik çəkənlər gecə-gündüz avtomatlarını sinələrinə sıxaraq soyuq səngərlərdə düşmən atəşlərinə atəşlə cavab versələr də qüvvələr bərabər deyildi. O vaxt adi bir avtomat, adi bir tapança da bizim üçün müdafiə, xilas yolu kimi görünürdü.
O gecə... 25 fevral- qara xəbərin yayıldığı gecə. Xocalıda insanları acımadan qırdılar. Camaatın qışqırtıları, fəryadları, imdad diləmələri “ay camaat kömək edin” – deyə hayqırtıları, “vicdanınız varsa gəlin kömək edin” kimi ifadələr qulaqlardan hələ də getmir. Havada vertolyotlar uçurdu. Onlar 366-cı alay, rus-ermeni vertolyotları idi. Ruslarla ermənilər eyni qüvvə idilər.
Qaraqaya adlanan təpənin üstü son nöqtə idi, ordan o tərəfə getmək mümkün deyildi. Elə atırdılar ki, ordan salamat çıxmaq mümkün deyildi. Öldürdükləri adamları isə öz yollarından təmizləyirdilər.
Xədicənin danışa bilmədiyini görüb Yavər Əzimov sözə başladı. Ermənilər, 1905-ci ildə Xocalı əhalisini qırmışdılar. 1918-ci ildə isə Xocalı əhalisni ikinci dəfə işgəncə verib öldürüblər. Və buradan qaçan əhali gəlib Əsgəranın yanından keçib, Qaraqaya deyilən yerə çatanda ermənilərin quldur dəstələri adamları tutub, onlara işgəncə verərək acımadan qız-gəlinləri saç-saça bağlayıb Qaraqaya deyilən qayadan, qayanın içinə tullayıblar. Qana susamış ermənilər 1905-1908-ci illərdə Qaraqaya deyilən yerdə Xocalı qadınlarının belinə qaynar somovar bağlayırdılar, sonra isə süngüdən keçirib Qarqar çayından atırdılar. O, vaxtlar da bu çayın daşan vaxtı olub. Bu bizə dərs olmayıb. Yenidən onlara inanmışıq. Yalan deməyiblər ki, "ilanın ağına da lənət, qarasına da". Bax, həmin hadisə yenidən 1992-ci il fevralın 25-də təkrar olundu.
Onları dinləmək mənə ağır olduğu qədər də vacib idi. Hiss edirdim ki, daha dözə bilmirəm. Lakin ürəyimdə tez-tez "bir az dözümlü olmalısan" deyə düşünürdüm. Özümü soyuqqanlı aparmağa çalışırdım ancaq alınmırdı. Göz yaşlarmı saxlaya bilmirdim. Əhməd Məmmədovun uzunə maddım-maddım baxmağımdan başa düşdü ki, onu dinləmək istəyirəm.
Həmin günü yığışıb ad günümü qeyd edirdik. Atam, qardaşlarım, qonşumuz, bizə yaxın olan əsgərlər də gəlmişdilər. Sevincimiz gözümüzdə qaldı. Xəbər gəldi ki, köməyə gəlin. Ermənilər hücuma keçiblər. Onlar getdilər. Evdə qonşular və qadınlar qaldı. Bir neçə saatdan sonra qardaşım və atam qayıtdı. Hazırlaşın çıxırıq deyə atam təlaş içində dedi.
Artıq ermənilər Xocalıya girirlər, meşə ilə çıxmalıyıq. Çölə çıxanda atrıq gec idi ermənilər çatmışdılar. İki ev bizdən o tərəfə evləri yandırırdılar. Atamgil ermənilərə atəş açmağa başladılar, patronlar qurtardı. Atam dedi ki, evdə oturaq, qapını bağlayaq, nə olar-olar. Belə də etdik. Başqa çıxış yolumuz yox idi. Olümü diri-diri qarşılayırdıq. Ermənilər qapını təpiklə döyürdülər, atam sakitçə işarə etdi ki, qapını açmayın. Ölsək də bir yerdə ölək. Evimizə qumbara atdılar, qonşumuz vəfat etdi, qardaşım yandı...anam yaralandı. Ermənilər bizi yığıb Əsgərana gətirdilər. Kaş biz də sağ qalmayaydıq. O an ölənlərə bəxtəvərlik verirdik. Çünki canları qurtarmışdı deyə düşünürdük. Ermənilərin əlinə sağ keçməkdənsə ölmək yaxşı idi.
Onun gözləri doldu, danışa bilmədi. Əlləri əsə-əsə siqaret yandırdı. Bir-iki qurtum siqaret sümürüb sözünə davam etmək istədi. Nə qədər cəhd etdisə bacarmadı. Qəhər onu boğdü.
Mürvət Məmmədov əlini onun kürəyinə qoyaraq bizim də evin qapısını qırdılar, hamımızın əlimiz boynumuzun arxasında, ağzı üstə yerə uzandırdılar. Sonra qazı açıb bizi yandırmaqlarını əmr etdilər. Beş yaşlı balaca qardaşım vardı. Onu öldürmək istəyəndə yalvardı ki, “erməni dayı qurban olum öldürmə məni”. Anam yaylığın onların ayağının altına atdı ki, “bizi bu uşağa qurban elə, öldürmə onu”. Beş yaşlı qardaşımın yalvarışı nədənsə onları fikirlərindən daşındırdı. Bizi təpikləyə-təpikləyə çölə çıxartdılar, qonşumuzun meyidin sürüyərək apardılar. Onun qızıl dişləri görünürdü, ağzı açıq qalmışdı. Onlar bir birlərinə işarə edib hırtıldayaraq dedilər ki, dişlərin sonra sökərik. Bizi əsir götürdülər. Öz torpağımızda Əsgəranda əsir idik. Hər gün bizə olmazın işgəncələrini verirdilər. Ruslar tez-tez gəlib, qızılları, pulları aparırdılar. Meyidlərin və əsirlərin üstündə nə varidisə hamısını yığıb verirdilər. Vay o günə ki, əsir düşənlərin ağzında qızıl dişi olardı onu diri-diri kəlbətinlə çıxardırdılar. O nalələr, bağırtılar hələ də qulaqlarımdan getmir.
Mən çox uşaq idim yanlarına çağırıb, nəsə dedilər deyə Əhməd də dilləndi. Ancaq mən başa düşmədim, başımla “ hə ” dedim. Bir də gördüm ki, əlimə atəş açdılar. Özümü itirdim. Sonradan mənə dedilər ki, sən demə onlar mənə deyirlərmiş ki, “ səni buraxsaq bizi öldürərsənmi?”. Mən də hə demişəm, başa düşməmişəm. Ona görə də, sağ əlimdən vurublar. Bu azmış kimi sonra əlimə qaynar çay da tökdülər.
Mürvət qardaşı Əhmədə baxıb gülümsəyərək amma sən də pis demədin ha. Gözlərinin içinə baxa-baxa "səni öldürərəm" dedin. Mürvətin bu zarafatı onların üzündə bir az gülüş yarada bildi.
Hər şey geridə qalsa da sızıltılar hələ də yaşayır deyə Əhməd qardaşına baxıb başını sambadı.
Heç kim dinmirdi aralığa sükut dolmuşdu. Bu süküt heykələ döndü. Sanki tən ortada böyük bir "sükut heykəli" yarandı. Hamı fikirli idi. Hərə ürəyində o gecənin xatirələri ilə baş-başa idi. Daha sual verməyə çəkinirdim. Bundan da ağır cəzaların olduğunu bilirdim. Ancaq yaxşı ki, mənə sual verməyə ehtiyac qalmadı. Mürvət siqaretini tüsdülədərək dilləndi:
-səhərə yaxın meşədən yaralıları, ağır vəziyyətdə olanları, don atmışların hamısını yığıb gətirdilər. Onları da biz olan otağa doldurdular. Otaq balaca olduğundan, artıq seçim etməyə başladılar. Cavan göyçək bacı-analarımıza nalayiq hərəkətlər eləməyə başladılar. Bu alçaq hərəkətləri onların doğmalarının yanında edirdilər. Heç kim də bu hərəkətləri götürmürdü. Yadımdadır ki, orda Müşfiq adlı oğlan vardı, onun yanında əl atdılar ki, gəlinlərin sırğalarını qulağından çkib çıxardalar. Müşfiq müqavimət göstərmişdi, ermənin üzünə tüpürmüşdü. Onlar Müşfiqi çox pis günə qoydular, tanınmaz hala saldılar. Bunu bizim gözümüzün qabağında edirdilər ki, biz çəkinək, qorxaq. Sonra qadınlarımızın başına daha da pis oyunlar açdılar. Onlar bizim yanımızda narkotik qəbul edirdilər, tüstüsün qadınların üzərinə üfürürdülər. Gülürdülər, həzz alırdılar. Bizi ələ salırdılar. Avtomatla divarlara vururdular, qığılcımlı qumlar üstümüzə tökülürdü. Qadınların fəryadını ömrüm boyu unuda bilmərəm. Kim səsini çıxardırdısa aparıb pis işgəncələr verirdilər: dişlərin çəkirdilər, qolların qapının arasında qoyub qırırıdılar. Olmazın işgəncələrin verirdilər ki, o birilərinə dərs olsun.
Bayaqdan gözüm Valehdə qalmışdı. O heç dinmirdi. Başını aşağı salıb sakitcə danışanları dinləyirdi. Gözləri hey dolub boşalırdı. Dodağının titrəməsi gözümdən yayınmadı. Üzümü ona tutub sizin bizə danışmaq istədikləriniz yoxdurmu?-dedim.
Var bala, var deyə ağır-ağır dilləndi. Mən camaatı çaydan keçirdim, amma öz həyat yoldaşımı xilas edə bilmədim. Erməni gülləsi həyat yoldaşıma dəydi. Bir müddət onun yanında oturdum, ayaqlarım getmirdi. Camaat mənə yalvarırdı ki, qalmayım. Amma həyat yoldaşımdan ayrılmaq istəmirdim, onunla haqq dünyasına qovuşmaq istəyirdim. Qaraqayaya cəmi 300-400 metr qalmışdı, sonra Ağdamın Şelli kəndi idi. Hər yeri duman içində görürdüm. Bu zaman erməni əsgəri mənə “dayan” dedi. Ölüm mənim məqsədim idi və onun üzərinə yeridim. Qismətdən Ermənin avtomatının darağında güllə qalmamışdı. Mən onun üzərinə yeriyəndə arxaya çəkilib darağı dəyişmək istədi. Onu yerə yıxıb vurmağa başladım və bu zaman məni arxadan avtomatın qundağı ilə vurdular. Huşumu itirdim. Əsirlikdə ilk gün məni o qədər döydülər ki, artıq yaşamaq haqqında düşünmürdüm. Bizi qıfıllı bir yerə saldılar. Bir-iki saat orada qalandan sonra bir neçə nəfər cavanı seçib apardılar. Məni dairəyə aldılar. Qəflətən stol qılçaları ilə başladılar döyməyə, o qədər döyüblər ki, huşum gedib və gözümü açanda özümü kamerada gördüm. Nə qədər etdim bədənimi tərpədə bilmədim. Hər gün gəlib kamerada bizi huşumuzu itirənədək döyürdülər. Adımızı “ölümə məhkumlar” qoymuşdular. Bir gün də bizi o qədər döydülər, ölmüş bilib gətirib üst-üstə yığdılar.
Qadınların dırnaqların çıxartmışdılar. Biz girovluqdan qaytarılanda heç bir qadının ayağında ayaqqabı yox idi. Qarda, çovğunda onlar ayaqyalın donurdular. Çoxunun ayağı donmuşdu deye yeriyə bilmirdilr. Bizim özümüzün qabağında erməni dığaları qızlarımıza tcavüz edirdilr. Bundan ağır cəza yox idi bizim üçün.
Mehdi ayağa qalxaraq pəncərəyə yaxınlaşıb bayıra baxdı. İndi təbiət sakitləşib. Daha fırtına qoparmır -dedi. Elə bil o vaxt təbiət də bizə rəhm etmirdi. Biz bir həftə meşədə qarlı havada yol gəldik. Aclığa tab gətirə bilmirdik. Onlar bizi girov götürdülər, çox əziyyət verdilər. Qaranlıq bir yerə apardılar. Babamı iki erməni döydü, gözlərimizin qarşısında ağılasığmaz zülümlər verirdilər.
Sənubər onun sözünə qüvvət verərək: biz meşədən keçib Ağdam tərəfə qaçarkən pusquya düşdük. Orda saysız-hesabsız cəsədlər gördüm. Anamı gözümün qabağında güllələdilər, qızlarım Sevinc və Hicran yaralandı. Mənim özümə də güllə dəydi. Cavan qadınlar və uşaqlar qarın içində çırpınaraq can ver.... Sənubər sözünü tamamlaya bilmədi, onun gözləri doldu. Canan ona təsəlli verərək: Mənim də oğlumu güllələdilər. Körpəmin on altı yaşı vardı. İki əkiz uşağı olan iyirmi üç yaşlı qızımı və on səkkiz yaşlı hamilə olan o biri qızımı girov götürdülər. Bəs onda mən nə edim? İnanın yaşamaq mənə haramdır. Canan balaları üçün dil deyib ağlayırdı. Ona su verib bir təhər sakitləşdirdilər.
Səriyyə əli ilə gözünün yaşını silərək bizi erməni qəbiristanlığına gətirdilər. Dörd nəfər cavan mesxeti türkünün, üç nəfər də azərbaycanlının bir erməni yaraqlısının qəbrinin üstündə başlarını bədənlərindən ayırdılar. Gözümüz nələr görmədi ki. Qansızlar uşaqlara valideynlərinin gözləri qabağında işgəncə verib öldürdülər. Dözülməz idi. Hərdən düşünürəm ki, biz yəqin insan deyilik, daşdan yaranmışıq ki, elə dəhşətlərə dözə bilmişik. Cəsədləri buldozerlərlə kürüyüb dərəyə tökdülər. Əyinlərində milli ordunun forması olan iki azərbaycanlının gözlərini vintaçanla oydular. Hər gün ancaq bir şey düşünürəm tez ölsəydim balalarıma qovuşardım. Allah onu da mənə çox görür. Daha bacarmıram. Şahin əsəbləri gərilmiş halda bacarmalıyıq..dözməliyik...qisasımızı alana qədər dözməliyik deyə bağırırdı.
Bir an düşündüm ki, mən bunların nahaq yaralarını təzələdim. Qaysaq bağlamış yaralarının qətməyini qopardım.
Şahin yenə uca səslə Naxçıvanik kəndi (Xocalı) yaxınlığında səksənə yaxın meyit gördüm. Meyitlər qorxulu vəziyyətə salınmışdı, başları kəsilmişdi. Polis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasındaydı. Adam meyidlərə baxanda dəli olurdu. Bu müharibə deyildi! Tüpürüm belə müharibəyə..Bizim yiyəmiz yoxiydi. Yazıq millət qırıldı, təhqir oldu...alçaldı.
Zaman yaralarımızı sağaltmadı qardaş, deyə Cəlil ayağa qalxdı. Ermənilər gözümün qarşısında həyat yoldaşım Füruzəni, oğlum Muğanı, qızım Simuzəri və gəlinim Südabəni güllələdilər. Döz deyənlərdən soruşmaq istəyirəm necə dözüm? Yol göstərin necə dözüm axı?
İlahi, mən nə böyük səhv etdim. Bunların vahiməli, faciəli gecələrini geri qaytardım! Həmin günü onlara sanki yenidən yaşatdım. Bu insanların gözünün içinə baxmağa cəsarətim catmır. Özümü günahkar sayıram. Bilirəm ki, günahkar mən deyiləm. Ancaq yenə də biz günahkarıq bunların qarşısında illərdi əlimizdən bir şey gəlmir. Kübra da aram-aram dərdini anlatmağa başladı: Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşdük, həyat yoldaşımı və oğlumu gözləriminin önünüdə güllələdilər. Heç kimə-qocalara, qadınlara, uşaqlara, hətta südəmər körpələrə belə rəhm etmirdilər. Çox adamı qapıları bağlayıb, öz evlərinin içindəcə yandırırdılar. O, dəhşətli gecədə diri-diri yandırılmış insan ətinin dəhşətli iyi hələdə burnumdan getməyib. Ömrümün sonuna qədər ət yemərəm. Qızların, gəlinlərin qarnını deşir, süngüləyir, qocaların, cavanları gözlərini çıxardır, dərisini soyurdular. O iki əlini göyə qaldıraraq Allah bu qanı niyə yerdə qoyursan? Niyə günahsız körpələri süngüyə keçirən mundarlara görk etmirsən? balamı istəyirəm..bircə dəfə balamı qoxlamaq istəyirəm.
Mən də sən dərdliyəm ay Kübra deyə Xəzəngül onun səsinə səs verdi. Ailəmi bütünlüklə girov götürdülər. Ermənilər anamı, yeddi yaşlı bacımı və xalamı güllələyib, atamı isə benzin tökərək yandırdılar. Tarix hələ belə vəhşilik, belə dəhşət görməmişdi. Bunları dillə demək mümkün deyil. Bütün bunları edərkən heç çəkinmirdilər, rəhm eləmirdilər. Axı bu insanlar onlara nə eləmişdi?! Onların günahı nə idi ki, öz yurd-yuvasından didərgin düşmüşdülər ?! Kübra-Gözümüz nələr gördü Allah! Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələdilər. Allah amansız işgəncələrlə bizə necə əzab yaşatdılar. Meyidlərin qulaqlarını və digər orqanlarını kəsirdilər, gözlərini çıxardırdılar, hissələrə bölürdülər, bu vəhşilikləri gözlərimiz önündə edirdilər. Bizə olmazın əzabını verdilər. Səidə bayaqdan bəri deyilənləri yalnız başı ilə təsdiqləyirdi. Qəfil xırıltılı səslə biz də on iki nəfər girov götürüldük. Mənim də dərdim çox ağırdır. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürdülər. Səidə bundan artıq söz deyə bilmədi. Nəmli gözlərimlə onların solğun, yorğun bənizlərinə göz gəzdirdim. Hamısı illərin yorğunu, illərin vaxtsız qocalmışları idilər. Saçları bəyaz qar kimi idi. Heç biri ağarmış saçlarına həna yaxmamışdılar. Görünür bir ömür boyu yas içində qalıblar. Təkcə gözlərində qığılcım alov vardı. Danışdıqca nifrət püskürürdü ağızlarından. İlqar boğunuq səslə Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə "silos" quyusuna töküb, üzərini torpaqladılar. Ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular. Kənd qan gölünə dönmüşdü. Mənimlə birlikdə yüzdən artıq Qaradağlı girov götürülmüşdü. Yolda bizə dəhşətli işgəncələr verdilər. Gözümüzün qabağında iki nəfərin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndinə gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə on iki nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu bizi təhqir edirdilər. Xankəndində yerləşən həbsxanada səkkiz Qaradağlı sakini acından ölmüşdü. Bizə Allahın bir qurtum suyunu vermirdilər. Günlərlə susuz qalırdıq. İnsan necə qəddar olarmış? Axı onlar bizdən nə pislik görmüşdilər? Biz niyə ölümə məhkum olmuşuq?
Mən onun sualına cavab verə bilmədim. İki əlimlə qulaqlarımı tutdum. Sözlər qulağımda təkrarlanırdı. Daha heç nə eşitmək istəmirdim. Bu eşitdiklərim məni həyatdan qoparmişdi. İndi özümü ölü kimi hiss edirəm...