Əziz qardaşım İntiqam bəy!
Çox gənc bir tələbəm bu günlərdə məni yaxşı mənada təəccübləndirdi (17 yaşı var). I kurs tələbəsidir, kino rejissorluğu ixtisası üzrə təhsil alır. Dinlədiyim yazılarında bir şəxsiyyət əlamətləri gördüm sanki. Bizim təcrübəmizdə də onun metaforik düşünmək qabiliyyəti hiss olunur.
Hər halda, ona bir az vaxt ayır, qəbul et, yazıları ilə tanış ol. Əgər yanılıramsa, qınama. Yanılmıramsa...
Qardaşın Oktay Mirqasım
HƏR ŞEY BİTSİN
Hər şey bitsin...
Zaman dursun, boz insanlar birdən-birə yox olsunlar.
Hər şey uçsun...
Qanadlansın həm balıqlar, həm yosunlar.
Hər şey bitsin...
Görünməyən "saf" vicdanlar qutularla yandırılsın,
Sussun həyat, biri bizi dayandırsın.
Hər şey bitsin...
Şirin xəyal, şirin yuxu zəhər olsun.
Danışmayaq...
Atlar ölsün, əldə qalan yəhər olsun.
Hər şey bitsin...
Saf xoşbəxtlik dünyamıza yayılmasın.
Ümid sönsün...
İnsan yatsın, o bir daha ayılmasın.
Hər şey bitsin...
Çirkli ruhlar günahlarla öyünməsin.
İstəyirəm...
Ürəyimiz bir də heç vaxt döyünməsin.
BİTDİ
Hər şey başlamadan bitdi...
İnancların kölgəsində quruldu arx...
Ölür bədən, hıçqırır ruh,
Dayanmadan fırlanır çarx...
Ümid, parlamadan bitdi...
Boz dünyadan xəbər çatdı mələklərə...
Silah dinir, susur Tanrı,
Qaranlıqda qan sıçradı bələklərə...
Zaman, dayanmadan bitdi...
Sualların tilsiminə qapıldı ruh...
Milyon həkim axtarırdı,
Birdən qəlbdə tapıldı qan...
Yuxu, oyanmadan bitdi...
Toz bağlayan şəkillərin boz ahəngi...
Günah hər yerə yayılıb,
Rahibənin yalanında kilsə zəngi...
Oyun, qurulmadan bitdi...
Cadugərin daxmasında yatır mələk...
Qanadları isti suda qaynadılır,
Saçlarına dəyir külək...
Hədəf, vurulmadan bitdi...
Böyük oxlar sancıldılar bir ürəyə...
Artıq uçmaq vaxtı çatıb,
Bir cüt qanad, bağlanıbdır bir kürəyə...
BƏLKƏ DƏ
Bəlkə də, ümiddir aldığım nəfəs,
Ümidi itirmək sonuncu yoldur.
Yaşamaq istəsəm, yaransa həvəs,
O zaman ruhumu qəlbinə doldur.
Bəlkə də, zəhərdir sonuncu badəm,
Bunu bilə-bilə içmək - dəlilik.
Həvva eyni yolda yanında Adəm,
Mənəvi cəhətdən bizlər əlilik.
Bəlkə də, lazımdır yeni bir hədəf,
Cəsarət toplanıb damarlarda güc.
Qalibə mükafat rəngli bir sədəf,
Məğluba son cəza boğaza ülgüc.
Bəlkə də, yaşamaq fərqli əziyyət,
Bu melodrama sonuncu bölüm.
Otaqda yaranıb qorxunc vəziyyət,
Artıq getməliyəm - gözləyir ölüm.