XAQANİ ŞİRVANİ
(1126-1199)
* * *
Canım nə qədər var, mənə canan, sən olarsan,
Candan da əziz olsa bir insan, sən olarsan.
Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,
Bundan sora da canım üçün can sən olarsan.
Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,
Hər dərdim olarsa, ona dərman sən olarsan.
Könlüm necə istərsə, elə ver mənə fərman,
Ömrüm nə qədər var, mənə soltan sən olarsan.
Eylərsən əgər şərhini iman ilə küfrün, –
Baş hərflə sərlövhəyi-divan sən olarsan.
Xaqani nədir? Gəlsən əgər ey gözü şəhla!
Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.
Farscadan təırcümə edəni M.Soltan
İMADƏDDİN NƏSİMİ
(1369-1417)
* * *
Düşdü yenə dəli könül gözlərinin xəyalinə,
Kİm nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alını gör nə al edər kimsə irişməz alinə!
Qiymətini dodağının dəgmə xəsisə sorma kim,
Mən bilirəm ki, can ilə susamışam zülalinə.
Gözlərinə əsir olan könlümün halını bilir,
Kim ki, bu halə düşmədi qoy var kəndi halinə.
Sirrini şol qara bənin yanaği şərh edər, vəli,
Can nola gər fəda ola yanağınavü xalinə.
Dadlı sözündən utanır, abi-həyat məhv olur,
Gül və şəkər nə nəsnədir, kim irişə məqalinə.
Hüsnü cəmalü surətin məclisi bərkəmalıdır,
Şərhü bəyanü vəsf ilə əql iriməz kəmalinə.
Üzünü, qaşını, görən qarşubə-qarşu gözbəgöz
Sanma ki, baxa ol göyün bədrinə, ya hilalinə.
Ay ilə gün sücud edər, surətini göricəgəz,
Bu nə cəmalü hüsn olur, səllü əla cəmalinə!
Buldu Nəsimi çün səni, keçdi qamüdən ey sənəm,
Qoydu hərirü ətləsi, girdi əbavü şalinə.
ƏLİŞİR NƏVAİ
(1441-1501)
* * *
Canım üzsülür hicr ilə canan gərəkdir,
Könlüm alışır dərd ilə dərman gərəkdir.
Bu qəm gecəsi aşiqi-pərvanəyəm ancaq,
Başımda mənim şəmi şəbistan gərəkdir.
Qəmzən xoş olur gönlümə, ey işvəli dilbər,
Ah, oxlarına bir neçə peykan gərəkdir.
Eşqin gecə-gündüz məni yandırdı içərdən,
Eşq əhli, Nəvai yana pünhan gərəkdir.
* * *
Yar getdi gönüldə onun bir nazı qalıbdır,
Ancaq ki, qulağım dolu avazı qalıbdır.
Göz evini göz yaşları yıxdı bu gün, ey dil,
Yerində onun qəmli xərabası qalıbdır.
Gönlüm quşu sünbül saçının toruna düşmüş,
Bülbül kimi hər gül sarı avazı qalıbdır.
Gül fəsli o quş hansı yana meyl eləmiş ki,
Bağ içrə fəqət sərvi-sərəfrazı qalıbdır.
Gəl qəm yemə sən yar sitəmindən ki, Nəvai
Ömrün çoxu sevdaya keçib, azı qalıbdır.
* * *
Hansı bir çöhrə ki, meyl etsin ona xəstə könül,
Hansı bir zülf ki, olsun ona vabəstə könül.
Qüssə dırnağı ilə yaralayıb hər tərəfin,
Nəqş edər əymə qaşın şəklini qəlb üstə könül.
Qan demə gül yanağın şövqünə, gül, lalə dərər.
Dərd bağından tutur lalə, gülü dəstə könül.
Könül azad deyilsə, qəm yemə, şeyx saqın,
Çünki azadəliyi görmədi heç kəsdə könül.
Zülmdən canə gəlib atsa Nəvai eşqi,
Yalvarıb söyləyəcək atma gəl ahəstə, könül.
Çevirəni: Nigar Rəfibəyli