* * *
Hər yer səfalı, nəşəli, hər şey tərəbnisar...
Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Dağlar çiçəklə süslənərək səbzü dilgüşa...
Quşlar ötər, sular aqıb ətrafa gül saçar.
Seyr eylədikcə bən şu gözəl kainatı, həp
Ruhum uçar, uçar əbədi bir səfa duyar.
Cənnət qədər bu mənzərə möcüznüma...fəqət
Həp bisəmər, deyilsə nəsibim visali-yar.
Didari-yar, iştə odur cənnətim bənim;
İnsan olan cihanda nasıl sevgisiz yaşar!?
Həp sevgidir gözəlliyi insanə sevdirən,
Məhrumi-eşq olunca gözəllik də can sıqar.
Dünyada varsa devləti-cavid o, eşqdir;
Olmaz sevib-sevilməyən ömründə bəxtiyar.
HÜSEYN CAVİD
* * *
Novbahar oldu, günəş şölələnib nur saçır,
Qar ərir, sellər axır, ot göyərir səhradə.
Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,
Gül budağına qonub nəğmə oxur azadə.
Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan,
Sərbəsər xələti-ətləslə bəzənmiş gülşən,
Bu nə qüdrət ki, ona olmamaq olmaz heyran!
Xaliqin qüdrəti-bihəddinəəhsən, əhsən!
Ah, yellər nə həzin, fikr elə, san ney çalınır,
Hanı bəs qışdakı evlər uçuran qüdrətiniz?
İndi gör əsməyinizdən nə gözəl zövq alınır!
Unudulmuş o sudan qar yaradan hiddətiniz.
Bağa bax, bostana bax, bağçaya bax, gülləri gör,
Gülü gör, bülbülü gör, zövq apar dünyadən.
Xaliqin qüdrətini bil, bu yaranmışları gör,
Yatma, dur bax, götür əl qəfləti-bipərvadən!
CƏFƏR CABBARLI
* * *
Sevin ey çöl, ey orman,
Artıq dəyişdi zaman;
Yox oldu qış, boran, qar,
Qonaq gəldi şən bahar.
Açdı yaşıl bir süfrə,
Şənlik çökdü çöllərə.
Göyərmiş göy səməni,
Səsi basmış ölkəni.
Abdulla Şaiq
* * *
Əs, ey ətirli dan yeli,
Könülaçan bahar gəlir.
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.
Bulud, gecikmə, düş yola,
Çəmənləri süpür, sula,
Səadət ilə qol-qola
Könülaçan nigar gəlir.
Məhəbbətin çırağıdır,
Yeri könül bucağıdır.
Sıxıntı, dərdi dağıdır,
Elə, günə dutar gəlir.
Günəşlə vermiş əl-ələ,
Üzü şəfəq saçır gülə,
Görüncə hüsnünü elə,
Sevinc gəlir, vüqar gəlir.
Baxın qanadlanan göyə,
Qaranquşa, qaz, ördəyə,
-Vətən, Vətən, Vətən, - deyə
Yenə qatar-qatar gəlir.
Əs, ey ətirli dan yeli,
Könülaçan bahar gəlir.
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.
Bulud, gecikmə, düş yola,
Çəmənləri süpür, sula,
Səadət ilə qol-qola
Könülaçan nigar gəlir.
Məhəbbətin çırağıdır,
Yeri könül bucağıdır.
Sıxıntı, dərdi dağıdır,
Elə, günə dutar gəlir.
Günəşlə vermiş əl-ələ,
Üzü şəfəq saçır gülə,
Görüncə hüsnünü elə,
Sevinc gəlir, vüqar gəlir.
Baxın qanadlanan göyə,
Qaranquşa, qaz, ördəyə,
-Vətən, Vətən, Vətən, - deyə
Yenə qatar-qatar gəlir.
ABDULLA ŞAİQ