Uzun illərdir günəşin sönəcəyi barədə söhbətlər gedir, hətta bəzi alimlər vaxt da təyin edirlər, iki yüz il, üç yüz il sonra günəş sönəcək… Digər alimlər isə bunu inkar edirlər, bəyan edirlər ki, günəş heç vaxt sönməyəcək, çünki günəşin həyatı onun yanmağındadı. Alov onun zatıdı, cövhəridi.
Mən bir günəşəm, yerdə əyandır ləməatım,
Şeyrimdə parıldar duruyor çöhreyi zatım.
Eyb eyləmə gər keçsə də fəqr ilə həyatım,
Kim olduğumu bildirəcək çünki məmatım,
Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,
Lakin gözümü dəsti-əcəl bağlayacaqdır…
Bu sözlər isə Azərbaycanın əvəzolunmaz şairi Məhəmməd Hadiyə məxsusdur. Bəndin ümumi məzmunu belədir ki, mən günəşəm və yerdə parıltılarım əyan olur, zatımın çöhrəsi şeirimdə parıldayır, mənim həyatımın fəqirliklə keçməsinə fikir vermə, çünki kimliyimi ölümüm bəyan edəcək, əcəlin əlləri mənim gözlərimi bağlayacaq və ölümümün səhəri bu xalq ağlayacaqdır…
Əlbəttə ki, şeirin mahiyyətini hiss etməkçün bəndlərdəki fikirləri sadəcə nəsrə çevirmək kifayət etmir, əsərin bütün gücü onun səslənişində, onun poetik ab-havasındadır. Və Məhəmməd Hadi şeirinin poetikası onun gurultusunda, hayqırtısındadır.
Özünə günəş deyir Məhəmməd Hadi… Əlbəttə ki, günəş əbədiyyətə işarədir. Eyni zamanda burda bir illüziya da var. Hər axşam bizə elə gəlir ki, günəş ölür, batır, yox olur… Qaranlıqlar dünyaya hakim kəsilir, lakin qısa müddətdən sonra yenidən doğur, yenidən dünyanı işığa qərq edir. Məhəmməd Hadinin özünə Günəş deməsi də bu səbəbdəndir. O çox gözəl bilirdi ki, ölüm, ya müvəqqəti unudulmaq onun ədəbi yoxluğu demək deyil. Növbəti səhərlərdə o, yenə də bütün əzəməti və qüdrəti ilə zühur edəcək…
Xalq şairi Sabir Rüstəmxanlının yeni yazdığı «Şair və Şər» kitabı da əslində Məhəmməd Hadinin növbəti zühurlarından biridir.
İyirmi birinci əsrin az qala ortalarına yaxınlaşırıq. Məhəmməd Hadinin ölümündən yüz ilə yaxın vaxt keçir, lakin indi də onun obrazı, şəxsiyyəti bizim xalqın ziyalılarını düşündürür, onun içindəki titanik energetika bizə qəribə daxili enerji verir.
Sabir Rüstəmxanlının bu kitabı Məhəmməd Hadi şəxsiyyətini artıq iyirmi birinci əsrin ortalarının insanlarına , ələlxüsus da gənclərinə yenidən təqdim etmək , yenidən canlandırmaq cəhdidir. Və əsl zamanında edilmiş uğurlu bir cəhddir.
Xalq şairi bundan əvvəlki nəsr kitablarında da xalqımızın gələcək inkişafı, milli özünüdərki üçün vacib hesab elədiyi şəxsiyyətlərin həyatını yenidən canlandırıb, gələcək nəsillər üçün yenidən dirildib. İstər Cavad xan olsun, istər Əhməd bəy Ağaoğlu, istərsə də bu günlərdə oxuculara təqdim olunan kitabındakı Məhəmməd Hadi… Bu şəxsiyyətlərin hər biri Azərbaycan xalqının milli şüurunun inkişafı üçün əvəzsiz rolu ola biləcək şəxsiyyətlər, tarixi obrazlardır.
Oktyabrın 15-də Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimatda iştirak edən qonaqlar da məhz bu detalı daha çox vurğulayırdılar. Bəli, Sabir Rüstəmxanlı bütün əsərlərində olduğu kimi bu romanda da, məhz vətəndaş movqeyindən çıxış edir, xalqın milli düşüncəsini yüksəltməyə, saflaşdırmağa çalışır…
Tədbirdə iştirak edən xalq yazıçıları Anar da, Çingiz Abdullayev də, xalqımızın tanınmış ziyalıları , qələm sahibləri – Vaqif Bəhmənli, Qəzənfər Paşayev, Mustafa Çəmənli və başqaları da öz çıxışlarında məhz bu detalı təkrar-təkrar qeyd ediblər, onun yaradıcılığının və şəxsiyyətinin bütövlüyünü vurğulayıblar…
Romanın ən maraqlı cəhəti odur ki,burda Məhəmməd Hadinin həyatı sadəcə bioqrafik xronika üslubunda verilməyib. Yazıçı həm dövrün spesefik xüsusiyyətlərini, həm ictimai hadisələrin kölgədə qalan tərəflərini, həm də xalqımızın üzləşdiyi siyasi çətinlikləri şairin taleyi fonunda yüksək səviyyədə təsvir edir.
Sayca yeddinci irihəcmli əsəri olan «Şair və şər» romanının işıq üzü görməsi münasibətiylə Sabir Rüstəmxanlıya deyilən bütün təbriklərə biz də Azyb.az saytı adından qoşuluruq və kitabdan bir fraqmenti saytımızın oxucularına təqdim edirik.
DƏRVİŞ
Bir dün dostu Şövqü bazar ayağında qəfildən qabağına çıxmış və əlindən tutub meydana doğru dartmışdı:
- Gəl-gəl, dərvişə qulaq asmağa gedək!
- Sən də iş tapmısan özünə! – Məhəmməd hirslənmişdi:- Dərviş hayındayam mən?
"Dərvişin gəlməsi də qaranquşun gəlməsi kimidir! - deyirdi bazar yoluyla üzü yuxarı qalxan orta yaşlı bir kişi. - "Bir də görürsən qəfildən uçub gəlir, dimdiyində bir zərrə palçıq, tavana qonub üstən aşağı baxır, darı boyda gözlərində sual:
"Olar yuvamı sənin eyvanında qurum, bu il birgə yaşayaq?"
Səsin çıxmırsa və ya altdan yuxarı tolazlanıb onu qovmursansa, bunu sənin razılığın sayır və başlayır rəhmətlik memar Zivərbəyovun binalarından daha çətin hörgü işinə..."
"Bu əndrəbadi bənzətmələr hardan gəlir ağlma? Dərviş qaranquş kimi yaz ağzı gəlməz, qışdan çıxan camaat ona qulaq asmaz, əkin-biçinin sonunu gözlər. Gərək evlərdə ruzu olsun ki, söz dinləməyə hövsələ çatsın. Həm də dərviş qaranquş qədər etibarlı deyil, bu il biri gəlir, gələn il başqası..." - Bunu deyən onunla yanaşı addımlayan yaşıdıydı.
Günəş Sarılıq dağı tərəfdən örkən boyu dikəlmişdi. Masmavi göydə zülfün bir teli qədər bulud görünmür, şəhərin üstündən bürkülü günlərin cansıxıcı ilğımı çəkilmiş, səma dağ çaylarının sularına bənzər dərin, ürəyə rahatlıq gətirən lacivərd bir rəngə boyanmışdı. İnsan ruhunu sonsuzluğa qanadlandıran bir havaydı. Ağacdan-quşa, küləkdən-yağışa hər şeyə bir ilham gəlmişdi, hər kəsin içindən bir söz bulağı qaynayırdı. Belə vaxtlarda dərvişə, aşığa nə ehtiyac? Ancaq onlar da söhbətlərinin nə zaman tutduğunu bilirlər. Həm də yayın ağır zəhmətindən sonra söz deyib, söz eşitmək, bir yerə toplaşmaq, əylənmək də yemək-içmək və ya bazar alış-verişi kimi ehtiyaca çevrilir. Şamaxı sözün xiridarıdır, belə şeyləri sevir.
Dərviş ortaya kəşkül-filan qoymamışdı. Meydanın qırağındakı səkinin üstündə oturmuş və başınatoplaşanları görmürmüşcəsinə gözəl bir səslə oxuyurdu. Başındakı külahın altından çiyninə tökülən uzun saçları, uzun arxalığı, əlindəki əsa olmasa dərvişliyi bilinməzdi. Külli Qarabağın və Şirvanın oxuyanları onun səsindəki təmizliyə və ürəyi yerindən oynadan məlahətə həsəd aparardı.
Oxumağına ara verəndə də sözü bitmirdi:
"İstəyimiz insanın batinini bəzəməkdir. Mövlaya aparan yolları işıqlandırmaq, kamillərin kamil sözünü yaymaqdır! Təriqət yoldur, biz də yol adamı! Dilaçmaq deyil bizim işimiz, insanların bəsirət gözlərini açmaqdır. Ürək qapılarını çalmaq, ilahiyə qovuşduran yollara bələdçilik etmək! Dərvişin ilahisi də, nəfəsi də, tapuğu da, durağı da, cumhuru da böyük yaradana bağlıdır..."
Toplaşanlardan kimsə onun sözünü kəsdi.
"Ağa dərviş, sən Başarilərdənsən, yoxsa Bişarilərdən?"
Dərviş gözünün qıyıyla soru sorana baxdı, halını pozmadan, əvvəlki ahənglə dedi:
"Qardaşoğlu, o sözdə ki farsın "bi"-si var, məsələn bihəya, biiman, biidrak, bimərifət, bivicdan, o sözlər bizdən uzaqdır. Kəramət əhli inkarçılığı sevməz!.. Haqqa gedən yol insanın elmindən və batini zənginliyindən keçər. Yolla şəriət bir-birini inkar eləmir. Bizim yolumuz dünyanı eşqlə bəzəyənlərin yoludur... Bu yolun dəvəsi, karvanı, sarvanı, yükü sözdür... Sözü duymadan cahillikdən uzaqlaşmaq olmaz... Şəhərdən-şəhərə, eldən-elə bu yükü daşıyırıq. Dünya neməti bu gün var, sabah yox. Yedin-içdin, geyindin-kecindin, bitdi... Dünyagirlik Allah bəndəsinə yaraşmaz!.. Nazü-nemət insanın zahiri üçündür. Batindən xəbərsizlər uyar ona!"
Dinləyənlərin başının üstündən meşəli dağlara baxa-baxa danışır, sanki sinədən demir, dağların sinəsinə, ya da dağların üstündə yaşıla çalan göylərə yazılmış sirli sətirləri oxuyurdu. Daşdan yonulmuşa bənzər sifətini çalın-çarpaz dərin şırımlar örtmüşdü. Belələri haqqında deyirlər ki, başından bir ovuc darı töksən bircəsi yerə düşməz... Amma, deyəsən, bunu daha cox çopur adamlar haqqında deyirlər, bu çopur-filan deyildir. Özünə sanki dünyanın bütün dərdləri və sirləri yazılmışdır. Boylu-buxunlu kişidir, əl ağacının üstündə qoşalaşdırdığı əllərinin hər biri xırman şanası boydadır. Yoğun barmaqlarını üzünə çəkəndə bu qırışlar pərdə kimi bir tərəfə yığışır və altından qaramtıl, ancaq hələ qocalmamış və xoşbəxt bir üzün cizgiləri görünür. Sanki şum yerini malalayıb düzənləyirsən.
Hər məclisin havasına uyan dərviş olmaz. Dərvişlık bir ilahi eşq, qutsal irfan məktəbi olmaqla yanaşı, yer üzündə türklüyüyəni mərdlik, dürüstlük, halallıq, haqqa inam, düşmənə boyun əyməmək ruhunu yayan bir sakit barış ordusudur. Sözüylə-söhbətiylə insanla Tarix arasındakı körpüləri möhkəmləndirir. Arif adam onun söhbətindəki mübarizə və dirəniş havasını da asanca seçə bilər: "Allahın yaratdığı kainat mükəmməldir, orda bir çöp də mənasız deyil. Bu ilahi ahəng itsə, yer üzü cəhənnəmə dönər. Ey müsəlmanlar, bizim nizamımız pozuldu, öz sözümüz özümüzə acıq gəldi, birliyimizi itirdik, dünya nemətlərinə uyub haqq dünyasını unutduq, Allahı qoyub onun bəndəsinə boyun əydik, vətənimiz və millətimiz param-parça oldu... Zülmlə, əsarətlə, xalqın malını yeyənlərlə barışmaq Allah yanında günahdır, bütün bunların cəzası ağır olur..." Dərviş bu sözləri ilə elə bil Şirvan əhlinin həyatına güzgü tuturdu. Xalq "Cəzası ağır olur" sözünün təkcə axirət üçün yox, həm də bu günlə bağlı deyildiyini hiss edirdi. Ancaq nədən ibarət olacaq bu cəza? Baxın rusların özləri üçün açdıqları məktəblərə, görsün onlar necə yaşayır, biz necə yaşayırıq. Öz vətənimizdə yada çevrilməyimizdən ağır cəza olmaz ki!
Şamaxı qonağa öyrəncəlidi. Firəngistandan, Urusiyətdən tutmuş Çinə, Hindistana qədər harda bir zirək tacir və ya səyyah varsa, hökmən bir gün yolu buralara düşməlidir. Dərvişlər də onlar kimi... Elatın Pirsaat, Ağsu çayları boyu yaylaqdan endiyi vaxtlarda qəfildən şəhərdə peyda olar, küçə-bazarın əsas söhbət mövzusuna çevrilər, sonra da gəldikləri kimi qəfildən yoxa çıxardılar. Tək-tək, iki-iki... Onlar üçün fərqi yoxdu.. Hər biri saatlarla, yorulmadan camaatı əyləndirməyi, daha doğrusu düşündürməyi bacarır. Onlar da bu şəhərin dilində danışırlar, ancaq bu ayrı bir dildir, hər kəsin anladığı türkcə deyildir... Bu şəhərin tükü-tükdən seçən adamları onları anlamaqda çətinlik çəkirdilər. Örtülü mətləblərdən gizli rəmzlərlə danışırdılar... Dindən, təriqətdən - dünya elmlərinə qədər, bilmədikləri şey yoxdu...
"Müridlərimiz dərvişliyin tərifini veriblər. Bizim həddimiz nədir əlavə edək!"
Yerdən biri soruşdu:
"Sənin müridin kimdir, ağa dərviş?"
Dərviş sanki eşitmir bu sualı. Başqası maraqlandı:
"Səni bizim tərəflərdə görməmişik, Baba!"
Dərviş adamların başı üstündən baxdığı dağlarla danışır sanki:
"Dəyirmana un aparmazlar, bala. Hara gəldiyimizi bilməmək dərəcəsində cahil deyilik."
Kimsə söz atdı:
"O vaxtlar keçdi, dərviş baba! Bu şəhəri qısırlaşdırdılar..."
Dərvişin səsi ucalmışdı:
"Qısır sözü bu torpağa yaraşmaz! Min il sonra da burda höyuk insanlar doğulacaq. Ancaq onların qədri bilinməsə, didərgin düşsələr, bu dağlar fəlakət doğar... Xəlvətiyyə dərgahının piri-əvvəli Əbu Abdullah Siracəddin Ömər əl-Xəlvəti, onun müridi İzəddin Türkməni sizin iki addımlığınızdan, Havaxıldan dünyaya nur saçıblar."
Sözünün ünvanına çatmasından məmnun halda söhbətı kəsdi. Amma dinləyənlər bilirlər ki, susması hələ dərvişin məclisi qapatması deyil. Camaatın suallarından, atmacalarından pərt olana da oxşamır. Bir az nəfəs dərəndən sonra "Ya mövlam!" nidasıyla səsi ucaldı:
Səkkiz cənnət yapdın sən Adəm üçün,
Adın böyük, bağışlardın hər suçun,
Adəmi cənnətdən çıxartdın neçin,
Buğda, şana lazım, xırmançımısan ?
Bunlar şəhərin şeir məclislərində səslənən və anlaşılmaz ibarələrlə dolu mənzumələrindən fərqli, aydın sözlərdi və dinləyicilərin canına yağ kimi yayılır. Dərvişin gözündən belə şeylər yayınmaz. Meydan boyu gəzə-gəzə sözünü davam etdirir.
Qazanlarda qətranların qaynarmış,
Yer altında balıqların oynarmış,
On bu dünya qədər əjdahan varmış,
Şərbətmi satarsan, yalançımısan?
Bilirsən mən qulam, sən sultanımsan,
Qəlbdə zikrim, dildə tərcümanımsan,
Sən mənim canımda can mehmanımsan,
Könlümün yarısan, yabançımısan?..
"Mövlam" deyə-deyə Tanrıya gör necə içdən, ürəkdən müraciət edir qoca dərviş!.. Sanki bu boyda məclisdə Allahın dilini bilən, ona üz tutmaq haqqı olan tək odur... Hələ o nəzakət! Şirvan şairlərinə o sitayiş səviyyəsində bağlılıq... Amma görünür bu yetərli deyilmiş. Dayananların içindən bir səs cingildədi:
"Sağ ol, baba dərviş. Düz deyirsiniz, Şirvan dərvişləri də məşhurdur."
Yaşlı dərviş gözüylə səs sahibini axtaranda Məhəmməd dairəni yarıb bir addım irəli çıxmışdı.
"Bunu xatırlatmasaq, onların ruhu bizi bağışlamaz, ogul! Şirvan dərvişlik məktəbi bir dəryadır" - demişdi dərviş.
Məclisin diqqət kəsilib dinləməsi Məhəmmədə cəsarət vermişdi.
"Mən də bunu demək istəyirdim. Ancaq heç onların sözündən dilə gətirmədiniz..."
Ona elə gəlirdi ki, səsi bütün şəhərin üstündə dalğalanır, qədim qalada əks-səda verir.
"Görün nə deyir Şirvan dərvişi:
Həmdullah, irişib cananayəcan olmuşuz,
Sər verib meydani-eşqə girib üryan olmuşuz,
Qətreyi-naciz ikən dəryayi-ümman olmuşuz,
Fəxr edib dərvişliyi, aləmdə sultan olmuşuz,
Təkyeyi-fanidə bir kaç gün ki, mehman olmuşuz,
Dəviyi-xam etməriz, rayi-təəyyün bilmişuz,
Ey bəradər,eşq əsrarilə heyran olmuşuz,
Dermisən kim, dəhr piridən nəsihət almışuz,
Grişib feyzi-ilahi bizə, təslim olmuşuz."
Misralarda bir ümman ləngəri var və Məhəmməd bunu hiss elədiyindən sözləri dinləyənlərin hafizəsinə hopduraraq deyir. Meydana toplaşanlar az qala dərvişi unutmuşdular. Bu yeniyetmə təkcə dərvişlərə yox, onlara da eşitdirir bu sözləri, hər ağıllı adam ondan bir ibrət almalıdır, öz böyüklərinin qədrini bilməlidir.
Yaddaşında onlarla belə şeir var.
Və hərdən fikrində həmin şeirlərin ritminə uyğun sözlər qafiyələnir. Atası ömrünün sonunda o əhvalata işarə vurmuşdu.
***
Uçmuş divarların arasında oturub soyuq daşlara tamaşa eləməkdən yoruldu. Qalxıb ah-nalələr arasıyla irəliləyib yola çıxdı, ancaq indi buraya yol demək olmazdı. Daş-divar yolları da tutmuşdu. Uçuqların altından salamat çıxanlar da ələ keçən əşyalarını yola daşımışdılar. Sanki yol qayış kimi dartınıb üstündə yan-yana düzülmüş bu yorğan-döşəyi, qab-qacağı adamlarqarışıq dartıb uçqunların içindən çıxaracaqdı. Üzü yuxarı qəbiristana sarı getdi. Əsl vaveyla ordaydı. Tapılan meyidlər səhərdən daşınır və tələm-tələsik dəfn edilirdi. Zəlzələ qəbir daşlarının da çoxunu sındırmış, bəzilərini qonşu qəbirlərin üstünə aşırmışdı. Nənəsinin o qədər də hündür olmayan baş daşı yerindəydi...