GÖZLƏRİMİ YAŞ DÖYÜR
Gözlərimi yaş döyür,
Əksin çilik-çilikdir.
Ömrüm məni ağladan,
Məhv olmuş gündəlikdir.
Saçımı dərdlə yudum,
Ağı qarada qalıb.
Ürəyimdə yermi var,
Qəmlər davada qalıb.
Bir əlim göz yaşımda,
Sinəmdədi bir əlim.
Ayrılıq yolu kəsib,
Qoymur qəlbinə gəlim.
Uzaq, xoşbəxt sularda,
Bir yamyaşıl adasan.
Yaddaşımı göynədən,
Unudulmaz sədasan.
Ürək sirli bir otaq,
Səni əmanət qoydum.
Baş qoyub xatirənə,
İtən günləri saydım.
Mənsə tutqun buluddan
Damla-damla gəlirəm.
Gecələr yuxumdasan,
Səni sənsiz görürəm.
AY SARI ÜZÜKDÜR...
Ay sarı üzükdür, yuxun ağ örtük,
Oyat barmağını, üzükdən keçir.
Bəlkə də, bəxtindən Günəş boylana,
Köçür ayrılığı, özündən köçür…
Çəkmə saçlarına ağ əllərini,
Əlində saçının qarası qalar.
Uzaqda görünən ilğımlardımı?
Sökmə ulduzları, yarası qalar….
Yuxuna büründü, üşüməz axşam,
Aylı gecələrlə yatar xəyalın.
Səni axtarmağa qarışıb başım,
Birdən yaddaşımdan itər xəyalın.
Gözümdə çırpınan buludlar qəmdi,
Yoluma səpilən ağ yağışa bax!
Səni ki qəlbimdə qoyub gəlmişəm,
Bəs kimi gəzirəm? - Allah, huşa bax!
Səmadan asılıb ulduzlar göz-göz,
Yenə ürəyimi qaranlıq boğur.
Kirpiklər saxlamır göz yaşlarımı,
Yağır sənsizliyə, eləcə yağır...
Üstümə hər yandan gəlir ayrılıq,
Özüm də bilmirəm necə ağlayım?
Gündüz buludlardan göz yaşı alım,
Sənin həsrətini gecə ağlayım...
QAPISINDA
Oyaq idi şübhələr,
Gözdən qovdum birtəhər.
Kimsə vardı bu səhər,
Könlünün qapısında.
Səs təntisə, közdə bil,
Tələsən var, gözlə bir.
O od növbə gözləyir
Bu külün qapısında.
102 Poeziya
Dərd mənə məndən yaxın,
Danışmır, dərdə baxın!..
Əlimi möhkəm sıxın,
Ölümün qapısında.
QARAGİLƏ
Buludların yaşından,
Gözüm dolunca ələ.
Axşamı döy yağışla,
Rəngi solunca ələ,
Ələ, ay Qaragilə.
Səsini boğ könlündə,
Qıyma, yük olsun gülə.
Yuxunu çək gözünə,
Oyanar qara gilə,
Gilə, ay Qaragilə.
Səndən ayrılıq baxır,
Çək yaxanı, düymələ.
Sinəm açıq qalıbmış,
Qarışıb gecə külə,
Külə, ay Qaragilə.
Göyü qaranlıq kəsir,
Olmamışdı Göy belə.
Görməyim özgəsini,
Gözlərimə göy bələ,
Bələ, ay Qaragilə.
Ürəyim sənlə getdi,
Qayıtmaz, tutma dilə.
Həsrətin örtub izi,
Gəzirəm səni hələ,
Hələ, ay Qaragilə.
SÖYKƏNMİŞDİM
Keçdi Araz, Kür sözdən,
Əridi fikir sözdən.
Çilikləndi bir sözdən,
Ürəyə söykənmişdim.
Qəlbim, halın nə haldı?
İçdiyin dərd halaldı.
Poeziya 103
Bir tərəf qara qaldı,
Kölgəyə söykənmişdim.
Önümdə torpaq divar…
O heçliyə çoxmu var?
Başımı qatdı yoxlar,
Mən nəyə söykənmişdim?
TANRININDI
Bir hökmün içindəyəm,
Hər işim Tanrınındı.
Hissimə çevrə çəkən,
Vərdişim Tanrınındı.
Vaxtım harda əsirdi?
Yoxsa vaxtı kəsildi?
Məndə hansı fəsildi?
Yaddaşım Tanrınındı.
Hanı daşın, Göy hörən?
Mən gəlirəm, bir əylən…
Başım altda göyərən,
Bu daşım Tanrınındı.
Hər söz dilə möhtacdı,
Udur ömrü, yol acdı.
Gəlişimə yol açdı,
Gedişim Tanrınındı.
DİLƏ TUTUM BU SƏHƏRİN MEHİNİ
Dilə tutum bu səhərin mehini,
Desin kimdir o kəkliyin sirdaşı?
Bəndə düşüb pıçıltısı çəmənin,
Canım arı, çiçəklərə sirr daşı.
Qamçılandı buludların su bəxti,
Gözlərindən damcı-damcı su baxdı.
Göy qurşağı göy üzünə suvaqdı,
Suya batdı qayaların yaddaşı.
Quzeylərin gözə dəymir sazağı,
Geri döndüm, duman kəsdi qabağı.
Güzgü gəzən, darandığın bulağı,
Göy sinədə əldən saldı bir naşı.
104 Poeziya
Üzüm güldü, zirvələrdən qar baxdı,
Mürgü döyür çiçəklərin bar vaxtı.
Yaşıl budaq nişanlanmış barmaqdı,
Ağ çiçəklər üzüyünün ağ qaşı.
Şimşək döydü, çay səsində boğuldu,
Göy təpələr harayına yığıldı.
Sal daşa bax, sehrlənmiş nağıldı,
Xatirədir o yamacın o daşı…
ÇƏKDİ
Gözündə heyrət gördüm,
Nurdan şəhadət gördüm.
Nə gözəl surət gördüm,
Bu əcəl məni çəkdi.
Göy əridi istimə,
Can qarışdı tüstümə.
Torpaq tökdü üstümə,
Gözə gecəni çəkdi.
Dərd gəzir, dərddi ürək,
Kiməsə sərtdi ürək.
Qəmi gizlətdi ürək,
Üstə sinəmi çəkdi.
VARDI
Şair Musa Yaquba
Dolan oba-oba, gəz qarış-qarış,
Bu yerdə gözəllik dünyası vardı.
Ötür dərələrdə yaşıl nəğmələr,
Sözündə Qoşqarın havası vardı.
Düşüb qız başından bu çəmən-örpək,
Çəmənə səpilib bir qucaq çiçək,
Çiçəkdə közərir gör neçə ləçək,
Çiçəkdə baharın mənası vardı.
Bu səhər döyləri qana boyadı,
O bulud göylərdə itmiş cunadı,
Qaya naxışında bir eşqin adı,
Daşlarda kəkliyin xınası vardı.
Poeziya 105
Bitmir ildırımın göylə savaşı,
Savaşdan ağrıyır dağların başı,
Dağlarda bulağın çağlayan yaşı,
Bulaqda bir qızın aynası vardı.
Ağaca qol açır bu ana torpaq,
Torpağın ruhudur yamyaşıl budaq,
Budağın ömrünü yaşayır yarpaq,
Yarpaqda quşların nəğməsi vardı.
Bu yerdə gözəllik dünyası vardı.
DAĞLARIN
Getdim görüşünə, yaz səhəriydi,
Kövrəldi cığırı, yolu dağların.
Gözümdə yaş oldu güllərin şehi,
Qarışdı çaylara seli dağların.
Yenə yuxusundan oyandı tala,
Çiçəklər səpildi yamaca, yala.
Ovçunun günahı qıydı qartala,
Üzüldü yanaqdan xalı dağların.
O kimdi səsləyən eli, elatı,
Dodaqda zümzümə, dildə bayatı.
Enir dərələrə bir duman qatı,
Yoxsa sürüşübdü şalı dağların?
Cığırlar fikrimi aparır hara,
Qəlbim qonaq oldu qəmə, qübara.
Hər yarğan döşünə vurulan yara,
Qalıb sinəsində əli dağların.
Zirvə nur payıdı, çəmən bəxtəvər,
Suların dilində nəğmə göyərər.
Bir qız yanağında könlümü görər,
Toxunsa üzünə yeli dağların.
Qoşqarın ruhudu eşqin mayası,
Dərdimə dərmandı suyu, havası.
Baxdı, gülümsədi Qartal qayası,
Soruşdum, necədi halı dağların?
Bəxtin ağlığıdı zirvəsində qar,
Vuruldu hüsnünə neçə nəğməkar.
Saleh, yüz illərlə səni yaşadar,
Dolansa boynuna qolu dağların.