Köhnə ev nazik divarla iki mənzilə bölünmüşdü. Bu nazik divardan hər səs o biri üzə keçirdi. Biz tərəfdə Leonardlar, digərində isə Harqerlər yaşayırdılar.
Leonardlar ailəsi - ər, arvad, səkkiz yaşlı oğlanları - bu mənzilə təzəcə köçmüşdülər. Divarın çox nazik olduğunu bildiklərinə görə evdə astadan danışırdılar. İndi də ər-arvad asta səslə mübahisə edirdilər ki, Paulu axşam evdə tək qoyub bir yerə getmək olar, ya yox.
-Yavaş! Sus! - Paulun atası dedi.
-Mən qışqırırdım ki? - Paulun anası dedi.
-Əgər mən Harqerin butulkanın ağzından tıxacı çıxartdığını eşidirəmsə, deməli, o da sənin səsini aydın eşidə bilər.
-Mən heç nə demədim. Kiminsə dediyim sözləri eşitdiyini bilsəm utanaram,- xanım Leonard dedi.
-Sən Paulun hələ uşaq olduğunu dedin,- cənab Leonard dedi. -Sənin bu sözlərin həm məni, həm də Paulu pərt edir. - Biz Paulla uşaq kimi davranmağa da son qoymalıyıq. Biz onun əlini sıxmalı, evdən çıxıb kinoya getməliyik.
Sonra o, üzünü Paula tutdu:
-Oğlum, sən qorxmursan, eləmi?
-Mənə heç nə olmaz,- Paul dedi.
Paul yaşına görə çox hündür, arıq oğlan idi. Onda bir şirinlik, cazibə vardı.
- O, düz deyir, - atası dedi və Paulun arxasına yüngülcə vurdu.- Tək qalmaq əsl macəra olacaq sənin üçün.
-Əgər ona bir dayə tapsaydıq, bu macərada mən də özümü yaxşı hiss edərdim,- Paulun anası dedi.
-Əgər onu tək qoyub getmək səni çox narahat edirsə, onu da özümüzlə apara bilərik.
Xanım Leonard həyəcanlandı:
-Ah, yox, bu film uşaqlar üçün deyil.
-Mənim üçün fərq etməz,- Paul dedi.
-Bu filmə baxmaq onu öldürməz ki,- atası dedi.
-Axı sən bu filmin nədən bəhs etdiyini çox yaxşı bilirsən,- xanım Leonard dedi.
-Bu film nə haqqındadır?- Paul uşaq məsumluğuyla soruşdu.
Xanım Leonard ərinə baxdı, ancaq ərindən ona kömək olmadı.
-Bu, öz dostlarını axmaqcasına seçən bir qızdan bəhs edir,- anası dedi.
-Ah, bildim,- Paul dedi.- Heç də maraqlı deyil.
-Biz kinoya gedirik, yoxsa yox? - cənab Leonardo səbirsizliklə soruşdu.- On dəqiqədən sonra kino başlayır.
Xanım Leonardo dodağını dişlədi:
-Yaxşı,- o, cəsarətlə dedi. - Sən get pəncərələri və qapını bağla, mən də telefon nömrələrini yazıram, birdən polisə, yanğınsöndürənə, teatra, ya da həkim Faileyə zəng etməli olar.
- Əzizim, sən telefonla zəng edə bilirsən? - anası Pauldan soruşdu.
- O, bunu neçə ildir ki, bacarır,- cənab Leonard dedi.
-Sus! Yavaş! - xanım Leonard əlini dodağının üstünə qoyub dedi.
-Üzr istəyirəm,- cənab Leonard divara baş əyib dedi.- Üzrlü hesab et!
-Paul, əzizim, - xanım Leonard üzünü oğluna tutdu.- De görüm, biz gedəndən sonra sən nə işlə məşğul olacaqsan?
-Yəqin ki, mikroskopla baxacam.
-Sən mikroblara baxmayacaqsan, eləmi? - anası dedi.
-Yox! Tükə, qəndə, bibərə, belə şeylərə baxacam.
Anası razı halda ərinə baxıb dedi:
-Məncə, bu yaxşıdır, düz demirəm?
-Əla! - cənab Leonard dedi.- Ancaq bibər onu asqırtmasa yaxşıdır.
-Ehtiyatlı olacam,- Paul dedi.
Cənab Leonard dedi:
-Yavaş! Sus!
* * *
Paulun valideynləri gedəndən az sonra Harqerin mənzilindən radionun səsi gəldi. Əvvəlcə səs yavaş gəlirdi, o qədər yavaş ki, hətta qonaq otağında kofe stolu arxasında oturub mikroskopdan baxan Paul diktorun nə dediyini anlaya bilmirdi. Hansı musiqi çalındığını bilmək olmurdu.
Paul qadınla kişinin mübahisəsinə qulaq asmaqdansa musiqiyə qulaq asmağa can atırdı.
O, mikroskopun okulyarından tükə baxdı, sonra düyməni basıb tükü fokusa gətirdi. Tük indi parıltılı qəhvəyi ankvil balığa oxşayırdı.
Divarın o biri üzündə kişi ilə qadının səsi daha bərkdən gəlir, radionun səsini batırırdı. Paul əsəbiləşib mikroskopun düyməsini burdu, obyektiv linzalar tük olan şüşənin üstünü örtdü.
Qadın indi qışqırırdı.
Paul linzalara baxdı.
İndi də kişi qışqırırdı - dəhşətli, inanılmaz dərəcədə bərkdən.
Paul özünün yataq otağından linzanı silmək üçün əski götürdü və linzaların tozunu sildi. Sonra linzaları yerinə qoydu.
Qonşuluqda sakitlik idi - bircə radionun səsi gəlirdi.
Paul mikroskopa, zədələnmiş linzanın süd kimi zəif dumanına baxdı.
Divarın o biri üzündə dava yenidən başlayırdı. Səs daha bərk gəlir, dəli kimi qışqırırdılar.
Paul duzu mikroskopun altına qoydu.
Qadın yenə də qışqırdı - bərkdən, əsəbi, qəzəbli...
Paul mikroskopun düyməsini bərk burdu, duz döşəməyə töküldü. Paul da ayağa durdu, o da dəhşətlə qışqırmaq istədi. Qışqırıq səsi dayanmalıydı. Nə olursa-olsun, dayanmalıydı.
-Əgər belə bağıracaqsansa, radionun səsini qaldır,- kişi qışqırdı.
Paul qadın tuflisinin taqqıltısını eşitdi. Radionun səsi elə möhkəm gəldi ki, Paul elə bildi təbilin içinə düşüb.
-İndi isə,- radiodan səs gəldi.- Freddən Keytiyə, Bobdan Nensiyə musiqi ərmağanı. Altı həftə Arturun həsrətini çəkən bir adamdan ona salamlar. Qoca Glen Miller qrupu sizin xahişinizi yerinə yetirir. Stardust! Unutmayın! Əgər kiməsə təbrikinizi yollamaq istəyirsinizsə, Milton 9-3-1000-ə zəng edin. Deyin ki, sizi Samla birləşdirsinlər!
Musiqinin səsi elə möhkəm gəlirdi ki, az qala, otaq silkələnirdi.
Qonşuluqdakı qapı şappıltıyla örtüldü. İndi isə kişi, ya da qadın qapını taqqıltıyla döyməyə başladı.
Paul mikroskopuna baxdı. Ancaq həyəcandan heç nə görə bilmədi.
Qorxudan tükləri biz-biz olmuşdu. O, artıq bir həqiqəti bilirdi: əgər divarın o biri üzündə dalaşan qadınla kişini dayandırmasa, onlar bir-birini öldürəcəkdilər.
Belə düşünüb o, yumruğunu divara çırpdı:
-Cənab Harqer! Bəsdir! Dayanın,- o, qışqırdı.- Xanım Harqer, bəsdir! Dayanın!
-Lavinadan Ollieyə,- aparıcı Samın səsi gəldi.- Son çərşənbəni həmişə xatırlayan Karldan Rutha musiqi töhfəsi! Bu gecəni tək keçirən Meridən Vilbura musiqi çələngi! Sauter-Finneqanın qrupu oxuyur: Sevgi, sən mənim ürəyimdə nə edirsən?
Qonşuluqdakı qapı açıldı, örtüldü, sonra musiqi bütün səsləri eşidilməz etdi.
Paul divara qısılıb durdu, kömək edə bilmədiyindən əsirdi.
-Cənab Harqer! Xanım Harqer! Bəsdir! Dayanın!
-Telefon nömrəmizi sizə bir daha xatırladıram,- aparıcı Sam deyirdi.- Milton 9-3-1000.
Karıxmış Paul telefona tərəf getdi, nömrəni yığdı:
-Buyurun,- operator dedi.
-Zəhmət olmasa, məni aparıcı Samla birləşdirərsiniz?
-Salam! - aparıcı Sam dedi.
Deyəsən, o, nəsə yeyirdi, ağzı doluydu. Paul indi şirin, həzin musiqi səsini aydınca eşidirdi. Qonşuluqdan, radiodan eşidilən musiqinin orjinalını.
-Mən də kiməsə musiqi töhfəmi yollaya bilərəm?- Paul dedi.
-Niyə də yox? - Sam dedi.
-Mən cənab Lemuel K. Harqerin adından xanım Harqerə musiqi payı yollamaq istəyirəm.
-Mesajınız nədir?
-Mən səni sevirəm,- Paul dedi.- Gəl, qərar verib hər şeyi təzədən başlayaq!
Divarın o üzündən qadının səsi elə cingiltiliydi ki, hətta Sam da bunu eşitdi.
-Balaca, nə baş verib?- Sam dedi.- Valideynlərin dalaşır?
Paul qorxurdu ki, əgər aparıcı Sam bilsə ki, o, Harqerlərin qan qohumu deyil, dəstəyi asar.
-Bəli, cənab!- Paul dedi.
-Deməli, sən mesajınla onları barışdırmaq istəyirsən?
-Bəli, cənab!
Sam indi daha emosional idi.
-Ok, balaca oğlan! - O, xırıltılı səslə dedi.- Sevgiylə bağlı nə mesaj varsa, hamısını deyəcəm. Bəlkə, bir işə yarayar. Bir dəfə özünü gülləylə vurmaq istəyən oğlanı bu yolla xilas etmişəm.
-Siz bunu necə etdiniz? - təəccüblənmiş Paul soruşdu.
- O, mənə zəng edib dedi ki, bu dəqiqə gülləni başına çaxıb beynini göyə sovuracaq,- Sam dedi.- Mən isə Bluebird of Happiness musiqisini səsləndirdim. Oğlan tez dəstəyi asdı.
Paul dəstəyi yerinə qoydu. Radiodan çalınan musiqi dayandı. Həyəcandan Paulun tükləri biz-biz oldu. Həyatında ilk dəfə olaraq müasir kommunikasiya ona real göründü, o, çox qorxdu.
-Mənə qulaq asın, valideynlər! - Sam dedi.- Məncə, hərdən hər biriniz bir anlıq dayanıb fikirləşirsiniz ki, böyük Tanrının sizə hədiyyə verdiyi həyatı necə yaşayırsınız. İnanın mənə, bəlkə də bu sizə gülməli görünər, hətta mən də hərdənbir həyatımı boş-boş yaşadığımı düşünürəm. belə vaxtlarda sanki bir mələk mənə pıçıldayır: Sam, yaşamaqda davam et! Davam et!
-Əziz dinləyicilər! İndicə məndən bir kişiylə bir qadını barışdırmağı xahiş ediblər. Radonun möcüzəsi sayəsində! Yaxşısı budur, ailə həyatına oyuncaq kimi yanaşmayasınız! Evlilik bir kasa gilənar deyil! Enişli-yoxuşludir, bəzən cütlüklər bu yolda necə hərəkət etməyi, çətinlikdən necə çıxmağın yolunu bilmir.
Paul Samın danışıq qabiliyyətinə, sözləri düzgün işlətməsinə heyran olub təəccüblənmişdi. Divarın o biri üzündə yaşayanlar indi radionun səsini daha da ucaltmışdılar.
Sam sözlərinin təsirini bilmək üçün fasilə verəndə divarın o biri üzündə də sakitlik çökdü. Deyəsən, radio adlı möcüzə öz təsirini göstərmişdi.
-Mənim kimi aparıcı işləyən adam həm filosof, həm psixiatr, həm mühəndis olmalıdır! Sizin kimi dünləyicilərlə neçə illər ünsiyyətdə olmağımın sayəsində öyrənmişəm ki, əgər ərlə arvad qürurlarını, eqolarını uda bilsələr, heç bir boşanma da olmaz!
Divarın o biri üzündən səs eşidildi. Arvadla kişi nəsə deyirdilər. Paul sevinirdi ki, Samla birlikdə o da kimisə barışdırmaqda rol oynayıb.
-Əziz dinləyicilər!- Sam dedi.- Sevgi və evlilik haqqında deyəcəyim elə bunlar idi! Hər kəs yuxarıda dediyimə əməl etsə, kifayətdir! İndi isə cənab Harqerdən xanım Lemuel K. Harqerə musiqi töhfəsi! Səni sevirəm! Gəl təzədən qərar verib hər şeyi təzədən başlayaq! Buyurun, dinləyin, Eartha Kittin mahnısı - Somebody Bad Stole the Wedding Bell.
Divarın o biri üzündən radionun səsi kəsildi. Hər tərəf sükuta qərq oldu.
Paulun bütün varlığını həyəcan bürüdü. O, uşaq olduğunu unutdu, divarın o üzündən “mükafatını” eşitmək istədi.
Divarın o biri üzündə kişi, ya da qadın hərəkət etdi.
-Deməli, belə, - qadın dedi.
-Şarlotta,- kişi həyəcanla dedi.- Əzizim, and içirəm...
-Mən səni sevirəm, - qadın istehzayla dedi.- Gəl, təzədən qərar verib hər şeyə təzədən başlayaq.
-Əzizim, - kişi ümidsiz halda dedi.- Bu, başqa Lemuel K. Harqerdir. Dəqiq bilirəm ki, belədir!
-Sən istəyirsən arvadın geri qayıtsın? - qadın dedi! - Yaxşı! Mən onun yolunu kəsmirəm! Gəlib sənə, qiymətli cəvahiratına sahib ola bilər!
-Ola bilər ki, radiostansiyaya o zəng edib! - kişi dedi.
-O, gəlib sənə sahib ola bilər! Sənə, ikiüzlü, əyyaş Loçinvar! (ballada qəhrəmanı). Amma o, sənə sahib olanda sən heç də...
-Şarlotta, tapançanı kənara qoy! - kişi dedi.- Elə hərəkət etmə ki, sonar peşman olasan!
-Köhnə qurd, bu, məndən asılı deyil,- qadın dedi.
Üç dəfə atəş səsi eşidildi.
Paul qapını açıb bloka çıxanda Harqerin mənzilindən çıxan qadınla toqquşdu.
O, hündür, sarışın qadın idi, yupyumşaq...
Onlar toqquşanda hər ikisi eyni vaxtda qışqırdı. Qadın qaçmaq istəyən Paulu qamarladı.
-Konfet istəyirsən?- qadın vəhşi kimi qışqırdı.- Velosiped?
-Yox, minnətdaram,- Paul da bərkdən dedi.- İndi yox.
-Sən heç nə görməmisən, heç nə eşitməmisən! - qadın dedi.- Heç bilirsənxəbərçilərin başına nə oyun açırlar?
-Hə! - Paul qışqırdı.
Qadın pul kisəsini eşələməyə başladı, ətirli üz mulçası, saç maşası və pul çıxardı.
-Götür,- o, təngnəfəs halda dedi.- Götür, bunları sənə verirəm! Əgər ağzından bir söz qaçırmasan, yenə verəcəm!
Belə deyib qadın əlindəkiləri Paulun şalvarının cibinə dürtdü.
Bir an gözlərini zilləyib Paula baxdı, sonra güllə kimi küçəyə şığıdı. Paul qapını açıb mənzilə girdi, çarpayısına tullandı, yataq örtüyünü başına çəkdi. Çarpayının isti, qaranlıq küncündə o, ağlamağa başladı. Çünki Samla birlikdə bir kişinin ölümünə baiskar olmuşdular.
* * *
Az sonra polis gəldi, əlindəki dəyənəklə hər iki mənzilin qapısını yavaşca döydü.
Həyəcandan quruyub qalmış Paul çarpayısından düşüb qapını açdı. Elə o, qapını açanda qonşu qapı da açıldı, yorğun, amma sağ-salamat olan cənab Harqer də qapını açdı.
-Bəli, cənab, - Harqer dedi.
O, balacaboy, keçəl, nazik bığlı bir kişi idi.
-Nə lazımdır?
-Qonşular güllə səsi eşidiblər,- polis dedi.
-Doğrudan? - Harqer nəzakətlə dedi və barmağının ucuyla nazik bığını dartdı.- Çox qəribədir, mən heç nə eşitməmişəm.
Sonra o, Paulun üzünə baxdı.
-Balaca kişi, sən yenə də atanın tapançasıyla oynamısan?
-Ah, yox cənab! - Paul dəhşətə gəldi.
-Valideynlərin hardadır? - polis Pauldan soruşdu.
-Kinoya gediblər,- Paul dedi.
-Sən evdə təksən?- polis soruşdu.
-Bəli, cənab, tək olmaq macəradır mənim üçün.
-Bayaq dediyim sözlərə görə üzr istəyirəm,- Harqer dedi.- Bu evdə bir səs olsaydı, mən də eşidərdim. Divarlar kağız kimi nazikdir. Amma mən heç bir səs eşitməmişəm.
Paul minnətdarlıqla Harqerə baxdı.
-Balaca oğlan, sən də atışma səsi eşitmədin? - polis Pauldan soruşdu.
Paul cavab verməzdən qabaq küçədən həyəcanlı səs gəldi. Kök, mehriban sifətli bir qadın taksidən düşüb var gücüylə qışqırdı:
-Lem! Əzizim, Lem!
O, əlindəki çamadanı ayaqlarına sürtə-sürtə (kalqotkasını cırmışdı) pilləkəni çıxdı, sonra çamadanı yerə atıb Harqerə sarı qaçdı, qollarını onun boynuna doladı.
-Əzizim, mesajın mənə çatdı, - o, dedi.- Aparıcı Samın dediyi kimi etdim. Mən qürurumu uddum, bax, budur, yanındayam!
-Roza! Roza! Mənim balaca Rozam! - Harqer də onu qucaqladı.- Bir daha məni atıb getmə!
Onlar qol-boyun olub otağa girdilər.
-Bir bu mənzilə bax,- xanım Harqer qapını içəridən bağlayanda dedi.- Qadınlar olmasa, kişilər zibil içində itib-batarlar!
Paula elə gəldi ki, qadın evdəki tör-töküntüdən məmnun qaldı.
-Əminsən ki, sən heç bir güllə səsi eşitmədin? - polis Pauldan bir də soruşdu. Paula elə gəldi ki, şalvarının cibindəki pul topası şişib qarpız boyda oldu.
-Bəli, cənab, əminəm, səs eşitmədim,- o, xırıltılı səslə dedi.
Polis çıxıb getdi.
Paul otağın qapısını örtdü, yataq otağına girib özünü çarpayısına yıxdı.
* * *
Bu dəfə Paulun eşitdiyi səslər öz evlərindən, divarın bəri üzündən gəlirdi. Bu səslər ata-anasının səsiydi. Səslərində gümrahlıq hiss olunurdu. Anası məzəli mahnı oxuyur, atası isə paltarını soyunurdu.
-Didle-diddle- dumpling, My son John went to bed with his stocking on,- anası oxuyurdu.
One shoe off, and one shoe on, - diddle -diddle-dumpling, my son John.
Paul gözlərini açdı.
-Salam, boyük oğlan! - atası dedi.- Sən pallı-paltarlı yatmısan!
-Mənim balaca macəraçımın kefi necədir?- anası dedi.
-Ok,- Paul yuxulu-yuxulu dedi. - Kino necə idi?
-Əzizim, bu kino uşaqlar üçün deyildi,- anası dedi.- Bununla belə, sən də xoşlayardın bu kinonu. Bu, balaca donuzlara kələk gələn ayılar haqqında idi.
Atası Paulun şalvarını dartıb çıxardı, arvadına uzatdı. O da şalvarı götürüb çarpayının yanındakı stulun başına qoyub hamarladı, bu vaxt şalvarın şişmiş cibini gördü.
-Balaca oğlanların cibləri,- o, sevincək dedi.- uşaqlıq möcüzələri ilə doludur. Şalvarın cibindəki nədir? Tilsilmlənmiş qurbağa? Balaca su pərisinin sehirli cib bıçağı?
-O, balaca deyil, o, artıq böyük oğlandır,- Paulun atası dedi.- O, kiçik uşaq deyil ki, su pəriləri haqda fikirləşsin.
-Onun böyüməyinə tələsmə! Mən onu yatmış görəndə uşaqlıq illərinin necə də tez gəlib keçdiyini hiss etdim.
Sonra əlini şalvarın cibinə saldı, fikirli-fikirli ah çəkdi.
-Balaca oğlanlar ciblərinə nə gəldi dürtürlər.
O, şalvarın cibindəkiləri götürdü, onu Paulun burnu bərabərinə tutdu:
-Bunların nə olduğunu anana deyərsən?- O, şən halda dedi.
Dodaq boyasına bulaşmış təklik, beşlik, onluq, iyirmilik dollarlardan qəribə iy gəlirdi.
Paulun atası burnunu çəkdi, havanı iylədi.
-Bu nə iyidir?
Paulun anası gözlərini süzdürdü:
-Tabu1.
Tabu - ətir adı.
İngiliscədən tərcümə edən
Sevil GÜLTƏN