Bu yaz ərəfəsində keçən əsrin 70-ci illərində Azərbaycan nəsrinin fəzasında parlamış ulduzlardan birinin - Məmməd Orucun 70 yaşı tamam olur. 70 yaşın astanasında hal-əhval tutmaqçün onun otağına gəldim - 35 ildir bir redaksiyada işləyirik - oturub ikilikdə rahat söhbət elədik. Həmin söhbəti, əziz oxucular, olduğu kimi sizin diqqətinizə təqdim edirik.
İntiqam QASIMZADƏ
İntiqam Qasımzadə: Məmməd, sən də 70-i haqladın?
Məmməd Oruc: Haqladım, İntiqam, haqladım.
İ.Qasımzadə: Hə, necə hiss edirsən özünü 70-in ərəfəsində?
Məmməd Oruc: 70-in ərəfəsində özümü yaxşı hiss edirəm. Gümrah; əsas məsələ də məncə elə odur.
İ.Qasımzadə: Sirr deyilsə, nədi səni belə gümrah saxlayan? Yaradıcılıqdı, yoxsa torpaq?
Məmməd Oruc: Torpağa, ağaca, ota olan eşqim, sevgim, onlara olan hisslərim.
İ.Qasımzadə: Biz səninlə artıq 37 ildir bir yerdə işləyirik. Mən də, yox-yox, sənin həyat tərzinə bir az bələdəm. Və bilirəm ki, son 4-5 ildir artıq şəhərdə yaşamırsan. Abşeron kəndlərindən birinə köçmüsən.
Məmməd Oruc: Bəli, Albalılığa.
İ.Qasımzadə: Hə, rəhmətlik Əliağa Vahidin də orda bir bağı vardı, özü də haqqında gözəl bir satirik şeir də yazmışdı.
Məmməd Oruc: Bəli, düzdü, orada yaşayıb, onunla bağlı yerli camaatın xatirələri də var. Mənim evim onun yaşadığı bağın yaxınlığındadır.
İ.Qasımzadə: Vahidin bağının yaxınlığında?
Məmməd Oruc: Hə, indi o ərazidə heç nə yoxdur. Vahiddən sonra heç bilmirəm o bağ kimə qalıb. İndi yerli-dibli bağ da yoxdu. İndi elə sahədi.
İ.Qasımzadə: Gözəl yerdir Albalılıq
Məmməd Oruc: Hə, Abşeronun yaxşı yerlərindəndir.
İ.Qasımzadə: O vaxt orda yaşayış üçün şəraitinin olmamasından Əliağa Vahid şeirində gileylənirdi. Amma indi Abşeronun hər bir yerində olduğu kimi, orda da şərait pis deyil; dükanları, yolu rahat, əladır. İşığı daimi - gecə-gündüz, fasiləsiz.
Məmməd Oruc: Evlərə də qaz çəkilib - hamısına.
İ.Qasımzadə: Sən də ona görə ağıllı iş görmüsən bu şəhərin hay-küyündən qaçıb orda yaşamaqda.
Məmməd Oruc: Orada xoşdur; işləmək üçün də yaxşıdır. Heç kim yoxdur. Bir az bağ-bağatda qurdalanandan sonra görürsən ki, ayrı işin yoxdur, oturub bir şey yazırsan.
İ.Qasımzadə: Ay Məmməd, “yazırsan” demişkən, sənin tez-tez bir “Tövbə” eləməyin var yazmaqla bağlı. Bir dəfə sənin müsahibələrinin birində də oxumuşdum ki, “mən bu əsərimlə yazmağı daha qoydum qırağa”. İndi, qardaş, başa sal görək bu tövbələr nədən irəli gəlir?
Məmməd Oruc: (Gülür). Ondan sonra, o tövbədən sonra iki roman yazdım.
İ.Qasımzadə: Tövbə eləyəndən sonra!
Məmməd Oruc: İndi fikirləşirəm ki, ta yetər, amma baxıram yox, yenə elə şeylər var ki, məni çəkir ki, yaz məni. İndi nə bilim. Yəqin yazacam. Çünki ayrı işim yoxdu axı.
İ.Qasımzadə: “Ayrı işim yoxdu” deyəndə, bir az pis çıxır axı. İşsizlikdən yazırsan bəyəm, yoxsa içəri səni narahat edir?
Məmməd Oruc: İçəri narahat eləməsə, yəqin yazmaq olmaz. Elə şeylər var ki, belə fikirləşirəm ki, onları hökmən yazmalıyam.
İ.Qasımzadə: Mən səni ilk gənclik illərindən yaxşı tanıyıram. Yaradıcılığına da bələdəm. Özünlə də dostluğumuz gör nə vaxtdan davam edir.
Məmməd Oruc: Hə, yadındadı? Tamara var idi, onun yanına gediridik günortalar, yemək yeməyə. Ora ancaq ikimiz gedirdik... Hə, hə, Tamara idi, o arvadın adı. İndi yəqin çoxdan rəhmətə gedib.
İ.Qasımzadə: Yəqin ki... Məmməd, sən tövbə eləyəndə mən belə fikirləşdim ki, Məmməd görəsən niyə tövbə edir? Yəqin, o yazı prosesindən sonra sənə elə gəlir ki, deməyə nə sözün vardı, yazıb qurtardın. Qurtardın, tükətdin. Düşündün ki, daha bundan sonra nə yazım? Elə ki, təzədən sonar iki roman da yazırsan və yaxud birini yazırsan, sonra yenə tövbə eləyirsən.
Məmməd Oruc: O iki romandan savayı bir povest də yazdım. “Atəşkəs yallısı”nı yazdım. Çox yaxşı qarşılandı. Heç inanmırdım ki, elə yaxşı qarşılanar.
İ.Qasımzadə: “Atəşkəs yallısı” kimi yazılar, mənə elə gəlir ki, elə-belə yazıla bilmir. Bir para peşəkar yazıçılar, görürsən ki, bir peşəkar kimi, bir mövzudan digər mövzuya çox rahat keçirlər. Artıq bu, sırf peşəkarlıq əlamətidir. Bir də elə yazıçılar var ki, son əsərini yazıb qurtarandan sonra, sənin kimi peşəkarlar, ona elə gəlir ki, sözünü dedi qurtardı. Amma sonar həyatın özü ona nə isə təzədən diqtə edir. “Atəşkəs yallısı” elə yazılardandır. Ona görə də o elə yaxşı qarşılandı.
Məmməd Oruc: Onu yazmamışdan fikirləşirdim ki, artıq qurtardı, daha yazmayacam heç nə. Amma o elə yerdə haqladı ki, mən onu qısa zamanda yazdım. Bir aya oturdum, qurtardım. Və tərəddüdlə redaksiyaya verdim. Amma oxucular oxudu, Südabə xanım oxudu, sən oxudun. Sonra başqaları
İ.Qasımzadə: O povest üçün redaksiyamıza nə qədər zənglər oldu; yazdılar, dedilər.
Məmməd Oruc: Amma düzünü deyim, axır illərdə mənim elə qarşılanan yazım olmayıb.
İ.Qasımzadə: Niyə ki?! “Qısa qapanma” da alınmışdı. Mən hesab edirəm ki, bu əsər sənin yaradıcılığındakı bir xəttin - erməni-müsəlman xəttinin başqa cür davamıdır. Yadımdadır, sənin bir povestin də var idi, “Əzrayılla söhbət”, həmin o Azərbaycan-erməni münasibətləri orda bir ailənin timsalında verilmişdi - kişinin adı Xəlil, qadının adı, gərək ki, Gövhər idi.
Məmməd Oruc: Nə yaxşı yadında qalıb.
İ.Qasımzadə: Əlbəttə, ona görə ki, yadında varsa, biz onu səninlə ssenari elədik. Mən sənə dedim ki, Məmməd, bundan gözəl ssenari olar. Həqiqətən də, ona görə yox ki, biz özümüz özümüzü tərifləyirik - ssenari yaxşı idi. Sadəcə, pis vaxta düşdü. Çəkilmədi. Onda kinostudiyanın imkanları məhdud idi. İkincisi də, təəssüf ki, bəzi insanlar bu mövzunu
qədərincə, böyük bəşəri mənada qəbul etmək istəmirlər. Yəni bu mövzudakı ağrını, bu konfliktin hər iki xalqa gətirdiyi faciəni görmək istəmirlər. Hardasa, başadüşüləndi: işğal olunan torpaqlar, dağıntılar, itkilər... İçərinin ağrısı, acısı, yanğısı, insanları qoymur soyusun. Amma yazıçı ona görə yazıçıdır ki, o, həmin mövzunun içində, həmin o münasibətlərdə bəşəri məqamı görə bilir. İnsaniyyəti görə bilir. İnsan faciəsini görə bilir.
Məmməd Oruc: Kinin axırı yoxdur.
İ.Qasımzadə: Kinin axırı dalana dirənir. Vəssalam.
Məmməd Oruc: Anlaşma gərəkdir.
İ.Qasımzadə: Elə ona görə də bütün dünya da, bizim dövlət başçımız İlham Əliyev də daim ona çağırır. Düzdür, biz hər an torpaqlarımızı azad etməyə də hazırıq. Bunu da bizim Prezidentimiz deyir. Amma bununla yanaşı, İlham Əliyev qan tökülməyinin qəti əleyhinədir. Və problemi
anlaşma ilə həll etməyin ən yaxşı yollarını tapıb ortaya qoyur. Bu, Azərbaycan tərəfindən irəli sürülən addımlardır ki, təəssüf ki, erməni rəhbərliyində oturan, əli qana bulanmış millətçilər, serjlər-merjlər bunu anlamırlar... Nə isə, biz bir az getdik başqa səmtə. Aralandıq. İndi hal-
hazırda əlində bir şey varmı, nəsə yazırsanmı?
Məmməd Oruc: Fikrimdə var, əlimdə yoxdur. Fikrimdə iki yazı var, yəqin ki yazacam onları. Biri elədir ki, öz həyatımdı, onu hökmən yazacam. Biri də bir az iri yazıdır. Onu da yəqin ki, yazacam - Allah qoysa.
İ.Qasımzadə: Mən dünən səninlə telefonla danışanda bir şey soruşdum səndən, bəlkə yubiley münasibətilə, 70 yaş ərəfəsində stolunun üstündə hazır bir yazın var? Dedin ki yoxdur, elə indiki kimi onda da dedin ki, fikrimdə var. Dedim bəlkə fəlsəfi düşüncələrin-filan. Sən də zarafata saldın, dedin, fəlsəfi düşüncələrim yoxdur. Elə bir yazı yoxdur. Səninlə zarafatı xoşlayıram, mən də dedim bəlkə vəsiyyətin var? Bəlkə vəsiyyət xarakterli bir yazın var.
Məmməd Oruc: Vəsiyyətə hələ tələsmirəm. Həqiqətən, yadıma düşmür heç. Ölmək-filan.
İ.Qasımzadə: Amma vəsiyyəti də iki cür başa düşmək olur də, ay Məmməd. Bir oğul-uşaq qarşısında, ailə üzvləri qarşısında vəsiyyət, biri də var ki, artıq 70 yaşa çatmış bir insan, öz yaşıdlarına yox, gənc yazıçılara nəsə vəsiyyət edir, onlara nəsə tövsiyələri olur. Yəni artıq sən gör, nə boyda yaradıcılıq yolu keçmisən. 40 ildən yuxarıdır, sən yazıb-yaradırsan. 50 ilə yaxındır. Az yol keçməmisən.
Məmməd Oruc: Amma elə bil 3 gün qabaq olub. Elə sürətlə ötdü ki ömür.
İ.Qasımzadə: Məmməd, sən uzun illərdir “Azərbaycan” jurnalında çalışırsan. Ən azı, elə ona görə də ədəbiyyatda baş verənləri, ədəbiyyatın inkişaf meyillərini yaxşı görürsən. Bu gün ədəbiyyatda nə baş verir? Nə yaranır? Ədəbi qüvvələr nəyə daha çox meyillidirlər?!
Məmməd Oruc: Açığı, mən böyük bir yazıçı iddiasında deyiləm. İndi, belə də, azdan-çoxdan çap olunmuşam, yazmışam. Başqa ölkələrdə də çıxıb mənim əsərlərim. Amma mənim elə bir iddiam yoxdur ki, oturum və kiməsə dərs verim. Elə şey mənə qətiyyən yaddır. Mən öz ağrılarımı yazmışam. Oturum mən bir əsər yazım ki, o əsər səs-küy salsın, heç aram olmayıb elə şeylə. Nə ağrıdıb məni, nə düşündürüb, onu yazmışam.
İ.Qasımzadə: İddiam yoxdur deyirsən, amma mənim yaxşı yadımdadır, sən, Moskva ədəbi mühitində çox yaxşı qarşılanmışdın, dəfələrlə kitabların orda rus dilində nəşr olunmuşdu. Ədəbi mühitdən ədəbi mühitə də fərq var. Moskvada doğrudan da, bütün dünyada qəbul olunmuş yüksək səviyyəli ədəbi mühit vardı. Belə bir mühitdə qəbul olunan, bəyənilən yazıçının iddialı
olmağa haqqı var. Bunları niyə demirsən? Bu təvazökarlıq nəyə lazımdır?
Məmməd Oruc: Yox, yox. Bunun təvazökarlıqla əlaqəsi yoxdur. Yaxşı qarşılayıblar ona görə ki, ağrılarımı yazırdım. O, onların da ağrısı idi, yəqin ki.
İ.Qasımzadə: Deyirsən, yəni daxili bir səsləşmə idi bu.
Məmməd Oruc: Görünür, eləymiş. O vaxt Tamara, Allah ona rəhmət eləsin, Tamara Kalyakina, mənim xeyli əsərimi o tərcümə etmişdi.
İ.Qasımzadə: O, Azərbaycan ədəbiyyatında, əsasən, adlı-sanlı, sovet məkanına səs salmış yazıçıları tərcümə edirdi. Hər adamı yox. Və ilk dəfə o, səni tərcümə eləyəndə, yaradıcılığınla tanış olanda, sözün əsl mənasında heyrət etmişdi, mənim bu, yaxşı yadımdadı. Sənin haqqında, yazıçı özünəməxsusluğun haqqında yüksək fikirlər söyləmişdi. Onun nə qədər haqlı olduğunu sən yaradıcılığının sonrakı mərhələlərində göstərdin.
Məmməd Oruc: “Əzrayılla görüş”ü də o tərcümə eləmişdi. Onun çox xoşuna gəlmişdi o povest.
İ.Qasımzadə: Məmməd, mən hələ də o “Əzrayılla görüş”ün təsirindən qurtara bilmirəm.
Məmməd Oruc: O vaxt o da demişdi ki, bu povest kino üçün ələ düşən deyil.
İ.Qasımzadə: Belə demişdi? Görürsən, mən onun o fikrini bilmirdim. O, hazır bir ssenariydi. Onun üzərində, sadəcə, texniki əməliyyat aparmaq lazım idi. Kino sənətinə az-çox bələd bir qələm adamı kimi mən, sadəcə olaraq, sənin ortaya qoyduğun hazır bir yazını ssenariləşdirdim. Onun elə bil ki porteturasını yazdım. Mən bu işdən zövq almışdım o zaman, səninlə əməkdaşlıq çox rahat və asandır, həmkarına etibar edirsən.
Məmməd Oruc: Çox sağ ol.
İ.Qasımzadə: Təəssüf eləyirəm ki, o film hələ də çəkilməyib. Bu yaxınlarda mən onu yenə təqdim etdim Nazirliyə. Yenə oxuyub dedilər ki, bunun hələ zamanı deyil. Başa düşə bilmədim niyə zamanı deyil. Əsl zamanı indidir. İndi bütün dünya qaynar bir qazan kimidir, aşır-daşır.
Millətlər arasında, ölkələr arasında bu qədər toqquşmalar baş verir. Ziddiyyətləri və bu ziddiyyətlərin törətdiyi ağır nəticələri göstərməyin, insanlara bəşəri hisslərdən, xoş duyğulardan, insani duyğulardan söhbət açmağın niyə zamanı deyil ki? Mənə elə gəlir ki, əsl zamanı indidir. Nə isə, bu, bizdən asılı olan bir məsələ deyil. Yəqin ki, nə vaxtsa bu məsələyə yenə də qayıdarlar. Bizim ömrümüz çatmasa da, əsər kinostudiyada da var - arxivində, Mədəniyyət Nazirliyində də - bir gün çəkiləcək, şübhə etmirəm.
Məmməd Oruc: “Qısa qapanma”nı da Rafiq Həşimov ssenari eləyib. İndi onun da fikri odur ki, çəkə onu. Dedim, hardan alacaqsan o vəsaiti, necə çəkəcəksən? Dedi, mən tapacam.
İ.Qasımzadə: Ola bilər, bacarıqlı adamdı, əlaqələri də var, özü də istedadlıdır. Məmməd, “Qısa qapanma” demişkən, orda mənim fikrimcə, iki xətt var, daha doğrusu, üç xətt...
Məmməd Oruc: Elədir. Nə yaxşı yadındadır?!
İ.Qasımzadə: Əlbəttə, niyə də olmasın, biz onu iki il əvvəl çap eləmişdik. Yaxşı əsərlər unudulmur. Özü də onu çapa mən özüm hazırlamışdım. Bir para qeydlərim də olmuşdu. Unutmusan? Bir xətt əsas ana xəttdir; qəhrəmanın həyatıdır; ona xəlvəti qonaq gələn erməni dostunu doğulub-böyüdüyü, uzun illər yaşadığı şəhərin həsrəti çəkib gətirib Bakıya. Öz
valideynlərinin qəbrini ziyarət eləməyə. Bu, bir xəttdir. İkinci xətt, deməli, o qonşuluqdakı qaçqın sürücünün oğlunun xəttidir ki, o da gedir anasının qəbrini ziyarət eləməyə. Buna əks qoyulmuş eyni bir xəttdir. Bu bir başqa tamam üslubda yazılıb. Və üçüncü bir xətt də o balıq xəttidir.
Məmməd Oruc: Balıq da üzüyuxarı üzür öz vətəninə. Bunlar hamısı öz vətəninə üzür. O da, o da, o da.
İ.Qasımzadə: Bilirsən sənə nə sual verəcəkdim indi? Sən qabaqladın məni. Mən sənə sual verəcəkdim ki, indi dünya ədəbiyyatında, elə bizim ədəbiyyatda da dəbdir bir neçə xətti paralel inkişaf etdirmək. Sən bunu dəb xətrinə elədin? Yoxsa dediyin mənaya görə?
Məmməd Oruc: Ehtiyyac hiss elədim.
İ.Qasımzadə: Deməli, lal gedir anasının qəbrini ziyarət eləməyə, erməni gəlir Bakıya doğma şəhərini ziyarət eləməyə, balıq da gedir ana yurduna qovuşmağa; bu, artıq əsəri ümumbəşəri mövzudan çıxarır, ümumkosmik bir məna verir ona; sanki bütün canlılar belədir, ay insanlar, ayılın, ayılın. Bütün canlılar Vətən həsrəti ilə yaşayır! Vətəni sevmək, Vətənə qovuşmaq insan üçün ən böyük xoşbəxtlikdir, həyatın ən böyük mənasıdır. Sən xoşbəxt adamsan, Məmməd. Amma bilirsən, çox qəribə bir məsələ çıxdı indi ortaya. Sən beş yaşından öz ana vətənindən, torpağından, doğulduğun yerdən ayrı düşmüsən. Siz o zaman müharibədən sonra, Ermənistandan Azərbaycana köçürülənlərdənsiniz. Eşalonlarda, yük qatarlarında gəlmisiz Azərbaycana.
Ağır vəziyyətdə oradan köçürülmüş insanlarsınız; “Köçürülmə” əsəri.
Məmməd Oruc: Bəli, hamısı yadımdadı o hadisələrin. Beş yaş az yaş deyil.
İ.Qasımzadə: Sən o yaşından erməni xislətini, erməni-daşnak siyasətinin acı zərbələrini hiss etmiş, öz üzərində görmüş bir insansan. Bununla belə, bayaq dediyin kimi, səndə ermənilərə qarşı kin yoxdur, qəti.
Məmməd Oruc: Elədir, məndə kin yoxdur. Mənim yazığım da gəlir onlara.
İ.Qasımzadə: Elə onlara yazığı gəlinəsidir. Özləri özlərini yazıq vəziyyətinə salırlar. Məmməd, səni yaşadan, 70 yaşa çatdıran - Allah qoysa, 80-i də, 90-ı da haqlayacaqsan - bilirsən nədi? Səndəki o həyat eşqidir və içində kin saxlamamaq xüsusiyyətidir.
Məmməd Oruc: O, məndən asılı olan bir şey deyil. Təbiətim belədir.
İ.Qasımzadə: Həyata sən müdrikcəsinə yanaşırsan. Mən sənə can sağlığı arzulayıram, səninlə oturub ədəbiyyatımızın böyük, ciddi problemlərindən indi söhbət eləməyəcəm, heç yeri də deyil. Eləcə mən səninlə ancaq söhbət eləmək istədim, görüm 70 yaş ərəfəsində sən hansı hisslərlə, duyğularla yaşayırsan. Bu gün həyatımızın elə bir zamanıdır ki, qayğılar çoxdur. Bir-birimizlə axır zamanlar təəssüf ki, az-az oluruq bir yerdə. Redaksiyada demirəm. Redaksiyada hər gün görüşürük. O keçmişlərdəki kimi, az-az oturub-dururuq.
Məmməd Oruc: Yəqin ki, yaşla bağlıdır, başqa səbəb görmürəm.
İ.Qasımzadə: Sənə möhkəm can sağlığı arzu edirəm. O “tövbə”lərin ki var, belə hesab edirəm ki, sənin tövbə etməyin özü yeni bir əsərin başlanğıcıdır.
Məmməd Oruc: Tövbə deyil onlar, sadəcə, arada deyirəm ki, bəsdir də, amma sonra görürəm ki, yox, hələ çinədanımda nə isə var.
İ.Qasımzadə: Heç vaxt tükənməsin, bəsdir desən də, bəs olmasın. Davamı olsun. Ardı gəlsin. Səni bir daha təbrik edirəm.
Məmməd Oruc: Çox sağ ol, İntiqam. Amma deyirəm bir oturaq ey, bu söhbət ayaqüstü oldu.
YETMİŞ İLİN MƏMMƏD ORUCU
Bu günə kimi yadımdadır, düz əlli il bundan qabaq, sentyabrın on beşində - keçmiş ADU-nun filologiya fakültəsinin birinci kurs tələbəsi Vaqif Yusifov bir həmyerlisi vasitəsilə jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi Məmməd Orucovla tanış oldu. Bu tanışlığın o zaman
Məmmədə təsirsiz ötüşdüyü məlum məsələ… Çünki yuxarı kurs tələbələri özlərini az qala müəllim kimi aparırdılar, onda da ola Məmməd, o zaman o, artıq mətbuatda maraqlı yazıları ilə görünməyə başlamışdı. Kənddən gələn bir cavanın belə bir uğuru birinci kurs tələbəsi Vaqif Yusifovda yaxşı mənada bir qibtə hissi oyadırdı. Ancaq bu ilk tanışlıq dostluğa çevrilmədi, sadəcə, rastlaşanda salam alıb-verməklə bitən adi münasibət oldu. Məmməd universiteti bitirən kimi «Azərbaycan gəncləri» qəzetində onu işə götürdülər.
Məmmədin o qəzetdə bir-birinin ardınca oxunaqlı yazıları çap olunurdu, hətta az sonra onun «Ailə səadəti» adlı bir publisistik kitabı da nəşr olundu. Məmməd Orucov oldu Məmməd Oruc.
Yetmişinci illərin sonlarında isə Məmmədin «Azərbaycan» və «Ulduz» jurnallarında hekayələri çap olundu və çox keçmədən Məmməd Oruc cavan bir yazıçı kimi də məşhurlaşmağa başladı. «Yadigar mahnı» kitabı onun ədəbiyyat aləmində gələcək uğurlarının başlanğıcı oldu. Məmməd
«Azərbaycan gəncləri»ndən sonra Radio və Televiziya Şirkətində işə düzəldi, böyük redaktorluğa qədər bir yol keçdi. Bu yol hələ bitməyib, nə sehirli bir qüvvədisə, nə Məmməd o Şirkətdən ayrılmaq istəyir, nə də Şirkət ondan.
Bu dünyada hər kəsin özünə görə bir peşəsi olur və M.Orucun peşəsi də yazıb-yaratmaqdı. Ağ vərəqlər, diyircəkli qələm, bir də o ağ vərəqlərə süzülən sözlər, kəlmələr. Məmməd bütün ömrü boyu yazı-pozuynan məşğul olub. Yox, onun ürəkdən bağlandığı bu peşə, bu sənət təkcə «yazmaq» sözüynən məhdudlaşa bilməz. Üç romanın, neçə povestin və hekayənin müəllifi SÖZ adamıdır, SÖZÜN incəliklərinə varır, minillik ədəbiyyatımıza öz SÖZÜNÜ yazır. «Bu xəlvət pərdəsini açan zaman əlbəəl, Söz oldu bu cahanda cilvələnən ilk gözəl» (Nizami Gəncəvi) - Məmməd neçə illərdir bu gözəl gəlinin qulluğundadır.
Bu dünyada, xüsusilə Azərbaycanda, YAZIÇI olmaq çox çətindi, məsuliyyətlidi. Xalq, millət bəzən siyasətçilərdən daha çox yazıçılara inanır, ən gərgin, ən ağrılı günlərində üzünü sevdiyi yazıçılara tutur (səksəninci illərin sonlarını - Meydan hərəkatını xatırlayın). Çünki yazıçı da, hər şeydən əvvəl, bu xalqın bir nümayəndəsidir. Elə ona görə də yazıçı sözü xalqa daha tez çatır. Bunun üçün siyasətçi olmaq lazım deyil. Məmməd Oruc da ömründə siyasətə qatılmayıb, amma onun nəsr əsərlərində elə həqiqətlər əks olunub ki, bu günün tarixçisi də, siyasətçisi də o əsərlərdən çox şeylər əxz edə bilər. İyirmi il bundan qabaq M.Orucdan bir müsahibə almışdım. O
müsahibədə Məmməd deyirdi ki: «Hələ kənddə, orta məktəbdə oxuyanda, tarix müəllimimiz bizə kommunizmdən danışanda mən ona heyranlıqla qulaq asırdım və dediklərinə inanırdım. Bu inam hissi mənimlə Bakıyacan gəldi. Şeir-meyiri nəzərə almasaq, yazıb-pozmağa bu duyğudan məhrum olandan sonra başladım. Mövcud quruluşdan, siyasətdən narazılıq hissləri mənə onlarca irili-xırdalı yazılar yazdırıb. Sözün alt qatıyla hökumət əleyhinə nəsə deməyi ədəbi qəhrəmanlıq sayırdım. Rüşvət, yalan, riyakarlıq bu ölkəni elə sarmamışdı ki, bir də özünə gələ bilsin. Ən başlıca günahkarları isə həmin o zurnaçılara dəstək verən kommunistlər idi….Mən öz sosialist
keçmişimi lənətləyirəm. Bizi bu gün uçurum qarşısında qoyan da socialist keçmişimizdir. Fakt budur ki, biz bu yeni quruluşa yaramırıq, ona görə də özümüzə yer tapmırıq. Quyudan su çəkmək üçün bir nəfər lazımdı, iyirmi biri yox. Amma sosializm quyusundan bir vedrə suyu iyirmi bir adam çəkirdi»/
Məmməd Orucun hekayə, povest və sonralar qələmə aldığı üç romanında təsvir olunan obrazlar həmin o sosializm dövrünün yetirmələri idi. Ancaq onlar daxilən, bəzən də lap açıq şəkildə mühitlə barışmırdılar. Çox zaman daxili qiyam, passiv etiraz yolunu seçmişdilər. Və, deyəsən, o zaman bu passivliyi Məmmədin həyata münasibətinin passivliyi kimi qəbul edirdilər.
Əslində, belə deyildi. Məmməd bütün yazılarında realist idi və onun tənqidi münasibəti də yaratdığı əsərlərin alt qatındaydı. O, yaxından tanıdığı adamları ədəbiyyata gətirirdi, onları bədii obrazlara çevirirdi. Məmmədin mütləq müsbət obraz yaratmaq niyyəti olmayıb, hətta deyərdim ki, «Sarıköynək»dəki Əlizamandan savayı, sırf mənfi obrazı da olmayıb. Çünki ən nadan adamın obrazını yaradanda da bir çıxış yeri qoyub; dəxi ən yaramaz adamın içində də işığa meyil olur. Əsas məsələ o işığı tapıb üzə çıxartmaq və qabartmaqdı.
Məmməd Orucun yetmiş yaşı ərəfəsində onun bir çox əsərlərini yenidən gözdən keçirdim. Və mən qətiyyən o fikirdə deyiləm ki, Məmməd Orucun təsvir etdiyi obrazlar altmış-yetmişinci illərin gerçəkliyini əks etdirir və onun lənətlədiyi sosializm dövrü bugünkü reallıqdan uzaqlaşdığı üçün bu obrazları xatırlamaq lazım deyil. Yox, hər bir obraz, istər məzmunca, istərsə
də bədiyyatca mükəmməl yaradılıbsa, onun ədəbi ömrü məhdud bir zamana sığmır. Əvvəla, M.Orucun təqdim etdiyi qəhrəmanlar çox koloritli obrazlardır, ifrata varmadan deyə bilərəm ki, son dərəcə milli obrazlardır. Məncə, milliliyin içində kolorit, yəni bu millətə xas olan atributlar nə dərəcədə vacibdirsə, kolorit də milliliklə cilalanmalıdır. Məmmədin hekayələrində təsvir olunan Suçu Qurban, Aşıq Məcid, Kamal müəllim, Mirzə doxtur, Səlbi arvad, Mirzəli müəllim, «Murad quşu» povestində Hüseyn müəllim, «Köçürülmə» romanında Almurad (bu siyahini uzada da bilərəm) məhz milli obrazlardır, Aran bölgəsinin sakinləri olsalar da, o obrazlarda bizə tanış olan cizgilər gözümüzün önündən çəkilmir, və düşünürəm ki, Azərbaycanın istənilən bölgəsində bu obrazlara rast gəlmək olardı. İkincisi, M.Orucun təsvirləri, obrazları həm zahiri, həm də daxili planda əks etdirmək məharəti də onun yazıçı ustalığına dəlalət edir. Bu mənada M.Oruc özünə ustad sandığı Mirzə Cəlildən, Ə.Haqverdiyevdən çox faydalanıb. Üçüncüsü, Məmmədin istənilən bir nəsr əsəri dilinin təmizliyi - istər sadə cümlə, istərsə də mürəkkəb cümlə olsun - səni bir maqnit kimi özünə çəkir. Təsvirlərindəki şeiriyyət də oxucunu valeh edir. Baxın:
«Görəsən, yer üzünün harasındasa bizim ağ gilasdan - işığı gələn gilasdan yetişirmi? Sizə qəribə gəlməsin, bizim gilasların işığı gəlir. Bu, sehirli bir işıqdı: bu işıq adamın ürəyinə düşür. Haçansa bir may günü Güleysanın barmaqları arasında, gözləri bərabərində tutduğu gilasın işığı neçə illərdi ki, ürəyimdən çəkilmir.» («Murad quşu»). «Güllü gəlirdi. Elə bil badam ağacı idi
- çiçəkləmişdi… Ehtiyatla addımlayırdı, elə bil, qorxurdu ki, çiçəkləri tökülə…Güllü donlu, güllü yaylıqlı Güllü də, xəzəllərin balıq pulu kimi səpələndiyi yol da, çəpərlərin üstdən yola əyilmiş iydə budaqları da qeyb oldu elə bil.» («Qatar gecikirdi»).
Məmməd Orucu, içi mən qarışıq, heç bir tənqidçi gözəl hekayələr müəllifi kimi qiymətləndirməyib, və mən deyərdim ki, onun hekayələri öz yazılış manerasına görə orijinallığı ilə seçilir, həyat həqiqətlərini son dərəcə təbii, xarakterləri dolğun, bitkin kompozisiyaya malik şəkildə təsvir etməkdə, doğrudan da, bədii ustalıq nümayiş etdirir. Lap ilk hekayələrindən biri
«Qatar gecikirdi» adlanır və Məmməd bu hekayədə bir əmək qəhrəmanı kimi şöhrət zirvəsinə qalxmış Güllünün faciəsini təsvir edir. Şəhərdən Nemət adlı rəsam gəlib ki, bu əmək qəhrəmanının portretini yaratsın. Amma Güllünün zahiri xoşbəxtliyi arxasında onun kədərini, içinə dolmuş qəhəri duya bilmir. «Yanaşı addımlayırdılar. Səkinin üstünə əyilmiş budaqların
altından əyilə-əyilə keçirdilər. Güllü Nemətin qoluna girmək istədi. Könlündən başını Nemətin çiyninə söykəmək keçdi, lap şəhərdəki kimi, kinolardakı kimi. Amma könlündən keçən bu istəkdən utandı». Əmək qəhrəmanı, rayona, kəndə şöhrət gətirən bu qız sevmək, sevilmək istəyir.
Sovet dövrünün faciəsiydi bu - insanları şöhrət pilləsinə ucaldırdılar, döşlərini orden, medallarla bəzəyirdilər, amma o orden və medalların altındakı sevmək, sevilmək arzusundan xəbərsizdilər.
Məmməd Oruc çox ayıq-sayıq qələm əhlidi, bir insan kimi də, bir yazıçı kimi də təpədən-dırnağa realistdir, bu sözü ona görə deyirəm ki, onun yazılarında yaşadığı dövrün ən adi həqiqətləri, hamımızın bildiyi, təsadüf etdiyi, rastlaşdığı, amma çox zaman mahiyyətinə varmadığımız problemlər öz əksini tapır. Məmməd heç bir zaman həyata kənardan, kitablardan baxmayıb, həmişə həyatın içində olub. Onun yazıçı müşahidələri həyatın bütün künc-bucaqlarına sirayət edib, son əlli-altmış ilin Azərbaycan tipajlarını axtarmaq üçün Məmmədin əsərləri ən etibarlı mənbədir. Lap epizodik tərzdə olsa belə, onun əsərlərində təsvir olunan heç bir obraz
Məmmədin povestlərindən də ayrıca söhbət açmaq olar. «Leylək körfəzi», «Suçu Qurban», «Ad», «Göz dağı», «Murad quşu», «Sarıköynək», «Əzrayılla görüş», «Atəşkəs yallısı» - bu povestlərin hər biri çap olunduqca ədəbi ictimaiyyətdə dərhal rəy yaradıb. Bayram Bayramov, Elçin, İsi Məlikzadə, Əkrəm Əylisli və b. yazıçılar bu povestlər haqqında xoş sözlər
söyləyiblər. Hekayələri üçün xas olan o fərdi deyim tərzi, «təhkiyeyi-kəlam», yüksək dil mədəniyyəti, süjetdə gözlənilməz dönüşlər, eynən povestlərinə də aiddir. Mənə ən çox maraqlı görünən Məmmədin «Sarıköynək» və «Atəşkəs yallısı» povestləridir. Birinci povestdə Məmməd ədəbiyyatımızda çox nadir hallarda təsadüf olunan bir obraz - bütün rayona qan udduran
Əlizaman obrazını yaradıb. Elə bir obraz ki, bütün varlığımızla ona nifrət etdiyimiz bu insan bədii obraz kimi çox mükəmməldir. «Atəşkəs yallısı» povestinin qəhrəmanı isə bir yazıçıdır və bu obrazı seçərkən, Məmməd, bəlkə də, heç bir çətinlik çəkməyib. Məmməd bizim ədəbi mühitə çox yaxşı bələddir, yazıçıların həyat tərzi, ömür-gün qayğıları, əsərlərini kitab kimi çap
etdirməyə çətinlik çəkdikləri, bu qarışıq zəmanədə, günlərini əsasən ev-eşik qayğılarına, uşaqlarına həsr etdikləri ona yaxşı tanışdır. Məmməd Oruc məhz bu həqiqətləri qələmə alır və, əlbəttə, biz povesti oxuduqca ümumən keçən əsrin 90- cı illərindən bəri yaşadığımız həyatın tanış mənzərələrini sanki bir də seyr edirik. Azərbaycan ziyalılarının bir qisminin
ümumiləşdirilmiş obrazı ilə tanış oluruq.
Bu Yazıçı daha qələmlə, bu qələmin ərsəyə gətirdiyi əsərlərin qonorarı ilə dolana bilmir. Məlumdur ki, indi kitab çap elətdirmək üçün gərək bir sponsorun ola. Yoxdur beləsi və Yazıçı həm də işsizdir. Müəllif onu uşaqlıq dostu Eyvazxanla qarşılaşdırır. O Eyvazxan ki, dövran-zaman Yazıçı kimilərini işsizliyə, maddi məhrumiyyətlərə düçar etdiyi halda («Bir il idi ki,
yeni qəzetlərin, jurnalların redaksiyalarında iş axtarırdı, amma uğurlu nəticə yoxdu, bu bir ildə ona qalan işsizlik haqqında yazdığı «İşsizlik» adlı povesti idi ki, onu da hələ üzə çıxarmamışdı»), onu «iş adamı» kimi məşhurlaşdırır.
Eyvazxan Yazıçının halına «yanırmış» kimi «Bəyəm, mən ölmüşəm ki, sən iş axtarasan» deyir və onu öz ofisində işə götürür. Yazıçının işi nədən ibarət olacaq? «Sənin bu ofisdə işin telefonlara cavab vermək olacaq». Paradoks deyilmi? Əsla yox! Biz iyirmi ildən artıqdır ki, bu mənzərənin şahidiyik. Ziyalılarımızın keçirdiyi acı həyat təcrübəsi artıq bizə tanışdır. Və
bunun səbəbini yeni quruluşun, Sistemin mexanizmində axtarmaq lazımdır. Belə bir fikir var ki, hər bir yazıçı, əslində, bioqrafiyasının, tərcümeyi-halının müəyyən cizgilərini yazılarına «ötürür». Məmmədin «Köçürülmə» romanı, mən deyərdim, onun öz tərcümeyi-halıdır. M.Oruc bu işıqlı dünyaya Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində göz açıb. Amma
sonralar ailəsi ilə birgə Azərbaycanın Jdanov (indiki Beyləqan) rayonuna köçürülüb. «Köçürülmə» romanı məhz bu deportasiyadan bəhs edir və Məmməd bütün əsər boyu yurd yerlərindən köçürülən soydaşlarımızın əzablı yollarını, faciəli talelərini, lakin hər vədə «biz yenə qayıdacağıq» inamıyla yaşayan bu insanların həyatını, məişətini, yaşayış tərzini, yaşamaq
yanğısını elə ustalıqla təsvir edir ki, bu prosesi, bəlkə də, bir tarixçi bu qədər təfərrüatı ilə əks etdirə bilməzdi. M.Oruc, əslində, bütün əvvəlki əsərlərində «Köçürülmə»yə qədər yol gəlib və «Köçürülmə»də, daha sonra «Qara güzgü»də ÖZÜNÜ yaradıb. Çünki o əzablı yolu Məmməd özü keçib, «Köçürülmə»dəki Almurad da elə M.Orucun özüdür.
Azərbaycanlılarla ermənilərin «dostluğu, qardaşlığı» barədə sovet dönəmində çox təbliğat aparılıb. Şairlər bu «dostluğu» tərənnüm eləyən şeirlər yazıblar, «Kür, Araz, Ararat, qardaş olub Hayıstan-Azərbaycan» mahnısı bəstələnib, inqilabi-tarixi romanlarımızda Azərbaycan və erməni
bolşeviklərinin birgə mübarizəsindən söz açılıb. Azərbaycanlı oğlanlarımızın erməni qızlarına sevgisi də bir çox əsərlərin mövzusuna çevrilib.
Azərbaycan - Ermənistan ədəbi əlaqələrindən söz açan tədqiqat əsərləri yazılıb. Və hətta bir yazıda oxumuşam ki, ermənilərin Varpeti Avetik İsahakyan bizim böyük şairimiz Səməd Vurğun vəfat edəndə deyibmiş ki, «kaş mən öləydim, Səməd Vurğun yaşayaydı». Bunlar məlum. Amma
dünyada böyük Puşkinin «sən köləsən, azğınsan» deyə haqqına söylədiyi bir erməni xisləti var ki, o xislət əsrlər boyu türk qanını içməyə hərisdir; valideynləri erməni uşağı doğulanda ona «türk sənin düşmənindir» deyiblər. Şaumyanlar, Androniklər, Nicdelər, indiki Ermənistan rəhbərləri məhz bu amalla yaşayıblar və yaşayırlar.
Ancaq bu dünyada millətindən asılı olmayaraq, bir müqəddəs İNSAN kəlməsi də var... Məmməd Oruc «Qısa qapanma» romanında məhz belə bir İNSANI - erməni Edqar Lalayanı bizə tanıdır. Romanı oxuyub başa çatdırandan sonra doğrudan da inanırsan ki, ermənilərin də içində İNSAN
olurmuş. Əslində, Məmməd Orucun yazıçı məramı da elə bu məsələ ilə 120 Məmməd Orucun 70 yaşı bağlıdır - Edqarı - millətçi olmayan, yaşadığı məkanı öz Vətəni bilən bu ermənini nümunə göstərir ki, ay erməni daşnakları, baxın, ibrət götürün, O - İnsandır, sizin kimi cəllad deyil, «böyük Ermənistan» xülyasıyla yaşamır.
Məmməd Oruc 1980-ci ildən «Azərbaycan» jurnalında çalışır. Şöbə müdiridir, neçə roman, povest, hekayə onun redaktəsi ilə işıq üzü görüb. Amma 1989-cu ildə qərara aldı ki, özünə, ailəsinə gün ağlasın, işdən çıxdı və yollandı Beyləqan rayonunun Şahsevən kəndinə. Torpaq sahəsi götürdü və başladı əkinçiliklə məşğul olmağa. Qələminə gücü çatan Məmmədin sahibkar olmağa gücü çatmadı. Bu haqda Məmməd bir povest də yazıb. Yenə qayıtdı öz doğma iş yerinə - «Azərbaycan» jurnalına. Bu yaxınlarda M.Orucun üç romanı («Qara güzgü», «Köçürülmə», «Qısa qapanma») kitab halında çapdan çıxıb. «Mübarəkdir» - deyirik. Məmməd həmin kitaba özü də son söz yazıb və şəxsən mən - Məmmədin daimi oxucularından biri və ədəbiyyat adamı kimi bu son sözlə qətiyyən razılaşmıram. Yazır ki: «Mən yazıçı ola bilmədim. Zaman-zaman haqqımda deyilən epitetlər indi mənə daha çox qüssə gətirir. Bəli, mən yazıçı ola bilmədim, amma ümidvaram ki, «Oyun havası» və «Susuz gölün sonası» hekayəm dünya çapında hər hansı mötəbər ədəbi yarışmada mənsub olduğum xalqa başıucalığı gətirər. Daha nə isə yazacağıma ümidli deyiləm. Amma yadımdadır, 60- dan sonra da belə bir duyğu yaşamışdım».
Bizsə deyirik: keçib gedər, Məmməd! Sən əsl yazıçısan. Yadımdadır ki, T.Kalyagina sənin əsərlərini tərcümə etmişdi. Bir dəfə o, bizim redaksiyaya gəlmişdi, deyirdi ki, Məmməd Azərbaycanın ən istedadlı yazıçılarından biridir. Bunu təkcə onun dilindən yox, Azərbaycanın üzdə olan ən görkəmli ziyalılarının da dilindən eşitmişəm. Sadəcə, sənin əsl qiymətin verilməyib.
Daha nə deyim?
Yetmiş yaşın mübarək, yetmiş ilin Məmməd Orucu!
Vaqif YUSİFLİ