HƏYAT
Yordum səni, HƏYAT,
Üz çevirsən də məndən,
düz gözlərinin içinə baxıram...
Gözlərinin dilini yaxşı bilirəm.
Rahat olsun başqasına verəcəyin könlün,
Bir öpüş də almağa qıymadım,
Başqasını sevərsən deyə...
CƏSARƏT
Adam cəsarətlə doğulmur,
Cəsarətlə böyümür, yaşamır.
Cəsarəti öyrətmirlər adama,
Qazanırlar onu.
Yaltaqların, nadanların,
qanmazların qarşısında susduqca,
həyatımızı burnumuzdan qusduqca qazanırıq.
Həvvanın cəsarətini qınayırıq min illərdi,
o ağacı, o nəfsi yaradanı qınamırıq.
Biz yalnız ölümün üstünə cəsarətlə gedirik,
cünki ondan çox zəifik.
İlk cəsarətimi xatırlayıram-
yelləncəkdə ipdən buraxmışdım əlimi -
Sonuncunu - yox.
GETSƏM...
Getsəm, tək getməyəcəm,
Bir dost, bir sirdaş,
Bir ana, bir bala,
Bir sevgili götürəcəm özümlə...
Getsəm, tək getməyəcəm,
Bir doğmalıq, bir anlayış,
Bir rahatlıq,bir təbəssüm,
Bir də,
bir ilıq baxış götürəcəm özümlə...
Getsəm, tək getməyəcəm,
Ayı, Günəşi, Göy üzünü,
Dənizləri, çayları,
İlləri, ayları götürəcəm özümlə...
Getsəm, tək getməyəcəm,
Təmizləri, əslləri,
Yağışları, qarları,
Bir də bütün fəsilləri
Götürəcəm özümlə...
Getsəm, tək getməyəcəm
Aparacam hamını,
Aparacam hər şeyi .
Getsəm, gedəcək mənlə,
Doğulmayan, ölməyən
O körpə balamız da,
Onu bölə bilmərik,
Amma bu kainatı,
Bölmüşdük aramızda.
Getsəm, tək getməyəcəm,
Arxamca çox ağlama.
heç nə qalmadı məncə,
Yığdığım kiçik bağlama.
Təkcə xatirələri
yığıb qurtara bilmədim.
Bu bağlamaya
Hamısı sığmır baxdım.
Sənə ancaq dünyada,
Yer tutmayan ən böyük,
əşyaları buraxdım.
YAŞIM QƏDƏR
Axşamüstü geyinincə,
O işıqlı paltarını,
İncə qaranlığından,
Qapısını döyüb qaçmaq istəyirəm bu şəhərin.
Çıxmaq istəyirəm övladlığından.
Kövrək Ay öpər üzümdən,
Sonsuzluq tutar əlimdən.
Çox sular axdı
O körpünün altından.
Külək çoxdan qırıb
O buludun qanadını.
O körpüdən, o buluddan
Çəkdim yorulmuş gözümü.
Yol yolçunun xərcliyidi,
Yollardan aldım özümü.
Nə bir ünvan tanıyıram,
Nə bir insan,
Dincəm indi.
Bilmirəm kim xatırlayar,
Yaşım qədər gəncəm indi.
DARIXMAQ KİMİ...
Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
Gecə düşər, günüm doğar,
Ulduz-ulduz xəyalıma.
Arzularımı udmuşam,
Ağrı verir sol yanıma.
Günün qapısı aralı,
Sabah dolur bir anlığa.
Gecənin ömrü yetmədi
Bir pəncərə qaranlığa.
Üşüyür şəklin əlimdə,
Ürpənir bax nəfəsim də.
Qışın da ürəyi əsir
Quşbaşı qar həvəsində.
Darıxmaq kimidir hər şey,
Günüm də mənim günümdə.
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
FOTO
Nə vardi gözlərindən gələcəyi oxumağa,
keçmişini xatırlatmasaydı.
Belə yaxın durmasaydı,
nəsə uydurmasaydı...
özündən gizlənməsəydi, bu baxışlar.
Düşüncələr qucağından qoymur yerə
bu dəcəl uşağı.
Qoysa, yoxuşlara yuvarlanar.
Xəstələnib sakit durunca dəcəl uşaqlar,
Anaları yalvararlar Allaha,
Tez sağalıb, dağıtsın ev-eşiyi.
Ən sevdikləri, qoruduqları əşyaları verərlər əllərinə.
Bax, elə vermişəm könlümü bu adama
Bircə mən bilirəm, bu adamın
Ən yaxşı fotosu ömür boyu çəkdikləridi.
BU GECƏYƏ
Bu gecənin qaranlığı,
Qaranlıq qalırdı mənə.
Oydum gözlərini,
Yırtdım ulduzlayan bətnini,
Odlayıb söndürdüm ayazını...
Bu gecənin hər misrası
Nağıl rəngdə kabus imiş.
Süfrə açdım göy üzünə,
Buludlar iştaha gəldi,
Yuxuların qarnı toxdu.
Axtardım səhərə qədər,
Bu gecənin
Cini var, lampası yoxdu.
İŞARƏ
Barmağına bir işarə qoy,
Unutmaq üçün...
Ayağına küçələri dola,
Qaçmaq üçün...
Dərin bir nəfəs al,
Boğulmaq üçün...
Vəssalam.
ELƏ-BELƏ
Deyir, yaman sınıxmısan,
Sümüyün sağ olsun, fikir eləmə.
İçdiyin dərmanın qutusu məndə,
Hara əl atıram, dəyir əlimə.
Ən çox gözlərini sevirdim, nahaq
Sevdiyim gözlərə kədər toxudun.
Özündən soruşa bilmirəm daha,
Şeir yazıram ki, bəlkə oxudun.
METRO
İndiki zamana aiddir bütün feillər
“Qapılar bağlanır, növbəti stansiya...
xahiş olunur, vaqonlardan düşərkən,
əşyalarınızı götürməyi unutmayın”
Fikrim axır, axır
Susuram,
ona qədər susdum.
Sonra bütün dillərdə susuram.
Nə pəncərəsini Günəş qamaşdırır,
Nə qapısını külək döyür.
"Sim-sim, qapını aç" sözü də çıxıb
hamının yadından.
Qapılar açılır,
Fikirlər boşalır,
Yeni fikirlər dolur vaqona.
"Uşaqlı qadınlara, əlillərə yer verin"
Qucağı əylənir bir-ikisinin.
Fikirlərin əsasını, arabasını alır
O biri fikirlər.
İndiki zamana aiddir bütün feillər
“qapılar bağlanır, növbəti stansiya 20 Yanvar,
Next station is 20 Yanvar”
Fikirlər dərinləşir, gərginləşir
Beyinləri eşir, deşir.
Əsalı fikirlərdən utanır vaqon.
Burda indiki zamana aiddir bütün feillər
“Mənə Azadlıq stansiyası lazımdı” - deyir .
Bayaqdan bütün dillərdə susuram.
“Azadlığa gedən yol 20 yanvardan keçir”.
BƏLKƏ
Sinəmdəki yaralarım,
Qaradinməz dualarım,
O alnından öpüləsi,
Günahlarınla qocalır.
Tanrı bəlkə də qadındı,
Bağışlamağı bacarır.