Həyatda elə şeylər var ki, onu yazmaq olmur, elə faciə var ki, ona ağlamaq olmur…
Bir neçə gün bundan əvvəl bir xəbər oxudum, daha doğrusu, onu mənə oxumağa verdilər. Dedilər ki, Yazıçılar Birliyi ona münasibət bildirsin. «Bəlkə sən yazasan?»-sual dolu baxışlarını mənə ünvanladılar. Javab verdim ki, heç nə yaza bilmərəm; çünki ruhum sarsılmışdı, rəngim qaralmışdı, müvazinətim itmişdi, içim qanla dolmuşdu. Xəbəri sizə tam anlada bilməyəcəm. Bayaq dedim axı, həyatda elə şeylər var ki, ondan yazmaq olmur. Gücüm çatsa, bir cümləni deyəcəm. Xəbər Zori Balayan deyilən bir cinayətkarın Xocalıda 13 yaşlı Azərbaycan türkünün başına açdığı qanlı oyunlardan danışırdı, daha doğrusu, həmin cinayətkarın etiraflarından ibarət idi. Onun mənfur etirafları 1996-cı ildə yazdığı kitabda çap olunub: «…Mən onun dərisini soydum, düz 7 dəqiqədən sonra o, çoxlu qan itirdiyinə görə öldü…» Söhbət 13 yaşlı Azərbaycan türkünün başına açılan oyundan gedir.
Mənim 13 yaşlı oğlum var, qarabağlıdır… Neçə gündür ki, o xəbərin, o qara etirafın təsirindən çıxa bilmirəm. Görən, o uşaq ölüm ayağında, çətin, əzablı dəqiqələrdə erməni əcalflarına nə deyib? Yəqin yalvarıb, «əmi, qurban olum, məni öldürməyin» deyib. Onlar isə uşağın göz yaşlarına, əzablarına, axan qapqara qanına məhəl qoymayıblar və ondan həzz alıblar. «…Mən Qarabağda, Sumqayıtda öldürülən ermənilərin qisasını aldım…» 13 yaşlı uşaqdanmı? Köməksiz bir bəbəkdənmi? Heç kim Sumqayıtda, ya Bakıda ermənilərə qarşı olan zorakılıqlarla öyünmür. Azərbaycanlı olan kəs deyir ki, o hadisələr bizə utanc gətirib. Həmin hadisələri ermənilərin özləri törətsələr də belə. Amma zoribalayanlar Xocalıda Azərbaycan türklərini qanlarına qəltan eləməkdən həzz alırlar. Xocalı soyqırımını iblisanə gülüşlə, hayqırtıyla dünyaya çatdırır və bundan utanmırlar.
Bir neçə gün bundan əvvəl dedim ki, mən bu barədə yaza bilmərəm. Həyatda elə şeylər var ki, onu yazmaq olmur, elə faciələr var ki, ona ağlamaq olmur. Qatarın parça-parça etdiyi, qan içində çabalayan uşağın anası başının üstündə durub, can verən uşağı döyür, döyür ki, niyə ondan icazəsiz çölə çıxıb. Uşaq isə ölüm ayağında anasını anlaya bilmir, anasından kömək umur, amma başını itirmiş ana ciyərparasına nə kömək edə bilər… Bunu yazmaq olarmı, dostlar? Havalanmış ananın can verən, əzablar içində qıvrılan uşağını döyməsini yazmaq olarmı? Yaxud başqa bir mənzərə: Jan verən ana başının üstündə dayanmış körpə qızcığaza deyir: «Mənə baxma, sən mənə baxanda ölə bilmirəm». Çünki o gözlərdə anaya məhəbbətlə yanaşı, bir ehtiyac da var. Ana ölsə, uşağına kim baxacaq? Ona görə də ölə bilmir. Ölmək istəyir, amma ölə bilmir. Balasını köməksiz qoyub gedə bilmir. Bu mənzərəni qələmə almaq olarmı? Onda gərək ürəyini bəri başdan çıxarıb gözlərinin qarşısına qoyasan, para-para olmuş damarlarına baxa-baxa yazasan.
Neçə gündür ki, havalı gəzirəm, ağlaya bilmirəm. Həyatda elə faciə var ki, ona ağlamaq olmur, həmin faciə ilə yaşamaq olar, ancaq ağlamaq olmaz.
«…Mən 13 yaşlı oğlanın dərisini diri-diri soydum və o, 7 dəqiqədən sonra çoxlu qan itirdiyinə görə öldü. Mən Sumqayıtda, Bakıda öldürülən ermənilərin qisasını aldım…» İnterpolun qorxusundan qaçıb gizlənən və bu etirafları ilə erməni soydaşlarının mərhəmətinə sığınan bir cinayətkarı bağışlamaq olarmı? Zoribalayanlar tək deyil, Azərbaycan türkünün anasının, bacısının, atasının, oğlan və qızlarının tökülən qanından həzz alan bu manyakları bağışlamaq olarmı?
Mənim içim başdan-başa qandır. Mən bu qanı Xocalıda 13 yaşlı uşağın dərisini diri-diri soyanların üstünə tökmək istəyirəm. Mənim 13 yaşlı oğlum var, qarabağlıdır…
Qana qanmı deyək, dostlar!?