HƏSRƏT
Məni payız seçdi fəsil içində,
Günümü xəzanlar hey tumarlayar.
Sənin əllərini göylər saxlayar,
Mənim əllərimi yer qamarlayar.
Sənsizlik hər gecə üşüdər məni,
Donar öpüşlərin izi üzümdə.
Baxışım gözündə ağlayar sənin,
Bir ağac göyərər torpaq dizimdə.
Bir sazaq içimdən titrədər məni,
Bahar istəyimi qəfil don vurar.
Havası sorulmuş bu boş qəfəsdə
Həsrətin özünə təzə ev qurar.
Bu sənsiz dünyada nəyim var mənim.
Çəkilib gedirəm bu yer üzündən.
Nələr çəkdiyimi göydəki bilər.
Ah yerin yeddinci qatından gələr...
HƏSRƏT YOLÇUSU
Ay bu yolu gedən balam,
yolu, səmti bilirsənmi?
O tanınmaz cığırlardan
kolun izin silirsənmi?
İz üstünə iz düşdümü,
dərdlər səni üşütdümü?
Öz-özünü çağıranda
könlün bir səs eşitdimi?
Təpələr düzəndimi
düzəni çala yerdə,
bu olmayan canımı
qurtarıb ala yerdə.
Qanad çalan quş varmı,
torpaqda oyanış varmı?
Yarı sökük divarda
oxuyan bayquş varmı?
Nə gördün, söylə görüm?
Nə dedi qalanlarım?
Duydumu ayaq səsin,
qəbirdə olanlarım?
"Axır ki, gəldin" deyib,
çönüb baxan oldumu?
Cənnəti viran görüb
gözün qanla doldumu?
DƏNİZ GÖZLÜM
Dəniz gözlüm...
Qoy məni gözün üstünə,
nə olsun üzə bilmirəm,
baxıb mənə ötüb getmə,
bilirsən - dözə bilmirəm.
Əlimi götür əlinə,
əlim əldə itən olur,
durub - durub lap qəfildən
bir gül təki bitən olur.
Sən ki sevirsən gülləri,
Gül ətirli, dəniz gözlüm...
SƏN MƏNİ GÖTÜR, APAR
Nə gündüzüm, gecəm var.
Kim deyir ki, qəmim yox?
Oturmuşam yol üstə
gələnimdən gedən çox.
Arzulara umud ver,
baharıma naxış qat.
İlahi, sən mənim də
gecəmə bir Ay çıxart.
İçimdə bir darıxma,
çölümdə bir sükut var.
Sən məni götür apar,
bura qəfəsdən də dar.
GECƏ TƏNHALIĞI
Gecə tənhalıqdan bezən adamlar
sonuncu qatara pənah gətirir.
Vağzal öz səs-küylü izdihamıyla
məni öz qoynuna alıb itirir.
Bitirir bu gecə, məni bitirir.
Fikirli adamın,
dərdli adamın,
narahat, nigaran,
qəmli ürəyi
döyünür qatarın təkərləritək.
Qadın ayaqqabısının səsindən yumşaq
yolu döyə - döyə
gedir bu qatar,
gedir qaranlığı
hey yara - yara...
gecə yuxusunun içinə alıb
məni öz qoynunda aparır hara?
Doğmalar yox olan tənha gecədə
ötürür bu gecə cansızlar məni,
ötürür mürgülü yol dirəkləri,
ötürür yad, özgə baxışlar məni,
ötürür bir ötən yox kölgə kimi.
Sormayır: sən kimsən? Nəçisən?
İnsanı sevirsən,
gülü sevirsən,
bu yeri sevirsən,
göyü sevirsən?...
Sormayır. Ötürür.
Ötürür ömürlük məhbuslar kimi.
Vaqonla dolu adam içində
darıxıram mən
tənhalıq içində,
təklik içində,
ay doğmayan,
bu bitməyən gecədə
iki dəmir qol arasında
yırğalanıb gedirəm...
alıb öz qoynuna yox qonağını,
görən hara gedir sonuncu qatar...
QIZILGÜL
Qırmızı geyinmisən,
sarıdı dodaqların.
Bu gecə ayrılıqdan
islanıb yanaqların.
Ləçək-ləçək dodaqda
sənin xoş baxışların,
ruhumu təzələyir
o qönçə naxışların.
Dərməyə əlim gəlmir.
Sənsiz gedə bilmərəm.
Məni gözləyən qızın
göz yaşın kəsəmmərəm...
UÇUQ EVDƏ PAYIZ
Bu evin divarı yoxmuş, ilahi,
külək xəyallarla savaşır yenə,
xəzan yarpaqları uçur yanımdan
bir payız havası çökür sinəmə.
Bu gecə göy üzü nigaran, qəmli,
sərgərdan dolaşır qara buludlar,
görən hara qaçıb, harda gizlənib,
narahat gümanlar, nakam umudlar.
Alovu alınmış, kösövü sönmüş
bu soba külüylə oynayır indi.
Baltası korşalmış, dəhrəsi itmiş
bu ev sütununu doğrayır indi.
BİR GÖYƏRÇİN UÇACAQ
Bir göyərçin uçacaq
üşüyən pəncərədən.
Bir göyərçin uçacaq
soyuyan əllərimdən.
Yuvası uçan gözəl
gecə harda qalacaq?
İpək qanadlarını
səmadamı yoracaq?
O iti baxışında
sevgi dolu bir həyat.
Qayıt qon pəncərəmə.
Məni yuxudan oyat.
BİR BAXIŞ FIRLANIR BAŞIMIN ÜSTƏ
Göyün üzün alan buludlar kimi,
İşıqda bərq vuran yaqutlar kimi,
Hər gün gözlədiyim umudlar kimi,
Bir baxış fırlanır başımın üstə.
Bu baxan baxışlar məni nə sanmış,
Yerimi, göyümü əlimdən almış.
İlahi, göylərdə sən azmısanmış,
Bir baxış fırlanır başımın üstə.
AZIRAM GECƏNİN BOŞLUĞUNDA
Səni görəndə
həyəcandan nəfəsim kəsilir,
deyəcəyim sözlər də yadımdan çıxır,
özüm kimi...
Danışa bilmirəm,
deyə bilmirəm demək istədiklərimi.
İndi söz sinəmi deşir.
Eşidirsənmi köksümün çırpıntılarını?
Hər gecə azıram
bizi ayıran qaranlığın
bir gecəlik boşluğunda.
Əllərim əllərini axtarır,
gözlərim gözlərini,
səsim səsini...
Nə yaxşı, üzümə toxunan
doğma, həzin, çox həzin
bir meh əsir
telinin dalğasında...
YADINDAN ÇIXARMA
Gözəl şeylər fikirləşməlidir
Bir məhbus qadını
Nazim Hikmət
Gözlərini göy üzünə dik,
qulaqlarını xoş xəbərlərə köklə,
ayaqlarını yerə möhkəm dirə.
Gözün uşaqlarımızın üstündə olsun-
bir göz sənin, bir göz mənim.
Sil həsrətin göz yaşını.
Uşaqlar da görməsin.
Qara buludları qovacaq
xoş xəbərin gələcəyinə inan.
Bizi gözləyir xoşbəxt zaman.
… Qapının zəngi çalınacaq.
Ayrılıq qədər uzun bir zəng.
Dəyişəcək ahəng.
Həsrəti qovacaq səslər gələcək
lal qapının kandarından.
Eşidəcəyin ilk söz
itən təbəssümü qaytaracaq
yanaqlarına,
səni gözəlləşdirən gülüş qonacaq
dodaqlarına.
Şirin olur sevincin göz yaşları,
dolduraq badələri..