QINAĞA CAVAB
Demə yolu düşmür qardaşıgilə,
demə ki, yoxlamır bacılarını,
körpə bala kimi şəlləyib belə
vaxt hanı,
dartıram acılarımı.
Mənə soyuq demə,
əl çək fikrindən –
bilmədim dən qovum,
ya dam axtarım.
Yalançı dünyanın gerçək fikrindən
başım ayıldı ki, adam axtarım?
YAXŞI SAHIB
Yaxşı arvadın əlində
gül olmayım, gül olmayım-
əyin-başı şax eləyən
ütü olum ey, ütü!
Yaxşı ərin qapısının
inəyi, dəvəsi olmayım,
övladı, nəvəsi olmayım,
iti olum ey, iti...
BAŞ HƏRF
Baş hərflər meydandı, şahanə taxtdı,
Ucalan yer gəzir enməzdən öncə.
Baş hərf toparlanmaq, iç artlamaqdı,
boğaz yaşlamaqdı, dinməzdən öncə.
Baş hərflər atadı –
ondan yapışın,
cocuğa bənzəyir kiçik hərflər.
Böyük hərflərə çatır şöhrət, şan,
kiçiklər böyümür, min yol təriflə.
Lilipud kimidi körpə hərflər,
Heç vaxt boy atmazlar
qocalsalar da.
Bu dərə hərflər, təpə hərflər
zirvə yaradarlar alçalsalar da.
Böyüklər kiçilsə şər haqqı əyər,
Zay olar kiçiyə çəkilən əmək.
Kiçik hərf gəlmirsə ardınca əgər
Böyük hərf züryətsiz, sonsuzdu demək!
Kiçiyi incidən cəllad, ya lotu...
Görüm Allah versin bəlalarını.
Böyük hərf anadı,
əlindən tutub
məktəbə aparır balalarını...
Baş hərf isti təndir –
fikrin yükünü
qaynar divar kimi qorusun gərək.
Balaca hərflə ANA sözünü,
Balaca hərflə ATA sözünü,
Balaca hərflə VƏTƏN sözünü,
balaca hərflə Allah sözünü,
yazan barmaq ki, var –
qurusun gərək!
DOĞULMAQ HAQQI
“ Allah
çəkdiyin əziyyətləri
bir də çəkdirməsin! ”
deyirsən mənə...
Əlbəttə,
istədiyindəndi belə demək.
Belə deməklə, qardaş,
tərəzinin gözünü
bir balaca əyirsən...
bir daha belə demə!
Çünki mən
bu möhtəşəm həyata,
bir qatı kədər, ələm,
bir qatı şən həyata
artım xatirinə yox,
könüllü gəlmişəm.
Hər yerə, hər şeyə vurğun,
hər kəsə müştaqam mən.
İyirmi iki yaşında
gül qoxuyan Diləfruz,
İyirmi altı yaşında
ərəl boylu
İttifaqam mən.
Ya mən, ya cin!
Nə yumurta, nə hin?!
Əgər məni əkməsəydi atamı,
əgər məni doğmasaydı anamı
boğardım,
çəkilib Məryəm bətninə
özüm özümü doğardım...
ATAM-ANAM
Baş ucum kökümlə tamdı-
Ağacam, bütöv canam.
Qalın budaqlarım atamdı,
Nazik budaqlarım anam.
Həm vətənəm, həm qürbətəm,
Həm sevgiyəm, həm nifrətəm...
İki rəngdən ibarətəm –
Qara atamdı, ağ anam.
Ha yanda bitim, demərəm...
Göylərə çatım, demərəm...
Özmə yetim demərəm –
Sol böyür atamdı, sağ anam.
Barmaqlarım şam-şamdı;
Qəmdən əridi, damdı...
Orta barmaq atamdı,
Şəhadət barmaq anam.
San nə üçün, ad nə üçün? –
Hamısı baş qatmaq üçün!
Dırmaşıram çatmaq üçün-
Zirvə atamdı, dağ anam.
Dənim çanaqlardan aşır,
Gülüm qucaqlardan aşır,
Barım budaqlardan aşır –
Bağban atamdı, bağ anam.
Hər mətləbi gərək qanam;
Ölən ölmür, keçir qana...
Qışqıran hər körpə atam,
Ağlayan hər uşaq anam...
YANDIR ÇIRAĞI
Alovu tuşuna tut –
zülmətdə daş uçunur,
bağrımın başına tut
kibritin baş ucunu,
yandır çırağı, ay qız.
Bəlli borcun içində
ömür keçir, gün keçir.
Ötən bir gün içində
min illik sürgün keçir –
yandır çırağı, ay qız.
Tanrı pərdəsi təkdi –
biz pərdəli dəliyik.
Pərdə nəyə gərəkdi
onsuz da pərdəliyik –
yandır çırağı, ay qız.
Bəxt harda dönür daşa,
hardadı zülüm, görüm...
İlan qolum sarmaşan
belin hardadı görüm;
yandır çırağı, ay qız.
Xəncər dilin doğrasa
heç olmasa el görsün.
Bülbülün yarasına
işığı tut, gül görsün –
yandır çırağı, ay qız.
İşıq düşməsə gözə
haram var, haram ola?
Kərəmdən sonra bizə
sevişmək haram olar –
yandır çırağı, ay qız.
Bilmədin ki, qədrimi
boynuna uşaq düşsün.
Heç olmasa qəbrimin
içinə işıq düşsün
yandır çırağı, ay qız...
AÇ QAPINI...
Yanı yoldaşlısan,
ya bəlkə təksən,
hər halda qapını möhkəm bağlama
Diksinmə, cəftəni nə zaman çəksəm –
dərvişəm, xəyanət gəlməz ağlıma.
Bütün pərdələrdə deşik var, inan,
Can bir xəzinə ki,
açan yeməyib.
Görsən ki, böyrümdə pişik var,
inan,
o pişik ömründə siçan yeməyib.
Lap pələnglə gəlsəm, tutma başını,
bircə bunu söylə:
– İçəri buyur!
And olsun, o pələng qanlı dişini
səhər də, axşam da fırçayla yuyur...
Qucağım gül dolu...
boynu burulmuş
dəhlizdə durmuşam
görsən cani tək,
bir banka su gətir, beli qırılmış,
soluxmuş gülləri dikəldə bilək.
Qorxduğun nə varsa,
bil ki, saxtadı –
Cinim sinov gedir salavat üçün.
Əlimdə sıxdığım bıçaq taxtadı,
qana boyamışam zarafat üçün.
Görsən ki, gəlmişəm ayrı qadınla
nə onu bağışla,
nə məni əfv et –
yenə aç qapını, tanrı adına,
yanımızca gələn uşağa rəhm et.
QOLLARIMIZ
Ay ömrüm, ay görüm səni min yaşa,
Xoşbəxtlik oxunsun əlindən sənin.
Yadına gəlirmi,
gedirdik qoşa,
Mən də yapışırdım qolundan sənin.
Bu xoş xatirəyə güləydin bəlkə?-
Ah-ufu çəkincə düyünə qədər...
Dilimiz uzanıb gileydən bəlkə,
Ya qollar gödəlib çiyinə qədər?
Bir bax yolumuza boran tökülür,
Neyləyim,
sızlayan yarandan tutum?
Oranı tuturam, buran tökülür
Vallah, heç bilmirəm harandan tutum...
AHU... BANU
Eşitdik ki, şair qardaşım Umud Rəhimoğlunun ekiztay qız nəvəsi olub, maşına doluşub getdik görməsinə. Həmən günün təəssüratından bu şeir yarandı. Uşaqdan böyüyə kimi hamımızın ürəyincə olan iki gözəl qıza həm iki, həm də hardasa tək bir adın qoyulması idi; Ahu, Banu...
Gözün aydın Umud baba,
Səndən yaxşı umud hanı?
Tanrı vermiş topa-topa –
biri Ahu, biri Banu...
Budaqdan cüt dərmiş ola –
Kim calamış iki qanı?
Qoşa əllə vermiş ola?-
biri Ahu, biri Banu...
Alsın sizin qadanızı
Leyli, Şirin, Məhinbanu...
Adlar qurban adınıza,
Ahu, Banu, Ahu, Banu!
Beşikləri yan yanadı –
Hünərin var, ayır tanı...
Bir mələyin cüt qanadı –
biri Ahu, biri Banu...
Görən deyir bir də görüm,
Bilmir hara qoysun canı.
Heç düşməsin dərdə görüm;
biri Ahu, biri Banu...
Baxışları quzu təki
Hansı baldı, hansı şanı?
Tanrı təkdi, qızı iki –
biri Ahu, biri Banu!
PLASTIK KISƏLƏR
Açarı çıxarıb dəri kisədən
sevincək açıram bağ qapısını;
bədgüman olmuram daha kimsədən...
qəzəbdən içimdə şüşə qab sınır.
Buna nə ad verim işğaldan özgə –
bağım tora düşüb,
hər yan kisədi.
Cidanı nə gizlər çuvaldan özgə;
nar kisə,
tut kisə,
bostan kisədi...
Hasardan atdanıb qəfil içəri
Yağı güman edir, çöldür, aparır.
Bağımın başına torba keçirib
gözüm görə-görə quldur aparır!
Bir vaxt uçuşardı quşlar güneydə,
baxardıq,
quzeydə bulud, qar uçur.
Arzular uçurdu qabaqlar göydə
indi də
plastik torbalar uçur.
Ona bax, kisədən şam lopa qoyub
sübhəcən boğulub, ağlayıb alma.
Küknar ingilisdi,
şlyapa qoyub,
Alman kalstuku bağlayıb alma.
Kisə çıxardanı gorbagor olsun,
kisəni küçəyə atana lənət!
Kimyagər dünyanın gözü kor olsun,
ay külək, sənin də atana lənət!
Söyürəm dünyanı, çıxarı çoxdu...
Kisə hardan bilsin bu evdi, damdı.
Vallahi, kisənin günahı yoxdu
Məhləmi bu kökə salan adamdı.
Nə alsan yarısı atılır indi,
O üzdən hər tərəf plastik torba!
Plastik torbada satılır indi
Ürək, qaraciyər, dietik şorba.
Özüm əkdiyimi özüm dərirdim
buğdam yelə gedib,
arpa dərirəm.
Vaxt vardı tənəkdən üzüm dərirdim,
İndi salxım-salxım torba dərirəm...