Anası Yazgül Şahmarı silkələyib yuxudan oyatdı ki, şər qarışır, bu vədə yatmazlar, dur ayağa! Yazgül hirsli-hikkəli arvad idi. Özü də böyük oğlu Əkbərə bir söz demirdi, nə iş olsa, Şahmara gördürürdü.
Şahmar başını yastıqdan azca qaldırıb dikələn kimi, anası dedi ki, inəyimiz gəlməyib. Əkbərlə Ziyafət inəyin dalınca gediblər, amma bu vaxtacan nə özləri gəlib çıxırlar, nə inəyi gətirirlər.
Şahmar yerindən tənbəl-tənbəl qalxdı. Gedib üzünə su vurdu və iki stəkan soyuq suyu da başına çəkib ağacını götürdü, fit çala-çala yola düzəldi.
Kənddə olanda Şahmarın ağlına da gəlməzdi ki, Bakıda inək, qoyun, at saxlamaq olar. Elə bilirdi paytaxt camaatı bu heyvanlara da zooparkda tamaşa eləyir. Allaha yalvarırdı ki, nolaydı, bu kənd dağılaydı, ya da bu heyvanlar qırılıb qurtaraydı, Şahmar bir də quzu otarmağa, atı suvarmağa getməyəydi. Bəlkə yığışıb Bakıya gedəydilər, orada əti, südü, çörək və kolbasanı dükandan alıb yeməklə adam kimi yaşayaydılar...
Elə bil Allah onun səsini eşitdi. Düzdür, kənd dağılmadı, heyvanlar da qırılmadı. Amma onlar Bakıya köçdülər. Lakin Şahmar burada Bakı evlərini uzaqdan görməli oldu. Onun mal-qoyun saxlayıb, tövlə təmizləmədən ərzaq məhsullarını dükandan alıb yemək arzusu boşa çıxdı. Şahmarın anasına uzaqdan-uzağa qohumluğu çatan Paşa müəllim səksən beşinci ildə burada yüksək bir vəzifə alandan sonra yerliçilik eləyib qohum-əqrəbalarından bir neçəsini dartıb yanına yığmışdı. Onlardan biri də Şahmargilin ailəsi idi. Şahmar köçlərini yığdıqları «Kamaz»ın motorunun gurultusu altında cürbəcür xəyallara uyur, yuxuda ikən onu yüngülcə atıb-tutan təkanlardan sanki qanad taxıb fərəhlə uçurdu ki, bakılı olacaq. Amma atasını buradakı sovxozların birində qoyun briqadiri qoydular. Özlərinə də bir qəsəbədə uçuq-sökük bir tikili verib dedilər ki, hələlik burada yaşayın. Birdən-birə təzəsini versək, ağzıgöyçəklər deyəcək ki, filankəsin qohumuna gələn kimi ev verdilər, bu da birincinin qulağına çatacaq.
Şahmar Bakıda da quzu otarıb at suvarmaqla məktəb pillələrini bir-bir qalxırdı. Qardaşı Əkbər ondan iki yaş böyük idi, səkkizinci sinfi qurtarmışdı...
Əkbərlə Ziyafət əliboş üzübəri gəlirdilər (Ziyafət onun kənddə yaşayan dayısı oğlu idi, bibisigilə qonaq gəlmişdi). Hiss olunurdu ki, axtarmadıqları yer qalmayıb. Yorğunluqdan ayaq üstə güclə dururdular.
— Nə oldu, Alagözü tapa bilmədiniz?
— Alagözü tapmaq nədir, az qala özümüzü itirmişdik, — Ziyafət cavab verdi.
— Yox əşi! — Şahmar yaşlı kişilər sayaq təəccübləndi.
Onlar Şahmara qoşulub təzədən geri qayıtdılar.
Hava sakit idi. İsti yay axşamı düşürdü. Cənub küləyinin isti mehi adamın üzünü yalayırdı. Gün şüasının yandırıb tökdüyü torpağın hərarəti isə alov tək adamı hələ də qarsırdı. Buraların sərinliyi hələ gecə yarıdan sonra, səhərə yaxın düşəcəkdi.
Uzaqdan baxanda kül rəngində, bomboz görünən dağlar əslində, böyük yarğanlardan başqa bir şey deyildi. Susuz səhraya bənzəyən bu yerlərdə yaşıl tikandan başqa demək olar ki, ot bitmirdi. Tikanlar da çox zəhərli idi. Batdığı yerin göynərtisi adamı uzun müddət incidirdi.
— Əkbər, o ağaclar olan tərəfə baxmısınız? — Şahmar böyük qardaşından soruşdu.
— Hə, naxır da elə ordan gəlib. Naxırçı dedi ki, bizimki ilə üç heyvan yoxdur. Özü də dədəmlə o səmti axtarmağa getdilər. — Əkbər məlumat verdi.
— Hamısı bizim bəxtimizdəndi. O biriləri tapılacaq, görəcəksən...
— Yaxşı, naşükür olma, — Ziyafət dedi.
— Nə «yaxşı»? Paşa müəllimin canı haqqı, bunun yaxşısı yoxdu. Köpək oğlu bizi yerimizdən-yurdumuzdan elədi, gətirib saldı Abşeronun bu ilan mələyən düzünə. Özü də işdən qovulub getdi, qaldıq quru düzdə. Avam adamınkı bax, budur. Abşeronun düzü...
Əkbər nəyə görəsə uzun-uzadı fit verdi. Ziyafət güldü:
— Guya inək sənin fışqırığına səs verəcək?
— Sən buralara bələd deyilsən, — Əkbər ötkəm-ötkəm dedi, — burda səs-küy salmaq lazımdır. Yoxsa, bir də gördün ki, silahlı saldatlar səni dövrəyə alıblar.
— Rus saldatları?
— Azərbaycanlılar da var. Papası böyük olanlar durub Sibirə getməyəcəklər ki.
— Bura bax, bəlkə inəyi elə onlar yeyiblər? — Ziyafət nəsə tapmış kimi ayaq saxlayıb diqqətlə onların üzünə baxdı.
— Səfeh-səfeh danışma! — Əkbər çımxırdı. Sonra sakit səslə dedi: — Amma ilanlar yeyə bilər.
— Nə? Sən nə danışırsan, Əkbər? — Ziyafətin tükləri biz-biz oldu. Əkbər ona cavab vermədi. İlandan nahaq söz salmışdı. Ziyafət iki ayağını bir başmağa soxub deyə bilərdi ki, məni evə qaytarın! Özü yolu tapa bilməzdi. Həm qorxar, həm də azardı.
— Ə, elə-belə sözdü deyir, ilan lənətə gəlmiş haçandan inək yeyir? Olsa-olsa, çalıb öldürə bilər. — Şahmar ona ürək verdi.
Amma bu Ziyafəti qane eləmədi. Yerdəki hər çör-çöpdən diksinib ora-bura atılırdı. Şahmar ürəyində ona gülsə də, dayısı oğlunu pərt eləmək istəmirdi. Qabağa düşüb getməyə başladı.
Ay doğmuşdu. Hər yan elə bil süd rəngində idi. Gün işığında bomboz görünən torpağın rəngi dəyişmişdi. Uşaqlar hündür bir təpənin çala-çuxur cığırı ilə üzüaşağı enirdilər. Şahmar ayın işığından istifadə edib tez-tez yeriyir, onlara bələdçilik edirdi.
— Lənətə gələsən səni! Bu nəydi dolaşdı ayağıma?! — O, birdən özünü irəli atdı. Nəsə bərkdən fısıldadı. Uşaqlar üçü də tappa-tupla üzü enişə tərəf qaçışdılar. Hirslə özünü kolluğa vurub uzaqlaşan ilan qıvrıla-qıvrıla gözdən itdi.
— Adını çək, qulağından tut. — Əkbər gülümsədi. — Lənətullanın adını çəkməsəydim, bəlkə də çıxmazdı yolumuza.
Şahmar qorxmuşdu. Amma özünü o yerə qoymayıb dedi:
— Lənətə gəlmişin başıyla quyruğunu səhv saldım, çıxdı əlimdən! Tapdayıb torpağa qarışdıracaqdım.
Ziyafət səsini çıxarmırdı. Qorxusundan sarısını udmuşdu. Əlindəki balaca dəmir lingi yerə vura-vura uşaqların dalınca tullana-tullana gedirdi. Elə yeriyirdi ki, ayaqları yerə dəymirdi. Ayağındakı yüngül idman ayaqqabısının altı rezin olduğundan ona elə gəlirdi ki, ilanların beli ilə yeriyir...
— Şahmar, deyirəm, bəlkə heç dərəyə girməyək? — Əkbər bələdçi kimi qardaşına məsləhət elədi.
— Nə danışırsan? Bəlkə yazıq heyvan azıb elə oralarda qalıb, yolu tapa bilmir?
İki hündür təpəni birləşdirən enli vadi olduqca vahiməli idi. Günün günorta çağı bu vadini körmək olmurdu, o ki qaldı gecə ola. Burada çay axmırdı. Dərə qupquru idi. Deyilənə görə, vaxtilə buradan böyük çay axırmış. Hətta gələn sel-su buraları nə vaxtsa yuyub aparıb yerini düzləmişdi. İndi çay yatağında qalmış iri, əcaib daşlar, qorxunc ovruqlar deyilənin doğru olduğunu bir növ təsdiq edirdi.
Şahmar yoldaşlarından xeyli aralanmışdı. Əlindəki ağacı yaşlı çobanlar sayaq belinə vurub gedirdi. Gecənin sakitliyində onun fitlə çaldığı bir xalq mahnısı ruh oxşayan idi. Adam ona baxanda ac-susuz, yorğun-arğın elə bu gecəni gedib başa çıxmaq istəyirdi.
Ay buludun arxasına keçib işığını bir az zəiflətdi. Sanki yolçulara bələdçilik eləməkdən yoruldu. Ziyafət az qalırdı onları yalvar-yaxarla dilə tutub evə qaytarsın. Acından ölürdü, ayaq üstə güclə dururdu. Bir yandan da gecənin vahiməsi üstünə gələn div zəhmi kimi onu üzürdü.
— Hələ çox qalıb? — deyə ürəksiz halda yol yoldaşlarından soruşdu.
— Hara? — Əkbəri gülmək tutdu. — Hara gedirik ki, çox qala? Buralarda veyillənirik də.
— Bəs inək axtarmırıq? — Zifayət sualın səmtini dəyişdi.
— İnək yerin altında deyil ki, üstündədir də. Buralarda olsa, gözləri parlayacaq, buynuzları, qulaqları tərpənəcək, biz də görüb tapacağıq. — Əkbər lap şitəndi.
Şahmar Ziyafətin qorxudan artıq huşunun özündə olmadığını hiss edib dedi:
— Bax, bu vadinin o üzünə keçib oraları da axtaraq. Tapa bilməsək, qayıdıb gedəcəyik.
Üzüyuxarı gedirdilər. Qarşıda çəmənliyə bənzər yaşıllıq vardı. Çəmənliyin ortasında təkəm-seyrək bitmiş iri əncir ağaclarının ayın işığında yerə düşmüş qəribə, füsunkar görkəmli kölgələri buradakı vahimənin təsirini bir qədər azaldırdı. Burada qətiyyən meh yoxdu, yarpaq belə tərpənmirdi, tam sükutda uşaqların ayaq tappıltıları eşidilib boşluqda qəribə ahənglə səslənirdi.
Qaranlıq getdikcə lap qatılaşırdı. Daha yolu seçmək olmurdu. Çəmənlikdəki kolluqların birinin arasında xırdaca bir işıq göründü. Ziyafət gözünü oraya zillədi. O, işıldayan böcək görmüşdü. İşıldaquşun burada da olması onu nədənsə sevindirdi.
Şahmar üzüyuxarı gedib inəyi çağıra-çağıra ovruqların arasında itib-batır, görünməz olurdu. Bu çala-çuxurda inək nədir, lap fil də gizlənsəydi, görünməzdi! Heyvan olsa-olsa, Şahmarın səsini eşidib mələyəcəkdi. Yoxsa, axtarış tam mənasız idi. İnəyin özünün də rəngi tünd qara idi.
İşıldaquş hərəkət edib üzü aşağı istiqamət götürdü. Ziyafətə elə gəldi ki, yorğunluqdan, bir də qaranlıqdan gözləri süzülür. Amma bu işıq yaxınlaşdıqca qaranlıqda yerə atılmış siqaret kötüyünü xatırladan közə bənzəyirdi. Ziyafət fikir verib gördü ki, «köz» Əkbərin də diqqətini cəlb edib. Az keçmişdi ki, Şahmar ümidsiz halda ovruqlardan qayıdıb gəldi — inək-zad yox idi. O da işığa baxa-baxa nəsə fikirləşirmiş kimi dayanıb durdu, işıq onlara heç məhəl qoymadan asta «yerişlə» hərəkət edir, su tək axıb gedirdi. O bir az da böyüdü. Şamın şöləsinə bənzər balaca bir dilim alova dönüb elə beləcə şölələnə-şölələnə üzüaşağı süzüb getməkdə idi. Ziyafət təəccübünü gizlədə bilmədi:
— O nədir elə, Şahmar? — deyə boğuq səslə soruşdu.
Şahmar bilmədi ki, ona nə cavab versin. Bir yandan Ziyafətin hər şeydən hürküb qorxması onu dilxor edir, o biri yandan isə Alagözün tapılmaması məyus edirdi. Üstəlik, süzə-süzə gedən bu şölənin nə olduğunu özü də bilmirdi. Sakitcə onlara qoşulub tamaşa edirdi.
Maraq onu üstələdi. Bir neçə addım atıb öz yolu ilə gedən işığın qarşısına keçdi. Bu işıq nəydisə dayandı. Bir az da böyüyüb şölələndi. Yerində fırlanıb hərəkət etdi. Artıq gözləri qaranlığa alışmış uşaqlar işığın arxasınca nəhəng bir bədənin kölgə kimi sürüşdüyünü gördülər. Heç biri səsini çıxarmadan ona tamaşa edirdi. Kölgə dəniz tək dalğalandı, ləngər vurdu, lap böyüdü və... Həmin işıq sanki qığılcımlara dönüb onun hər tərəfinə səpələndi. İşıqlar səyriyir, avtomatik olaraq kölgənin o tərəf bu tərəfində gah qırmızı köz kimi, gah da yaşıla çalan bir rənglə bir göz qırpımında yanıb sönürdü. Elə bil elektrikə qoşulmuş yeni il yolkasının bəzəkli lampaları idi. Şahmar tez geri qaçıb Ziyafətin əlindəki lingi qaparaq, işıqların üstünə yeridi. Birdən dayandı: kölgə güclü bir təkanla belindəki sayrışan işıqlarla qıvrılıb hazır dayandı. Bu zaman onun nəhəng başı peyda oldu. Başın özündən iri, əcaib ağzı açıldı. Onun sanki dişlərinin dibində parlayan, bayaqkı «köz»lərə bənzəyən işıqlar nəhəngin ağzının az qala başının həcmindən də iriliyini, kəsmə burnunu, gözlərini, sığallı təpəsini göstərdi. O eybəcər ağzını Şahmara tərəf çevirib durmuş, bədəni ilə qeyri-müəyyən hərəkət edirdi.
— Əkbər, qaçın! — Şahmarın boğuq qışqırtısı eşidildi. Sanki onların «niyə?» və ya «nə olub ki?» suallarına cavab olaraq əlavə etdi: — Əjdaha!
Bir anlığa, bəlkə də bir neçə saatlığa heç kəs yerindən tərpənə bilmədi. Bu nəhəngin ağzı elə bil qarşısındakıların soyuqqanlı hərəkətindən təəccüblənərək, hələ də açıla qalmışdı. İlkin olaraq yenə özünə gələn Şahmar oldu. Onlara yaxınlaşıb bir də «qaçın!» əmrini verdi və onları geri dönməyə məcbur etdi.
Uşaqların üçü də qaçmağa üz qoydu. Lakin qaçmaq bir yana, heç yeriyə də bilmirdilər. Elə bil bir güclü maqnit qüvvəsi onların ayaqlarını yerdən götürməyə mane olurdu. Ayaqları büdrəyir, dolaşır, sürət götürə bilmirdilər. Sanki bu qeyri-adi nəhəng baxışları ilə də onları tilsimləyib hərəkət etməyə qoymurdu.
Yol boyu dinib danışmadılar. Onsuz da kənddən xeyli aralı olan bu dağlarla sanki bir il idi ki, yol gəlirdilər. Üçü də qan-tər içində idi, nəfəsləri kəsilmişdi. Evin həndəvərinə çatanda bir-birindən tutub yeriyirdilər.
Yazgül qıjhaqıjla inək sağırdı. Onları görəndə əlini saxladı.
— Əhsən sizin kimi oğullara! Alagöz sizdən etibarlı çıxdı, örüşdən özü qayıdıb gəldi.
Şahmar anasına cavab vermədi. Anası əlbəttə, hirsindən yalan deyirdi, inəyi yəqin ki, atası tapıb gətirmişdi. O üzünü inəyə tutub:
— Biz də sənin ucbatından... — dilinin ucuna gələn sözü güclə geri qaytardı, — dünyanı ayaqlayıb özümüzü əsir-yesir eləmişik, — deyə Alagözün boynuna bir şapalaq çəkdi. İnək fınxırıb ona zarafatla buynuz atdı. Lakin Şahmarın indi onunla oynamaq həvəsi yox idi. O, evin tinində, qaranlıqda oturub xısın-xısın danışan qardaşı ilə dayısı oğlunun yanına getdi.
Uşaqlar gördüklərini sirr saxlayıb evdə heç kəsə deməyəcəklərini bir-birinə söz verdilər.
Səhərin gözü açılmamış Yazgülün səsi həyəti başına götürmüşdü:
— Gecənin o vaxtı gələn elə bu vaxta yatıb qalar də! Görəsən, inəyi kim aparıb qoşacaq naxıra?
Yazgül uşaqlardan bir səs çıxmadığını görüb deyinə-deyinə inəyi qabağına qatdı.
Bir azdan Əkbər durub Şahmara yaxınlaşdı:
— Şahmar, nə təhərsən, halın üstündədi?
— Yox, bütün bədənim gizildəyir. Elə bil döyüblər məni.
— Mən də eləyəm. Lənətə gəlmişin zəhmindəndir. Özünü toxdat, dur gedək, ora bir baş çəkməliyik.
Orada, düz ilanın dayanıb ağzını açdığı yerdə iri, dairəvi, bir qalaq ocağın külündən başqa heç bir iz yox idi. Uşaqlar mat-məəttəl bir-birinin üzünə baxdılar.
— Şahmar, bəlkə bu elə ocaqmış, bizim gözümüzə işıq saçan ilan şəklində görünüb? — Əkbər təəccüblə soruşdu.
— Sən nə danışırsan? Deyirsən, lap üçümüzü də qara basıb?
— Amma mən bir şey eşitmişəm, uşaqlar. — Əkbər dedi.
— De görək, ağlabatandırmı?
— Deyirlər, uçan boşqab bir yerə qonduqda, sonra uçub getdikdə orada belə bir yığın kül olur... Bəlkə bu boşqab məsələsidir?
— Nə deyim, vallah... — Şahmar çiynini çəkdi.
Yerli sakinlərin dediyinə görə, dərənin o üzündəki dağın lap zirvəsində görünən qoşa sərt qayalıqda iri ilanlar vardı. Gün ərzində bir neçə dəfə oradan süzülən çınqıllar deyilənin həqiqətə uyğun olduğunu göstərirdi. Şahmarın yolu bu səmtə düşəndə dayanıb uzun-uzadı oraları seyr edir, ilanları nə vaxtsa görəcəyi ümidi onu tərk etmirdi. Lakin burada yaşayan qoca bir kişi keçi otararkən onun bu hərəkətini dəfələrlə görüb demişdi ki, ilanı izləməzlər, bala, ilan tilsimdir, bundan xeyir tapmazsan, ziyan görərsən. Qoca o vaxt bu «tilsimin» lap belə işıq saçması barədə bir söz söyləməmişdi. Onun dedikləri Şahmarın yadına düşdü. Bəlkə doğrudan da, tilsimli əjdaha özündən sonra onları heyrətdə saxlamaq üçün bir topa kül qoyub getmişdi?..
Üçü də dinməz-söyləməz geri qayıtmağa başladı. Gördüklərini bir sirr olaraq saxlamaq artıq vacib olmuşdu. Onsuz da əjdahadan sonra qalan bu kül məsələsinə inanan olmayacaqdı. Yenə səhər-səhər gəlib külü görməsəydilər, onda məsələ başqa cür olardı, kənd camaatına əjdaha gördüklərini deyib onları əməli-başlı inandırmaq mümkün idi.
Şahmarın nədənsə «oddan kül törəyər» məsəli yadına düşdü və yol yoldaşlarının hiss etməyəcəyi halda, xəfifcə gülümsədi.