Səhərə yaxın Vahid müəllim yuxuda gördü ki, cavanlıq sevgilisi Leylanı qucaqlayıb şeir deyir. Arvadının yuxulu, hirsli səsinə oyandı:
-Əə, anrı dur, neçə dəfə demişəm o ləçərin adını çəkmə mənim yanımda, - Nazlı hirslə dilləndi.
Vahid müəllim əlini Nazlının qıçına qoyub sığalladı:
-Nazlı, deerəm bəlkə...
-Əə, yeri o yana, yuxuda başqasını qucaqlayırsan, amma mana işin düşür, çək əlini.
Vahid müəllim yenə qılıqlandı:
-Mənim göyərçinim, deyirəm, bəlkə...
-Şitdik elləmə, zəhləm gedir şitdikdən, çək əlini, nerviləndirmə məni, yatmaq istəyirəm. Saçın-saqqalın ağarıf, yenə əməlinnən əl çəkmirsən.
-Az, qoca at arpa yimirmi?
-Qoca at arpa yeyəndə ağzının qırağınnan bəri şoralanır, çək əlini, yatıram, hirsləndirmə məni.
-Köpəy oğlunun qızı, adam olmadın bu qırx ildə, - Vahid müəllim də yönünü çevirib yorğanı başına çəkdi.
Qəribə də olsa, tezliknən yuxuya getdi və səhər yuxudan hirsli durdu. Gördüyü yuxunun təsirindən çıxmaq üçün bir az yerinin içərisində oturdu və tez də qalxıb yuyunmaqdan ötəri həyətə düşdü, çünki Vahid müəllim yerinin içərisində oturmağı sevmirdi. Nazlı çoxdan durub həyəti, yolu süpürmüşdü, çay qay-natmışdı, indi də Vahid müəllimin köhnə boz trusikindən düzəltdi yi əski ilə talvarın altındakı stolu silirdi.
Üfüq suya qatılmış qan rənginə boyanmışdı. Vahid müəllim hiss elədi ki, çəkdiyi tut arağından bir az gillətməsə, halı düzələn deyil.
-Ay Nazlı, mənə yiməyə bir şey qayır,- cod səslə, arvadına baxmadan, yuyuna-yuyuna dedi.
-Nə qayırım, əə, savax-savax,- Nazlı səhərki incikliyi unutmamışdı; Vahid müəllimin yuxuda Leylaya şeir oxumağını bağışlaya bilmirdi, həm də başa düşdü ki, əri içmək istəyir, çünki ancaq içmək istəyəndə belə tezdən nə isə bişirtdirirdi. Vahid müəllim daha danışmağın mənasız olduğunu görüb, dünəndən qalan şorbanı qazın ustünə qoydu ki, qızsın.
-Elə onnan ötəri canın çıxırdı, gör bir sənnən başqa savax-savax hörtdədən varmı?!
-Kəs səsini, məktəb ha yoxdu büyün, yaxşı eləyirəm.
Vahid müəllim tut arağından iki yüz vurub bağa yer belləməyə çıxanda hiss elədi ki, ovqatı yenə düzəlmədi; yuxusunun təsirindən çıxa bilmirdi.
Yuxuda ən çox istədiyi böyük oğlunu görmüşdü. Vahid müəllim altı oğul, bir qız böyütmüşdü.Böyütmüşdü deyəndə, ayağıyalın, başıaçıq, Allah ümidinə, necə gəldi böyümüşdülər, onları heç vaxt həkimə, müalicəyə aparmamışdılar. Hətta ortancıl oğlu bir dəfə tualetə qanlı getmişdi, Vahid müəllim onu da həkimə aparmağa qoymayıb: “Qoy bədən özü mübarizə aparsın”, - demişdi. Çox qəribədir ki, uşaq tezliklə öz-özünə sağalmışdı.
Sonra oğlanlar böyüyüb bir-bir əsgər getmişdilər, hamısı da qayıdıb bir il, para il, Vahid müəllimin yanında qalandan sonra aradan çıxıb Rusiyaya üz tutmuşdular. İkisi rus, ikisi qaraçı, biri də azərbaycanlı qızı almışdı, böyük oğlu isə, hələ evlənməmişdi. O biri oğlanları tez-tez zəng eləyirdilər, pul göndərirdilər, ildə bir-iki dəfə gəlib- gedirdilər, amma böyük oğlu nə zəng eləyirdi, nə də gəlib-gedirdi. Vahid müəllim ömrü boyu öz-özünə: “Mən çox prinsipial adamam, mən nemes kimi adamam”, - deyirdi və həmişə də bu “prinsipiallığını” sübut eləməyə çalışırdı. Bu prisipiallığın“əlaməti kimi”əmisi oğlunun uşağına iki yazıb sinifdə saxlayırdı, bacısı qızının qiymətini kəsib əlaçılıqdan salırdı, rayondan gələn komissiya üzvləri ilə dalaşıb sinifdən qovurdu, hirslənib sovxoz direktorunun qızına şillə vururdu, sonra da minnətçi salıb üzr istəyirdi. Ümumiyyətlə, Vahid müəllim çox istedadlı adam idi, amma acı dili ucbatından arzuları baş tutmadıqca, qəfəsə salınmış canavar kimi ora-bura vurnuxub özünəziyan yetirirdi. Fizikanı, riyaziyyatı gözəl bilirdi, şeir yazırdı, rəssam kimi şəkil çəkirdi, yaxşı şaç düzəldirdi, ev hörürdü, paltar tikirdi vəs. Amma yenə də xoşbəxt deyildi. Cavanlığında dörd il Qaxda müəllim işləmişdi, evində kirayənişin qaldığı lal Məhəmmədin gözəl qızı Leyla Vahid müəllimə vurulmuşdu, ata-anası da razıydılar, amma Vahid müəllimin anası Xatun xala razı deyildi. Ona görə dəVahid müəllim səsini çıxara bilməmişdi, qıza meyli olsa da, məhəbbətini içinə salıb boğmuşdu.Hətta neçə ay Leyla ilə bir otaqda qalmışdılar, çox böyük iradə hesabına qıza barmağının ucu ilə də toxunmamışdı. Nəhayət, qızın ata - anası Vahid müəllimin bu işdə yararsız olduğunu düşünərək, sevdalarından əl çəkmişdilər. Öz kəndlərinə dəyişiləndən sonra Xatun xala onu yaxın qohumlarından birinin məktəbi yenicə bitirmiş qızı ılə evləndirmişdi. Vahid müəllim nə qədər səhv elədiyini yalnız onda başa düşmüşdü və gözəl Leylanın xəyalı ilə alışıb - yanmışdı. Doğrudur, qara olsa da, o vaxt Nazlı indiki kimi kök deyildi, xasıyyəti də indiki kimi korlanmamışdı, Vahid müəllimin hər sözünə “can” deyə cavab verirdi. Həmin evlənmədən xeyli sonra bir dəhşətli hadisə də baş vermişdi. Vahid müəllim bir neçə ildə çəkdiyi acının heyfini Xatun xaladan çıxmışdı, hirslənib ona ağızına gələni demişdi, sonra peşiman olaraq bir xəlvətə çəkilib hönkür-hönkür ağlamışdı xəyalında gözəl Leylaya şikayətlənmişdi. Xatun xala dəhşət içərisində Samirə müəllimənin yanına qaçmışdı:
-Aaz, bədbəxt dəli oluf,- demişdi,- heç nəyin üstündə məni qırıf- batırdı, ağzına gələni dedi mənə. A sənin gözün tökülsün, nə pisdiyim keçif sənə, elədiklərim burnunun iki deşiyindən gəlsin.
-A Xatın, öz cəzandır, çək, bəs camaatın gül kimi qızını gözüyaşdı qoyanda bilmirdinmi bir gün bunun haqq-hesavını verəcəksən?
-Az, sən də elə danışırsan kı ? Əl-zadmı vurmuşdu xalxın qızına? -Əl vürsa onnan yaxşıydı, ürəyini sındırmışdı, bütün dünyaya inamını öldürmüşdü, sevgisini puça çıxartmışdı. Yenə də deyimmi?
-İndi başıma haranın daşını salım mən? Gədə əməlli-başdı dəli oluf. Gərək mollaya- cindərə gedif dua yazdıram.
Xatın xala mollaya- cindərə gedib dua da yazdırmışdı, cadu-piti də elətdirmişdi, amma yenə xeyrı olmamışdı, beş-altı aydan bir Vahid müəllimin “dəliliyi tutmuşdu”və acıqlanıb qarşısındakı adama ağzına gələni demişdi.
Artıq günəş bir boy qalxmışdı, üfüqün qırmızılığı da itib getmişdi. Vahid müəllim yenicə beli yerə sancıb torpağı çevirmək istəyirdi ki, gördü pomidor ləkinin üstünə bir dəstə toyuq daraşıb kef eləyir. Samirə müəllimin toyuqları idi, yəqin qohum evini tanıyıb aradakı torpaq yolu keçərək, Vahid müəllimin bağına hücum çəkirdilər. Doğrudan da qəribə idi, toyuqlar Samirə müəllimin çəpər qonşuları Arif müəllimin, Qəndab arvadın yox , xeyli yol qət eləyib Vahid müəllimin bağına gəlirdi.
Yəqin Samirə müəllimənin tez - tez bu evə getdiyini görüb qohum evi olduğunu anlayırdılar.
-Ay Samirə, sənə neçə dəfə demişəm bu tərəfə buraxma toyuqlarını? - Vahid müəllim üzünü bacısıgilin evi səmtinə tutub qışqıra - qışqıra yerdən bir qaltan götürüb atdı və toyuqlara doğru cumdu. Qəfil həmlədən özlərini itirən toyuqlardan bəziləri uçaraq çəpəri aşdı, bəziləri çəpərin altındakı dəlmədeşikdən keçib canını qurtardı. Amma toyuqların ən gözəli,başı tomağalı, hər gün ikisarılı yumurtlayan, Samirə müəllimin sevimli sarı toyuğu özünü itirib başını xırda dəliyə soxdu, nə qədər çabalayıb güc versə də, bədəni keçmədi. Elə bu an Vahid müəllimözünü yetirib sol əli ilə toyuğun ayaqlarından yapışdı, sağ əli ilə başını üzüb, çabalayan bədəni çəpərdən tulladı:
-Sana neçə dəfə demişəm qoyma bu murdarları mənim bağıma gəlməyə,-dedi. Vahid müəllim cavanlıqdan toyuq əti və yumurta yemirdi.
Təsadüfən yola çıxan Samirə müəllimə qardaşının toyuğun başını necə üzüb atdığını gördü:
-Boyy, ədə, şümürsənmi? Buna bax sən-sənin Allahın, ən yaxşı toyuğumun başını üzdü. Toyuq böyrü üstə bir-iki dəfə çabalayıb canını tapşırdı və Samirə müəllim toyuğu götürüb öz həyətlərinə girdi. Vahid müəllim cavanlıqda qurd-quş, siçan-qurbağa, ilan-çayan - bir sözlə, bağda nə görürdüsə, öldürürdü, amma yaşlaşandan sonra hətta qarışqaları tapdalamamaq üçün ayağının altına baxa-baxa yeriyirdi. İndi bu gün birdənbirə toyuğun başını üzməyi hamıya qəribə gəlirdi.
Səsə Nazlı həyətdən çıxıb əli ilə Vahid müəllimə tərəf qaraladı, yəni “başına kül olsun, bu nə hərəkətdir elədin, bir bölük yetim saxlayan ərsiz bacının toyuğunu niyə öldürdün?”
Vahid müəllim Nazlının onu qaraladığını görsə də, özünü görməməzliyə vurdu.
Nazlı gördü ki, Samirə müəllim toyuğu yolub- təmizləmək üçün su qaynadır.
-Ay Samirə bacı, (Nazlı ona üzrxahlıq lazım olan belə məqamlarda “bacı” deyirdi), bu saat gedim hansı toyuğu deyirsən gətirim, Allah başına daş salsın onun.
- Qarğıma. Niyə itə dönüb yenə savax-savax?-Samirə müəllimə dedi.
- Nəsivi görüf yuxuda. Sən Allah, bir söz demə, yenə it dərisi kimi ilənəcək, artığ-əysik deyər sənə.
-Özümü dedi Nəsivi gördüyünü?
-Yox, özü demədi, mən onun nə yuxular gördüyünü bilirəm.
-Qələt eliyər deyər. Nəsif də düz eləmir , on dörd ildə bir dəfə gəlif ata-ansına baş çəkmir.
-Qanına bələnsin bunu, eləmi elədi Nəsivi, gündə dava, gündə pis-pis sözlər, axırda başını götürüf qaçdı gədə.
-Yox, elə demiş olma, atadı, nə istəsə deyə bilər. O biri uşaqları onnan çox incidirdi, bə niyə ollar qayıtdılar, bu qayıtmır?- Samirə müəllimə qaynayan qazanı taxtın üstünə qoya-qoya cavab verdi.
-Ay Samirə bacı, bax, yenə deyirəm, hansı toyuğu deyirsən gətirim bu saat.
-Aaz, yox, murdar ha olmuyuf, cavan fərədi, bişirəcəm uşaqlar yisin. Bircə toyuğun özünə hayfım gəlir, hər gün ikisarılı yumurtlayırdı.
Nazlı Samirə müəlliməgildən çıxanda günəş xeyli qalxmışdı, günorta azanına az qalırdı.
Vahid müəllim yenə öz-özünə: “Mən çox prinsipal adamam, mən nemes kimi adamam”,-dedi. Yəqin Vahid müəllimin fikrincə, prinsipallıq və nemes kimi olmaq sinonimdi.
Artıq hirsi soyumuşdu, bacısının toyuğunu öldürdüyünə görə də peşman olmuşdu: “Axı, mən dəfələrnən demişəm ki, toyuqlarını buraxma”, - Vahid müəllim fikirləşdi, sonra beli yerə sancdı, torpağı çevirəndə balaca ağ ymurtalar sataşdı gözünə. Yumurtaları əkilməmiş yerə qoyub birini qırdı, soxulcana oxşar balaca bir məxluq çıxdı.Soxulcandan seçilmirdi, bədəninin bəzi yerlərində zorla seçilən sarı nöqtələr gözə dəyirdi, amma harda idi soxulcanda belə çeviklik, ilan balası cəld ora-bura qıvrılıb sürünə-sürünə gızlənməyə yer axtarırdı. Vahid müəllim hər il ilan bəlalarını Samirə müəllimənin toyuqlarına atırdı, toyuqlar da onları soxulcan bilib udurdu, amma indi toyuqlar gözə dəymirdi. Vahid müəllim o biri yumurtaları da qırdı və qalan beş ilan balası eyni çevikliklə sürünüb əkilmiş torpağın arasında gizləndi. Cavanlığından bəri ilanlarla arasında ölüm-dirim mübarizəsi gedirdi, hər il bağda ilan-çayan - bir sözlə, nə görürdüsə, öldürürdü, amma gələn il hər şey təkrar olunurdu, ilanların kökünü kəsə bilmirdi. Ona görə də, yaşa dolub kövrəkləşəndən sonra hər şeyin başını buraxmışdı. Yenə tez-tez öz-özünə: “Mən çöx prinsipal adamam, mən nemes kimi adamam”,- desə də, daha əlinə keçəni öldürmürdü. Çox vaxt: “Get, səni də Allah yaradıb, sənin də yaşamağa haqqın var”,- deyib buraxırdı.
-Əə, tez evə gəl,- Nazlı heç vaxt onu adı ilə çağırmirdı,-Nəsif zəng eləyib, səni çağırır.
-Aaz, Nəsif olmaz, Asif, Yusif olar.
-Əə, mən bilmirəmmi nə dediyimi, tez gəl, əlaqə kəsiləcək.
Vahid müəllim beli bir tərəfə atıb fikirləşdi: “Mən nemes kimi adamam”.
-Ala, Nəsifdi,-Nazlı qara dəstəyi ona tərəf uzatdı.
-Ay papa, səni yuxuda görmüşəm, nətərisən? - oğlunun səsi heç dəyişməmişdi.
-Ay Nəsif, əə, bəs adam heç belə olarmı?-Vahid müəllim özünü saxlaya bilməyib hönkürdü. Nazlı özünü görməməzliyə vurub həyətə çıxdı, çünki Vahid müəllim belə şeyləri sevmirdi...