Səməd kişini çoxları məzəmmət eləyirdi:
- Sən də, ay rəhmətliyin oğlu, əlinin qabarı, alnının təri ilə qazandıqlarını niyə uşaqlarının yolunda kül edirsən. Guya oxuyub dirəyini qızıldan edəcəklər. Bir özünə bax, ev-eşiyinə fikir ver. Damın başına sallanır ee... Əyin-başın da elə bil Nuh əyyamından qalıb. Ömür bir kərə verilir insana. Yazıqsan axı...
Qulaqlarını tez-tez dalayan bu kimi sözlərə artıq adətkarda olmuşdu Səməd kişi.
Deyilənlərin müqabilində o da kimisinə öz düşündüyü tərzdə cavab verər, kimisinin sözlərini cavabsız buraxar, bəzən də hövsələsini basa bilməyib bozarardı. Lakin hər dəfə məktəbdən, təhsildən söhbət gedəndə qeyri-ixtiyari yeniyetməlik çağları yadına düşürdü.
... O vaxtlar geyim-keçimdə çoxlarından geri qalsa da, təhsildə birinci idi. İllah da dəqiq elmlər sahəsində ona çatan olmazdı. Tanıyıb bilənlər Səmədə gələcəyin şöhrətli riyaziyyatçısı kimi baxırdılar. Onun da elə ən böyük arzusu ali məktəbə girmək və riyaziyyat sahəsində alim olmaqdı. Orta təhsilini başa vuran kimi sənədlərini institute verdi və qəbul imtahanlarından alnı açıq, üzü ağ çıxdı. Birinci kursun imtahanlarını hələ qurtarmamışdı ki, müdhiş bir xəbər ölkəni sarsıtdı: Müharibə!
O da cəbhəyə getdi. Vuruşdu, kişi kimi vuruşdu. Orden və medallara da layiq görüldü. Qələbəni Berlində qarşıladı... Səməd müharibədən dönəndə artıq atası vəfat etmişdi. Böyük qardaşından "qara kağız" gəlmişdi. Anası isə xəstələnib yatağa düşmüşdü. Bütün bunlar onun təhsilini davam etdirmək istəyini büs-bütün unutdurdu.
Kənddəki kolxoza da çalışqan insanlar gərəkdi. O burada əvvəl sıravi kalxozçu kimi çalışır, sonra briqadir olur. Bir az da keçir kənd sovetinin sədrliyinə irəli çəkilir. Riyaziyyatçı olmaq arzusu getdikcə qəlbində daimi nisgilə çevrilir. Və hər dəfə də bu yaralı yerinə toxunanda müharibəni lənətləyir. Nə edə bilərdi ki! Ürəyi üzücü fikirxəyaldan qabar atsa da, qisməti ilə "dil tapmaq" zorunda qalır.
Səməd kişi oğul-uşaq sarıdan dövlətli idi. Ömür-gün yoldaşı Sədaqətə "Qəhrəman ana" adı vermişdilər. Ailədə yeddi oğlan, dörd qız övladı böyüdürdü; hamısı da çalışqan, tərbiyəli. Ata-ana sözündən çıxmazdılar. Məktəbdə də, kənd içində də Səməd kişininuşaqlarını başqalarına nümunə göstərərdilər.
Özü də kənddə iki kişidən biri sayılırdı. Xeyir-şərdə daim yuxarı başa çəkirdilər onu. Saçı-saqqalı ağarsa da, əvvəlki həvəslə işləyirdi; həm ictimai təsərrüfatda, həm şəxsi təsərrüfatında. Sədaqət xala da uzun illərdi fermada sağıcı işləmişdi. O da əri kimi uşaqlarının hamısını ali təhsilli görmək arzusu ilə yaşayırdı. Sağıcı qız-gəlinə deyirdi:
- Lazım gəlsə bundan da artıq işləyərik: üzüm bağı da becərərik, barama qurdu da bəsləyərik... Təki uşaqlarımız şəhərdə korluq çəkməsinlər.
Neçə il əvvəl ailənin ilk övladı Tahirin: - Ata, mən universitetin riyaziyyat fakültəsinə daxil olmaq istəyirəm - deməsi Səməd kişiyə olub-keçənləri bir daha xatırlatdı və qəlbində kök salmış nisgilə sanki bir dünya sevinc qarışdı və o anda qeyri-ixtiyari:
- Lap ürəyimdən xəbər verdin, ay oğul. Düzü gözləyirdim bunu - dedi.
O ili Tahir riyaziyyat fakültəsinə qəbul olundu, Səməd kişi də bu şərəflə həyətinin yuxarıbaşındaxeyir-bərəkət, bolluq rəmzi tut ağacı əkdi.
...İllər bir-birini əvəz etdi. Səməd kişinin o biri övladları Sərdar da, Elşad da, Sevinc də, İbrahim də... bir-birinin ardınca ali məktəblərə qəbul olundular. Kimi mühəndisliyi, kimi müəllimliyi, kimi memarlığı seçdi. Sonbeşik Güldanə orta məktəbi bitirib tibb institutuna girəndə böyük bacı və qardaşlarının çoxu artıq təhsillərini başa vurub hərə ixtisası üzrə işləyirdi. Ailə qurmuş, ev-eşik sahibi olmuşdular. Tahir bir neçə il idi ki, fizika-riyaziyyat elmləri namizədi-alimlik dərəcəsi almışdı. Sərdar zavodlardan birində baş mühəndis idi. Elşad layihə institutunda şöbə müdirliyi vəzifəsinə qədər yüksəlmişdi. İndi kənddə tez-tez deyirdilər:
- Səməd kişinin uşaqları elm, mərifət sahibidilər.
Hamısı öz başları ilə oxuyub... Halal olsun bu ailəyə.
* * *
Səməd kişi artıq xeyli vaxtdı ki, yataqdaydı; ağır soyuqlamışdı. Həyat yoldaşından başqa yanında kimsə yoxuydu. Otağa darıxdırıcı bir sükut hakim kəsilmişdi. O, sanki birinci dəfə görürmüş kimi evin köhnəlmiş, uçuq-sökük divarlarına, az qala başlarına töküləcək tavanına, torpaq döşəməsini ürək ağrısı ilə baxırdı. Qeyri-iradi dərindən köks ötürdü. Kədərli nəzərlərlə onsuz da əhvalı pərişan olan Sədaqəti süzdü. Yadına bir vaxtlar qonum-qonşudan tez-tez eşitdiyi "Sən də ay rəhmətliyin oğlu, əlinin qabarı, alnının təri ilə qazandıqlarını niyə uşaqlarının yolunda kül edirsən" - sözləri düşdü.
Qəlbindən ani bir sızıltı keçdi və birdən Sədaqətə baxıb:
- Çoxdandır uşaqlardan xəbər-ətər yoxdur. Başlarında iş olar ha? - deyə nigarançılıqla dilləndi.
Sədaqət xala uşaqları sarıdan narahatlıq keçirsə də, ərinin xəstəliyini bildiyindən özünü o yerə qoymadı:
- İnşallah heç nə olmaz... Körpə deyillər ki, nigaran qalaq...
Səməd kişi nə isə demək istəyirdi ki, qapı bərkdən döyüldü, sözü ağzında qaldı. ələn poçtalyon Kərəm dayı idi. Qəzetləri, bir də Tahirdən gələn məktubu xoş bir təbəssümlə Səməd kişiyə uzatdı. Səməd kişi xəstəliyini unudaraq yaşına uyğun olmayan cəldliklə dikəlib zərfi tələsik açdı. Bir su içimdə gözlərini sətirlərin üzərində gəzdirdi. Eyni açıldı. Sədaqət də eşitsin deyə bu dəfə məktubu ucadan oxumağa başladı. Ailənin ilki olan Tahir doktorluq işini tamamladığını, elmi kəşflərindən birinin mükafata layiq görüldüyünü yazır, başqa yeniliklər barədə məlumat verirdi. Məktubunu belə qurtarırdı:
- Əziz atam, anam, yaxın günlərdə kəndə gələcəyik. Hamımız məzuniyyətimizi eyni vaxtda götürmüşük. Sözü bir yerə qoymuşuq ki, həyətimizin məsləhət bildiyiniz bir səmtində yaraşıqlı ev tikdirək. Özü də qısa müddətdə. Pul tədarükünü də görmüşük. Heç bir çətinlik olmayacaq.
Səməd kişi məktubu oxuyub aydınca sezilən qürur hissi ilə qatladı və zərfin içinə qoydu. Sonra illərdən bəri yaşadığı köhnə evinə yenidən diqqət kəsildi. Sədaqət xala da sanki ilk dəfə gəlmiş qonaqdı, evi döşəməsindən tavanına kimi süzməyə başladı.
Hər ikisinin xəyalında gözəl, bərli-bəzəkli imarət canlandı. Səməd kişi sanki yerli-dibli heç xəstə olmamışdı. Yataqdan qalxıb artırmaya çıxdı, ciyər dolusu nəfəs aldı...
...İyun ayının ortalarıydı. Səməd kişinin nəvələri bir zamanlar oğlu Tahirin riyaziyyat fakültəsinə qəbul olunması şərəfinə əkdiyi tut ağacının budaqlarına qonmuşdular; civildəşir, bal kimi şirin ağ tutları sərçələr sayağı ləzzətlə dənləyirdilər. Tahirin məktubda yazdığı ikimərtəbəli yaraşıqlı binanı övladları artıq neçə ildi tikdirib qurtarmışdılar. Hər il ailəlikcə yığışıb kəndə - ata evinə istirahətə gəlirdilər. Oğul-uşaq səsi həyəti başına götürürdü. Səməd kişinin arzusu çin olmuşdu. Amma onun özünə bu günü, bu büsatı görmək nəsib olmadı. Bina tikilib hazır olan il soyuq qış gecələrinin birində o, sətəlcəmdən dünyasını dəyişmişdi.