***
darıxmağın daşın atdım,
daha darıxan deyiləm,
o ilan soyuqluğunu
sinəmə sıxan deyiləm.
tapınmışdım bir diləyə,
kürüyüb verdim küləyə,
bir dərdi də bu ürəyə
yükləyib yıxan deyiləm.
itirdiyini hələ sən
çətin anlaya biləsən,
çıx get, getməyə tələsən,
arxanca baxan deyiləm.
***
sən mənə bədəl, cəza,
sən mənə bəxşiş idin,
bir yığın xatirən var,
hara yığım, nə edim?...
açıq yarama məlhəm,
gizlinim, xoş günahım,
susub sinə dolusu
çəkdiyim qəfil ahım.
nə ad verim ananda?!
nə tapdıq, nə itirdik?!
bir olmayan bu birlik
bitməliydi, bitirdik.
QAYTAR BU ÜMİDİ
sən necə anlaya bilərsən məni,
mən özüm-özümü bilə bilmirəm.
fikrimlə şum vurub, ceşin atıram,
sökürəm sinəmi niyə? bilmirəm.
yaşamaq sayılan hal mənlik deyil,
qaytar bu ümidi, al, mənlik deyil,
sükut mənlik deyil, qal mənlik deyil,
niyə əsir düşdüm Yerə? bilmirəm.
illəri yellərə verməkdir işim,
yorub yollarımı yorğun yerişim,
hansı dağa çıxım, dərəni aşım,
verim belə ömrü selə, bilmirəm.
TƏBƏSSÜM KİMİ
Burda asta danış, güllər inciyər,
çiçəklər diksinər, hüşənər səsə,
bu nə eşq, nə ahəng, bu nə mənzərə
yaşıl bəyaz ilə girişib bəhsə.
ürəyim kəpənək qanadı burda,
qonur o budağa, qonur bu gülə,
bəzəkli, həvəsli ağaclar ilə
rəqs edib, rəng verir hər əsən yelə.
basdırın bahara, çiçəyə məni,
bundan ayrı nə var cənnət adında.
şəkillərdə donan təbəssüm kimi
qoy dünya beləcə qalsın yadımda.
***
yol üstündə
yorğun-yorğun duran daş,
xatirə nağılımsan,
yerin ayrı-ayrıca
138 Poeziya
yadımda, yaddaşımda
sənli günlərin havası
hərdən-hərdən,
həzin-həzin dolanır başımda,
ürəyim
elə sən boyda daş
hər yağan qarla üşüdü,
üşütdü hər gələn qış,
eləcə əsə-əsə günü-günə daşıdı,
yaşadı,
sən də eyninə alma
dağlardan əsib gələn
hər rüzgar zərbəsini
sənin kimi daşlardır
dağ eləyən dağları,
dur yerində, nə olar,
dur yerində, yavru daş,
özün boyda xatirəsən,
səni itirməyim barı.
GÖZÜM SIĞAL ÇƏKİR SƏN GƏLƏN YOLA
Bir ayrı həvəslə gəldi bu payız,
Bu həvəs nə həvəs, bu kiçik lütf nə?!
Özümə cızdığım sərhədlər vardı,
Nə asan pozulur, nə olur mənə?!
Uzaqdan gəlirsən yaxınım kimi,
Gözüm sığal çəkir sən gələn yola.
Açımmı qəlbimin qapılarını?
Orda kimsə yox ki, yeri dar ola.
Tərəddüd sarsa da duyğularımı,
Bu sultan könüldən əmrimi aldım.
Sarılı, yaşıllı payız mehrinlə
Gəl, payız qonağım, yaza gec qaldım.