BİR AZ DARIXMAQ QALIB
Bu məktub son ümiddi,
Oxu, gözlərim, oxu.
Ötənlər bir yuxudu,
Yuxu, gözlərim, yuxu.
Sındırma etibarı...
Bəlkə də, illər keçib...
Bəlkə, baxışlarında
Yollar geri qayıtmaz...
Bir az vaxt qazanmısan,
Bir az "bəxt" qazanmısan,
Bir az darıxmaq qalıb
Hər gecə otağında...
YOL GEDİRƏM
Yaşıl eynək taxdım kor taleyimə,
Qara gözlərimə düşmədi dünya.
Yandı cadar-cadar baxışlarımda,
Susuz səhra kimi kişnədi dünya.
Gördüm ki, ayrılıq ömür yolunda
Nə gün hesabdadı, nə bir yazıdı.
Ümid uydurulan vaxt saatında
Zamanın yalançı bir avazıdı.
Söndüm batan ayla, sönən günəşlə,
Yandım içimdəki odla, atəşlə
Taleyin qaranlıq küçələrində
162 Poeziya
Hələ yol gedirəm yersiz, səmasız,
Yolçuyam həsrətin gecələrində...
GEDƏRİK
Əllərim göy səmtə bir cüt duadı,
Ağzından su yağır səs əvəzinə.
Sən məndən bir addım öndəsən, zaman,
Götür bu lenti də kəs əvəzimə.
Havaya səpdiyim arzuları da
Bir ovuc dən bilib, evdidi quşlar.
Qar düşdü qəfildən vaxtsız-vədəsiz,
Saçımdan ömrümə başlandı qışlar.
Varmı öz eşqindən doyub, ölən kəs..?
Gün kimi, Ay kimi ötüb gedirik.
Dünya bir ağacdı, budaqlarından
Yarpaqtək sürüşüb, itib gedirik...
ÖMÜR KEÇİB GEDƏCƏK
Sən də, yəqin,
böyüyəcəksən günün birində,
Ayağının altını görməyəcək gözlərin.
Bu korluğu
heç nə sağalda bilməz,
Nə zaman,
nə məkan,
nə göy,
nə torpaq.
Sənin də əllərin əl tutmayacaq
insana,
ağaca,
quşa heç vədə.
Beləcə,
ömür keçib gedəcək
vaxtın qanadlarında...
GECƏNİ BULANDIRAN
Yenə özündən razı
bir köpək
hürür gecənin ovqatına.
Küçədədir hələ də,
təkrarlayır özünü.
Və bir iyrənc səs qarışır
gecənin nəfəsinə,
Poeziya 163
divar saatımın çıqqıltılarına.
Yeknəsəq bir uğultu
dəlir qulaqlarımı...
Göy sukut içindədi,
Təkcə köpək səsidi
gecəni bulandıran...
Hər gecə
Beləcə hürür
Yiyəsi ölmüş köpək...
YAD QUCAĞIDI
Görə bilmədiyimiz
yaxınlıq qədərdi ümid...
bir ümid qədərdi gözləmək,
baxışlardakı məsafədi
Yollar hərəkət,
gözlər sükut vadisidi...
...ömür elə bil ki, yad qucağıdı.
İllərsə,
zamanın bizdən
xəbərsiz
bir hesab sormadan alacağıdı...