NƏ YERDƏ, NƏ GÖYDƏYƏM
Bəlkə də, dəyməz
bunca göz yaşlarına,
bir ayrı yol da tanımıram.
Gücüm yox unutmağa,
Xatirəndən belə ayrılmağa.
Nə ağlamaq istəyirəm,
nə unutmaq,
Nə ölmək istəyirəm,
nə yaşamaq.
Sən hardasan, bilmirəm.
Mən eləcə qoyub
getdiyin yerdəyəm,
Nə yerdə, nə göydəyəm.
ANAM BƏLƏYƏYDİ
Nə deyim taleyin tərs işlərinə,
Sağım da, solum da sualdı ancaq!
Ha görrəm ikiqat cavab dilənir,
Əl açan həmişə ələ baxacaq.
Bir vaxt ağ saçımdan asılacaqlar,
Gizlənpaç oynayır mənnən indidən.
Hər an suallara nida dururam,
Ölləm, sual kimi əyilmərəm mən.
Suallar qasırğa, fırtına kimi
Elə hey fikirdir atır üstümə.
Fikirlər hörümçək torları kimi
Elə hey sarınır, sarınır mənə.
Qalmışam suallar məngənəsində,
Rahat buraxmayır fikirlər məni.
Anam bələyərdi körpəliyimdə,
İndi də fikirlər bələyir məni.
NAĞIL HƏYAT
Niyə gəlmişdim dünyaya,
Acısından dadmağamı?!
O dünyadan bu dünyaya
Bir simurqun qanadında,
Bir xoş dünya sorağında
Bir ağ günə çıxmağamı?!
Bəlkə, elə ağdı dünyam,
Bəlkə, elə bəxtəvərəm,
Bəlkə, elə bu dünyadan-
-Gəlmişəm ki-
Ağ günləri yığam, yığam.
Sevda dolu, istək dolu,
Məhəbbətdən ürək dolu.
...birdən biri
qismətimə düşə-düşə.
Biri görüb aşiq ola,
Bəndə düşə.
-"bənövşə,
- bəndə düşə,
-sizdən bizə kim düşə.
-ağlı gözəl, ruhu gözəl,
könlü açıq, üzü gülər
Ağ atlı bir cəngavər".
...bir qara qoç atdı məni
bir ağ qoçun belinə.
Bir görsəydin, düşmüş idim
Poeziya 119
bir quyunun dibinə.
Quyu dərin, suyu yoxdu
sərin-sərin.
Ağ qoçum, afərin sənə,
Amma yoxdu yenə də
Nə sevməyə bir adam,
Nə də simurq,
gəlib məni götürə.
* * *
Ayaq açdı bu şəhərə
dəmir ağaclar,
Çiçəkləri şüşədən
ətri işıqdan,
hardasa bir qarağacın
burnunun ucu göynədi,
budaqları titrədi əsəbdən.
Bir alma ağacı bir alça ağacını
qovmaq istədi yerindən
Ki, gedib o dəmir ağacın
yerində bitsin.
Nə çinarın, nə palıdın ahın
eşitmədi
məndən başqa kimsə.
Ağacların çəkdikləri
"böyüklər"in nə vecinə.
Dəmir-dəmir ağacların,
şüşə-şüşə ləçəkləri
İşıq-işıq ətrilə gecənin canına dolur.
Gecə oksigen çatışmazlığından
boğulur
"böyüklər"in nə vecinə.
Heç olmasa zəng vurun 103-ə.
* * *
Bu bahar
15 yaşında bir qız
ərə gedir
acığa.
Bir oğlan uşağı
doğmaq arzusuyla.
Qarabağı onun oğlu
Azad edəcək deyir.
Mənim uşaqlığımı
Öldürüblər orda,
Bu qisası oğlum
alacaq
Qarabağı təslim edəndə
Ər seçdiyi oğlanın 15 yaşı
tamam olmuşdu,
o qız heç nəyin
deyil fərqində.
İndən belə 15 il də gözləyək ki,
O qızın doğduğu oğlan
böyüyə.
İlahi! Kişiliyi xilas elə!
BOŞLUQ
Əsir, küləklər
əsir,
sovrullam xəzan kimi.
Yağır, yağışlar
yağır,
Doldura bilmir məni.
Yarpaq-yarpaq töküldüm,
Bölündükcə bölündüm
günlərə illər kimi.
Bir boşluqdu,
bir də mən.
Nə o dolur,
nə də mən.
O, KİM İDİ?
Ayaqlarım getmir, niyə,
Bu payızdan geri dönüm.
Bir də qayıdım bahara,
Bir də, bir də geri dönüm.
Hər şeyi təzədən
başlayım.
Təzədən dil açım,
Yeriyim başqa dünyaya.
Yeri-göyü al qırmızı
Çiçəkləri ağ dünyaya.
Qırmızı paltar geyinim,
Çiçəyindən çələng hörüm,
Bəzənim bayram sayağı
Elə belə geri dönüm.
Tanımasınlar kim idim,
Dərdim nə, acım nə idi.
Desinlər bu gələn kim,
Gedən kimiydi?