***
Şəhərdə qalmazdım, belə bilsəydim,
götürüb qaçardım şələ-şüləmi.
Orda da tapardım
burda tapdığım
kitabı, dəftəri,
kağız-qələmi…
…Kərənti vurardım, bağ bağlayardım,
pencəni yığardım pencənin üstə.
Evə də gəlməzdim axşam düşəndə,
yıxılıb yatardım gecənin üstə.
Ulduzlu göyləri, aylı göyləri
çəkərdim başıma yorğan yerinə.
Bir də durardım ki, dan yeri dönüb
bir ları xoruzun lələklərinə.
Qalxıb bütün günü ot daşıyardım,
papiros çəkərdim kötüyə kimi.
Hortum yarpağını,
gül yarpağını
gözümə təpərdim tütüyə kimi.
…Şəhərdə qalmazdım belə bilsəydim,
dəmir çarığımı geyib gələrdim.
Orduxan əmimi,
Xanış kirvəmi,
Şahsuvar dayımı deyib gələrdim.
Qoşulub onlara calaq vurardım,
qələmə vurardım arzularımdan.
Kəkotu qoxusu,
nərgiz qoxusu
gələrdi həmişə yazılarımdan.
***
Ağac yaşılım,
hara gedirsən?
hara gedirsən,
yarpaq yaşılım?
Ot yaşılım,
hara gedirsən?
hara gedirsən,
kəpənək yaşılım?
Çəkdiyin bəs deyilmi
kiçik-kiçik danışan Böyük çillədən,
böyük-böyük danışan Kiçik çillədən
boz-boz danışan Boz aydan-
çəkdiyin bəs deyilmi,
Yaşılım,
yaşılım, hara gedirsən?
çiçək qanadından, ot qanadından
palıd qanadından, tut qanadından,
sallana-sallana hara gedirsən?
Yaya güvənirsən? Güvənmə yaya!
Yayın istisinin axırı yoxdu.
Yayın istisi də it günündədir.
atı var,
otu var, axuru yoxdu.
Baxsan bu istiyə, allanacaqsan,
sənə yol verəcək-yollanacaqsan,
böyründən-başından xallanacaqsan.
Yaşılım,
yaşılım, hara gedirsən?
Bu odun-istinin o tərəfində
o sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
ağzını ayırıb səni gözləyir.
O sarı zamanın sarı payızı,
o sarı payızın sarı küləyi,
o sarı küləyin sarı şilləsi
sındıracaq səni, əyəcək səni,
düşəcək dalınca canavar kimi,
qurd kimi dağıdıb yeyəcək səni, -
Yaşılım,
yaşılım, hara gedirsən?
Getmə, qayıt geri, başına dönüm.
***
Göz görmək üçündü, söylədin,
Qulaq eşitmək üçündü,
dil danışmaq üçündü, söylədin,
ayaq yerimək üçündü,
bunu nənəm də bilir.
Təkcə gözünlə görürsənsə,
Aylıq ədəbiyyat dərgisi
qulağınla eşidirsənsə təkcə,
təkcə dilinlə danışırsansa,
ayağınla yeriyirsənsə təkcə,
səndən şair olmayacaq.
Gözün işləməyən torpağı görə bilməsən,
eşidə bilməsən qulağın eşitməyən səsi,
dilin deməyən sözü deyə bilməsən,
gedə bilməsən ayağın getməyən yerə,
səndən şair olmayacaq.
***
Pişik istədiyindən
yeyir balasını.
mən də səni yeyirəm istədiyimdəntəndirindən
çıxan çörəyi yeyirəm,
pətəyindən süzülən balı yeyirəm.
Yemişəm, yeyəcəyəm…
Axırda səndən,
bir qarış yer,
bir ovuc torpaq istəyəcəyəm,-
canımla, ətimlə, qanımla
təndirindən çıxan çörəyin,
ağacın gətirən barın,
pətəyindən süzülən balın
yerini verməkdən yana.
Vətən,
uşaq anasını,
yetim göz yaşını,
kasıb komasını
nə qədər istəyirsə,
mən də səni o qədər istəyirəm.
İnanmırsan, get soruş,
Semaşko xəstəxanasından soruş,
Baxış həkimdən soruş.
Baxış həkimin barmaqlarından soruş.