QƏRİB
SƏN GECİKMƏ
Bəzən yaman tələsirik
Heç bilmirik hara belə.
Tələsirik tələskənlik
Aparsa da dara belə.
Tələsirik məchul olan,
Müəmmalı gələcəyə.
Bu günü heç yaşamırıq
Sabah yaxşı olar deyə.
Sabah olur bu gün kimi,
Yenə sabah söyləyirik.
Dünən üçün heyfslənib,
Bir də ümid eləyirik.
Beləcənə ötür zaman.
Axı nəyə tələsirik?
Gecikirik yaşamağa,
Gecikməyə tələsirik.
SƏN FƏRQLİSƏN
Sənin əsəbin də fərqlidir, fərqli,
Yanında dərdimin yuxusu gəlir.
Ədəbi gənclik 163
Mənə qışqırdıqca nəfəsin ilə
Səsindən xoşbəxtlik qoxusu gəlir.
Əsəbdən titrəyən dodaqlarından,
İnan ki, qəlbimə sevinc süzülür.
Səni sevə-sevə çoxalır sevgim,
Sevdikcə sıraya şeirim düzülür.
Nə gözəl parlayır odlu gözlərin,
Bir xoşbəxt həyatdan bəhs eləyirlər.
Hirsindən göylərdə uçan əllərin
Musiqi olmadan rəqs eləyirlər.
Sənin əsəbin də fərqlidir, fərqli,
Əsəbləş, yetər ki, susmasın dilin.
Bir anlıq əsəbin xəbərçisidir
Xoşbəxtlik yaşadan bir neçə ilin.
Allahşükür Ağa
TANKÇI
Mənim çiçəklərimi
Küləklər apardı kiməsə.
Aparıb taxdı
bir tank lüləsinə
deyəsən...
Quşlar da uçub doluşdular
tank lüləsinə
çiçəklərin xətrinə
orda yuva qurdular deyəsən.
164 Ədəbi gənclik
Bir azdan səs gəldi-
Sarı dimdiklərin səsi...
Gör axırda tankçı neylədi?
Yığıb şələ-şüləsini
Getdi hərbi-hissəyə
Elə bircə kəlmə deyə bildi:
Biz məğlub olduq...
Mərmiləri islatmışdı
Quşların səsi.
AYAQLARIN XATİRƏSİNƏ
Mən susdum, sən susdun,
biz susan kimi.
ayaq izlərimiz qarışqalartək,
Dırmaşdı dağlara...
Qayalara,
Qayaların başındakı
çalalara...
Orda yuva qurdular.
Daha mehriban oldular.
Bilirsən, tanklar gəlirdi
Ayaq izlərimizi ayaqlamağa..
Mən susdum,
Sən susdun,
Biz susduq.
Tankın adamlardan əvvəl
ayaq izlərini öldürməyinə...
Tək bir əsgər ayaqqabısı
qalmışdı.
Yolun tən ortasında,
Amma ayaq izləri
Quş dəstəsitək
Göy üzünə
Çoxdan uçmuşdular.
Bax, o vaxtdan durna qatarı
Göy üzündə
Ayaq izlərinə oxşayır.
Sanki göylər
Abidə qoyub
Ayaqların xatirəsinə...