SAKİT! İMTAHAN GEDİR...
/Elanlar silsiləsindən/
Kafedra dəhlizində
sanma, bir elandı bu -
Tam bir ömür ərzində
hökmran olandı bu:
-Sakit! İmtahan gedir...
...Ananı hal aparır;
can çıxır işıqlığa,
Tale fəryad qoparır,
çır-çır çığırır çağa -
Sakit! İmtahan gedir...
Sortmağa məmən hazır,
üzürsən süd gölündə.
İnəyi Allah sağır -
qızıl dolça əlində...
Sakit! İmtahan gedir...
Meh tərpədir gülləri -
yol açıq, işıq yaşıl.
Yuxusuz dərs illəri...
on il, üstəgəl beş il;
Sakit! İmtahan gedir!
Baş qaldırır sevgilər,
yar oxlayır yarını,
Şoka düşür həkimlər -
tənzif örtmür yaranı...
Sakit! İmtahan gedir!
Donur qanın, iliyin -
budur eşq imtahanı!
Sənin əzbər bildiyin
o asan bilet hanı? -
Sakit! İmtahan gedir!
Qismət - dəndi bir xışma;
dar qəfəs - iş yerləri.
Dən üstündə çarpışma...
ürəkdə diş yerləri -
Sakit! İmtahan gedir!
Bat qan-tərə, qəpik güd...
dərd gül açır kəklində,
Anadan əmdiyin süd
tökülür qan şəklində...
Sakit! İmtahan gedir!
Son savaş... yoldaşın səbr,
müəllim Allahdı, keç!
Hamı kəsilir bir-bir,
qiymət alan olmur heç -
Sakit! İmtahan gedir...
KİRAYƏ
Hücrətsiz qul ömrünü
kim verdi, niyə verdi? -
Mənə oğul ömrünü
atam kirayə verdi.
Dilim mənzil haraylar -
rahatlıq tapmadım heç.
Aləm yapdı saraylar,
mənsə qaldım kirəkeş.
Daldalandım, qar gəldi,
yer elədim qəlbimi.
Haçan dünya dar gəldi,
kirələdim qəlbimi...
Varlığım, heçliyim bu -
arzu, ümid kirayə,
üfürüb içdiyim su,
əmdiyim süd kirayə...
Ürəkdə kam, dildə söz,
damarda qan - kirayə.
Allahsız Allaha döz -
külli-cahan kirayə!
O qapıda kirayə,
bu qapıda kirayə.
Büllur badə kirayə,
su qabı da kirayə...
Deyimmi dünya nədi? -
dərk olunmaz ayədi.
Arvad da kirayədi,
uşaq da kirayədi!
...Tutub bir kirayə dam,
yığıb oğul-uşağı,
kef çəkib yaşayıram
kirayə verib bağı!
Ömür nazik yarpaqdı,
paylanıbdı hərəyə.
İki arşın torpaqdı
ən bahalı kirayə...
BACI
Qardaşdan ummazlar bircə çöpü də,
mənim bacılarım... ayrı bacıdı.
Lap olum sür-sümük - arxaik küpdə
qəlsəməm beş başın qızıl tacıdı.
İsmət - əl altında qızarmış ütü,
bir anda hamarlar dikbaş dağları.
Qulaqda sırğadı ana öyüdü,
qardaş namusudu boyunbağları.
Qardaşa pay saxlar, kəsər hərədən
ən ləziz tikələr yeyilən dəmdə.
Onların evində, qardaş barədə,
Ər ölər... nahaq söz deyilən dəmdə.
Elə ki qapıdan içəri girdim,
tuturlar dövrəmi həmayil kimi.
Mən tanrı oluram, onlar İbrahim -
bacım uşaqları İsmayıl kimi.
Bilsələr sıxılır qardaşın canı,
doğunu, batını devirər onlar.
Qardaşın uğrunda sandıq dünyanın
altını üstünə çevirər onlar!
Mənim bacılarım bir qədər şişman -
qardaş qadasını alıb şişiblər.
Bizi ayrı salıb vaxt adlı düşman,
üzümə tamarzı qalıb şişiblər...
Beş bacım... beş qitə, dərdimə vətən -
Qardaşa can verir, sirrini vermir.
Məni anam qədər sevirlər, nədən
beşi bir ananın yerini vermir?
DƏFTƏRİN HALLARI
46 ildir ki, yazdıqlarımı səliqə ilə ağ, qara,
qırmızı, yaşıl cildli dəftərlərə köçürürəm. Bu
şeir xına rəngli 46-cı dəftərdəndi.
Mənimtəki nadan hanı? -
nə gün bildim, nə də həftə.
Kitab-kitab açdım canı,
büküb qoydum dəftər-dəftər.
Düymə-düymə közərir qəm -
Fələk qazan quyu dərin.
Əsli sözdü... Kərəmiyəm
o dəftərin, bu dəftərin!
Nə aldımsa, baha-baha,
əl kirlədib batdım tərə.
Qandallanmış qulam daha
o dəftərə, bu dəftərə.
Tutqun kəlmə qəm çiləyir -
gül sulayır sanki pəri...
ayrılıqlar vərəqləyir
o dəftəri, bu dəftəri.
Səhər-axşam midilənib
söz diləndim həndəvərdə -
toxum ömrüm şitillənib
o dəftərdə, bu dəftərdə.
Göz atıram, eynək taxıb
arasını açıb hərdən...
baxıram ki, canım baxır
o dəftərdən, bu dəftərdən.
AZƏRBAYCANSAYAĞI AYRILIQ
Uşaq da bilir ki, "yek"dir tək təməl,
bölünən rəqəmdi -
"dü", ayrılıqdı.
Hər kəsin sonuncu nəğməsi əməl,
Göl üstdə can verən qu, ayrılıqdı.
Ha ula, harayın qurda da yetmir -
o taylı-bu taylı yurd dada yetmir.
Niskilin ləkəsi gorda da getmir -
durum necə deyim, yu, ayrılıqdı?
Tarix sürgün çəkir sarı kağızda -
zalımdı, saxlayır yaranı duzda!
Bir dil çürüyürsə iki ağızda,
ayrı nə adı var? -
Bu, ayrılıqdı.
Bədəndə baş deyil... sualdı, durur!
Həsrət aysberqdi, sualtı durur!
Hamını uğura su qovuşdurur,
Biz Araz nəsliyik -
su, ayrılıqdı.
XAHİŞ
Tanrım, günahımdan keç,
hesab et ağıldankəm...
Öləndən sonra da heç
mən ölmək istəmirəm!
Yolunu keçdim çətin,
dar quyu oyma mənə,
Altmış illik zəhmətin
hayıfdı, qıyma mənə.
Çevir, başına çevir,
yox olmaq istəmirəm.
Hökm et, ruhumu devir,
ruh olmaq istəmirəm.
Yerimi böyründə sal,
zaman boyda məkan ver.
Min dəfə canımı al,
aldıqca yenə can ver.
Məni saxla, İlahi,
bir qızın gözlərində,
soğan, əvəlik, kahı,
yarpızın gözlərində.
Əl çatmayan budaqda,
sonuncu narda saxla,
Mismarla taxta-taxta,
İsatək darda saxla!
Bir qara, soyuq daşda
zəhr elə, marda saxla!
Yayda, payızda, qışda,
şehcən baharda saxla!
Saxla Leylan düzündə,
inək, at örüşündə.
Saxla oğlan üzündə
qızın ilk öpüşündə...
Kimlər yox olub getmiş...
Məni vida çağında
gizlət açarı itmiş
bir nənə sandığında.
Haqdan qurulu evin
namusu elə məni,
qonaq-qaralı evin
qapısı elə məni.
Hör məscidə, kilsəyə,
məni öldürmə, Allah!
Qaldığımı kimsəyə
heç vaxt bildirmə, Allah!
Dizimə fil tabı ver,
Kül üzümü qat yelə.
Mənə yer əzabı ver
Cənnətə düşsəm belə...
Yağdır təpəmə ahı
qızaran dan yerində,
məni saxla, İlahi,
Günün çıxan yerində!
Günün batan yerində!
ADQOYDU
De, varmı həqiqi adımı tapan? -
yəqin, ad qoyublar Allahapənah.
Həsrət qoymalıydı adımı atam,
bəlkə də, Kəramət? - Nə bilim, vallah...
Əlləşdim səhərdən səhərə kimi -
Zəhmət olmalıydı, bəlkə də, adım.
Güc yox üzəngidən yəhərə kimi -
adım Töhmət deyil... Bu işə matam!
Bizdə qız adıdı niyə Həqiqət? -
Sədaqət, Səadət... hamısı xanım...
Qadın ad daşıyır Qüdrət, Şərafət,
Kişiyə bir yönlü ad qalmır, canım!
Ada bax erkəkdə - Mürşüd, Kaloğlan,
Murtuz, Məmmədqulu, ya da ki, Murquz.
Bu adlar içindən, ay yazıq oğlan,
Cəhd et, Azad adlı kişini durquz!
Keçir karvan kimi, ad axın-axın,
Ağlıma gələnlər başıma gəlir...
Diş düşüb, saç uçub, son mənzil yaxın -
Rəhmət adı yaman xoşuma gəlir!
Əhdim var, ad seçin, kitablar açın,
Ağdamda, Şuşada qəhr oldu soyum...
Ölən əzizimə ehtiram üçün
Adımı dəyişin, Qarabağ qoyun!
SEVGİ TAKSİSİ
Mən sükan başında, sən yolda yalqız-
Cüt təkin təkliyi iltifat deyil.
Əyləş maşınıma, yoldaş olaq, qız,
Qorxma, yıxılmarıq,
maşın at deyil.
Təkliyə sancılan ox şərəflidi,
Oxlanmaq
təklikdən çox şərəflidi!
Çarxın fırlanışı birtərəflidi,
heç sevgi özü də qatbaqat deyil.
Ey qara asfaltın bəyaz qəşəngi,
yol boyu asılan bərli-bəzəkli
qol boyda əqrəbli, təbil tək zəngli
oraqdı, can biçir, o, saat deyil.
Var şərab sevgilər, tütün sevgilər -
nəyinə yaraşır lütün sevgilər?
Adi təsadüfdü bütün sevgilər,
zənbildə tanrıdan mükafat deyil.
Sükanlar əl altda sıradan çıxır,
Suç varsa, divana yaradan çıxır!
Əyləş arabama,
aradan çıxaq...
Həyat ciddi işdi, zarafat deyil!
NAĞIL
Sənə min şükür, xuda,
doğulcağın çağladım...
Nənəm dedi:
-Namxuda,
çağa qəşəng ağladı,
demək, yaxşı çağadı.
- Yarıdır haçan gedir,-
anam dedi, - dincəlmir,
işi dəndi, başaqdı,
nəyə yollasan gedir,
Vaqif yaxşı uşaqdı.
- Danışır göylər ilə,
zehni qəmətək iti,
hafizəsi kirgiddi, -
məktəbdə söylədilər, -
- Vaqif yaxşı sagirddi.
Boy-buxun soy iləndi!
Çıxdım kəndin üzünə,
Çox analar boylandı,
eyham vurdu qızına:
- Vaqif yaxşı oğlandı.
- Sədaqətdi çeşidi,
beş işinin beşi də
külfətidi, işidi, -
bunu da arvad dedi:
-Vaqif yaxşı kişidi.
- Kölgəsi qalın olsun, -
dilə gəldi yadlar da, -
fağır-fuğura damdı,
adı qalsın adlarda,
Vaqif yaxşı adamdı...
Dördü mindi belinə,
nəvənin biri düşdü,
Qırmanc alıb əlinə
hirsi belə bölüşdü:
- Dəh-dəh, dəh-dəh, uç, atım!
Beşi birdən gülüşdü:
- Vaqif yaxşı oqcadı.
... Dəfn günü mürdəşir
qopardı ayrı həşir:
- Pakdan pakdı sinəsi,
görünməyib beləsi,
bu ki, cənnət gülüdü,
Allah rəhmət eləsin,
Vaqif yaxşı ölüdü!