QAÇASAN ÜFÜQ BOYUNCA…
Hamıdan çıxıb gedəsən,
Hamı səndən çıxıb gedə.
Sən gedəndə buludlar da
Gözlərini sıxıb gedə.
Hamıdan çıxıb gedəsən,
Gedəsən çox uzaqlara.
Adamlara yem olunca,
Olasan yalquzaqlara…
Götürəsən qələmini
Son şeirin varağından.
Quşun gözündən öpəsən
Çiçəklərin yanağından…
Gedəsən batan günəşi
Soraqlaya-soraqlaya.
Hamı sevinə arxanca,
Təkcə bir qadın ağlaya.
Tək bir qadın ağladasan,
O, sirrin, sirdaşın ola.
O qadının göz yaşları
Sənin yol yoldaşın ola…
…Qaçasan bu qaranlıqdan,
Hardasa sabah görünə.
Səni aparan yolların
Sonunda Allah görünə!..
AY DA MƏNİ ATIB GETDİ…
Kədərə heykəl qoyulur,
Kədər dünyaya padşahdı.
Dan üzünün qızartısı,
Bəlkə, candan qopan ahdı?
…Payızı kim qorxutmuşdu,
Heyva heyva saralmışdı?
Gələcəyə məktub yazdım,
Çapar keçmişdə qalmışdı…
Gələcəyə məktub yazdım,
Cəmi bir kəlmədi, ana.
Ay da məni atıb getdi,
Səhər də gəlmədi, ana.
Taleyin qış fəsli gəlib,
Qar da gəlir birəm-birəm.
Ümid közərəcək deyə,
Haçandı ki üfürürəm…
…Göy üzünə güllə atma,
Görmürsənmi göy atları?
Atma, bizi bağışlamaz
Mələklərin qanadları…
SON GÖRDÜYÜM SƏN OLASAN…
Yağışa bax, misra-misra,
Bəlkə, tanrı şeir yazır?
Bəlkə, buludda gizlənib
Göy üzünün əlifbası?
…Sən də bir eşq yağışısan,
Yağ könlümə, yağ bu axşam.
Sən göylərdən enən gündən
Yer üzünü unutmuşam.
Şükür, yağan yağışıyla
Ovutdu o Xalıq məni.
Qoy gizlənim bu yağışda,
Tapmasın ayrılıq məni…
…Sər üstümə saçlarını,
Üşüyür bu yurdsuz ozan.
Gözlərimi sən bağla ki,
Son gördüyüm sən olasan…
BU GÜNAH NƏ DƏRİNMİŞ…
Hara qoyum bu eşqi,
Dünya yaman kiçikdi.
Ayağım çatdı sənə,
Ürəyimsə gecikdi.
Yorulub qanadları,
Yorğun-yorğun yel əsir.
Sənə gecikmişəmsə,
İndi hara tələsim?
Sözün boyda açar sən,
Özüm boyda sirmişəm.
Mən səni axtaranda,
Dünyanı itirmişəm…
…Getdin, qurtardı dünya,
Varmı həyatın ardı?
Ana olmaqdan bezib,
Yoxsa günəş doğardı…
Ahım yenə gül açıb,
Sarmaşıqmış gün-aha.
Bu günah nə dərinmiş,
Batıram bu günaha…
GÖYLƏR AYI QOYMAZ ÇÖLƏ TƏK ÇIXA…
Tanrı ətəyindən elə tutasan,
Nə əlin üzülə, nə ətək çıxa.
O çoban halını gözündən duya,
Qəfildən qoynundan bir tütək çıxa.
Bu nankor dünyaya bir az asiyəm,
Yerlə göy üzünün tək arasıyam…
Çiçəklə oynayan bal arısıyam,
Bir azdan bu eşqdən bir pətək çıxar…
Ey dünya sultanı, ey böyük Paşam,
Bu gecə yuxuma girmisən, xoşam!
…Durna harayına bir şeir qoşam,
Hardansa rastıma bir lələk çıxa.
O ay qız əlini qoyub qaşına,
Bəlkə də, sözü var Ay adaşına?
...Axşam ulduzları yığar başına,
Göylər Ayı qoymaz çölə tək çıxa…
BU PƏRVANƏ NƏ İSTƏYİR GÖRƏSƏN?
Kim toxunub bu sözlərin könlünə,
Bir şairin varağında ağlayır?
O qadın da gözlərini gizləyib…
Göz yaşları yanağında ağlayır.
Sevgi sönüb, tüstülənir xatirəm,
Közü də yox, kirpiyimdə gətirəm…
…Saçlarını ovundurub yatıram,
Haçan görsəm, darağında ağlayır.
O günəşdi, yoxsa göydən yar baxır?
Bəlkə, cənnət dedikləri yar bağı?!..
Payız dəyib xətrinə bu yarpağın,
O ağacın budağında ağlayır…
Bu ümid də boy atmadı, dərəsən,
O qadının ürəyinə sərəsən…
…Bu pərvanə nə istəyir, görəsən,
Ürəyimin çırağında ağlayır?!..
DƏNİZ
…Dəniz rəsmi çəkirdim,
hardansa
qağayılar da gəlib qondu rəsmimə…
Damla-damla
Suyla doldurdum dəniz rəsmimi,
Xoşbəxt-xoşbəxt üzürdü balıqlar,
Fırçamın nəfəsi toxunduqca
"dalğalanırdı" dənizim…
…Aha, deyəsən,
bir balıqçı tor atmaq istəyir,
götürüb qaçım "dəniz"i!..
AYNURƏYƏ MƏKTUB
1
"Uşaq vaxtı çətirim olmayıb…" deyirsən,
bəlkə, yağışı çox sevdiyindəndi, Aynurə?
Yadındadı,
yağışlar tanrının yanından gəlib deyə,
bir vaxtlar yağışa qoşulub getmək istəyirdin…
…Bilirəm, sevmirsən nağılları,
nağıllar yuxu gətirir,
amma bizə oyanmaq gərək.
Oyanaq! Qara çərçivəyə salınmış şəkil
kimidi dünya,
şəkil dəyişməsə də,
barı çərçivəni dəyişək, Aynurə!
…Mən də
bu tənhalar içində Təkəm…
Allah yolunu açıq etsin,
Kim bağlayıb yollarını.
Gördülər dünyanı quca bilmirəm,
Kəsib apardılar qollarımı…
Mən burda fələk əlində
Eşitdim ki, sən də
qeybə çəkilmiş HAQQDASAN?
Əgər məni unutmusansa,
lap eyni küçədə yaşasaq belə,
Deməli, sən məndən çox uzaqdasan!..
…Bilirsən, ayrılıq necə yaranıb?
Bu adamlar o qədər şəhər salıb ki,
indi Allah da onları bir yerə yığa bilmir.
İnsan ayrılığa aşiq olub, Aynurə…
…Səni tanıyıram mən,
səni də ayrılıq ilahəsi doğub,
günəşə qolların çatmır,
yağışları qucursan…
…Sil baxışlarını,
bu dünyanın boz sifətinə baxdığıntək
baxma göy üzünə,
göy üzü qaçar gözündən, Aynurə!
Unutma: təkcə göy üzünə baxmaq
gözləri xoşbəxt edir.
…Dünya çoxdan can üstədi,
göydən uçan o quşa bax,
sərib yerə qanadını
Dünyaya nəfəs verir.
Gör nə günə düşmüşük ki,
"Vətən" deyib çağırırıq,
Qürbət bizə səs verir…
2
... Bax, divardan asılan o təqvimdə
fevral ayıdı,-
təqvimdən qar yağır...
Bəlkə, fəsillərin yerini dəyişək?-
Sən payızı cevirsən...
...Darıxma,
yenə səhər açılacaq,
yenə günəş doğacaq,
bəlkə, bütün təzə sevdalar
köhnəni unutmağa hesablanıb,
Aynurə?..
...Haçandı ki,
Ürəyimə işıq çəkməklə məşğulam,
Səni o işığa tapşırıb gedəcəm...
GECƏ SERENADASI
Ürəyini götürüb,
Bir axşama gedəsən.
Üzündən ay işığı
Dama-dama gedəsən.
Bu axşamı sərəsən,
Bir az ay işığına.
Ay göylərə nazlana,
Göylər Aya sığına…
Bu ürəyi sərəsən
Bir sevginin altına.
Ovcunda ay işığı,
Nə gərək var altuna?!
…Ay boylu gəlin kimi
Hər ulduz bir qızcığaz.
Sən gecəni qucanda,
Üstünə o qız çıxa…
Bir az səni qısqana,
Sonra hər şey soruşa.
Sonra ay işığında
Əlləriniz sevişə…
Sonra isti nəfəslər
Üşüdə lap atəşi.
…Sonra qaçıb o qızla
Oyadasan günəşi…
GÖR HARDA GİZLƏNMİSƏN…
Yüz şəhəri gəzərəm,
Bilsəm, bir şəhərdəsən.
Sənsiz heç nə görmürəm,
Bu dünyanın üzünə
Çəkilmiş bir pərdəsən…
Eşqimə tən istərəm,
Torpağam, dən istərəm.
Səni göydən istərəm,
Nə olsun ki, yerdəsən!
Hər sətrimdə sənmisən?
Nə söz-söz "bəzənmisən"!
Gör harda gizlənmisən,
Sən ki, bu şeirdəsən…
GÖZLƏDİM, AXŞAM OLMADI…
Çıraq oldum, işığımı
Salmağa bir dam olmadı.
Çoxu mənə "oğul" dedi,
Heç biri anam olmadı.
Haqq olsaydı, haqq çıxardım.
Qaranlıqdan ağ çıxardım.
Bu gecədən sağ çıxardım,
Yanımda bir şam olmadı…
Boş əlimə qəm əlcəkdi,
Əl çəkmədi, qəm "əl çəkdi…"
…Sevinc axşam gələcəkdi,
Gözlədim, axşam olmadı…
YAYI ÜŞÜDƏN QADIN
Çiçəklər açmışdı bu bahar səni,
Yazda qönçə gördüm, yayda bar səni…
Mənim baxışlarım oxuyar səni,
Haçan bu küçədən "əsər"in keçər.
Görün ki, çəkilsin bu çən bu yoldan.
Mənim ürəyimdən keçən bu yoldan.
Bir ildə min qadın keçər bu yoldan,
Min ildə bir nəfər bənzərin keçər.
…Yan almaq istədim sənin yanına,
Yenə də ilişdim həyəcanıma…
Yayın hərarəti köçüb canıma,
Daha bundan belə yay sərin keçər…
SU DA AXMASINI SAXLAYIB, BAXIR…
Allah baxır hər gün yer kürəsinə,
Hərdən gözlərini bağlayıb… baxır.
Köçən durnalara əl eyləyərək,
Yağan yağışlar da ağlayıb, baxır.
Mən səndən qopmuşam: zərrəyəm, Allah,
Adamam, işığam, hər nəyəm, Allah.
Min yaşım olsa da, körpəyəm, Allah,
Hər gün mələklərin yoxlayıb, baxır…
Gözümdən tökülən yaş deyil, ahdı,
Qəmə tuşladığım qələm silahdı.
Ardımca yüyürən hansı günahdı
Məni dağ döşündə haqlayıb, baxır?!.
Ay doğub, buyurun bu tamaşaya,
Bu gecə ulduzlar gələcək saya…
…Elə heyran qalıb göydəki Aya,
Su da axmasını saxlayıb, baxır…
VƏTƏN
Vətən təkcə sərhədlərin içində
qalan deyil ki…
Qürbətə uçan quşların
göy üzündə qanrılıb,
Vətən göylərinə baxdığı son baxışları da
Vətənin bir parçasıdı…
Qürbətdə yaşayan insanın
doğma illəri yada düşəndə,
köks ötürüb çəkdiyi ah da Vətəndi!..
O Vətən oğlunun
yuxularından axan bulaq suyu da
Vətən həsrətindən oxuyur hər gecə…
Yuxularından axan o bulaq suyu olmasa,
yaşaya bilməzdi ki qurbətdə!
…Hərdən Vətən torpağı kimi
qucaqlayıb sinəsinə sıxdığı
tarının simləri də
Vətən sərhədlərini xatırladır ona…
AYRILIQ
Yazıb, sonra itirdiyim
Ən gözəl əsərimsən.
Dünənki sevgim idin,
Bugünkü kədərimsən.
Dünənki sevgim idin,
Bugünkü həsrətimsən.
Qucmuşam kədərini,
Sən mənim qismətimsən…
Gecə də keçmir daha,
Səndən sonra səhər yox.
Mən səni itirəndə
Şəhər yerində idi,
Sonra baxıb nə gördüm:
Baxıb gördüm: şəhər yox!..
…Hara alıb apardın?
Səhəri qaytar geri,
Şəhəri qaytar geri,
Qayıt sevgi taxtına.
Onları qaytarma heç,
Barı qayıt özün gəl,
Gir könlüm paytaxtına…
…Ayrılıq sularında,
Sığındığım bərəmsən.
Bu vəfasız dünyada
Vəfalı xatirəmsən…
Yazıb, sonra itirdiyim
Ən gözəl əsərimsən.
Dünənki sevgim idin,
Bugünkü kədərimsən…
SƏNSİZ
Getdin… küsüb göy üzü də,
Nə gün çıxır, nə ay batır.
Günaha batdığı üçün
Hər gün neçə saray batır…
Bəlkə, bu ömür deyilən
Cəmi elə bir gün imiş?
İndi bildim ki, ayrılıq
Ən soyuq bir sürgün imiş…
…Sənsiz açılmadı səhər.
Kortək bir gün gəzə bildim.
Ömür elə bir gün imiş,
Sənsiz bir gün dözə bildim…
…Sənsiz dönüb bir qəfəsə,
Sənsiz qıfıllanıb dünya.
Yazıq itirib başını,
Haçandı fırlanır dünya…
Ayağım şikəst deyil ki,
Mən ürəyi əsalıyam.
Xəyallar təsbeh əvəzi,
Ah, bir qoca misalıyam.
…Yerdə ömür bir gün imiş,
Bəlkə, göylərdədi ardı?
…Sənsiz qalan bu dünyanı
Yellərə verdim apardı…
…Yox, sən mənə fikir vermə,
Bir az öyrəncəliyəm.
Mən bu qəmi öldürəcəm,
Mən qəmin əcəliyəm!
…Gözlərinə köçür dəniz?!
Çaylar ora tələsir?
Ürəyini qalın geyin,
Çöldə ayrılıq əsir…
ŞEİR VƏ… SEHR
Sən Allahın ən gözəl şeirisən,
Ən ilhamlı vaxtında
yazıb səni.
Büküb
göy varaqlara
Ulduzların
yaxasından asıb səni…
Ancaq bu "Şeirin"
gözəlliyinin ağırlığına
ulduzların da gücü çatmayıb,
qırılıb düşmüş yerə…
Gör nə qədər ulduz da
qoşulub sənə,
arxanca axıb gəlib…
…"Şeir"in mübarək, İlahi!
Elə şeir yazmısan ki,
onu,
oxumadan əzbərləmişəm!..
SORUŞMADIM…
Soruşmadım: "hansı ətri sevirsən?"
Gördüm ki, sevgi ətri gəlir səndən…
Adını da soruşmadım,
bilirdim ki,
bütün qadınların adı: "Gözəl"di!
Soruşmadım yaşını da,
Mələklərin yaşı olmur!..
Soruşmadım: "haralısan?"
Bütün gözəllər Tanrının yanından
gəlir, axı!..
Bütün gözəllər Tanrının qohumudu…
SEVGİ
Elə ilk baxışdan vurulacaqdım sənə,
Sonrakı baxışlarım araya girdi…
…Bu axşam elə gözəlsən ki…
"Gözəllik" sözündən daha gözəl!
Göydə ulduzlar da
gözəlliyindən bir az
çəkib canına,
daha da parlaq olub…
…Bu axşam çiçəklər
əllərindən öpsün deyə,
irəli uzadıb dodaqlarını…
Küləklər saçını qoxlamaq üçün
neçə gündü yol gəlirmiş…
Su dodağına toxunsun deyə
özü qaba girmək istəyirdi…
…Hərdən dua edirmiş kimi
nəsə pıçıldayırdın…
Dodaqlarından qopan
o sehirli səsi
təkcə eşitmirdim ki,
həm də ürəyimə çəkirdim!..
…Qaranquş yuvası kimiydi
əllərinin içi,
ay işığı dolmuşdu ovcuna…
Qorxurdum toxunsam bu "yuva"ya,
dağılar ay işığı…
…Yellər qanadına alıb
gətirirdi səhəri,
bir azdan günəş də gülümsəyəcəkdi
bu dünyanın üzünə…
Ürəyimdəki saat
və gecə kəpənəkləri
çağırırdı ayrılığı…
…Səni
gecənin içindən keçən bu çayın
o üzündə qoyub gedirəm,
gedirəm ayrılığın üzünə üz söykəməyə…
…Yoxsa, ağlayırsan?
Yaxın gəl, səhərüzlüm
Gətir öpüm göz yaşını, qurusun…
GÖY ÜZÜNDƏ QUŞ RƏSMİ
…Göy üzündə bir quş rəsmi
çək, ilahi,
payızda quşların
qürbət mövsümü başlayanda
bu "quş" tərk etməsin göyləri,
göy üzü darıxmasın deyə.
Quşları səmasız,
səmanı quşlarsız qoyma.
Yoxsa, yağışlar üşüdəndə
göy üzünü kim qucaqlayar ki?!.
…Yer üzü də
bu qədər sıx ikən
yerdə də adamlar
tənhalıqdan üşüyür,
lütf eylə,
sən də
yer üzünü qucaqla, ilahi!..
KÜLÜNƏ YALVARIR BU OCAQ İNDİ…
Dünən acı çəkən bu gün "şəkər"di,
Dünyada əldən çox, əl ağacı var.
Bircə nəfəsim var, onun da, Tanrım,
Sənin nəfəsinə ehtiyacı var…
…Sönür içimizdə son ümid çöpü,
Nə etsək, yasaqdı, tabudu, Allah.
Bu dünya intihar etmək istəyir,
Varmı özü boyda tabutu, Allah?!
Çırpısı meşədə ağlayan ağac,
Bəs necə alışsın bu ocaq indi?
…O quş da hardansa uzaqdan gəlib,
Yanmayan yarpağa qonacaq indi…
ƏLFƏCİN
Sən məni oxumaq istəyirsənsə,
əlfəcin kimi
hərdən barmaqlarını qoy
bu "kitab"ın arasına,
birnəfəsə oxuma məni,
Hərdən dəyiş "əlfəcin"in yerini…