Mən çox uzaqlarda, Xəzərin qucağına sığınan balaca bir şəhərdə, Bakıda dünyaya gəlmişəm. Yaddan çıxmış köhnə bir qəsəbədə, bir-birinin sözünü kəsən səbirsiz gənc ailələr kimi kəsişən əyri-üyrü küçələrin ardınca illərin yorğunluğunu üzərində daşıyan daxmalar uzanırdı, o daxmalardan biri də bizim evimiz idi. Sahil boyunca şimala doğru muncuq kimi uzanan Bakı kəndlərində hamı bir-birini tanıyardı. Bakı o qədər balaca şəhər idi ki, bu biri başından o biri başına kimi uzanan quru çöl iqliminin hökm sürdüyü Abşeron düzənliklərini görmək olurdu. Uzaq diyarlardan gələn səyyar küləklər yamaclarda dincələrək daim Bakının qonağı olurdu.
Küləklər şəhəri idi mənim Bakım. Qayalıqlardan baxanda uzaqdan evimizi köhnəlmiş və çökmüş damımızdan tanıyardım. Damımız zamanın acımasız tənələrinə tab gətirməyərək çökmüşdü.
Coşqun Xəzərin dalğaları hər səhər kəndimizin sahilini yuyaraq günahlarımızı günəşin qızmar şüaları altında çılpaq düzənlikdə qurudardı. Zirə bağlarından gələn əncir ağaclarının qoxusu sınmış pəncərəmizdən süzülərək otağıma girərdi. Tez yuxudan duraraq nənəmin mənə artıq qalmış parça qalıqlarından tikdiyi yamaqlı şalvarımı geyinər və çölə qaçardım. Sahildəki qayalıqlara gələrək oturardım. Qayalıqlardan bir az uzaqlıqda tənha bir iydə ağacı var idi. İydə meyvəsini o qədər xoşlamasam da, onun gül açmış budaqlarından gələn məhəbbət ətrini sevirdim. Bu qoxu mənə iydə ağacının üzərinə ovularaq yazılmış nakam sevgi hekayələrini oxuyardı. Dan yerinin sökülməsini seyr edər və ulduzların səssiz-səmirsiz gözlərimin önündə necə itməsinə baxardım. Mənə elə gəlirdi ki, gecə ilə gündüz məni görmək üçün hər gün birbirilə savaşırlar. Bütün gözəllikləri və dəyərləri özündə qoruyub saxlayan xoşbəxt bir ailəmiz var idi. Evimizdə bütün Şərq dəyərlərini, adətənənələrini və sədaqəti saxlaya bilmişdik.
Biz tərəflərdə fəsillər də başqa cür olurdu: bahar gələndə küçələrə həmişə yaz yağışları yağardı və mən göy gurultusundan qorxaraq çarpayımın altında gizlənərdim; anamın qışda ac qalmamağımız üçün keçən yaydan çarpayının altına qoyduğu azuqə ilə dolu balonların yanına uzanaraq, onların toz basmış üzlərini silər, balonların içərisində hansı meyvənin mürəbbəsi olduğuna baxar və oradaca yuxuya gedərdim. Anam isə mənim yerimi həmişə bilərdi, şam yeməyi hazır olduqda məni əli ilə gizlətmiş kimi gəlib tapar, qucağına alaraq öpə-öpə masaya aparardı. Mən isə o anda özümü dünyada güvəndə hiss edərdim. Masanın başında atam əyləşərdi həmişə, anam atam işdən gəlməyincə masanı hazırlamazdı, yeməklərin ən yaxşılarını birinci atamıza verərdi və mənim qısqanc baxışlarla dolu gözlərimə baxaraq deyərdi: “Atan çox əziyyət çəkir ki, biz xoşbəxt yaşayaq”. Atamın gözlərinin içinə baxmağa qorxardım; məni həmişə anam yedizdirərdi, atamın sevgisini isə yalnız o yatdıqdan sonra stulun başına asdığı pencəyindən alardım. Atamın pencəyindən gələn tər qoxusu onun bizim xoşbəxt yaşamağımız üçün çəkdiyi əziyyətləri mənə bir-bir nağıl kimi danışar, anamın atam barədə dedikləri sözləri yadıma salar və atama qarşı olan sevgimi daha da mətin edərdi. Sakitcə o yatdığı çarpayının kandarına gələrək, onun necə mışıl-mışıl yatmasını kənardan seyr edərdim. Atamın çatlamış dabanlarına heyrətlə baxdıqdan sonra sıxılaraq tez öz dabanlarıma nəzər salaraq sevinərdim ki, mənim dabanlarım salamatdır, heç bir çat zad yoxdur. Anamın asta addımlarla səssiz-səssiz evimizi yığışdırdığını eşidərdim. Bu hisslər mənə təmiz sevgidən, pak ailədən həzin nəğmələr oxuyardı. Sevincimdən pəncərəmizin qabağına qaçardım, bayırda yağan yağışın səsinə qulaq asar, həyətimizdəki çuxurlara dolmuş yağış sularının yaratdığı gölməçələrin üzərindəki köpükləri saymağa çalışardım. Sonra atamın oxuduğu köhnə qəzetlərdən bir parça cıraraq həmin gölməçələrdə yağışdan sonar üzdürmək üçün arzu gəmiləri düzəldərdim. Pəncərəmizin yanında sobamız daima yanardı. Həmin sobanın üzərində atam həmişə bizə kartof qaxlayardı, (qızardardı) mən də ona kömək edərdim: kartofları həmişə mən özüm duzlayardım və atama kömək etdiyimi düşünüb özümlə fəxr edərdim. Daima sobanın bir kənarında qaldığı üçün çaydanımızın altı qapqara his olardı və həmişə astadan həzin bir fit çalardı, gecələr yatanda bu səsi daha dəqiq eşitmək olardı. Otağımı bürüyən qoxudan sobamızda hansı ağacın alışaraq yandığını dəqiq bilərdim. Gecələr otağımın divarına paslanmış sobamızın deşiklərindən düşən alovların rəqsini seyr edər və ocağın səsinə yuxuya gedərdim. Gecəyarısı oyanmağı çox sevərdim. Oyanır, çarpayımda sağa-sola çönür, evimizdəki nizamdan zövq alaraq yenidən yuxuya gedərdim. Səhərə yaxın evimizi həzin musiqi sədaları bürüyərdi, həmişəki kimi atam işə getməmişdən muğama qulaq asardı.
O, hər səhər bu mahnıya qulaq asar, baxışları isə daxmamızın küncünə dikilərək dönüşü olmayan uzaqlara qərq olardı. O zaman atamın gözlərinə qorxmadan doyunca baxardım. Ruhu daima gənc olsa da, çəkilməsi zor olan həyat qayğıları atamın gözlərindəki parıltını özü ilə aparmış, yerində soyuq və ümidsiz izlər saxlamışdı. Anam isə atamın soyumuş çayını daima yeniləyərdi. Atamla anam bir-birilə çox az danışardılar, əksər hallarda onlar baxışları ilə anlaşırdılar. Sonralar mən də onların baxışlarından bəzi ifadələri oxumağı öyrənmişdim. Ailəmizdə məndən üç yaş böyük Bəhicə adlı bacım da var idi, mən ona həmişə Bəhi deyərdim. Xəstə olduğum üçün valideynlərim çarəsiz qalaraq bacımı nənəmin yanına kəndə göndərmişdilər. Anam mənə daha çox diqqət və qayğı lazım olduğunu bilirdi və bu səbəbdən də bacım bizdən ayrı, nənəmgildə böyümüşdü. Bacım olduğunu altı yaşımdan sonra öyrəndim. Həmin gecə atam anamla sakitcə söhbət edirdi, mən də gizlicə onların danışıqlarını izləyirdim. Sabah bacımın gələcəyini söyləyirdilər. Eşitdiyim “bacı” sözü mənə yad gəlirdi, amma maraqlı baxışlarımla nə baş verdiyini anlamağa çalışırdım. Gecə səhərə kimi yata bilmədim, bacımı görmək həvəsi ilə min cür sima canlandırdım xəyallarımda. Nəhayət, sabah açıldı və mən yenə də həmişəki kimi, hamıdan tez duraraq, əynimi geyinib pəncərəmizin qabağında kəndimizdən keçib gedən sonu olmayan yollara baxdım. Gözləməkdən yorularaq pəncərəmizin yanındakı taxtın üstündəcə yenidən yatıb qaldım.
Bir də gördüm ki, qapımızı döyürlər. Səsə yuxudan oyanıb pəncərədən həyətimizə baxdım. Qapımızı döyən kənddəki əmim idi. Onun yanında qarabuğdayı, balaca bir kök qız uşağı da var idi. Anladım ki, o qara qız mənim bacımdır – baxışlarından atama oxşayırdı. Səliqəli yığılmış uzun saçları mənim saçım kimi şabalıdı rəngdə idi. Əllərini ovuclarında gizlədərək ürkək baxışlarla ona yad olan doğma həyətimizə baxırdı. Əynində bir neçə yerdən sökülmüş, amma səliqəli ütülənmiş donu, rəngbərəng iplə, kobud tikişlərlə tikilmiş corabı və rəngi saralmış qolları uzun köhnə gödəkcəsi var idi. Pəncərəmizdən bacımın bütün hərəkətlərinə diqqətlə baxır və ona nə deyəcəyimi düşünürdüm. Nəhayət, bir müddətdən sonra anam qapını açdı, əmimlə görüşüb bacımı qucaqlayaraq ağlamağa başladı. Bacım isə anamı soyuq baxışlarla, biganə halda yad adam kimi süzərək baş verənləri anlamağa çalışırdı. Kök olduğu üçün ətrafdakılardan utanırdı, başını aşağı salaraq anama aşağıdan yuxarı baxırdı. Zaman ötdükcə bacım həm evimizə, həm də mənə isinişirdi.
Bir neçə aydan sonra bacım yavaş-yavaş ailəmizə tam öyrəşərək bizlərdən biri olmuşdu. Mən bacımla bir çarpayıda yatırdım. Gecələr uzun olduğundan, biz yuxumuz gələnə kimi isti çarpayımızda həzin səslə pıçıldaşır, bir-birimizlə oyunlar oynayardıq. Çarpayımızın ön tərəfində yatmaqdan qorxurdum, bacım məndən böyük olduğu üçün çarpayının kənarında həmişə özü yatardı, mən isə divar tərəfə üzümü çevirib yatardım. Hərdən balaca barmaqlarımla divarımızda xoşbəxt ailəmizin rəngsiz rəsmini çəkərdim, bacım isə mənim xoşbəxt ailəmizlə bağlı təxəyyülümə barmaqları ilə öz əlavələrini edərdi və beləcə, birlikdə qaranlıq otağımızda divarda çəkdiyimiz rəngsiz xoşbəxtlik rəsmimizə qəlbimizin gözü ilə baxaraq gülümsəyərdik və ovcumuzun içi ilə divardakı olmayan rəsmimizi yeni rəsmlər çəkmək üçün silərdik. Bacım evimizə qayıdandan sonra mən artıq darıxmırdım və evimizdəki əşyalarla oynamırdım. Vaxtımın çoxunu onunla birlikdə əylənərək keçirərdim. Xəstə olduğumdan mənə çox qaçmaq, çox gülmək və tərləmək olmazdı, bunlara riayət etməyəndə boğulurdum, nəfəsim get-gedə kəsilirdi. Bunu ailəmizdə hamı bilirdi, bacım da həmçinin. Hər dediyimi edə-edə ərköyün böyütmüşdülər məni. Bacım da mənimlə oynayarkən ehtiyat edirdi. Biz bir-birimizi çox sevirdik, hər beş dəqiqədən bir bacım əlini mənim kürəyimə salaraq tərləyib-tərləmədiyimi yoxlayardı və mən hərdən bezdiyim anlarda onu insafsızcasına vurardım. Bizim ailəmizdə bütün fəsillərin gözəlliyini aydın hiss edərdim. Payız ayları gələndə canımı ayrılıq qorxusu bürüyərdi, elə bil, payız mənim xoşbəxtliyimi əlimdən almağa gəlmişdi. Sərt küləklər əsəndə otağımızın pəncərəsini bağlayaraq evimizin küncünə çökərdim ki, məni görməsinlər. Bayırda əsən dəli küləklər, payızın ayırdığı qəlblərin günahkarı sınıq pəncərəmizmiş kimi onu döyəcləyərək, nakam sevgi nəğmələrini çığıraraq qulaqlarıma bağırardı. Bu səs mənə payızın acımasız bir sevgi düşməni olduğunu deyərdi və mən bundan heyrətlənərək anamın balaqlarından yapışar, yanından ayrılmazdım. Küləklər sakitləşdikdən sonra əynimi qalın geyinərək həyətimizə çıxardım, bacım da mənimlə gələrdi. Bağımızdakı ağacların üzərindəki yarpaqların rənginə diqqətlə baxardım. Bağçamızda heç bir yarpağın rəngi digərinki kimi olmazdı. Saralmış yarpaqlar budaqdan o qədər bərk yapışırdılar ki, sanki qopmaq istəmirdilər. Ancaq hər keçən saniyə yarpaqlar üçün son olurdu, həzin əsən meh yarpaqları gah sağa, gah da sola üfürər, ölüm rəqsini əsdirərək oynadardı, sonda taqətdən düşən yarpaqlar bir-bir qırılaraq budağından qopardı və sakitcə yuvarlana-yuvarlana torpağın üzərinə düşərək canını Allaha tapşırardı. Payızın dəli küləkləri xəzələ dönüb saralmış, bozarmış, qızarmış yarpaqların cansız cəsədlərini belə öz doğmalarından ayıraraq hərəsini bir səmtə sürüyərdi. Küləyin cansız yarpaqları bir-birinə vuraraq yerdə sürüməsindən xışıltı səsləri gələrdi. Bu səs ölmüş yarpaqların cansız vücudlarının naləsi idi. Bağçamızın arxa tərəfində çoxlu ağaclar var idi, yağışdan sonra saralmış yarpaqların üzərində su damlaları qalardı, yarpaqları əllərimlə əyərək damlaları içərdim. Bacım isə hey arxamca gəzərdi və boynuma sarıdığım şarfın uclarından tutaraq məni qaçmağa qoymazdı. Mən isə sözə baxmayaraq qaydaları həmişə pozardım. Bunun üçün məni cəzalandırmırdılar. Qışda yandırmaq üçün atam yabanı meşələrdə cır bitən ağaclardan qıraraq gətirdiyi odun parçalarını evimizin arxasına yığardı. Odunların tam yanında üzərinə baltası sancılmış qocaman çinar ağacının kəsilmiş kötüyü var idi. Üzərini mamırlar basmış çinar kötüyünün uzun illərdir daxmamızın arxasında öz kökündən olan ağac kötüklərinin onun üzərində parçalanmasına səbəb olduğunu göstərən acı mənzərəsi var idi. Gözlərimin qarşısında nə qədər kədərli bir həqiqət görürdüm. İllərdir bəslədiyi körpə budaqlar onun cansız və qan qoxan gövdəsi üzərində parçalanırdı. O mənzərəyə baxan hər bir kəs həyatın haqsızlıqlar üzərində qurulduğunu aydın görə bilərdi. Qocaman çinar kötüyünün nə qədər üzüldüyünü və çarəsiz olduğunu onun yarıçürümüş, mamır basmış duruşundan hiss edirdim. Odunları yığdığımız yerdən bir az kənarda, əncir ağacının yanında itimiz Dodi üçün düzəltdiyimiz ev var idi. Atam itimizi ağacın dibinə bağlayaraq boynuna ikiqat zəncir vurmuşdu. Dodi bu balaca yerdə həm yeyir, həm yaşayır, həm də evimizi qoruyurdu. Bir heyvanın bir insana qarşı bu qədər sadiqliyinə, doğrusu, mat qalmışdım, baxmayaraq ki, mən uşaqlıqda onu çox incidirdim. Nahar vaxtı yaxınlaşırdı, birdən anamın səsini eşitdim, bacımı səsləyərək evə yemək yeməyə çağırırdı. Bacım üzünü mənə çevirərək dedi:
– Gəl gedək, qaqa, anam bizi çağırır, gedək,
yemək yeyək.
– Nə bişirib görəsən?
– Bilmirəm, amma bağçanı bürüyən qoxudan deyə bilərəm ki, sənin sevdiyin yeməyi bişirib.
– Onda gedək.
Bacımın əlindən tutaraq evə getdim. Əllərimizi yuduqdan sonra masanın ətrafına əyləşdik. Mənim yerim sobaya tərəf idi, anam çöldən gəldiyim üçün məni sobaya tərəf otuzdurardı. Bacım isə mənim yanımda oturardı həmişə. Anam çatlamış köhnə cehizlərində bizə xörək çəkərək masamıza gətirərdi, biz isə xörəyi yeməyə başlamazdan əvvəl bir-birimizin nimçələrindəki xörəklərə baxaraq hansımıza çox xörək düşdüyünü müqayisə edərdik.
Sizə danışdığım bu xoşbəxtliyi mən o zamanlar görmürdüm, gözlərim kor idi! İllər keçdi, zaman qəlbimdəki uşaqlığı əllərimdən dartıb alaraq məni qayğılarla dolu gənclik adlanan boş bir səhraya gətirib çıxartdı.
Burda mən daha çox sağ qalmağa çalışırdım, onun üçün gecə-gündüz çalışaraq xəyallarımda gedə bilməyəcəyim uzaqlara aparardım özümü. Röyadan ayıldıqdan sonar mövcud vəziyyətimlə barışmırdım. Nə isə, beləcə təlatümlərlə keçən ömrüm gözlərimin önündə itib-batırdı. Sonda qərara gəldim ki, vətənimi, evimi tərk edim, gedim uzaqlara. Düşünürdüm ki, uzaqlarda xoşbəxtliyim məni gözləyir. Əslində isə xoşbəxtlikdən çıxıb getdiyimi bilmirdim. Hərdən düşünürəm, görəsən, məndə nə çatışmırdı ki, xoşbəxtliyi görmürdüm? Yalnız bir cavab gəlir ağlıma: məndə çatışmayan əzab-əziyyət idi, hansı ki, atam-anam mənə onun nə olduğunu hiss etdirməmişdilər. Mən əziyyətin nə olduğunu onların gözlərinə baxarkən görürdüm, amma o zamanlar uşaq idim, onların gözlərindəki kədərli ifadənin əzab-əziyyət olduğunu bilmirdim. İndi onu anlayıram, amma gecdir, bunu başa düşmək üçün çox gecdir!
Mən evimizi tərk edəndə özümlə, sadəcə, xəyallarımı götürə bilmişdim! Geridə qoyduğum keçmişimdən mümkün qədər uzağa qaçmağa çalışırdım. Kəndimizin cığırlarını təngnəfəs keçərək arabir arxaya dönüb get-gedə gözümdə balacalaşaraq itən evimizə baxırdım. Uşaqlığım, xoş günlərim o kənddə keçmişdi. Yanımca ailəmizə sadiq olan itimiz Dodi də gəlirdi, bir müddətdən sonra Dodi dayanıb mən gözdən itənə kimi arxamca baxdı, sanki mənimlə bir daha görüşməyəcəyini bilərək vidalaşır kimi hürdü. Məni daha bu kəndə bağlayan heç nə yox idi. Əslində, özümdən qaçırdım... Gözlərim dolsa da, ağlamaq istəmirdim. Artıq həyata qarşı savaş açmış sürüsündən ayrılan tənha bir canavar idim. Zəif olduğumu bilir, amma etiraf etmirdim. Təkbaşına bütün bu çətinliklərlə necə bacara biləcəyimi düşünürdüm. Ruhum kömək axtarsa da, baxışlarımda daima qurur var idi. Bir vaxt məni özünə çəkən daxmamız indi mənə yad olmuşdu.
Mənə elə gəlirdi ki, xoşbəxtlik kənarlarda bir yerdə məni gözləyir, ona görə yaşadığım sakit və qayğılarla dolu sevinc qoxan daxmamızdan uzaqlara getməyi qərara almışdım. Cığırları daha sürətlə keçərək yerini dəqiq bilmədiyim həmin xoşbəxtliyin arxasınca qaçırdım. “Bəzən həyatın sizə bəxş etdiyi qismət ayaqlarınızın altında özünü gizlədərək, nə vaxtsa sizing xoşbəxtliyə aparan riskli addım atmağınızı gözləyər... Bəzən də xoşbəxtliyi riskdə görüb addım atanlar bədbəxtliyin tam üzərinə basarlar. Beləcə növbəti addımınızın sizi hara sürükləyəcəyini bilmədən gəzərsiniz!”
Günəş dağların arxasından boylanaraq şeh basmış çəmənlərin üzərinə şölələr saçırdı, mən isə arzularımı ətəyimə yığaraq hey irəliləyirdim. Mənə elə gəlirdi ki, xoşbəxtlik müjdələrilə daim vədlər verərək məni sevindirən, əslində məni göründüyümdən daha da cəsur edən daxilimdəki hisslər məni aldatmırlar. Bu hisslərə aldanaraq yanılmışdım, bütün yaxınlarımı, dəyər verdiyim əzizlərimi ona görə itirdim. “İnsan həyatda etdiyi səhvləri sonda üzləşdiyi məğlubiyyətdən eşidir”. Məhz ona görə həqiqətin acı olduğunu deyirlər. Mən tamamilə səhv düşüncələrə aldanaraq düşündüyümdən də çox uzaqlara getmişdim. Hərçənd, “ziyanın yarısından qayıtmaq” atalar sözünü xatırlasam da, bu mənim üçün mümkün deyildi. Məni geriyə yalnız təmiz vicdanım qaytara bilərdi, o isə mənə xas olmayan xasiyyətlər kimi qəlbimi çoxdan tərk edərək məni tək qoymuşdur. Bir də ki, geriyə qayıtmağım həyatımda heç nəyi dəyişməyəcəkdir, çünki atamın mənə dediyi sözləri indi də xatırlayıram. O mənə deyirdi: “Kişi səxsiyyətini itirdiyi gün ölür!” Mən isə şəxsiyyətimi illər öncə daxmamızı tərk edərkən itirmişdim. Evimizə hansı üzlə qayıdacağımı bilmirdim. “Getmək – geridə qoyduğun hər şeydən imtina etmək deməkdir. Gedərkən buraxdığın xatirələr ayaqlarına sarılaraq səni buraxmazlar və onları ömrünün sonuna qədər daima sürümək məcburiyyətində qalarsan. Beləcə getmək istəsən də, gedə bilməzsən”.
Bu suala tam cavab vermək çətin olsa da, bildiyim bir həqiqət var: o da xoşbəxtliyin hər bir insanın həyatında onun görmədiyi və yaxud da gördüyü, ancaq dərk etmədiyi bir formada verilməsidir. Onu dərk etdikdə isə artıq gec olduğunu düşünərsiniz. Xoşbəxtlik çoxdan payız küləyi kimi səni tərk edərək getmiş olar. Həyatın mövcudluğunun sirri də məhz bundadır: ya tələsirsən, ya da ki, gec qalırsan. Bu natamam hisslər arasındakı məsafələrin məcmusu həyatın özünü əks etdirir. İnsanların müqəddəs bir dövrü var. Bu dövr insane özünü dərk edənə qədər olan zaman kəsiyini əhatə edir. Özünüzü dərk etməyiniz sizi acı həqiqətlərlə və günahlarla dolu boş bir xəzinəyə gətirib çıxardar. “Müqəddəs dövr”dən sonrakı yaşadıqlarınız isə, sadəcə, bu xoşbəxt anları xatırlamaqla, onları təkrar yaşamaq arzusu ilə keçər. İndi dərk edirəm ki, mənim üçün xoşbəxtlik daxmamızın çiy kərpicdən hörülmüş divarları içərisində ailəmizlə birlikdə hər gecə yatdığım o köhnə çarpayımda qalıb. Həyatda bir həqiqəti axtarıb tapdığın an növbəti bir yalan sənin yolunu kəsərək vüsalı uzadar və verilən ömrün qısa olduğunu nəzərə alaraq, bu yolu axıra qədər gedib çıxa bilməzsən, bəzi təəssüratlarla kifayətlənmək məcburiyyətində qalarsan. Mən evimizi xoşbəxtlik arzusu ilə tərk etmişdim! Gördüyüm əziyyətlərdən sonra onun elə evimizdə olduğunu dərk etdim, bu həqiqəti bilməyim üçün mənə illər lazım oldu. Bu yolu getməli və ömrümü mənasız illərə qurban verməliydim ki, həqiqəti anlayım. Xoşbəxtlik axtarışında üzləşdiyim həqiqət isə zaman əsnasında öz mahiyyətini itirmişdi. Bizim tərəflərdə kəndləri gəzərək səyyar tamaşalar göstərən yurdsuz-yuvasız qaraçılar kimi, mən də gəzirdim; amma onlardan fərqli olaraq, mən öz ruhumu sataraq pul qazanırdım. “Pul ilə satılan hər nə varsa, həyatda dəyərsizdir, çünki pul insanın dəyər verdiyi bir kağız parçasıdır”. Kənardanbaxanlar mənə həsəd aparsalar da, mən əldə etdiklərimə görə öz mənimlə çoxdan vidalaşmışdım.
Haram pullarla gələn saxta xoşbəxtliklər payız küləkləri kimi tez əsib gedirdilər. Sadaladıqlarımın heç biri daxilimdəki boşluğu doldurmurdu. Artıq uzun illərdir ki, mənə ögey olan ruhumla mənasız eşq oyunlarına başım qarışıb və ailəmi tamam unutmuşam. İndi hər şeyi anlayıram və necə bir səhv edərək dönülməsi mümkün olmayan bir yolda azdığımı dərk edirəm... Evimiz üçün, anam üçün darıxıram yaman. Geri qayıtmağa cəsarətim yoxdur. Qorxuram ki, evimizə qayıtsam, yaxınlarımı evimizi tərk edərkən qoyub çıxdığım kimi tapmayım. Anamın qoxusu hələ də burnumdadır... Hər gün qulağıma onun səsi gəlir, bu səsi mən uşaqlıqda oynayaraq evimizdən uzaqlaşanda eşidərdim: tez anamın məni təlaşlı səslə çağırdığını yəqin edər və evimizə qaçardım. Evə gəldikdə isə suçlu-suçlu anamın gözlərinin içinə baxar və soruşardım: “Sən məni səsləməmisən ki?” “Xeyr, – deyərdi və gözümün içinə baxaraq gülümsəyər, sonra da, – qulağına səsimdi gələn, bala, səni daim qoruyuram təhlükələrdən” – söylər, mən də sakitləşərdim.
“Gecələr otağınızda sakit addımlarla addımlayan, sevdiyiniz yemək qoxusunu qoxuyan və həzin hənirtilə çarpayınıza yaxınlaşaraq nəfəs ahənginizi yoxlayan, gedərkən isə üstünüzü örtən biri varsa, həyatda heç nədən qorxmayın! Çünki ananız hələ sağdır”.
Ana sevgisindən dəyərli sözlər danışsam da, mən ona yaxşı övlad ola bilmədim! Məni kürəyində gəzdirən ananı artıq on ildir ki nə axtarıram, nə də səsini eşidirəm! Mən artıq bu əzabla yaşaya bilmirdim. Maddi vəziyyətim məni tam qane etsə də, daxilimdəki boşluq günü-gündən böyüyərək ölmüş vicdanımı daha da dərinə basdırırdı. Ancaq hələ də arsız kimi yaşamaq ümidi var idi qəlbimdə. Mənə ağır olsa da, geriyə, daxmamıza qayıtmaq istəyirdim. Mart ayının ikisi idi, atamın ad gününə on səkkiz gün qalmışdı. Bu səhər mənim üçün elə bil yenidən doğulmaq imkanı vermişdi. Səbəbsiz sevinc hissi bürümüşdü canımı. Bu sevinci uşaqlıqda atam məni bazara aparanda keçirdərdim, yadımdadır, axşamdan atam mənə deyəndə ki, səni sabah özümlə bazara aparacam, sevincimdən yerə-göyə sığmırdım. Bax, indi də o hissi keçirdirəm, ancaq ondan fərqli olaraq, bu dəfə səbəbsiz sevinirdim, indi məni heç kim əllərimdən tutub bazara aparmırdı. Mənə elə gəlirdi ki, evimizə geri qayıtmaqla günahlarımı yuya, yeni həyata başlaya biləcəm və nəhayət, qoyaraq çıxıb getdiyim xoşbəxtliyi yenə evimizdə tapacam. Nə isə, yuxudan oyanaraq əlimi-üzümü tərtəmiz yudum, üzümü qırxdım, dırnaqlarımı anam kimi səliqəli tutdum və güzgünün qabağına keçərək dəqiqələrlə özümə baxdım. Aynadan baxan bir cüt yorğun qara göz, sanki xoşbəxtliyini mənə görə itirmiş nakam nəzərlərlə, məni durmadan səssiz danlayırdı. Özüm-özümə baxmağa utanırdım. Əl-üzümü quruladıqdan sonra otağa keçərək mənə lazım olan əşyaları toplamağa başladım. Əşyalarımın içində mənə əziz olan oyuncaq maşın da var idi. Onu xəstəxanaya yanıma gələndə darıxmamağım üçün atam almışdı. Təkərləri sınsa, rəngi azacıq solsa da, yenə məni darıxmağa qoymurdu. Əşyalarımı yığışdırdıqdan sonra evi səliqəyə saldım, atamın hədiyyəsini cibimə qoyaraq evdən çıxdım. Açarları və evin aylıq icarə haqqını qonşuma verərkən ona dedim ki, mən qayıdıram öz vətənimə, böyüdüyüm yerlərə. O da saxta və soyuq nəzakət gülüşlərilə məni anladığını dedi. Doğrusu, mənim üçün o qədər də maraqlı deyildi onun məni anlayıb-anlamamağı, tək istəyim evimizə tez gəlib öz köhnə çarpayımda yataraq illərin yorğunluğunu üzərimdən atmaq idi. Qonşuyla sağollaşdıqdan sonra pilləkənlərlə aşağı düşüb taksi saxladaraq, məni hava limanına aparmağını ondan xahiş etdim. Sürücü hər işıqforda saxladıqca onu əllərimlə boğmaq istəyirdim, özümü layiqli övlad, valideynlərini sevən oğul kimi aparmağım məndə özümə qarşı nifrət oyadırdı. Mən axı anamı, atamı, bacımı və isti daxmamızıqumarda zamana uduzmuş tamahkar səfehəm. İndi mənim taksidə evimizə qayıtmağım üçün tələsməyim kazinonun qarşısında göz yaşı tökərək uduzduqlarını geri istəyən zavallıya bənzəyirdi. Nəhayət, hava limanına gəlib çatdıq, sürücünün pulunu verib, tez-tələsik qeydiyyatdan keçərək gözləmə zalında əyləşsəm də, xatirələr məni rahat qoymurdu. Bir vaxtlar mənə evimizə qayıtmağı söyləyən vicdanım indi daxilimdəki ədalətlə savaşırdı. Vicdanımın boğazından sərt barmaqları ilə yapışan ədalət insafsızcasına sıxaraq, geri qayıtmağım üçün onu məcbur edirdi. Yüksək səslə bağıraraq:
“O buna layiq deyil, niyə onun geri dönməyinə rəvac verirsən”, – sorurdu, vicdanım isə xırıltılı səslə: “Bu mənim ona edə biləcəyim son yaxşılıqdır, ondan sonrasını özü bilər”, – deyirdi. Mən bu danışıqları kənardan səssizcə izləyirdim. Doğrusu, daxilimdəki ədalətin mənə qarşı nifrətini qəbul edirdim, çünki özüm də nifrət, əzab içində yaşayaraq, ruhuma əziyyət vermək istəyirdim. Bu əzabla yaşadıqca elə bil özüm-özümdən qisas alırdım. Mənə elə gəlirdi ki, evə qayıdanda beynimdəki bütün bu çəkişmələr sona çatacaq. Əslində, mən özüm-özümdən qaçırdım, sonda anladım ki, bu, mümkün deyil; nə qədər ki sağam, günü-gündən böyüyən qəlbimdəki bu yara mənimlə birgə məzara gedəcək. Mən bu əzabla barışaraq, bir bədəndə ortaq yaşamağa qərar verdim... Havada uçarkən təyyarənin pəncərəsindən elə hey yerə baxırdım. Mənə elə gəlirdi ki, uşaqlığımdakı kimi, yenə də evimizi uzaqdan, çökmüş damından tanıyacam. Mən özümü yalanlara inanmağa məcbur edərək aldadırdım. Bilirdim ki, qürbətdə keçirdiyim bu uzun illər çox şeyləri dəyişib, amma mən hər şeyin əvvəlki kimi olmasını istəyirdim. Əngin səmada azad quşlar kimi uçan təyyarəmiz Bakımın üzərində dövrə vururdu. Mən artıq qaçdığım, amma mənə doğma olan torpağın üzərində şahin kimi uçaraq vətənə qonmağın həsrətini yaşayırdım...
Bədənim üşürgələndi, boynumun arxasından soyuq tər axmağa başladı, çox həyəcanlı idim, qəlbimdəki bütün qorxular yavaş-yavaş süzülərək axıb getdi. Daha qorxmurdum, əksinə, ürək-dirək verirdim özümə ki, hər şey yaxşı olacaq. Nəhayət, gözlədiyim o an gəldi, səs qutusundan gəmi kapitanının səsi eşidildi. O, sərnişinlərə ehtiyat bel kəmərlərini bağlamalarını və Bakı Hava Limanına enməyə hazırlaşdığını söylədi. Bəziləri kəmərlərini bağlayır, bəziləri buna əməl etmirdi, mən isə təyyarəyə oturandan necə bağlamışdımsa, elə də qalmışdı. Bir neçə dəqiqədən sonra doğma vətənimə, küçələrinə qarış-qarış bələd olduğum bu yerlərə yenidən qayıtmağıma sevinirdim. Hava limanının qarşısında yüz on iki nömrəli avtobus son dayanacağında gözləyirdi. Əşyalarımı sürüyə-sürüyə gəlib avtobusa çatdım və arxa girişdən içəri keçərək əyləşdim. Sürücüdən marşrutu soruşaraq, “Əzizbəyov” metrosundan keçibkeçmədiyini soruşdum. O isə mənə cavab verdi:
“Keçməyinə keçirik, ancaq “Əzizbəyov” metrosunun adını artıq çoxdandır ki, dəyişib “Koroğlu”
ediblər”. Pərt olmuş halda başımı sakitcə yelləyərək gülümsədim:
– Ora çatanda mənə xəbər edərsiniz, zəhmət olmasa,
– dedim.
– Mütləq deyərəm, narahat olmayın.
İçəridə bir küncdə əyləşərək avtobusun pəncərəsindən şəhərə tamaşa edirdim. Hələ də yadımdadır: anam məni altmış altı nömrəli “Paz” avtobusu ilə məktəb açılana yaxın, avqustun axırları hava limanına pal-paltar almağa gətirərdi, onda bura “aeroport” deyirdilər, sonralar bildim ki, “aeroport” – elə “hava limanı” deməkdir, sadəcə, əcnəbi dildədir. Mən hava limanının yanında bazar günləri səyyar təşkil olunan yarmarkanın üzərindən uçub gedən təyyarələrə heyrətlə baxardım, sanki arzularımı uçan təyyarələrlə əngin səmalara göndərərdim. Hərdən bizim evin üzərindən də təyyarələr uçurdu, mən onları səsindən tanıyırdım. Məni vahiməyə salan o səs hələ də qulaqlarımda cingildəyir: biz uşaqlarla kəndimizin üzərindən uçan təyyarə görən kimi arxasınca qaçaraq, “samolyot-vertolyot, samolyot-vertolyot” – deyə qışqırardıq. Bu mənasız kəlmələri dəfələrlə ürəkdən bağıraraq çığırardıq. Bizə elə gəlirdi ki, təyyarədəki sərnişinlər bizi eşidirlər. Sizə söylədiyim bu mənasız çılğınlığın içərisində qocaman bir həyat var idi və biz bu həyatın bir parçası idik. Evimizin üzərindən uçan təyyarələrin həvəsilə xalam oğlu ilə bayram xonçası kimi rəngbərəng çərpələng düzəltmişdik. Gizlincə, evə xəbər etmədən daxmamızdan şərqə tərəf uzanan çölün sonunda qamışlarla dolu bataqlığa gedərdik və ordan qurumuş qamışları yığaraq çərpələng düzəltmək üçün bağımıza gətirərdik. Sonra həmin qamışları tam qurumaları üçün damımızın üstünə, qızmar günəşin altına düzərdik. Çərpələngin üzərinə isə “Jdi menya, ya vernus” jurnalının çılpaq qız şəkilləri olan rəngli vərəqlərindən yapışdırardıq, arxasındakı küləyi tənzimləyən, çərpələngin səmada əsrarəngiz və nizamla uçmasına kömək edən köhnə cındır parçalarını cıraraq bir-birinə bağlayardıq və beləcə, xəyallarımızın gəmisini düzəldərdik. Sonra ona minərək buludların üzərinə, lap yuxarılara qalxar, Allah babanın arzularımızı eşitməsi üçün yüksəkdən bağırardıq. Bilirsiniz onda mənim və xalam oğlunun arzusu nə idi? Uçmaq üçün hər gecə Allah babadan sehrli qanadlarımın olmasını istəyirdim. Göydən yerə baxarkən evimizi, dostlarımı və dəniz kənarında qumsallıqda qayaların üzərinə yazdığım sevgi etirafımı görmək istəyirdim. Avtobusun sürücüsü yolun kandarında saxlayaraq dedi:
– Sən dediyin dayanacaq buradır, düş get!
Mən tez-tələsik yolpulunu ödəyərək avtobusu tərk etdim. Ətrafıma, mənə tanış gəlməyən doğma küçəmizə təəccüb dolu baxışlarla nəzər salırdım. Məhəlləmizdə demək olar ki, hər şey dəyişmişdi, tanıya bilmirdim buraları. Küçəmizlə irəliləyərək ətrafdakı hər şeyə körpə uşaq kimi nəzər salaraq mənə doğma olan keçmişimdən izlər axtarırdım. Birdən uzaqda köhnə ağacdan olan elektrik dirəyi gözümə çarpdı. Üzərini mamır örtsə də, mən onu küskün duruşundan tanıdım. Hələ o vaxtdan acımasız zaman onun üzərinə illərin yükünü qoyaraq qamətini əymişdi. Mənim uşaqlıq xatirələrimdə özünə balaca da olsa yer tapan bu nəhəng dirək indi Bəsti nənənin soyuq divarına başını söykəyərək can verirdi. Elə bil mənim gəlişimi gözləyirdi ki, son nəfəsini versin. Bir zamanlar kəndimizin bütün elektrik naqilləri onun üzərinə dolaşaraq evlərimizə nur daşıyardılar, indi isə onun başında sağsağan yuva salmışdı. Necə də qəribə dövrandır, istəsən də, istəməsən də gözlərinin önündə yaşayaraq köhnəlirsən, sən də keçmiş olursan. Yadımdadır, mənim altı yaşım olanda anam mənə üzərində göy və yaşıl zolaqları olan top almışdı. Mən o topu uşaqlarla oynayarkən indi gözlərimin qarşısında can verən elektrik dirəyinin üzərinə atmışdım, o da ilişərək orda qalmışdı. Buna görə anam məni danlayaraq bir də mənə top almayacağını demişdi. Mənim zolaqlı topum isə üç gün orda qaldıqdan sonra günəşin qızmar şüaları altında rəngini dəyişərək zolaqlarını itirmişdi. Küləklər onu yerə salanda mən onu tanımadan götürüb zibil qabına atmışdım... Nəhayət, evimizə gedən cığırı tapdım, əllərimi köhnəlmiş divarlara sürtərək, asta-asta, həyəcanlı addımlarla evimizə tərəf getdim. Doğma yerlərin qoxusu qəlbimdəki kövrək duyğuları oyadırdı. Ağlamırdım, amma gözlərimdən qışda damların künclərində donaraq buz bağlamış sırsıralardan süzülən büllur damlalar kimi səssiz göz yaşları süzülürdü. “Ağlarkən gözlərinizdən süzülən yaşlar sizi günahlarınızla baş-başa qoyaraq tərk edərlər, siz isə yüngülləşdiyinizi düşünərsiniz. Əslində bilməzsiniz ki, onlar sizi tərk edərək haqqa qovuşmaq arzusu ilə müqəddəs görüşə tələsən damlalardır. Beləcə, yaxşı nə varsa həyatınızda, hamısı Allaha qovuşmaq həsrətilə sizi tərk edəcəklər”. Uzaqdan Gülsüm nənəgilin solmuş qapıları görsənirdi. Mən onun nəvəsi Racu ilə birlikdə böyümüşdüm. Racunun anası hind filmlərini çox sevdiyi üçün mənim sədaqətli dostuma Racu adını vermişdi. Mən uşaqlıqda onun adına rişxənd edərək gülərdim, o da qulaqlarımın yekə olmasını xatırladaraq məndən heyfini çıxardı. Gülsüm nənəgilin qapılarından sağa dönən yol düz bizim evimizə gedib çıxırdı. Əvvəllər bu küçələrdə daim uşaq səsi gələrdi, indi boş qalmış küçələrin kənarlarında yabanı otlar bitərək, buralardan keçən insanlara yiyəsiz qalmış el-obaları xatırladırlar. Elə bil mənim gedişimlə kəndimiz həyatdan küsmüşdü. Buraları belə görmək mənim içimi daha da parçalayırdı. Nəhayət, evimiz uzaqdan görünməyə başladı, ayaqlarım özümdən asılı olmadan qaçmaq istəsə də, yavaşıdılar. Uşaqlıqda yuxuda dalımca it düşəndə sürətlə qaçmaq istəsəm də, bu məndə alınmırdı və qan-tərə bataraq yuxudan tez ayılardım. Ancaq indi yuxudan fərqli olaraq mən həmin hissləri keçirsəm də, oyana bilmirdim. Sürünəsürünə gəlib çatdım qapımıza, gördüyüm mənzərə məni şam kimi əritdi. Qapımızın ağzında yabanı kolların bitdiyini gördüm, tez diz çökərək əllərimlə kolları dartıb qoparmağa başladım. Bu hərəkətimlə elə bilirdim ki, illər öncə anamın ürəyinə sancdığım yaraları dartıb çıxarıram. Yenə də özümü aldadırdım, bizim evdə uzum illərdi kimsənin yaşamadığını kol-kos basmış həyətimizdən görürdüm. Ayağa qalxaraq əllərimlə köhnə darvazamızı itələyib taybatay açdım. Həyətimizdə heç nə dəyişməmişdi, hər şey mən gedərkən necəydisə, elə də qalmışdı. Dəyişən tək bir şey var idi, o da artıq daxmamızın həyətində dolaşan xoşbəxtlik mehinin olmamasıydı. Asta addımlarla həyətimizə keçdim. Kağızdan düzəltdiyim arzu gəmilərimi üzdürdüyüm çalaların üzərində qurumuş qamış kökləri bitmişdi. Həyətimizi basmış kol-kosdan, sınmış pəncərələrimizdən, çürümüş taxta qapımıza vurulmuş paslı qıfıldan və viranə qalmış evimizdən demək olardı ki, burda artıq uzun illərdir ki, kimsə yaşamır. Ayağa qalxıb evimizə girmək istədim, qapımıza vurulmuş paslı qıfıl doğma ocağıma girməyə icazə vermirdi. Əllərimlə qıfıla toxundum və gülümsəyərək fikirləşdim: “Bu qədər uzaq yoldan uzun illərin həsrətilə son ümid yerim olan evimə gəlsəm də, qapımızın kandarında evimizə girmək üçün paslanmış dəmir parçasının önündə aciz qalmışam”. Uzun cəhddən sonra evimizə sınmış pəncərəmizdən keçə bildim. Bu pəncərə mətbəximizdən açılan pəncərə idi. Üzərində meyvə şəkilləri əks olunan, köhnə kiril əlifbası ilə hərflər yazılmış balaca ərzaq qutularını toz basmışdı. Otağımızın künclərində hörümçək torları sallanırdı. Biz buranı tərk etsək də, təbiətin sadiq dostları evimizi hələ də tərk etməmişdirlər, əksinə, özlərinə məskən salmışdılar burda. İllər keçsə də, mətbəximizdən gələn bərəkət qoxusu hələ də getməmişdi, buranın hər küncündə anamın ayaq izləri görünür. Atamın palıd ağacının budaqlarından düzəltdiyi masamız çürümüş, stulların oturacaq yerlərindəki parıltılar getmişdi. Mətbəxdən çıxaraq o biri otağımıza keçdim, divarda atamın köhnə şinelini asılmış gördüm. Qapımızın girəcəyində asqı üçün atamın divarımıza vurduğu mıxlar paslansalar da, atamın onlara qoyub getdiyi əmanətini hələ də sədaqətlə qoruyub saxlamışdılar. Mən bu cansız əşyalardakı sədaqəti gördükcə daxilimdən əriyirdim, utanırdım özümə baxmağa. Bu mənzərələr məni üzürdü. Yaxınlaşıb atamın toz basmış şinelini çırpdım, sonra onu bağrıma basaraq qoxulamağa başladım. Şinelindən hələ də atamın zəhmət qoxusu gəlirdi. Əllərimlə atamın şinelinin ciblərini qarışdıraraq keçmişdən unudulmuş, yaddan çıxmış, xırda da olsa, xatirələri axtarırdım. Atamın sol, ürəyinin üzərindəki cibindən əlimə əskimiş bir kağız parçası və yaşıl rəngdə üç manat köhnə rus pulu gəldi. Pulun üzərində atam altmış beş rəqəmini yazmışdı. Bir qədər düşündükdən sonra anladım ki, bu pul atamın aldığı pensiya pulundan qalan qalıqdır. Dərhal həmin kağız parçasını açaraq oxumağa başladım. Atam məktubu latın əlifbasını bilmədiyindən kiril əlifbası ilə mənə ünvanlayaraq yazmışdı:
“Əziz oğlum Adnana atasından məktub!
Salam, mənəm, atan! Sənin üçün həm mən, həm də anan yaman çox darıxırıq. Harda olduğunu, yaşayıb-yaşamadığını bilmirik, amma ürəyimiz rahatdır, bilirik ki, sağsan. Sən evimizi tərk edən gündən şəkillərinlə yatırıq, ümid edirik ki, bir gün gələrsən. Amma sən bu məktubu oxuyursansa, demək, bizləri görmək üçün gecikmisən artıq, oğlum. Mən bu məktubu sən gedəndən üç il sonra, sənin doğulduğun gündə, öz otağımda yazdım. Həmin gün ananla sənin doğum gününü hər il olduğu kimi qeyd edirdik. Bu məktub barədə ananın xəbəri yoxdur, ona demədim, qorxdum ki, zəifləmiş ürəyi mənim oğul həsrətimə tab gətirməz. Bilirsən, uşaq olanda sənə oxuduğum nağıl kitabını hər gecə özümə oxuyaraq yatmağa çalışıram. Səndən sonra həyatımızda çox şey dəyişdi, oğlum, çox istərdik ki, yanımızda olasan. Bacın Bəhicə sənin həsrətinlə hər gün şam kimi əriyən valideynlərinin acısına tab gətirə bilmədi, sevmədiyi birisinə qoşulub bizdən uzaqlara qaçdı, bir oğlu oldu, adını Adnan qoyub ki, sənin həsrətini yumşaltsın qəlbimizdə. Amma inan ki, sənin yerini vermir, oğlum. Bilirəm ki, sən ananı məndən çox sevirdin, mən də anamı sənin kimi atamdan çox sevirdim. Ağlamaqdan ananın gözləri tutulub, əllərindən tutaraq evdə hərdən gəzdirirəm onu. Mənə durmadan sənin adını deyərək sayıqlayır və dayanmadan öpür gözlərimdən. Bir bahar səhəri ananı itirdim, o da məni tək qoyaraq Haqqa qovuşdu. Bəlkə sən də oralarda onunla bir yerdəsən, bəlkə də mənim bu məktubumu indi əllərində tutaraq oxuyursan. Bilirəm ki, mən də anandan sonra çox qala bilməyəcəm. Adnan, bil ki, biz ananla səni həmişə sevmişik. Xatırlayırsanmı, ananın dişini çəkdirməyə gedəndə anan yalnız sənin əllərindən tutaraq qorxmadan dişini çəkdirərdi. İndi düşünürəm ki, görəsən, həyatda harada səhv etmişəm ki, mən öləndə oğlum yanımda olaraq əllərimdən tutub, məni qorxduğum son mənzilə yola salmadı? Taleyim belə gətirdi. Çox istəyərdim ki, sənin əllərində dünyamı dəyişim, təəssüf ki, istəyim ürəyimdə qaldı. Səndən bir xahişim var: bacını axtar tap, onun qeydinə qal, biz ananla onun qəlbində yaşayırıq. Səni sevən atan...” Məktubu diqqətlə başdan-ayağa kimi oxudum.
Təəccüblü idi: mən heç nə hiss etmirdim, tamamilə dərin bir boşluqda idim. Ətrafa elə sükut çökmüşdü ki, səssizlikdə öz iniltimi eşidirdim. Bu səs mənə uşaqlıqda balasını canavar parçalamış itimiz Dodidən gələn zingiltini xatırladırdı. Yadımdadır, Dodi sakitcə, hürmədən bizim gözlərimizə baxaraq zingildəyirdi, sanki bizə çəkdiyi əzabları səsilə hiss etdirməyə çalışırdı. Dodidən fərqli olaraq, mənim yanımda köhnəlmiş rəsmlərdən başqa kimsə yox idi ki, onun gözlərinə baxaraq, nə qədər əzab-əziyyət, peşmançılıq çəkdiyimi söyləyim. Allahdan özümə ən qorxulu və faciəli ölüm arzulayırdım ki, bu əzablar tükənsin artıq. Özümü cəzalandırmaq istəyirdim.
Birtəhər ayağa qalxaraq öz otağıma keçdim. Anam otağımda heç nəyi dəyişməmişdi, hər şey olduğu kimi məni gözləyirdi. Yatağıma uzandım, burnuma çarpayımdan uşaqlıqdakı təmiz Adnanın iyi gəlirdi. Doğrusu, bu məni bir az sakitləşdirirdi, yatmaq istəyirdim. Bir də ayıldım ki, səhərdir, qonşumuzun xoruzu banlayır. Yuxudan oyanaraq qonşuya getdim və anamın harda dəfn olunduğunu soruşdum. Mənə valideynlərimin kimsəsizlər qəbiristanlığında dəfn olunduğunu dedilər. Ünvanı onlardan alaraq ayaqyalın, on iki km-lik yolu piyada qaçaraq həmin kimsəsizlər qəbiristanlığına getdim. Qəbiristanlıqda anamın və atamın qəbirlərini axtarıb tapdım. ikisi də soyuq və toz basmış daşdan mənə baxaraq gülümsəyirdilər. Məzarlarını yabanı kol-kos basmışdı. Ağlaya-ağlaya dilimlə məzar daşlarını yalayırdım, onları görə bilmədiyim üçün çox peşman idim. Mən gecikdiyimi bilir, amma heç cür qəbul etmirdim. Mənə itirdiyim dəyərlərim çox ağır gəlirdi. Düşünmürdüm ki, onlarsız bir daha yaşayam, sərt uzun qış gecələrindən yaza çıxam, Novruz bayramından yenə də əvvəlki kimi zövq alaraq səməni xonçasında arzu şamları yandıram. Amma canlıların içərisində ən möhtəşəmi insan olduğu kimi, ən vəfasızı da elə məhz insandır. Mən bunu valideynlərimi itirdikdən sonra baharın gəlişində yenidən sevinəndə bildim. “Əslində biz insanlar vəfasız, sədaqətsiz, etibarsız, sevgisi yalan və nəhayət, arsızıq... Bunu valideynlərimizi itirdikdən sonra onlarsız yaşamağa, sevinməyə davam etdikdə dərk edərik və bu, vicdanımızı uşaqlıq xatirələrimizin yanında sıxar”. Məzarlıqdan ayrıla bilmirdim. Anamın sinə daşının üstünə uzanaraq aydın səmaya baxırdım. Gözümün önündə köhnə kino lenti kimi canlanan uşaqlığımı seyr edərək, dərindən ah çəkirdim. Xatirələr bir-bir yadıma düşür, məndən bir parça pay qoparmaq üçün ac qarğalar kimi, beynimdə ucu-bucağı görünməyən uzun bir növbəyə dayanmışdılar. Sonda bir şeyi anlamışdım: xoşbəxtlik – ailəmizin yaşadığı daxmada mən yatdığım köhnə çarpayımdan gələn tər qoxusu imiş.
“Uduzmaq... təslim olmaq deməkdir; arzularınızdan, qəlbinizdə qurduğunuz kimsələrin bilmədiyi dünyanızdan çıxıb getmək deməkdir! Əslində isə sizə əzab verən və sizi bezdirən taleyinizlə başladığınız həyat oyununu davam etdirməlisiniz, uduzacağınızı bilsəniz belə”.
Mən isə çoxdan uduzmuşdum!!!
Yolun sonuna gəlib çatdığını bilmək necə ağır bir duyğudur, bilirsinizmi? Bir yanda əl çəkə bilmədiyim həyat sevgisi, o biri yanda isə məni yıxıb sürüyən günahlarım... Ruhən ölmüş cismimi min yerə parçalayaraq, hərəsi özü ilə daha böyük bir parçamı aparmağa çalışırdı. Mən isə son vəzifəmi – Allahımın mənə əmanət olaraq verdiyi canı belə doğru-düzgün ona geri qaytara bilmirdim. Anamın məzarı üstündə can verirdim – amma istəmədən. Düşüncələrimdən qaçaraq keçən, mənə əziz olan xatirələrim arxasınca keçmişimdən tör-töküntü izlər saxlayırdılar. Yaşadığım uşaqlıq xatirələrimdən yadıma xoş xatirələr düşsə də, əməllərim barədə düşünmək belə istəmirdim. Onlar mənə əzab verirdilər. Keçirdiyim hisslərin məni öldürəcəyini düşünsəm də, arsız kimi yaşayaraq ölmürdüm, bilirdim ki, mənə asan ölüm yoxdur. Mən əməllərimin cəzasını çəkirdim. Uşaqlıqda keçirdiyim xoş xatirələrimi düşünərək acı çəkmədən bu dünyadan əzabsız köçmək üçün Rəbbimin mənə verdiyi vaxtın sona çatmasını səbirsizliklə gözləsəm də, su kimi axıb keçən xatirələr sonda məni acı həqiqətlə üz-üzə qoyurdu. Təkrar olaraq uşaqlığımı bəlkə də milyon dəfə xatırlamışdım, amma bu mənim ömrümdən, sadəcə, bir saatı belə silməmişdi. Önümdə uzun-uzadı illər var idi, hansı ki kədərlə əl-ələ bu illərdən keçəcəkdim. Bu qədərmi bəsitmiş həyat, bir göz qırpımında gəldim sona? Ölüm barədə əvvəllər heç düşünməmişdim, indi onunla üz-üzə dayanmışam. Daha qaçmağa yerim yoxdur. Yaman qorxuram bu imtahandan. Hər şeyin tez olmasını istəyirəm. Nədənsə, bu qorxu uşaqlıqda atamdan qorxduğum qorxuya heç bənzəməsə də, bu qorxunu atama duyduğum qorxu ilə dəyişmək istərdim: o daha güvənli idi. Dəcəllik edəndə məni döyəcəyini bilsəm də, müvəqqəti ağrı olacağını, sonda ölüm olmadığını bildiyim üçün mənə sanki əməllərimə yenidən nəzər salaraq səhvlərimi düzəltməyim üçün şans verirdi. Bu cəzanın son olması, düzəldiləsi o qədər pis əməllərimin hələ də yarımçıq qalması mənə bu günə kimi özüm tərəfdən aldanılaraq yaşadığımı deyirdi. Səhvlərimə görə atam məni döyəndən sonra peşman olaraq vurduğu yerlərdən öpərdi, bu məni o qədər sevindirərdi ki, bütün ağrıları unudaraq hıçqıra-hıçqıra sakitləşərdim. Sanki yenidən doğularaq, yeni səhifədən başlamağım üçün mənə yeni bir şans verirdilər. Amma bu dəfə məni döyən atam yox, günahlarım idi, bu isə mənim üçün bir son idi; elə bir son ki, artıq heç bir şans yox idi. Mən heç valideynlərimin son istəklərini belə yerinə yetirə bilmədim, bacım Bəhicəni axtarıb tapmadım....
Doğmalarınız yanınızdadırsa, onların qədrini bilin və xoşbəxtliyi kənarda yox, daxilinizdə axtarın...