VAXTIDI
Bahar dilə, a binəva,
Gülünün solan vaxtıdı.
Bu gün ayın on dördüdü,
Ayın tam dolan vaxtıdı.
Bəxtəvər, dərdin təzə-tər,
Gəl, bir dərd də sinəmdən dər.
Ağzın bağla, gözün göstər,
Könlümün alan vaxtıdı.
Bu dünyanın gözü nəmli,
Əzəl dəmli, son matəmli...
Hər səyyah bir cür ələmli,
Yolların dalan vaxtıdı.
Göydə balıqlar süzəcək,
Dənizdə quşlar üzəcək.
Yer də göylə üzləşəcək,
Olacaq olan vaxtıdı.
Adilə, çək hıçqırığı,
Küskünlüyü, qırıqlığı.
Düşüb doğrunun qıtlığı,
Dünyanın yalan vaxtıdı.
***
Kamançı, bir şeir çal,
bir şeir çək, rəssam.
Bir azadlıq laylası ağla,
şəhid anası,-
üşümək istəyirəm...
OLMAYA
Ölüm yaman dərddi demə,
Dərd belə asan olmaya.
Dərd odur ki ağlayasan
Səsini kəsən olmaya.
Getməyəsən, yolun ola,
Qucmayasan, qolun ola,
Bal dodağın, dilin ola,
Bir quru busən olmaya.
Demə, hansı yolasanki?
Dərd qarışıb yola sanki.
Vay, o günə qalasan ki,
Ərk edən, küsən olmaya.
Ha əlləş, dur yaşla, sinlə
Ha qəlbinin səsin dinlə.
Üşüdə səntək, səninlə
Üşüyən, əsən olmaya.
Zaman keçə, güman yetə,
Qəfil gecə Günəş bitə, -
Bir sevgi ki,-eşqdən ötə…
Deməsən, desən olmaya.
Gündüzlərin ola gecə,
Yol yorasan dalan, küçə.
Güzgüdən neçə sən keçə,
Heç biri o sən olmaya.
SƏNİN PƏNCƏRƏNDƏ
MƏNİM ÜMİDİM
Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.
Bilmirəm nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Əcəl təri tökür hər nəfəsində.
Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür, payızda yağan yağışlar
Yeddi rəng olmayır yaz yağışıtək.
Yarpağı tökülən ağacın dərdi
Payızın eyninə deyildir, paşam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.
"HƏQİQƏTNAMƏ"
Tək yarandı hər bəndə,
Könlündə alov yandı.
Düşdü bir ayrı bəndə
Daha da alovlandı…
Hər kəs sevgi istədi, -
Hər kəs zülüm istədi.
Hər kəs Haqdan könüllü
Özü ölüm istədi…
Heç kimin xoşbəxtliyi
Öz əlində olmadı.
Heç kim özü özünün
Boşlüğun doldurmadı…
Zaman onu ağlatdı,
Dövran onu güldürdü.
Bu dünyada hərəni
Öz sevdiyi öldürdü…
PƏNCƏRƏM QAPALI...
Pəncərəm qapalı, qapım kilidli,
Dumanım bürüyüb odamı yenə.
Başımın üstünü qara buludlu
Bir gecə alıbdı, yağa qəlbimə.
Əl uzadası əl, can qoyası can,
Könül oxşayası göz tapammadım.
Əynimə atəşdən, alovdan, oddan,
Köynək geydirdilər, söz tapammadım.
Qovdum başımdakı ildırımları,
Unutdum özümü, çıxdım yadımdan.
Küləklər süpürdü qaldırımları,
Heç bir iz qalmadı son addımımdan.
Bu gözsüz-qulaqsız, əlsiz-ayaqsız
Zamandan olmadım heç vaxt ümidli.
Artıq uçurumun kənarındayam,
Pəncərəm qapalı, qapım kilidli...
ŞEİR ZAMANINDAYAM
Yamanca kövrəlmişəm....
Xatirəmdə yaşayan
həmin yerə gəlmişəm.
Hər qarışda, hər izdə
nələr, nələr görmüşəm.
Gördüyüm hər şey ilə
barışıq anındayam,
acı ilə şirinin
qarışıq anındayam,
deyəsən, yenə, yenə
şeir zamanındayam...
Tanrım xeyrə calasın,
çəkirəm eşq bəlasın.
Elə dərdin əlasın
çəkməkçün yanındayam...
deyəsən, yenə, yenə
şeir zamanındayam...
Yandım, üsyan etmədim,
oddan uzaq getmədim,
vardım, sona yetmədim -
ulduz gördüm, Ay gördüm,
gördüm, sübh danındayam,
deyəsən, yenə, yenə
şeir zamanındayam...
Bu nə talandı canda,
odur baxsam hər yanda,
axı, bu boş cahanda
sevgidən başqa nə var?...
İndi ruhum kimdəsə,
mən onun canındayam,
deyəsən, yenə, yenə
şeir zamanındayam...