YAŞIL PASPORT
Əcnəbi ölkənin gömrük məmuru,
Sən mənim ölkəmə balaca baxma,
Azərbaycan adlı bir ünvanım var,
Azad bir ölkənin vətəndaşıyam.
Əcnəbi ölkənin gömrük məmuru,
O yaşıl pasporta gözucu baxma.
Ağır keçmişim var, ağır çəkim var,
Möminə Xatunum, Şirvanşahım var.
O yaşıl pasportu mənəm daşıyan.
Mənim Qız Qalam var, mənim Bakım var
Yadelli düşmənə sinələr gərdim,
Mənim də yurdumun ağır illəri,
Mənim də tarixdə öz işgəncəm var.
Mənim öz Göygölüm, öz Ceyrançölüm,
Mənim Şamaxım var, mənim Gəncəm var.
Nəsimi soyuldu, doğrandı Babək,
Azadlıq qanınla bir vursun gərək.
Qələm əvəzinə yazan qılıncım,
Hünərim, qeyrətim, adım-sanım var.
O yaşıl pasportu mənəm daşıyan,
Azərbaycan adlı bir ünvanım var.
Bir şanlı tarixəm, şah ölkəsiyəm,
İsmayıl adında şahənşahım var.
O yaşıl pasportu mənəm daşıyan,
O hünər , o mərdlik , qürur qanımda,
Möhtəşəm bir tarix vurur qanımda,
Mən Şah İsmayılın Qızılbaşıyam...
O yaşıl pasportu mənəm daşıyan...
Mənim də pirim var, qibləgahım var.
O yaşıl pasportu mənəm daşıyan...
Mürəkkəb yerinə axan qanım var,
Mənim dərd-davalı öz nağıllarım,
Mənim faciəvi dastanlarım var.
O yaşıl pasportu mənəm daşıyan,
Önündə əcnəbi bir şəxsiyyət var,
Bizim ölkəmizdə sizə hörmət var.
Çaşıb düşünərsən, birdən, naşıyam.
O sənsən, bu mənəm, sözün varsa de!
O yaşıl pasportu mənəm daşıyan.
Möhür vurmamağa üzün varsa, de!
Bu pasportun üzü yaşıl olsa da,
Onun vərəqindən qan iyi gəlir.
Onun yaşıl rəngi mənim dinimdir,
Gördüyün hərflər mənim dilimdir.
Onun dövlət gerbi ürəyimdədir,
Mənim öz ölkəm var, öz torpağım var,
Dünyada ən uca bir Bayrağım var.
Müstəqil ölkədə mənəm yaşayan.
O yaşıl pasportum yaman ağırdır,
O pasport ağırdır əl baqajımdan,
O pasport ağırdır hava yükümdən,
O pasport ağırdır mənim çəkimdəm,
O yaşıl pasportu mənəm daşıyan.
Elə bil, bir dağ var kürəyim ustə,
Onu daşımaqdan çiynim yağırdır...
O, bir parçasıdır Azərbaycanın.
Mən onu itirsəm, demək heç kiməm,
Onu saxlayıram ürəyim üstə
Demək pasportum var,vətənim vardır.
Müstəqil ölkənin azad yarpağı,
Müstəqil ölkənin azad bulağı,
Müstəqil ölkənin azad torpağı,
Müstəqil ölkənin vətəndaşıyam.
O yaşıl pasportun ünvanı, yeri
Sinəmdə döyünən ürək üstədi.
Nə mən günahkaram uca boyluyam,
Nə sən günahkarsan, boyun bəstədi.
Başını qaldırıb mənə baxsana!..
Yaxşı görmürsənsə, eynək taxsana!..
O yaşıl passportu mənəm daşıyan!..
Lüksemburq-Berlin, mart 2016
BATALYON KOMANDIRI
İki iri ulduzla
Bəzənibdir mundiri,
Son dərəcə mehriban,
Son dərəcə ciddidir.
Düşmənə vermir aman,
Batalyon komandiri.
Uca boylu, qəşəngdir,
Cavan, enlikürəkdir.
Onun papirosundan
Gələn qoxu gözəldir.
Geyimi təm-təraqlı,
Avtomatı özəldir,
Lüləyi qəribədir,
Qundağı çox gözəldir.
Onun əl qumbarası
Göyçay narına bənzər.
Çəkmələrinin ətri
Qubanın almasıdır,
Onun məğrur yerişi
Bizim gözəl Şahdağın
Şah vüqarına bənzər.
Mundirində ay-ulduz
Şah İsmayıl sevdiyi
Qızılbaş çalmasıdır.
Onun əsgərlərinin
Canına and içirlər-
Bacılar can deyirlər.
Onu əsgərlərinə
yol gözləyən analar,
canı qurban deyirlər.
Səngər onun namusu,
Evidir, eşiyidir.
Komandirin iş yeri-
Vətənin keşiyidir.
Onun mundirindəki
Ay-ulduz parıltısı
Vətən şəhidlərinin
Gözlərinin yaşıdır.
Onun mundirindəki
Ay-ulduz parıltısı
Heydər baba sevdiyi
Vətən adlı üzüyün
“Müstəqillik” qaşıdır.
Onun əsgərlərinin
Oxuduğu mahnılar
Koroğlu Cəngisidir.
Onun düşmən tərəfdə
Partlayan mərmiləri
Türk sazının səsidir.
Hamsı igid, hünərli,
Hamsı yaraşıqlıdır.
Bu gözəl batalyonu
Görəsən kim seçibdir?
Sanki sədəf düzülmüş.
Döyüş əmri gözləyir,
Hamsı səf-səf düzülmüş.
Bu batalyon vuruşub,
Ağır döyüşlər görüb,
Keşmə-keşlər keçibdir.
Şah İsmayıl əmr edir,
Heydər Baba əmr edir.
Əmrini icra edir
Bu yenilməz batalyon
İki ulu öndərin.
Ayparası, ulduzu
Parıldadır mundiri.
Siz ona şərəf verin,
Siz ona fərəh verin,
Siz ona ürək verin,
Gedir düşmə üstünə
Batalyon komandiri.
ÇÖRƏK
Bəzən dərd -kədərlə yoğrulmusan sən,
Ununa -urvana axıb göz yaşı.
Nankor da yeyibdir bərəkətindən,
Sınağa çəkmisən dostu, qardaşı.
Bəzən bərəkətin çəkilib göyə,
Sənə milyonçu da qalıb tamarzı.
Ən qara unundan bişən çörəyə
Zaman mötac qoyub gəlini, qızı.
And yeri olmusan Qurana qədər,
Sənə and içiblər Qurandan sonra.
Əgər yerə düşsən, alıb öpürlər
Səndəki o hökmü görəndən sonra.
Səni ən birinci qoyub süfrəyə,
Sufrədən sonuncu yığışdırırlar.
Bəzən haram qatıb mayana niyə,
Sənin un-urvanı qarışdırırlar?
Bir çörək verənə nankor çıxanda
Deyirlər yox imiş çörəyin duzu.
Çörək yerə düşdü bir restoranda,
Məndən əvvəl öpdü bir Şotland qızı.
Özgə çörəyinə bais olana
Deyiblər təndirə kündə yapmasın.
Atanı-ananı atan oğluna
Qarğış da ediblər, çörək tapmasım!
Çörək olan yerdə olmaz dərd-qada,
Çörək tapmayanda sünbül yeyiblər.
Eramızdan əvvəl qədim Romada
Şairlər sünbülə şeir deyiblər.
Çörək itirənlər görmüşəm sonda
Mədəsi ac qalıb, kisəsi yırtıq.
Qoy çörək tapanlar çörək sayanda
Versin çörəkçiyə bir çörək artıq.
Səni yeyən olub gizlicə, oğrun,
Səni yeyən olub bölüb dosla tən.
Nə gözəl deyibdir rəhmətlik Vurğun
“Çörək bol olarsa, basılmaz vətən”.
Bu yer kürəsində bir parçayıq biz,
Göydə azad səma, yerdə yol olsun!
Ağ günlərə qismət qara neftimiz,
Təki vətənimdə çörək bol olsun!
AZADLIQ HAQQINDA BALLADA
(Fransız ədəbiyyatının
azadlıq carçısı Pol Elüara)
Quşların qanadında,
Göyün yeddi qatında,
Gecənin zülmətində
Adını həkk elədim.
Qızılgül tikanında,
Zanbaqların üstündə.
Kəpənək qanadında,
Yarpaqların üstündə
Adını həkk elədim.
Quran oxuyan qızın
Xınalı əllərində,
Sakit axan Arazda,
Dəli Kür sellərində
Adını həkk elədim.
Yanan lampa işığında,
Sönən lampa işığında,
Nə ki, ev var, dam-daşında
Adını həkk elədim.
Ən vəhşi heyvanların
Əyri dırnaqlarında,
Ən ürkək ceyranların
Zərif ayaqlarında
Adını həkk elədim.
Kükrəyən dənizlərdə,
Çağlayan bulaqlarda,
Ağarmış bənizlərdə,
Titrəyən dodaqlarda,
Adını həkk elədim.
Ömrüm əbədiləşdi
Adını anan gündən,
Səni yaşatdım,
Azadlıq,
Mən yaranan gündən!
Adını pak elədim.
O cənnət qucağında
Mən xoşbəxt olam dedim...
O qanlı qucağında
Ölümə “Salam! “ dedim.
Ta körpəlik yaşımdan,
Ana tanıyan gündən
Ürəyimin başında
Adını həkk elədim!..