ŞUŞALI BÜLBÜL
Bülbül, sənin işin qandı,
Şairlər oduna yandı,
Şuşada könlüm talandı,
O yer mənim daş yaramdı.
Sübh tezdən...
Gözlərində ah-aman.
Ruhundan qan daman,
Soyuqdan büzüşmüş,
Qanadları heydən düşmüş
Bir Bülbül
Cikkildədi dil-dil...
Pəncərəmin üzünü dimdiklədi,
Cəh-cəh vura bilmədi...
Bülbül tir-tir əsirdi,
İlahi, bu nə sirdi?
Dəhşət vardı gözündə
Cıdır düzü üzündə,
Sırsıra bağlamışdı.
Yarasından öpməyə,
Qanadın güclə açdı.
Baxdım, o şuşalıydı,
Yaramızdan halıydı.
Duydum ətrin, qoxusun,
O Bülbülün yuxusun
Dünən gecə görmüşdüm.
Onun sehrinə düşdüm!...
Əvvəl elə bildim ki,
Həqiqi bülbül imiş.
Sonra gördüm, İlahi,
Xarı-Bülbül gülüymüş.
Sanki üzdü canımı,
O xanımlar xanımı
Natəvanın gülüymüş,
Xarı-Bülbül imiş.
Sarsılmışdım bayaqdan,
Səsindəki ah-aman,
Yaman bağrımı yardı,
Döşündə yara vardı.
Üz-gözü didim-didim,
Xarı-Bülbülüm, -dedim...
Ey əsir gülüm dedim.
İstədi cikgildəsin,
Mənə nəsə söyləsin,
Sazaq batırdı səsin.
Bilmədim ki, nə deyir?
Baxışı şeir-şeir
Ürəyimə yazıldı,
Elə bildim sinəmdə
Ona qəbir qazıldı.
Əl atdım ki, götürüm,
Ürəyimə ötürüm,
Bacara bilmədim mən,
Can verirdi, deyəsən,
Bülbülü ölən Vətən!...
Gözümdən dünyam düşdü,
Allah, bu necə işdi?
Xarı-Bülbül Şuşadan
Dimdiyində qan gətirmişdi!!!
KƏSİLMİŞ BAŞ
Kəsilmiş başımı alıb əlimə
Gedirəm baş çəkəm
qan heykəlimə...
Orda ev-eşiyim, gorgahım vardı,
Orda qamıx elim, yurd-yuvam vardı.
Dolayıb boynuma
ilan yolları,
Gedirəm Şuşaya, Ağdama sarı...
Ağdamla aramda
ölüm hasarı...
Yol yox, iz yox,
Dərə yox, düz yox!
Azmışam Allahla
yol arasında,
Ölmüşəm Vətənin
daş yarasında,
Ürəyim başımdan
çıxıb yuxarı...
Quruyub gözümdə
ömrün axarı,
Başım Vətən başı
kəsən öz əlim,
Yaramdan tökülüb
orda heykəlim!..
Başımın tükləri
ölüm kəndiri.
Ölmuşəm, Şuşada
mən diri-diri!..
Başımın qanını
yumaz göz yaşım...
Ölüb Qarabağda,
ölübdür başım!
Bu ölü başımla hara gedim mən?
Ey mənim cənnətim, ölümsüz Vətən!
Ağzı açıq qalıb qəbrim Şuşada,
Daşlaşıb, qayadır səbrim Şuşada...
Öz əlimlə öz başımı
dəfn etdim!
Sonra cəsədimi götürüb getdim.
Dönəcəm, bir dəstə gülə dönəcəm,
Ya qanım içində külə dönəcəm!
Dönübdür ömrümün üzü dünyadan.
Götür, ulu tanrım, bizi dünyadan!
Şairtək ölürük biz bulud-bulud,
Əlim ölməyibdir, gəl əlimdən tut.
Ey ulu tanrım!
Zülmət zənciriyəm mən tarım-tarım,
Başım bədənimlə birləşməz daha,
Ürəyim başımdan deyilmiş baha!
Başsız bir bədənəm,
Hey ruhum yanır!
Görünür Allah da bizləri danır.
Götür başım sənin,
bədənim mənim!
Başım bədənimə
olubdur qənim!
Kim söküb ordakı dar ağacımı,
Vurub, qırıqlayıb könül tacımı.
Gedirəm, sarılam orda hər daşa,
Bax, qan içindəyəm mən başdan-başa.
Gedirəm, qovuşam mən gorgahıma,
Tanrılar alışar mənim ahıma,
Buyur sənab Allah, götür başımı
Qurdala başımın qan yaddaşını,
Kəsilmiş başımı alıb əlimə
Gedirəm, baş çəkəm qan heykəlimə!..
ANAMIN TƏNDİRİ
Bəzən mənə elə gəlir ki, anamın yetim
qalan təndiri ağzını göylərə açıb uşaq kimi
hönkür-hönkür ağlayır.
Oyulub palçığı, çıxıb samanı,
Qalıb ovcundakı külün içində.
Təndir unutmayır anasız anı,
Qalıb bir analıq ölüm içində.
Qar-yağış başına döyür aramsız,
Küləyin əliylə təndir xışlanır.
Təndir fəryad edir bəzən aramsız,
Mənim ürəyimdə dərd naxışlanır.
Mən onun şeirini dərdlə yazacam,
İçi çat-çat olub o, ölür, vallah.
Qəbrini bəs harda, necə qazacam,
Mənim qazmaq payım daşlayıb, Allah!
Məni təndir-təndir ölüm bürüyür,
Yetim təndir kimi açılmır eynim.
Yanında bir şələ çöpüm çürüyür,
Sonuncu çörəyi bişmədi, neynim!...
Anamı fələklər çəkib apardı,
Axdı sinəmizdən ömrün acısı,
O gün, bizdən artıq nalə qopardı,
Anamın çörəksiz təndir bacısı.
Təndir sifətini əl atıb cırdı,
Yoldu saçlarını cikkə çəkərək!
Ağzını göylərə açıb çığırdı,
Yas tutdu anama xəmir, duz, çörək!
Yağlı kökəmizi ölümlər yedi,
Təndir axşam-səhər yaş tökdü dən-dən,
Boylandı: o xanım hardadır - dedi,
Xəmir də, qazmaq da yox oldu birdən.
Soldu gözümüzdə təndirsiz günlər,
Hanı qardaşlarım? Köçüb getdilər.
Onların səsini Allahlar dinlər,
Anamın dalınca uçub getdilər.
Təndirin gözləri qalıb yollarda,
Ona elə gəlir anam gələcək.
Əridib ömrünü tufanda, qarda,
Xəmirsiz, çörəksiz təndir öləcək!
Hər an kəndimizə basanda qədəm,
Asılar sinəmdən təndir yarası.
Dünyanın ən ulu yoludur, dədəm,
Təndirlə anamın qəbri arası!..
Bu təndir dolusu dərdimi dindir,
O əli qoynunda gününü sayır.
Mənə elə gəlir bu yetim təndir
Anama gizlicə çörək yollayır.
AHIN DAĞLARA, KÖNLÜM
Göydə sənsən, yerdə mən,
Mən olmuşam dərd əmən,
Yaman düşdüm dərdə mən,
Ahın dağlara, könlüm!
Başımın daşı ağır,
Bu daş göylərdən yağır.
Baxıram, fağır-fağır,
Ahın dağlara, könlüm!
Fələk bir el apardı,
Allah gəzsə tapardı,
Dərd-qəm bağrımı yardı,
Ahın dağlara, könlüm!
Vətəndə Vətən itdi,
Yaramda tikan bitdi,
Ömür keçdi, gün ötdü,
Ahın dağlara, könlüm!
Fələk oxunu atır,
Canım qanıma batır,
Bağrımda yara yatır,
Ahın dağlara, könlüm!
Anamın saçı qandı,
Yandı, ciyərim yandı,
Fələk əhdini dandı,
Ahın dağlara, könlüm!
Yalvardım xısın-xısın
Arazı iç qurusun,
Gözünü qan-yaş yusun,
Ahın dağlara, könlüm!
Elim eldən üzüldü,
Əlim əldən üzüldü,
Yaram sızlar min ildi,
Ahın dağlara, könlüm!
XATİRƏ
Hərdən bir düşünürəm
Şah dövrünün dərdini.
Tutub axtaladılar
İnsanın dikbaşını,
İgidini,
mərdini...
Şah dövrü yada düşür...
Heyvanın erkəyitək
Zəmanənin əliylə
Axtalananda məslək!
İNSAN BALASI
(Konyada səhər doğulub axşam ölən nəvəmə)
Ürəyimi çiçək kimi
Məzarın üstə qoyuram.
Balamın balası.
Nə ağrıdan doyuram,
Nə usanıram,
Çırtdağ-çırtdağ yanıram.
Bir əlçə ətim-qanım,
Həsrətim, gözüm-canım.
Bələyin bükülü qaldı,
Beşiyin sökülü qaldı.
Nəslimin sevinci ağrıya döndü,
Babanın gözündə ümidi söndü.
Nə ata yurdunda qəbrin qazıldı,
Nə qəbrin üstünə adın yazıldı.
Mənim qərib balam, mənim qürbətim,
Mənim süd qoxulu ruhum, cənnətim.
Səni nə tez tapdı tanrı bəlası,
Adın belə olsun: insan balası!..
Türkiyə, Konya, 21 may 2001
ALLAHA SARI
Mən ölməyə yer gəzirəm,
Gəl gedək Allaha sarı.
Allahdan biz məlhəm alaq,
Yaramı göylərdə sarı!
Öldür gözümdə heyrəti,
Gördük çox zülmü, zilləti.
Dondurdu yazıq milləti
İtkimizin buzu, qarı...
Anam yoxdu, cikkə çəkə,
Saçlarını yolub tökə.
Doğra, doğra tikə-tikə,
Tök qəbrimə o yolları.
Get Ağdama, sovur külün,
Sərt küləklər qovur külün.
Orda qalıbsa bir gülün,
Tap, yaramı onla sarı!
GƏLİR
Yaş ötüşür, saç ağarır,
Qocalıq ömrümü sarır.
Fələklər bağrımı yarır,
Gözlərimə toran gəlir.
Şahpər könlüm açmır qanad,
Dərd topudur bu kainat.
Göz açmamış sönür həyat,
Qəbrimizi qazan gəlir.
Göy üzünə dərd sərilir,
Tufan gəlir, boran gəlir.
Köç edirəm son mənzilə,
Başım üstə Quran gəlir.
BİRDİ
Bədən birdi,
Fikir mindi...
Ömür birdi,
Dərd min birdi...
Bu dərd
canımı üzdü,
Sinəmə ağrı
düzdü...
Gözüm iki
dünya birdi.
Dünya
gözümə girdi.
XOŞ GÖRDÜK, AY EVİM, SƏNİ XOŞ GÖRDÜK
Peyğəmbərimiz buyurur:
Kişinin cənnəti onun evidir.
Dişim, dırnağımla mən səni tikdim,
İçinə ağrımı, acımı bükdüm.
Gözümün nurunu qapına tökdüm,
Xoş gördük, ay evim, səni xoş gördük!
Qoynuna quş kimi uçub gəlirəm,
Gözümlə qapını açıb gəlirəm.
Səfərə çıxıram, qaçıb gəlirəm,
Xoş gördük, ay evim, səni xoş gördük!
Ən isti beşiyim, ruhum, canımsan,
Sadə görkəminlə xanimanımsan,
Məkkəm, Mədinəmsən, din-imanımsan,
Xoş gördük, ay evim, səni xoş gördük!
Əbədi qalasan, bir sal daşınam,
Nəslimin yuvası, söz qardaşınam,
Qapınam, bacanam, ruh sirdaşınam,
Xoş gördük, ay evim, səni xoş gördük!
Heç yerdə bir qərar tuta bilmirəm,
Başqa gül yataqda yata bilmirəm,
Neynim, çox arzuma çata bilmirəm
Xoş gördük, ay evim, səni xoş gördük!
Dilin şeir deyir, sözün də şair,
Vallah, başdan-başa özün də şair,
İçin kitab-kitab, üzün də şair,
Xoş gördük, ay evim, səni xoş gördük!
Ömür-gün yoldaşım, balam, müntəzir,
Nəvələrim çıxıb çiynimdə gəzir,
Ömrüm hər əzaba, ağrıya dözür,
Xoş gördük, ay evim, səni xoş gördük!
Divarın, pəncərən, həyətin, bacan,
Gözümdə gül açır hər tərəf, hər yan.
Sən də insan kimi doğuldun bir an,
Xoş gördük, ay evim, səni xoş gördük!
SAXLADI
Ha qaçdım, dərdim haqladı,
İçimdə dünya laxladı,
Fələk alıb pasportumu,
Ölüm səddində saxladı.
Məni qar, çovğunmu yuyub,
Ömrüm ayaq üstə uyub,
Gözümdəki qəmi duyub,
Qanım, canımı yoxladı.
Ömrümü günlər taladı,
Ağrım qurd kimi uladı,
Fələk baxıb baş buladı,
Məni bir Allah saxladı.
KƏBİNİN DƏRDİMƏ KƏSİLİB MƏNİM
Mən çürüdüm bu dünyanın içində,
Qoca dünya mənim boyum biçimdə.
Nərim öldü, ömür adlı köçümdə,
Ağrıma bax, ağrıma bax, ağrıma!
Dünya çağa, kainat bir bələkdi,
Tanrı məni torpaq üstə qan əkdi,
Sinəmizə çalın-çarpaz dağ çəkdi,
İnsafa bax, insafa bax, insafa!
Fələklərin dırnağında qanıq biz,
Ölü kimi quruca bir canıq biz,
Nə yüz illik, nə min illik, anıq biz!
Ömrümə bax, ömrümə bax, ömrümə!
Əzab üçün, ölüm üçün doğulduq,
Bu həyatın qəm selində boğulduq,
Gəldik, getdik, torpaq olduq, kül olduq,
Əzaba bax, əzaba bax, əzaba!
Mən ömrümün közü üstə közərdim,
Həyatımı göz yaşımla becərdim,
Bəlkə, milyon ildən sonra cücərdim,
Arzuma bax, arzuma bax, arzuma!
Kəbinin dərdimə kəsilib mənim,
Ənvər, ağrın sənə olubdur qənim,
Bürüyüb qəbrimi dumanım, çənim,
Canıma bax, canıma bax, canıma!
BAŞ QATMAQ
Güzgüyə baxıram,
Alnım qırış-qırış olur,
Sir-sifətim dəyişir.
Deyəsən, cavanlığım
Köhlən atından düşür.
... Və yol gedəndə
Asta-asta gedirəm.
Bir qədər az yeyirəm,
Çox yatıram!
Vallah, bunlar bəhanədi.
Ömrümün başını qatıram!
DÜNYA
Dərd gülümü bulud-bulud dərmişəm,
Köynəyimi qan üstünə sərmişəm,
Bu dərdə dözmüşəm, demək nərmişəm,
Bu niyə belədi, belədi, dünya?!
Namərdin əli ilə mərdi oxladı,
Başıma daş dəydi, dişim laxladı,
Allah, şairini fələk yoxladı,
Təpədən dırnağa tələdi dünya!
İlantək yolumda qıvrıldı, yatdı,
Dilini çıxarıb, zəhərin atdı,
Gözümdən yaş əmib, başımı qatdı,
Məni öz qanıma bələdi dünya!
Şahlar sarayının daş-qaşı itdi,
Hər qəbir üstündə göz yaşı bitdi,
Tanrı verdiyini götürdü, getdi,
Nə bildi bizlərə elədi dünya!
Yalquzaqtək gecə-gündüz uladı,
Ömrümüzü əzdi, tökdü, taladı,
Sinəmizdə məşhər odu qaladı,
Təpədən dırnağa bəladı dünya!
Ənvər, çox şeyləri salma eyninə,
Dahilər kəfənin geydi əyninə,
Qarışqalar çıxdı filin çiyninə,
Allahın yanında kölədi dünya!__