NİYƏ?
-Niyə meyvələr gecələr
böyüyür?
Niyə qönçələr gecələr
açılır?
-Çünki, onda bədnəzərli gözlər
yuxuda olur!..
VAXTSIZ GƏLƏN QONAQ
(2016-cı ilin qışı üçün)
Vaxtsız, tez gələn qış,
fikirləşmədin ki,
Ağaclarda qalan o qədər
meyvələr
neyniyəcək?!
Qamçılı küləklərin
saraltdı yarpaqları ətək-ətək!
Bax gör o kimdir?!..-
kasıb tələbə
pencəkdə, fikirli-fikirli
yol gedir...
Tələsmək sənə qalmışdı?
Vaxtında gələn qış
hörmətli qışdı!
Əvvəl payızın yağışlarını oğurladın,
yağdırdın kəndə, şəhərə.
Sonra da qəfildən öz qarını
səpələdin hər yerə.
Neçə dovşan, neçə dələ
salamat çıxmadı səhərə -
Çoxusu da yuvalarında
qorxa-qorxa sənin buz nəfəsini dinşəyir.
Nə o üzə,
nə bu üzə,
nə də qızıl payıza
nəfəs çəkməyə aman vermədin.
Çobanlara qışlağa enməyə
zaman vermədin.
Fikrin başqa imiş demə,
vaxtsız gələn qonaq,
daha ora-bura çovumursan-
Kisən doludur, axı,
şaxta ilə, qar ilə,
donmuş heyva, nar ilə.-
Bizdən heç nə gözləmə!
Doğru deyirlər ki,
bahar vaxtsız gələndə
Təbiətə nuş olar -
Qış tez gələndə isə
ağaclar naxoş olar!..
DAYAQ
Bir vaxt yekə bir ağacın
qolu-budağı idi,
Deyib gülən, səsli-küylü çağı idi.
Sonra seçib kəsdilər -
haça olduğu üçün.
Ondan paya düzəltdilər,
Düz olsaydı,
dəyməzdilər,
kəsib yerə əyməzdilər.
Amma əvvəl rəvan idi,
həm də kövrək, cavan idi.
İki yerə hecalanmışdı.
Ona görə də indi
paya kimi basdırıblar torpağa -
dayaq olsun deyə,
meyvədən əyilən bir sıx budağa.
Dili, üzü ikiləşmiş, haçalanmış
adamları da seçib
barlı-bəhərli yerlərə aparırlar.
Əvvəl qonaq edirlər,
Yağlı iş, yaxşı yer verirlər.
Çevik, oynaq edirlər.
Sonra da özlərinə
dayaq edirlər!
Baxmırlar heç cavan olsun,
qoca olsun.
Təki üzü, dili, fikri
qoşa olsun, haça olsun!..
UZAQ, İSTİ HƏNİR...
Soyuq qış gecəsində
uzaqdan bir hənir hiss edirəm -
Ona tərəf gedirəm.
Elə bil aramlı bir qazan qaynayır -
buxarı halqa-halqa,
qalxa-qalxa
havada oynayır.
Üşüyürəm, donuram,
Soyuqdan əsim-əsim əsirəm,
İsinməyə tələsirəm.
Nə işıq var orada -
Nə bir it hürür.
Bir inək gövşəyir -
Nəfəsində isti hənir.
Buxarlanır, uçur, gedir nəfəsi
boş-boşuna,
öz başına...
Yaxınlaşıram, isindirir məni...
Dilim söz tutur,
Bir az özümə gəlirəm.
İnəyi tumarlayıram-
əllərimin, barmaqlarımın soyuqluğunu
isti nəfəsi udur.
İndi bilirəm istilik nədir
ömür üçün.
Yadıma düşür Frans Kafkanın
imansız kömürçüsü...
Hərisliklə var-dövlət yığanlar
hələ də bilmirlər -
Bir inəyin nəfəsi qədər də
deyillər!..
***
Balinalar həmişə dəryalarda
ağzı açıq üzürlər,
Həmişə ov axtarırlar,
şikar gəzirlər.
Heç vaxt doymaq bilmirlər,
Heç kəs onlara şərik olmasın deyə
tək-tənha üzürlər
axşam, səhər -
dəryaların qucağında,
həmişə ov sorağında!..
DİBÇƏK GÜLÜ
Uzaqda, -
bağ evində heç kim olmayanda
tək-tənha qalan,
gül açan dibçək gülü...
Açıb, solub.
Yəqin ki, açmamışdan əvvəl
Gözləri qapıda qalıb
uzun bir zaman.
Bəlkə də,
erkən solub gülləri təkliyindən,
tənhalığından.
Gəldim, -
qurumuş, solmuş vaxtına çatdım.
Yaşıl yarpaqları da qəmə batmışdı.
Görün nələr çəkibmiş
O dibçək gülü
Tənhalıqda gül açanda,
Başının üstündə kimsəsizlik dövrə vurub uçanda!
Nə qədər gözləyibmiş
Bir insan gəlişini:
-Kimin üçün açıram bu gülləri,
kim görəcək,
kim isinəcək
al-əlvan güllərin rənginə, istisinə?!
Düşünə-düşünə,
üşünə-üşünə
solub,
belə pərişan olub.
Sanki vurulub ovçu əli çatmayan
Ov quşu kimi göldə qalmışdı.
Yerə düşən gülün ləçəyi
Elə bil hələ də titrəyirdi -
Vurulmuş bir quşun qanadı kimi
kədərli, peşman...
QARAĞAC
Heç bir ağacın nə boyunda,
Nə də barında gözü olur.
Sərin meh əsəndə
pıçıltılı, mənalı
söhbəti, sözü olur.
Yarpaqları alın qırışları kimi -
xətt-xətt...
yazıları uzaqdan oxunur.
Gözü-könlü tox olan bu ağac
öz ləbbadəsilə
ucalır şad-xürrəm.
Nə ürəyində təlaş var,
Nə də gövdəsində qabıqlanmış
dərd, qəm.
Suya da yoxdu ehtiyacı.
Nə sevinir acı-acı,
nə ağlayır şirin-şirin.
Çünki bu torpağın doğma övladıdır -
gəlmə deyil.
Adı da öz halal adıdır -
adi söz, quru kəlmə deyil.
Həmişə əsəbləri yerindədir -
Çünki... kökləri dərindədir!
Heç kəsin var-dövlətində,
şan-şöhrətində yoxdur gözü.
Meyvə bağlarında gəzmir
tamahı, nəfsi.
Nə qeybət edir,
Nə də efirlərdə titrəmir səsi.
Bilmir, axı,
almaq nədir,
vermək nədir!
Yaşayır öz dünyasında -
Üfüqlərin ilğıma qərq olduğu
söz dünyasında -
Çünki kökləri, rişələri dərindədir!
GERÇƏKLİYİN MAGİYASI
Deyirlər, riyakarlıq
Nə qədər qol-qanad açsa da,
uça bilməz.
Nə qədər tumurcuqlasa da,
gül olub aça bilməz.
Amma nə olsun ki:
hərdən gerçəklik necə də yazıq görünür.
Hər şeydən, hamıdan uzaq görünür,
Həmişə uca zirvələrdə boy göstərə bilmir -
duman kimi dərələrdə sürünür.
Çünki riyakarlıq arxalıdı,
Müəmmalı sirlərlə nəfəs alır.
Mübhəm dərinliyi var -
gizli dayaqlarından qüvvə, həvəs alır.
Doludur içi
fitnə-fəsadla, kin-küdurətlə.
Sirr onu qoruyur, o sirri
Müəmma ilə, hərarətlə!
Bir birinə dayaq dururlar, -
diri gözlü,
göz görəsi.
Gah açıq-aydın, gah da gizli-gizli.
Sirr zirehli riyakarlığa
Hər kəs çata bilməz,
Heç nə bata bilməz.
***
Bəzən top dağıtmaz, sel aparmaz,
Bəzən də su kimi sakit, ot kimi kövrək
gerçəkliyə yazığım gəlir.
Düşünürəm kimə, nəyə inanasan?!
Ona görə də,
Rahat yaşa Dünya, -
Ona görə də,
Yorma özünü, İnsan!..
FAĞIR QOYUNLAR
Ey bir qoyunun belində,
dən gəzən sərçə!
Yalın ayaqlarını işindirə-isindirə
atılıb-düşən,
şən sərçə!..
Bu soyuqda orada dən gəzirsən
bircə-bircə?
Amma özünə yaxşı yer eləmisən!
Qoyunun eyninə deyil heç nə,
Sənin gəzişməyini də hiss eləmir heç.
Öz işindəsən,
Öz gərdişindəsən!..
Qoyun otlayır, sən də onun belində
Şəstlə ətrafa baxırsan
Qalın yunun içində,
şellənirsən,
Gah batır, gah çıxırsan.
Boz rəngləriniz qarışıb bir-birinə
Həm ayaqlarını isindirirsən,
Həm də yem dənliyirsən.
Sanki öz yuvandasan,
Elə rahatsan ki, hətta elə sanırsan
Burada yumurta da qoyarsan,
Bala da çıxarda bilərsən.
Çünki, qoyunun belindəsən,
fağır qoyunun.
Orada çox qalacaqsan bilirəm -
Uzun çəkəcək oynamağın,
oyunun!..
MÜNƏCCİM BALIĞI
Balıqlar içində
Bir balıq da var -
Münəccim deyirlər adına.
Heç vaxt tora düşməyib,
Heç bir balıqçı baxmayıb onun dadına -
O yeyib, özündən balacaları, xırdaları.
Belədir şakəri -
Daim açıq olur ağzı -
Həmişə bayırda qalır gözləri
Özü gizlində daldalanır,
görünmür gözə -
Fağır, xırda balıqlar
Onun ağız-toruna düşürlər
üzə-üzə...
TANI!..
Adam var deyir ki, qınamayın məni,
Nə qədər yaşadım, tanıya bilmədim
dostu, düşməni.
Dedim hanı elə bir adam,
hanı?
Düşmənini uşaq da tanıyar -
bacarırsan, dostunu tanı!
ADSIZ ŞEİRLƏR
Bu dünyaya göz açandan,
Rahatlıq məndən qaçandan,
Misra qurub, söz açandan -
Qəlbim yağır,
ömrüm damır...
***
Balıqçı tora düşən körpə balıqları
Təzədən suya tulladı:
- Savab işdi!
Yadıma fağır, kasıb
adamlardan belə
rüşvət alan məmurlar düşdü.
***
Köhnə dostların çoxu -
Təzə düşmənə dönür.
Necə ki, şirin yuxu -
Dumana, çənə dönür.
Amma ki, köhnə düşmən
Təzə dost ola bilmir, -
Olsa da naçar, peşman -
Bizə dost ola bilmir.