Bu hadisə kəndin yuxarısında üç yol ayrıcında, şərqarışan vaxtı oldu. At arabası ilə sahədən ot gətirən Haqverdi kişinin gözlərinə qəfildən qarşıdan gələn traktorun işıqlarının düşməsi onu çaşdırdı. O, atın cilovunu çəkib saxlamaq istəsə də, mümkün olmadı; gec idi, “Belarus” düz onun üstünə gəlirdi. Traktorçu sanki birdən qarşısına çıxan arabanı görüb sükanı sağa fırlatdı, bu zaman traktorun arxasındakı qoşqu lafet arabanı haqladı. Bir andaca Haqverdi kişinin qışqırtısı, atın fınxırtısı, dəmirin səsi bir-birinə qarışıb tükürpədici bir səslə qaranlığa haray saldı. Böyrü üstə aşmış traktorun kabinəsindən zorla çıxan Əlövsət dəm olduğu üçün sanki heç nə anlamadı. Amma gördükləri onu ayıltdı. Gözləri az qaldı həlqəsindən çıxsın.
-Vay dədə, vay, evim yıxıldı, - deyib əllərilə başını tutub ağlamağa başladı. Əlövsətin canına qorxu düşdü. Onun ilk düşündüyü qaçmaq fikri oldu.
Amma hara? - Özünü itirmiş Əlövsət qaranlıqda qan içində çapalayaraq zarıyan qoca kişini görüb, - özündən asılı olmayan bir səslə qışqırmağa başladı:
-Kömək edin, kömək edin, eehey, ay camaat, köməyə gəlin, burda qəza baş verib, adam ölür! Tez köməyə gəlin! Onun göz yaşı səsinə qarışmışdı. O, sağa-sola qaçaraq ətrafa səslənirdi.
-Dayı, qorxma, bu dəqiqə səni qurtaracam!
Ağrıdan inildəyən Haqverdi kişi isə dodaqlarını tərpədərək, nə isə deyirdi. Amma Əlövsət özünü elə itirmişdi ki, onu eşitmək halında deyildi. Bu zaman yolla gələn maşının işığını görən Əlövsət qaçaraq özünü asfaltın düz ortasına yetirdi. Əllərini göyə qaldıraraq çığıra-çığıra sürücüdən maşını saxlamasını xahiş etdi. Maşın ona çatıb dayandı. Sürücü qapını açıb onun üstünə qışqırıb, söymək istədikdə, maşının işığında ətrafda baş verənləri gördükdə, sözlər dilinə dolaşdı... udqunaraq...:
-Allah sən saxla, bu nə bədbəxtçilikdi belə?!
-Qardaş, kömək elə, qoca ölməyib hələ, onu xəstəxanaya çatdıraq.
Sürücü əvvəlcə özünü işə salmaq istəmədi, amma sonra nə düşündüsə, -- yaxşı, gəl, ay bədbəxt oğlu bədbəxt!
Onlar köməkləşib yaralını lafetin altından çıxartdılar. Maşının sürücüsü yaralıya ürək - dirək vermək üçün dil - boğaza qoymurdu.
-Dayı, qorxma. Allaha şükür, elə bir qorxulu şey yoxdu. İndi səni doxtura çatdıracayıq, yaralarını sarıyar, ondan sonra hər şey yaxşı olacaq.
Ağrıdan heç nə eşitməyən Haqverdi kişi maşın işığında atın qan içərisində xırıldayaraq uzandığını görüb, gözlərini bir an qapayıb açdı. Əli ilə sürücünün qolundan möhkəm tutaraq dedi:
-Ürəyim yanır, baban ehsanı mənə bir ovuc su ver!
-Bu saat, dayı, sən bir az döz, mən bu dəqiqə...
Bunu deyib sürücü maşından su qabını götürüb özünü yolun kənarındakı kəhrizə yetirdi. Qabı doldurub tez özünü Haqverdi kişiyə çatdırdı.
Gözü yaşla dolmuş qoca Əlövsətə baxırdı. O, isə sanki yumağa dönmüşdü. Dili söz tutmurdu. Sudan bir neçə qurtum alan Haqverdi kişinin içindən bir qəribə səs gəldi.
-Oxxay! Yanğın soyudu.
Ağrısını bir anlıq unutmuş qoca bu sözü ürəkdən elə dilə gətirdi ki, sanki cənnətdəki səlsəbil bulağından su içirdi...
Qoca üzünü qorxudan büzüşüb dizlərini qucaqlamış Əlövsətə tutaraq dedi: - Qorxma, səndən şikayətçi olmayacam. Qəzadı oldu, nə etmək olar? Bu da taleyin işidi.
-İndi məni evimə çatdırın. Su kəhrizindən keçib düz kəndin o başına, evim ordadı.
-Yox, ay dayı, biz əvvəlcə səni doxtura aparaq, sonra, rəhmətliyin nəvəsi, ev qaçmır ki?!
-Yox, ay bala, mənə olan oldu! Özünüzü əziyyətə salmayın. Yuxumu görmüşdüm! Amma evdə hamısı arvad xaylağıdı, qorxarlar. Bizə çatanda qonşuları səsləyin ki, əvvəlcədən evdəkiləri xəbərdar etsinlər.
-Ay dayı, axı...
-Sözümü dedim, bala, məni evə çatdırın!
-Oldu dayı, sən necə istəyirsən.
* * *
Haqverdi kişini traktor vurması xəbəri ildırım sürətilə Eminli məhəlləsinə yayıldı. Böyüklü-kiçikli hamı Haqverdi kişinin həyətinə axışdı. Arvadlar dizlərinə vurub göz yaşı tökə-tökə dil deyirdi. Hərənin ağzından bir avaz gəlirdi.
-Allah rəhm eləsin, yazıqdı.
-Ömründə bir adama pisliyi dəyməyib.
-Bu bədbəxtin günahı nə idi?
-Onu vuran qaçıb, deyirlər!
-Bədbəxt elədi başqasını da, özünü də?!
-Allah bilən məsləhətdi!
Haqverdi kişini evin dəhlizində üzü qibləyə, güllü yorğan - döşəkdə uzatmışdılar. Məhəllənin uşaqları onun ərtafında oturmuşdular. O, uşaqların xətrini çox istərdi. Baxçasının ilk nübarını, alçasını, gilasını, armudunu məhəllənin uşaqlarına paylayanda, tut ağacını silkələyib həyəti ağ-qara tutla boyayanda, oğlanların, qızların atılıb-düşmələrini görəndə, o da uşaq kimi sevinərdi.
-Allah, sənə şükür, mənim də həyətimdən uşaq səsi gələrmiş, - deyərdi. İndi, həmin uşaqlar son nəfəsində onu əhatəyə almışdılar. Sanki hamısı məsum baxışla:
-Haqverdi baba, ölmə, nə olar, - demək istəyirdilər. O, can versə də, hələ nəfəsi gedib gəlirdi. Üzündə qəribə bir hüzn var idi. Göz qapaqlarını qaldıraraq uşaqları gördükdə, üzünə həzin bir təbəssüm qondu. Sonra isə dodağını tərpədərək nə isə deməyə başladı. Nazbəyim arvad ona tərəf əyilərək dedi:
-Nə deyirsən ay kişi, qadan alım?
O, qulağına nə isə pıçıldamağa başladı.
Nazbəyim arvad gözyaşı içərisində üzünü uşaqlara tutaraq dedi:
-Ay uşaqlar, başınıza dönüm, kişi can verir, o istəmir ki, son nəfəsində sizlər onu belə görəsiniz.
Uşaqlar bir-birinə qarışaraq ağlamağa başladılar. Amma bu vaxtı Haqverdi kişinin sinəsi qalxıb-enməyə başladı, xırıltılı bir səslə dedi:
-Sən yenə gəldin, quduz dəymiş ağ canavar?!
Hamı bir-birinin üzünə baxdı.
Nazbəyim arvad ağlaya-ağlaya üzünü arvadlara tutaraq:
-Gətiriləndən sayıqlayır. Elə hey gah ağ canavar deyir, gah da - dədə qurban Xəlil, gözlə, mən də gəlirəm.
Haya gələn kənd həkimi Haqverdi kişiyə baxdıqdan sonra - ay kişi qorxulu heç nə yoxdu - desə də, həyətdə dayanmış ağsaqqallara - Bərxuda kişiyə, Zeyqəm müəllimə, İslam kişiyə üzün tutub, - hazırlığınızı görün, burda mənlik heç nə yoxdu, - deyib getdi.
Bir azdan arvadların ağlaşması dil deyib oxşama ilə əvəzləndi. Həyətdəkilər hamısı bir ağızdan: - Allah rəhmət eləsin, o, belə ölümə layiq deyildi - dedilər. Molla arvadların ürəklərini boşaltması üçün şərait yaratmaq məqsədilə həyətə, kişilərin yanına gəldi. Üzünü İslam kişiyə tutub soruşdu:
-Ay İslam kişi, bu rəhmətlik son nəfəsində elə hey gah Xəlil deyirdi, gah da canavar... Bu nə məsələdi, sən bilərsən?
-Xəlil rəhmətlik oğludu Haqverdinin, canavar da yəqin boğub öldürdüyü boz canavarın tayıdı da, son nəfəsdə də ondan əl çəkmir.
-Əşi, nə danışırsan? - deyə hamı üzünü İslam kişiyə tutdu.
-Bu nə vaxt olub?
-Çoxdanın əhvalatıdı, - İslam kişi təsbehini çevirə-çevirə o uzun gecəni həmin əhvalatla açdı. Evdə ölü olanda səhər açılmaq bilmir axı...
* * *
Haqverdinin bir adəti var idi. Səhərə yaxın, yerə şeh düşməmiş qoyunlarını yaylıma çıxardardı. Həmişə də yeniyetmə oğlu Xəlili də özü ilə aparardı. Qoyunlar yamacda otladığı zaman, dədə-bala çır-çıpdan ocaq qalayardılar. Evdən götürdükləri kartofu közə basdırar, çörəyi isə qızdırdıqdan sonra pəh-pəhlə yeyib, Allaha şükür edərdilər. Belə günlərin birində Haqverdinin başı ocağa qarışdığı vaxt, birdən Xəlil qoyunların pərən-pərən düşdüyünü gördü.
-Dədə, canavarlar, - deyə Xəlil çığırdı. Səsə dönən Haqverdi, gözləri parıldayan canavarların qoyunlara daraşdığını gördü. Qurdlar bir andaca qoyunların bir neçəsini dişlərilə boğmuş, ikisinin isə quyruqlarını parçalamışdı. Hirsi başına vuran Haqverdi əlindəki çomaqla canavarların üstünə yeridi.
-Ehey, ay quduz dəymişlər, bu heyvanların sahibi ölüb məyər, onlara hücum edirsiz? - deyib canavarın birini çomağın altına saldı. Dişlərini qıcamış qurdlar qoyunlardan əl çəkmək istəmirdilər. Haqverdinin çomağının zərbəsindən zingildəyən canavarlardan biri geri çəkiləndə bir başqası qəfildən onun üstünə tullandı. Haqverdi canavarla əlbəyaxa oldu. Ağzı qana batmış qurd çox qəzəbli idi. Amma, Haqverdi cəld bir hərəkətlə yırtıcının onu dişləməsinə imkan verməyərək, canavarın boğazından yapışıb var gücü ilə onu boğmağa başladı. Canavarın gözü qəzəbdən yanırdı, ayaq caynaqları ilə Haqverdinin əl - qolunu yaralasa da, onun qüvvətli əllərindən qurtula bilmirdi. Bu, ölüm - dirim savaşına bənzəyirdi. Haqverdinin əllərində boğulan canavarın ayaqları bir azdan çapalamaqdan dayandı, bədəni süstləşməyə başladı, gözlərində bir donuqluq əmələ gəldi. Haqverdi canavarın boğazını bir də sıxıb onu yanındakı daşa çırpdı. Əli - üzü qan içində olan Haqverdinin gözünü qan tutmuşdu. O, əyilib yerdəki çomağı götürdü, canavara bir neçə zərbə də vurdu. İki canavar isə yamacın hündür yerində qəzəbli səslə ulayırdı. Haqverdi əlindəki çomağı yellədərək qəzəbdən hayqırmaq istədi. Amma, ətrafda mundar olmuş qoyunları, quyruqları parçalanmış toğluları gördükdə, qəzəbini çomağı yerə çırpmaqla söndürdü. Birdən onun gözü oğlu Xəlilə dikildi. Uşaq bütün bu gördüklərindən dəhşətə gəlmişdi. Göz yaşı içində əsim-səim titrəyirdi. Xəlil özünü dədəsinin üstünə atdı.
-Qorxma, bala, adamın gərək düşmənini boğazlamağa ürəyi olsun. Yoxsa səni boğazlarlar! Qorxma, axı sən mənim balamsan...
-Dədə, mən elə bildim... Xəlil sözünün arxasını gətirə bilmədi, gözü yerdə uzanmış canavara sataşdı. Tez dədəsindən aralanıb canavara yaxından baxmağa başladı.
-Dədə, gözləri sanki diridi. Elə bil adam şəkli var gözündə.
Haqverdi canavara yaxınlaşıb əlini toxundurdu. Bədən hələ də isti idi. Birdən Haqverdi nə düşündüsə, cibindəki çoban bıçağı ilə canavarın qarnını kəsməyə başladı. Canavarın içalatı od tutub yanırdı. Haqverdi bıçaqla canavarın ürəyini kəsib çıxartdı. Ürək hələ də titrəyirdi. Haqverdi onu yarı bölüb közün üstünə atdı.
-Bala, indi sən bu canavarın ürəyini yeyəcəksən, ondan sonra qorxu nədi bilməyəcəksən. Bildin? İndi isə al bunu qanlı-qanlı ye, qorxma ürəkli ol!
Xəlil əvvəlcə dədəsinin əlini geri qaytarmaq istədi, amma dədəsinin gözlərindəki qətiyyəti görüb anladı ki, bu ürək parçasını yeməlidi. Köz üstündən götürülmüş ət parçası əlini yandırıb, yarıçiy olsa da, çox dadlı idi. Yerdə uzanmış canavarın gözləri artıq yumulmuşdu. Dağ başında isə hələ də vurnuxaraq gəzişən canavarın ulartısı eşidilirdi. Bir azdan sübh günəşi boylandı. Sanki bununla da bütün bu qanlı ağrıya məlhəm oldu.
* * *
İllər keçdi. Xəlil öz tay-tuşları arasında cəsarəti, qüvvəti ilə seçilməyə başladı. Xəlilin əsgərlik vaxtı yetişdi. Məhəllə qocalı-cavanlı yığışıb, deyə - gülə onu hərbi xidmətə yola saldı. Haqverdi kişi oğlunun xidmət elədiyi hissənin komandirindən dəfələrlə təşəkkür məktubu aldı. Bir gün isə məhəllə bir-birinə dəydi. Hərbçilər rayon rəhbərlərilə birgə Xəlilin tabutunu gətirdilər. Ona kimi məhəllədə heç kəs dəmir tabut görməmişdi. Həmin gün Haqverdi kişinin elə bil işıqlı dünyasını əlindən aldılar. Zabitlər Xəlilin qoçaqlığından ağızdolusu danışırdılar - oğlunuz xidməti borcunu yerinə yetirərkən qəhrəmanlıqla həlak olub! Onun əsgər silahdaşı göz yaşı içərisində danışırdı ki, Xəlil qorxu nədir, bilmirdi, elə bil qurd ürəyi yemişdi, ölümün gözünə baxa-baxa onun üstə yeriyirdi. Haqverdi kişiyə isə, bu sözlər yox, oğlu lazım idi. O isə bu dəmir qutunun içində əbədi sükuta dalmışdı. Nə anasının, nə də atasının ürək dağlayan səslərini eşidirdi!
Rayondan gəlmiş böyüklər qutunun açılmasına razılıq verməsələr də, Haqverdinin baltanı əlinə alıb dəmir qutuya çırpması, sonda tabutun açılması ilə nəticələndi. Hamı dəhşətə gəldi... O, boylu, buxunlu oğlandan bir neçə ət-sümük parçası qalmışdı. Onların arasında baş və ürək hissələri də var idi. Haqverdinin harayı göylərə ucaldı. Xəlili bütün kənd son mənzilə yola saldı. Həmin axşam kənd camaatı qəribə bir hadisənin də şahidi oldular. Qəbiristanlıqdan gələn qurdların ulaşma səsi hamını heyrətləndirdi!