MƏN BİLİRƏM, SƏN BİLİRSƏN, BİR DƏ YARADAN
Gəmirdikcə ürəyimi sevda həsrəti,
Tac bilirəm öz ömrümə ilk məhəbbəti.
Bizdən başqa bilən yoxdu bu həqiqəti,
Mən bilirəm, sən bilirsən, bir də yaradan...
Dəmirçinin kürəsində körüklənən mən,
Sən dinsizin hörüyündə sürüklənən mən.
Bir mərəzin hikkəsində yüyrüklənən mən,
Mən bilirəm, sən bilirsən, bir də yaradan...
Qoy taleyin sapandına, sən fırlat məni,
Gedər-gəlməz cəzirəyə götür at məni.
Xoşbəxt edə bilibdimi bu həyat məni?
Mən bilirəm, sən bilirsən, bir də yaradan...
Düyün düşən bəxtimizlə biz barışmışıq,
Bu heyrətlə tez sönmüşük, tez alışmışıq.
Sirrimizin nəyi pünhan? Nə danışmışıq,
Mən bilirəm, sən bilirsən, bir də yaradan...
Uyarı yox, yada deyim mən nə yoldayam,
Sən Simurğun cələsində, qeylü-qaldayam.
Kim bilir ki, mən nə gündə, mən nə haldayam?
Mən bilirəm, sən bilirsən, bir də yaradan...
Duman tutub söz zirvəmi, söz gədiyimi,
Gülüm, səndə aramışam öz itiyimi.
Sən gözələ, ey mələyim, yar dediyimi
Mən bilirəm, sən bilirsən, bir də yaradan...
MƏNİ
Yarpaqlarım açılmamış
Dərdilər, tökdülər məni.
Puçurlamaq istəyərkən
Bağlayıb bükdülər məni.
Çıxdım sevda adlı yola,
Başım çəkdi minbir bəla.
Eşqim sağa, bəxtim sola,
Qolumdan çəkdilər məni.
Dosta vardım görən kimi,
Yandırıb-yaxdım cismimi.
Əlləri əl tutan kimi
Başından əkdilər məni.
Həyat yolum didim-didim,
Sirrimi Eldara dedim.
Quşqonmaz bir qala idim,
Külünglə sökdülər məni.
QORX
Yaltaqlar
sırtıqlaşıb,
bu qoltuqdan o qoltuğa
girəndə qorx.
Girə-girə harınlaşıb,
əyri əllə
var toplayıb
sərgiləyib,
sərəndə qorx.
Bu ünsürlər
sümsük ittək
yalı artıq düşən kimi
yal verənə
hürəndə qorx.
Düz
yolunu itirəndə,
haqq
ömrünü bitirəndə,
görməmişlər
görəndə qorx!
HƏSRƏT
Həsrətin
kəlbətin əlləri yaxamda,
isti-soyuq nəfəsi
üzümə döyə-döyə keçinirəm.
Hənirtisi,
zəhmi, zilləti
vücudumu
əyə-əyə keçinirəm.
Illərin yoxuşunu,
qaranlığını, işığını
həsrətimlə
bir yerdə daşıyıram.
Bu da bir tale payı,
bu da bir alın yazısıdır.
Həsrət yüklü
ömür yaşayıram.
Daha bezib yorulmuşam,
qaçmaq,
qurtarmaq istəyirəm
həsrət adlı kədərin
möhnətin cəngindən.
Nə mən ondan qopa bilirəm,
nə də o məndən...
Hələlik görünmür
həsrət adlı zülmətin sonu.
Görünmür
bu həsrətin nədəni.
Ancaq onu bilirəm ki,
ya mən həsrəti öldürəcəyəm,
ya həsrət məni...
DUR ÇIXIB GEDƏK
Səndən əziz nə var dünyada mənə,
Yadlaşıb torpaq da, qaya da mənə.
Bir ev qura bilsən dəryada mənə,
Daha bu şəhərdən dur çıxıb gedək...
Bizim bu sevdamız çətin məsələ,
Bir ümid işığı görünmür hələ.
Biz tuta bilmirik burda əl-ələ,
Daha bu şəhərdən dur çıxıb gedək...
Başımız üstündə ildırım, tufan,
Çöllərə üz tutaq, nə sis, nə duman...
Seçək özümüzə qərib bir məkan,
Daha bu şəhərdən dur çıxıb gedək...
Sözünü yerinə yetirəcəksən,
Sən mənə eşqini gətirəcəksən.
Belə getsə məni itirəcəksən,
Daha bu şəhərdən dur çıxıb gedək...
Yaşamaq eşqiylə çarpışaq gərək,
Ömrün sonunacan şadlanaq gərək.
Ölsək də hardasa, bir yerdə ölək,
Daha bu şəhərdən dur çıxıb gedək...
Ömür keçib gedir, gözləmir daha,
Quraq özümüzə uçuq bir kaha.
Səni and verirəm böyük Allaha,
Daha bu şəhərdən dur çıxıb gedək...
QONARAM
Mən bir humay, mən bir ruh quşuyam,
Pəncərənə, otağına qonaram.
Sən hə desən pərvanəyə dönərəm,
Yanım deyə çırağına qonaram.
Eşq yolunda mən Məcnuna ortağam,
Nə müddətdir həsrətinə dustağam...
Arı kimi bal yığmağa müştaqam,
Buyur desən dodağına qonaram.
Yıxılmışam, məni qaldır ayağa,
Düşmək ölüm sən mələkdən uzağa.
Əllərini əllərimə almağa
Üzük olub barmağına qonaram.
Can atıram sən bağbanı görməyə,
Tellərinə güldən çələng hörməyə...
Sən gəl desən bağdan alma dərməyə,
Uçub gəlib yanağına qonaram.
Mən Eldaram, eşqim deyib çağlaram,
Ümidimi yenə sənə bağlaram.
Yalvararam- yaxararam, ağlaram,
Bihuş olub ayağına qonaram.
AĞ GÜLÜM, GÖYƏRÇİNİM
Ağ gülüm, göyərçinim,
Necə dərim mən səni?
Yarpağın düymə-düymə,
Qönçə dərim mən səni.
Gözüsən hər çiçəyin,
Solmasın tər çiçəyin.
Öpüm zərif ləçəyin
İncə dərim mən səni.
Göydə günəş batmamış,
Güldərənlər çatmamış...
Səndən xəbər tutmamış
Öncə dərim mən səni.
Məcnun xəyalım çaşır,
Leylalı çöllər aşır....
Gündüz gözüm qamaşır,
Gecə dərim mən səni.
BİLMİRƏM
Bir ömürü yaxşı-yaman yaşadıq,
Nə qazandıq, nə itirdik, bilmirəm!
Yer şumladıq, şitil sancdıq, bağ saldıq,
Nə batırdıq, nə bitirdik, bilmirəm!
Çiyin verdik zəmanənin yükünə,
Oyanmadıq yad qəsdinə biz yenə...
Babaların qeyrətindən bu günə
Nə daşıdıq, nə yetirdik, bilmirəm!
Nə fərqi var aydınlıqda, ya çəndə,
Vədə yetib ov bərədən ötəndə...
Qaş qaralıb gözümüzdən itəndə
Nə saxladıq, nə ötürdük, bilmirəm!
Zaman-zaman unudulduq, unutduq,
Ruhumuzu dahilərlə ovutduq...
Mövlanaya, Nizamiyə üz tutduq,
Özümüzə nə götürdük, bilmirəm!
Bu dünyada heç bilirsən nələr var?
Damarında həm sevinc var, kədər var.
O illərin o başından, ay Eldar,
Bu başına nə gətirdik, bilmirəm.
XƏBƏRİMİZ YOX
Bizi içimizdən oğurlayıblar,
Gedəndən, qalandan xəbərimiz yox.
Yad əldə solmaqda gülüstanımız,
Açılıb solandan xəbərimiz yox.
Gücsüzdən haqq- hesab, sorğu sorulur,
Elə bilirik ki, sular durulur...
Aşkarda bizlərə tələ qurulur,
Gizlində olandan xəbərimiz yox.
Taleyi yatmasın qara daşın da,
Qanadı sınmasın göydə quşun da...
Nə oyunlar durur türkün başında,
Qurğudan, plandan xəbərimiz yox.
Dəllal səltənətdən, taxtdan danışır,
Yoxsul mürgü vuran baxtdan danışır.
Hamı ədalətdən, haqdan danışır,
Doğrudan, yalandan xəbərimiz yox.
Eldar, düz danışmaq səninmi xatan?
Qəzamı, qədərmi yol üstə yatan?
Hər vaxt içimizdə bir ocaq çatan
Hiyləgər şeytandan xəbərimiz yox.