Muzeyin açılışından iki il əvvəl atama hökumətə məxsus, yenicə tikilmiş direktorlar mənzilinə köçmək təklif olundu. “Düşünün, İvan Vladimiroviç, – bizim köhnə təsərrüfat müdirəsi Alimpiyevna həvəslə danışırdı, – genişlik, sakitlik, bütün otaqlar sıra ilə, mətbəx də içəridə – nəhəyətdən keçmək, nə elektriklampalarınıdəyişmək, nə də hamama getmək lazım deyil – hər şey əlinizin altındadı... Bu evi isə – kirayə verin”. – “Kirayə, kirayə! – əsəbiləşən atam gözlənilmədən dilləndi. – Bütün həyatımı ən yüksək tərzdə keçirdim! – Artıq özünüz özünüzə gün ağlayın. Bütün uşaqlarım bu evdə dünyaya gəlib... Həyətdə cökə ağacları əkmişəm... – Bir azdan sakitləşdi, təsərrüfat müdirəsi üçün isə fərqi yox idi: - Mən bu işə on dörd ilimi sərf etmişəm... Elektrik mənim nəyimə lazımdır?! Mənzili isə ailədə çalışan qulluqçulara verərəm – əladır... İki otaq və mətbəx...”
Elə belə də oldu.
Bu bahar atam Almaniyadan muzeyə növbəti hədiyyə – otbiçən maşın gətirdi. – “Gömrükdə heç nə ödəmədim, heç nə. Qutuya qoymuşdum, üstdən kitabları yığdım və ayağımın üstündə gətirdim. – Bu nədir belə? – Bu? Yunan dilində kitablardır. – Görürlər ki, professor, qoca adam, ciddi geyimdə, əlbəttə ki, yalan danışmaz. Belə adam yunan dilində yazılan kitablardan başqa nə apara bilər? Ətriyyat aparmayacaq ki. Beləcə rüsum ödəmədən gətirdim. Bağışlayacaqsız! Rüsumun puluna ikinci belə otbiçən maşın almaq olar” (Heç vaxt yadımdan çıxmaz: atam muzeyin qarşısındakı otu biçməklə otbiçən maşının yöndəmsiz, çalışqan tərzdə, qısqanclıq və hörmət hissi ilə necə işləməsini yoxlayırdı). Düşünürəm ki, bu, atamın həyatındakı yeganə qanundankənar hərəkət idi. Ümumiyyətlə, o, muzey üçün müqayisəolunmayacaq qədər çox, ən azından, mümkün olduğundan daha artığını etməyə hazır idi. Məsələn, hansısa moskvalı dul qarının yanında əyləşir, kiçik qurtumlarla çay içə-içə nəsihət verirdi: – “Anacan, necə olur-olsun hamıya sevinc və xeyir nəsib olacaq. Bəs bacıoğlu? Bacıoğlu onsuz da məhv olacaq.” Qarı: “Nə danışırsız?” – “Allahın müqəddəs olduğuna inandığım kimi inanıram. Ya əyyaş olacaq, ya da qumarbaz”. Qarı qısıq səslə: “Olacaq”. Atam: “Mərhum onları az qala on şahılıqla yığırdı. Bacıoğlu qoy özü işləyib qazansın. Mən özüm də uşaqlıqda ayaqyalın gəzirdim...” Yadımdadır, bu üsulla, uzun səylərdən sonra, nəhayət ki, qarıdakı, muzey üçün orijinal əşya hesab olunan imperator Titanın hazırda da muzeyi bəzəyən mərmər heykəlciyini qoruya bildi.
Tikilməkdə olan muzeyə münasibət isə fərqli idi. Məşhur moskvalı pedaqoq Vaxterovun mənə o zaman – gimnaziyada oxuduğum 1909-cu ildə dediklərini xatırlayıram: “Niyə muzey? İndi bizə laboratoriyalar, doğum evləri, şəhər məktəbləri lazımdı, muzeylər yox. Eybi yox! Qoy tiksinlər. Qoy inqilab olsun, biz bütün bu abidələrin yerində çarpayılar qoyarıq. Partalar da. Tikdikləri nədir ki, heç nə. Təkcə divarlar bizə lazım olacaq”. Ümumiyyətlə, ziyalı təbəqə və gənclər incəsənətə laqeyd yanaşırdı, atam isə öz işində (öz işini sevən hər kəs kimi) tək idi. Lakin o, bunun fərqində deyildi, ya da fikir vermirdi. Amma ən kiçik diqqətə də elə sevinir, “muzey”lə bağlı ən kiçik məsələyə o qədər həvəslə bələdçilik edirdi ki, altmış beş yaşlı qoca və olduqca məşğul insan – bizim həmyaşıdlarımızın – oğlan və qızların ən sadəlövh suallarına da məsuliyyətlə cavab verərək onları muzeydə özü gəzdirir və tanış edirdi. Əminəm ki, muzeyi Rusiya başçılarına da böyük şövqlə (əgər ürəkdən edirsə, başqa cür ola da bilməz!) göstərirdi. Hisslərin dəyişməzliyində bələdçilər arasındakı fərq yoxa çıxırdı. Bu təbi ancaq ilham mənbəyi qüvvətləndirə bilərdi. O, az hallarda rastına çıxır, amma hər yerdə var.
Onun bir bələdçiliyi haqqında danışmaya bilmirəm. Kənddən bizə dalandar gəlmişdi – on yeddi yaşlı, dəyirmisifət, qonur gözlü, soba kimi alışan yanaqlı, həqiqətən də, Tanrı adamı olan Aleksey. O, hətta Tanrının oğlu adlana bilərdi: içmirdi, çəkmirdi, ancaq yatırdı. Bərk yatırdı.
Beləliklə, həmin “Tanrı oğlu”, bir dəfə mənə: “Xanım, mən bizim ağanın emalatxanasına baxmaq istəyirəm. Deyirlər, hökmdar özü oranı ziyarət edir, bəlkə, mən də həmin vaxt orda olaram...” Səhər çay içən zaman atama: – “Ata, Alekseyə muzeyi göstərə bilərsən?” – “Məmnuniyyətlə. Aleksey kimdi ki?” – “Bu bizim dalandardı. Çox maraqlanır...” – “Hmm. O, çətin ki... Amma eybi yox, qoy baxsın...” – Həmin gün axşam çay içən zaman: – “Ata, Alekseyi apardın?” – “Əlbəttə?” – “Necə oldu?” – “Bilirsənmi, bu adam nə qədər cahil və hətta lağlağı təbiətə malik olsa da, mənim bütün Herakllarıma, Venerlərimə qibtə edərək, elə utandı, hətta elə qorxdu ki, bütün yolu gözüyumulu getdi. Hə, hə. Hətta dirsəklərini də əlləri ilə qapadı və bütün muzeyi bu tərzdə dolaşdı. – Aleksey, bura bax. Burda heç nə yoxdu! – Qaynar suya salınmış xərçəng kimi qızararaq, bir saniyəliyə dirsəyinin altından baxdı, sonra yenidən gözlərini bağladı. Bundan sonra onu yola saldım”. Səhər Aleksey sobanı qalamağa gəldi. – “Necəsən, Aleksey, muzey xoşuna gəldi?” – “Qəşəng binadı” – “Bəs niyə gözlərini bağlayıb gəzmisən?” – Aleksey pıçıltı ilə: – “Qadınlar çılpaq idi axı...” – Mətbəxdə isə həyəcanla izah etməyə başladı: “Əlbəttə ki, ağa daha yaxşı bilər, medalı da var, mənsə kəndli adamam, amma hər şey o qədər gözəldi ki. Qoca adamlardı, amma gör nələrlə məşğul olurlar. Hər tərəfdə çılpaq arvadlar. Hələ işıqlandırmaq da istəyirdilər... Keşiş görsə, tüpürərdi! Muzey!”
Muzeyin açılışına az vaxt qalmış, evdə söhbətlər gəzməyə başladı ki, atama muzeyə görə “Fəxri qəyyum” adı verilir. Söhbətlər öz təsdiqini tapdı və indi mundir haqqında müzakirələr başladı. “Əsl qızıldan tikilməlidi, – atam kədərlə deyirdi, – bu qızılın neçəyə başa gələcəyini düşünmək belə adamı qorxudur... ” – “Eybi yox, ata, narahat olma! Qəyyumluq adı verildi, mundir lazımdı” – “Mən mundirin əleyhinə deyiləm, amma qızıl mənim kimi qoca adamın nəyinə gərəkdi?” – “Ata, bu formadı axı” – “Bilirəm, bilirəm, düşünəndə ki, mənim kimi bir zamanlar ayaqyalın olan adam Romaya gedə bilər... Yeddi yüz rubl! (Və artıq təbəssümlə:) – Hətta bütün qəyyumluq da buna dəyməz!” – Əlbəttə ki, mundir tikildi. Əvvəlcə bizim zalda geyinildi və nümayiş olundu. Çox gözəl, çiçəklərin əhatəsində. – “Ata, qüssələnmə! Bu, muzey üçündü axı!” (Xeyirxah təbəssümlə, amma köks ötürərək:) “Əgər, doğrudan da, muzey üçündürsə...” – Atama mundir, qızlara paltar tikildi (“qapalı paltarlı, ağ dərili, şəhərli xanımlar”). Deməyə lüzum yoxdu ki, materialın arxasınca atam özü getdi – artıq otuz ildir bazarlıq etdiyi dükana, hansısa tanışının yanına... – “Hər şeydən əvvəl möhkəm material lazımdı, – muzeyin bircə dəfə açılışı olacaq, ağ paltar isə həmişə gərəklidir. Özü də ən sadə dəbdə tikməyi məsləhət görürəm, iki birbaşa aşağıya tərəf uzanan hissəni lentlə bəzəmək lazımdı, arxadan isə bütöv parça işlənər”.
Paltarları həmişəki kimi bizim "ev dərzisi" ləqəbi verdiyimiz Alimpiyevna tikdi. Deməyə lüzum yoxdur ki, hər dəfə ölçü götürülmələri zamanı atam da iştirak etdi. – “Dar olmasın, Aleksandra Alimpiyevna, dar olmasın. Marina elə arıqdı ki, – bilmirəm niyə, – sümükləri görünəcək. Boş saxlayın, boş!” – atamla hər mövzuda razılaşan Alimpiyevna paltarlarımızı, öz bildiyi, yəni bizim bildiyimiz kimi tikdi. Ən təsirlisi, atam bizi yeni geyimlərdə gördükdə qürur və heyranlıqla öz biçimini və ölçüsünü tanıdı!
Mənə inansaz da, inanmasaz da, deməliyəm ki, muzeyin açılışına qədər bir neçə gecə bizim keçmiş uşaq otağında şəxsən özü Asya ilə mənə sarayda təzim etməyin qaydalarını öyrədirdi. – “Mən bir neçə dəfə qəbul zamanı görmüşəm və əla bilirəm. (pencəyin ətəyini qaldırararaq əyləşir) – Ayağını ayağının arxasına qoy, dizlərini bük, belini bük, sakitcə dayan və... yox, keçi kimi sıçramaq olmaz! Bax belə. Əlbəttə, sizin ananız daha yaxşı göstərərdi...”
– “Sizə demişdim, ərə getməyə tələsməyin, – Alimpiyevna pıçıldayırdı, sonuncu cümləyə diqqət yönəldərək, – qızlıq dövrünüzün qədrini bilin... Görürsüz, mən deyən oldu. Xanım olardız – freylin (saray xanımı – X.N.) , padşah xanımı olardız. Yoxsa ki, cavan uşaqlara ərə gedirsiz!” – “Aleksandra Alimpiyevna!” – “mən sizə incə, yüngül, saray xanımlarına layiq, gənc qız paltarları tikərdim... İndi isə, gimnazistlərə ərə getmisiz, bütün ömrü boyu da sadə, mahud parçadan olan paltarda gəzərsiz... Eh!”
Muzeyin açılışına bir gün qalmış, səhər tezdən, atamın arxasınca kuryer gəldi. – “Nə baş verir?” – “Bilmirəm, xahiş etdilər ki, həmişəki kimi tələsəsiz...” – Atam dərhal getdi. Amma olduqca tez qayıtdı. – “Niyə çağırmısız?” – “Gənc xanıma muzeyi göstərin.” – “Təkcə?” – “Bəli. Yazıq əsəb xəstəsidir, qələbəliyə dözə bilmir, ona görə də əvvəlcədən baxmaq istədi.”
– “ Necə oldu?” – “Nökər kreslonu təkərlərdə daşıyırdı, mən yanınca gedirdim”. – “O, nə isə soruşdu?” – “Yox, heç nə. Bütün zalı susaraq dolaşdıq” – “Hətta xoşuna gəlmədiyini də demədi?” – “Yox. O yazıq, deyəsən, çox xəstədir: yanaqları əsəbi, baxışları dalğın... Mən əvvəlcə zalların adlarını dedim, sonra isə susdum: gördüm ki, mənə fikir vermir. Bircə dəfə də nə sağa, nə sola baxdı, elə bircə nöqtəyə baxırdı. Amma axırda dedi: – “Minnətdaram, professor” ...Yazıq, zavallı qadın...
Bu, mənim fikrimdə görmədiyim xəyal kimi qaldı: səhər tezdən, yellənən kresloda, boş zallarda, ağ heykəllərin arasında...
Muzeyin açılış günündə – mavi və isti may səhəri. Sübh çağı. Zəng. Zəng və dəfnə çələngi. Bu ruslaşmış italyan, atamı böyük gün münasibəti ilə təbrik etməyə gələn bizim köhnə ailə dostumuzdu. Heç zaman unutmaram – atam köhnə xalatda, qarşısında ağsaçlı, alovgözlü gözəl qadın. Aralarında qadının cidd-cəhdlə qoymağa çalışdığı, o birilərin isə imkan vermədiyi çələng vardı. Yumşaq və qəti şəkildə geri çəkilərək: – “Əzizim, bağışlayın! Xalatlı qoca professor və başında çələng! Bunu siz taxmalısız, gözəlliyinizin tamamlanması üçün! Yox, əzizim, buraxın! Sizə ürəkdən minnətdaram, ancaq icazə verin bu çələngi... Siz necə də cəldsiz!” Gözləri və göz yaşları parıldayan italyan qadın, başında sədaqət rəmzi çələng olan atamı saxlayaraq: – “Bu mənim vətənimin adındandır... Burada böyük insanlar ehtiram göstərə bilmir... İvan Vladimiroviç, siz böyük iş görmüsüz!” – “Bəsdir, əzizim, bəsdir, siz məni utandırırsız! Sadəcə olaraq, öz çoxdankı arzumu həyata keçirdim. Allah izn verdi, insanlar da yardım etdi”.
İkinci hədiyyə bizimki idi, uşaqlarınkı, elə çələng də buna qoyuldu – bu məcməyi idi. O dəqiqə nəzərə çatdırılacaq qədər qabiliyyətsiz hədiyyə deyildi. Birincisi atam həmişə kabinetində çay içirdi. İkincisi, hələ ki, məcməyidə bütün ziyarətçilərin vizit kartları qoyulacaq (Çalışqan Alimpiyevna: – “İvan Vladimiroviç üçün məktubları gümüş məcməyidə daşıyacağam, qraf və ya knyaz kimi! Nəyi əksikdir ki! (və əfsanənin başlanğıcı) Hətta Çariçanı kresloda gəzdirib”) Üçüncüsü və ən əsası, tarix üçün də yer var, tarix isə olduqca vacibdir. Məcməyi gətirildi və yenə əbədi nəqarət: “Mənim kimi qoca adama gümüş məcməyi nəyə lazımdır ki? Bu səninlə Asyaya lazımdı, indi siz ərdəsiz, qonaq qəbul etməlisiz... Təşəkkür, təşəkkür. Gözəl, böyük məcməyi, Xlebnikov istehsalı... Heyf ki, mənim üçün belə zəhmət çəkmisiz...”
Heç zaman unutmaram: may günəşinin ilk şüaları altında, bəyaz zaldakı kart oynanılan stolda, gümüş məcməyidəki dəfnə çələngini...
Rus dilindən tərcümə etdi: Xatirə NURGÜL