Şairlər öz pəncəsini sormaqla dümələnən ayıya bənzəyirlər.
(Fransızca bir əlyazmadan)
Yazıçının otağı, pəncərə pərdələnmiş, o, buxarı önündə gen-bol kresloda əyləşmiş, siqara tüstüləyən Oxucu arxası sobaya sarı dayanmışdır.
Jurnalist daxil olur.
Jurnalist
Şadam ki, nasazsız, deyirəm, yəni
Yaşam qayğıları, həm qeylü-qalı
İçində səngiyir şair xəyalı
Qaçırdır ilahi röyalarını,
Dürlü təəssürat burulğanında
Könül boş şeylərə xırdalanarkən
Kütləyə züy tutub gedəcək bada.
Əyləncə şövqünə baş aldanarkən
Yetkin bir əsərmi düşünmək olar?
Elə ki, fələkdən alsa inayət,
Sürgün, ya dustaqlıq baş versə şayəd,
Yaxud uzun sürən bir azar-bezar,
Tezliklə təklikdə rübabın dinər,
Səslənər, dillənər coşqun nəğmələr!
Süsləyə-süsləyə qəm-qüssəsini
Sənətkar əzizlər təranəsini...
Deyin, nə yazırsız? Olarmı sormaq?
Söyləyin.
Yazıçı
Heç bir şey...
Jurnalist
Nahaq! Çox nahaq!
Yazıçı
Axı nədən yazım?.. Məşriq, Məqribdən
Yazılıb, deyilib çoxdan nə qədər.
Kütləni danıblar bütün şairlər,
İsti otağını tərənnüm edən,
Göylərə can atan, uçan doyunca,
Gizli yalvarışlar aləm boyunca,
Dilbər xanımlara dil tökən neçə, -
Hər şeydən yazıblar zəhlə töküncə...
Oxucu
Düzünü deyim ki, hünər gərəkdir
Sizin dərdinizi açıb baxasan
(Lap ətim ürpəşir boz qabığından),
Əvvəla, kağızı idimsiz rəngdir,
Olsun ki, təmizdir, amma... nə deyim,
Əlcəksiz qorxuram toxunum, dəyim...
Xətalar yüzlərlə baş alıb gedir,
Cəfəngdir əslində hər şüur-şeir,
Sözləri mənasız, yox bir hissiyyat,
Nataraz ibarə gətirir zara,
Üstəlik, düzünü deyim ki, heyhat,
Qafiyə təntiyir yıxıla-dura.
Nəsrə göz qoyaqmı? O da tərcümə.
Doğmaca malımız, rasta gələndə
Moskva salınır gülünc biçimə
Ya da məmurlara döşəyir bəndə.
Kimlərdən çəkirlər portretləri?
Harda eşidiblər bu söhbətləri?
Tutaq ki, şahidi olublar, amma
Bizlərə gərəkmi bu sayaqlama?
Nə vaxt bu urvatsız Rusiyada
Son qoyub bəzəkli saxta geyimə
Fikir qayıdacaq sadə deyimə
Nəcib duyğulara, pak hissiyyata?
Jurnalist
Elə mən özüm də onu deyirəm.
Bəyənə bilmirəm rus əşarını,
Əsla durumundan razı deyiləm.
Oxuyun tənqidi yazılarımı.
Oxucu
Şriftə, filana... boş xətalardı.
Dolaşıq eyhamlar, qəliz əmmalar,
Onlardan baş açan çətin tapılar.
Olaydı acısı, tamı, tutarı,
Oxucu eynini açardı barı!
Nə dadı bilinir, nə tamı, əcəb,
Kağızda çirkaba dönür mürəkkəb.
Jurnalist
Bununla özüm də razıyam, düzü.
İnanın, bezikib deyişmələrdən
Təhqirə-təkfirə əl atmazdım mən,
Özümü sancanda bəs necə dözüm?
Bizim halımızı anlayın, duyun,
Bizi rəiyyət də oxuyur axı,
Köntöy ifadələr, söz çılpaqlığı
Zövqdən asılıdır, xatircəm olun.
Abır ölçüləri şərtidir əslən.
Eynilə pul verir sifariş edən
Vallahi, yükümüz ağırdan ağır.
Bu qədər kitabı, yalan - palanı
Oxuyub seçəsən qaranı-ağı,
Axırda deyəsən sizə: əlqərəz,
Bunları oxumaq əbəsdir, əbəs.
Oxucu
Amma ki, necə də ləzzət alırsan,
Ruhən dincəlirsən, xoşnud olursan,
Bir canlı, təzətər, dəyərli əsər
Gözünə dəyəndə, vardır bir nəfər,
Dostumdur, incədir təbi, ilhamı,
Mənalar, duyğular dolu kəlamı,
Allah vergisidir, necə deyərlər...
Jurnalist
Çox şükür, amma heç gözə dəyməyir
Bu təb sahibləri. Bir söz deməyir...
Yazıçı
Axı nədən yazım? Elə vaxt olur,
Fikrin qanadlanır, ürəyin dolur,
Gündəlik qayğılar yükü azalır,
Qafiyə söz alır, ilham söz alır.
Misralar ötüşür dalğabadalğa,
Asudə, azadə, nur yağa-yağa -
Bir günəş qəlbində hey havalanır,
İlham ürəyində dilə gəlincə
Düşüncə sapına incədən incə
Sözlər sıralanır, hey sırğalanır.
Şair cəsarətlə baxır iqbala,
Qapılır arxayın şirin xəyala,
Aləm göz önündə ürəyincədir,
Halalca paklığı diləyincədir,
Fəqət bu qəribə əsərlərinə
Təklikdə evində baxır müztərib
Sonrasa sobanı qalayır yenə
Həmin yazılarla "uf" da deməyib...
Uşaqca sadəlövh bu xam xəyalət
Ciddi sənətkarı gözdən salmazmı?
Sənətdən baş açan, arif camaat
De, lağa qoymazmı, tez unutmazmı?..
Olur ki, qurtarmaq bilmir gecələr,
Yuxusuz gözləri yaşardır kədər,
Ürək yana-yana tapmır əlacı,
Titrək əllərin də qucur balıncı,
Tüklərin ürpəşir küt əndişədən,
Dəlisov bir haray qopur sinədən,
Özün də bilmədən gəlir dilinə
Çoxdan unutduğun dilbərlər yenə,
Solmaz hüsnü ilə xatırlananda
Gözəl görünürlər, eşq də, yalan da,
İnanırsan yenə, istər-istəməz
Həm acı, həm şirin olur, əl qərəz,
Köhnə yaraları diksindirəndə...
Bax, onda qələmə sarılır bəndə,
Yazıya alırsan xatirələri,
Vicdan deyənləri, söyləyənləri,
Keyfin, eyş-işrətin, pünhan işlərin,
Sərsəm gəncliyinin puç vərdişləri...
Nəfslər daşqınında batmış bilmərrə
Faydasız, urvatsız əski mənzərə...
Örtülü, inadkar iddiaların,
Yalancı sənəmlər, nadanlar içrə
Nahaq şübhələrin, boş xülyaların,
Ürək bulandıran yalanlar içrə
Mən sanki meydana çıxan hakiməm,
Özgə paxırını açan hakiməm
Həyalı libasa girən günahı -
Divana çəkirəm, dara çəkirəm,
Mərhəmət bilmədən, qaradan ağı
Seçirəm, haramı rüsvay edirəm,
Di gəl ki, bu acı misralarımı,
Danılmaz, amansız ittihamımı
Çar edə bilmirəm xam qarelərə,
Deyin, nədən yazım, batmadan şərə?
Naşükür kütlənin kinin, nifrətin,
Qazanmaq nəyimə gərəkdir, deyin,
Peyğəmbər sözümü, bəşarətimi
Qələmə versinlər zındıqlıq kimi?
Odlu misraların gizli zəhəri
Tifil yuxusuna haram qatsınmı,
Zəif ürəkləri sözün təpəri
Fikir daşqınına çəkib atsınmı?
Xeyr! Təmənna qovğasına mən
Qoşulub ağlımı kor edəmmərəm,
Bu ağır günahın bahasına mən
Şan - şöhrəti satın ala bilmərəm.
Çevirəni: Səyavuş MƏMMƏDZADƏ